Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

53 


1 OKTYABR 

 

BEYNƏLXALQ AHILLAR GÜNÜ 



 

Yaşadığımız cəmiyyət hamı üçündür. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da 

cəmiyyətdə gedən inkişaf proseslərində  iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və 

bacarıqlarından bəhrələnmək isə  nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək 

baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz. Ahılların məşğulluğu, 

onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. 

BMT-nin inkişaf proqramında son illər  ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin 

aprelində  İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin 

keçirilməsi də buna misaldır. 

Bu Ümumdünya tədbirində belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu 

vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, 

bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, 

həqiqətən, hörmətə layiqdirlər. 

İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı. Lap qədim 

zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, 

böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir. 

Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Böyük Britaniyanın baş 

naziri U. Çörçill, Almaniyanın federal kansleri K. Adenauer, Fransanın prezidenti Şarl de Qoll, Çin isla-

hatçılığının atası Den Syaopin və  nəhayət, ümummilli liderimiz Heydər  Əliyev kimi yaşa dolmuş 

görkəmli siyasətçi və dövlət xadimləri öz ölkələrini müvəffəqiyyətlə idarə etmişlər. Bu fakt bir daha sübut 

edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır. 

BMT-nin Baş  Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı  Qətnamə  qəbul etmişdir. Həmin 

Qətnamənin prinsiplərinə  uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul 

edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur. 

Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial 

xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına 

çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi 

və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. 

1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" 

kimi qeyd olunur. Həmin günün keçirilməsində  məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış 

olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə 

birlikdə əməli tədbirlər görməkdən ibarətdir. 

Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın  şəhər və 

rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon 

ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri,  ərzaq 

bağlamaları  təşkil edir, müxtəlif xeyriyyə,  şəfqət və  mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin 

tədbirlərdə Respublika üzrə 10 minlərlə ahıl və  əlil vətəndaş bayram süfrələrinə  dəvət olunur, onlara 

ərzaq paylanır, maddi yardım göstərilir. 

 



 

54 


5 OKTYABR 

 

MÜƏLLİM GÜNÜ 



 

Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə 

bayramlarını keçirirlər. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi 

anır və bu xatirələrdə  ən  əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə  qələm tutmağı, yazı yazmağı, kitab 

oxumağı öyrədən müəllim tutur. 

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin 

dəyərini bilən  əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər  şagirdlərin dərin və 

hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş  çıxarmaları üçün bütün bilik və 

bacarıqlarını  sərf edirlər. Valideynlə  bərabər, bəlkə  də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, 

əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. 

Müəllim  əməyinin nəticəsində  cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, 

nümunəvi  əxlaqa malik insanlar yetişir. Bu insanlar isə  cəmiyyəti daha da inkişaf etdirir. Hazırda 

dövlətimizin müstəqilliyinin möhkəmlənməsində  fəal iştirak edən insanlar məhz müəllim  əməyinin 

yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş 

kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 

Ümummilli liderimiz Heydər  Əliyev həmişə müəllim  əməyini yüksək qiymətləndirmiş, müəllim 

haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri 

haqqında ürəkdolusu danışardı. Heydər  Əliyev ölkəmizə  rəhbərlik etdiyi bütün dövrlərdə  həmişə 

müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması 

qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz 

müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə 

öyrətmiş və öyrədir". 

 



 

55 


24 OKTYABR 

 

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI GÜNÜ 



 

Birinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin 

bütün dəhşətlərini görmüş Avropa xalqları birgə  bəyanat qəbul etdilər: "Müharibə olmasın!" Birinci 

Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək 

naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro 

Vilson idi. Bu təklif konfrans iştirakçıları  tərəfindən rəğbətlə qarşılandı  və Millətlər Cəmiyyəti adlanan 

beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı 

Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə  təklifini rədd etdi. SSRİ yalnız 193-cü ildə bu 

təşkilata daxil oldu, lakin tezliklə - 1939-cu ildə Finlandiya ilə müharibədə  təqsirləndirilərək oradan 

qovuldu. 

Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və  təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı. Həmin 

dövrdə Millətlər Cəmiyyətinin üzvü olan bütün ölkələr yeni müharibənin alovlanmasına yol verməmək 

üçün təntənəli şəkildə and içdilər. Ancaq andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada heç bir ölkə 

başqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi. Tələb belə idi: bütün müharibələr müdafiə 

xarakteri daşımalı idi. Buna baxmayaraq 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. 

Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi. 

İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər: 

"Müharibə olmasın!" Bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar 

edib möhkəmləndirən yeni beynəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı. 

Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə 

də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü 

birləşməsi nəticəsində təşkil edilmiş beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində 

ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və 

həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi 

qeyd olunur. 

Beynəlxalq sülhün və  təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik 

Şurasının üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı  TŞ-nın beş daimi üzv dövlətinin - 

ABŞ, Böyük Britaniya, Fransa, SSRİ (indi Rusiya) və Çinin səs birliyi prinsipləri mövcuddur. Bu o 

deməkdir ki, bu dövlətlərdən hər biri öz mandatına uyğun gəlməyən qərara veto qoymaq hüququna 

malikdir. Bu ölkələrin daimi üzv seçilməsi BMT yarandığı vaxtda dünyada mövcud olan siyasi vəziyyətlə 

bağlı idi. BMT-nin Təhlükəsizlik  Şurasından  əlavə,  əsas orqanları bunlardır: Baş  Məclis,  İqtisadi və 

İctimai  Şura, Qəyyumluq  Şurası, Beynəlxalq Məhkəmə  və BMT Baş katibinin başçılıq etdiyi Katiblik. 

BMT sistemində 15 ixtisaslaşdırılmış  təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-Yorkda yerləşir. 

Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə  qəbul olunmuşdur. 2000-ci ildə 

BMT üzvlərinin sayı 189-a çatmışdı. 

BMT yarandığı vaxtdan bəri onun yeddi baş katibi olmuşdur: Treqvi Li (Norveç), Daq 

Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de Kuel (Peru), Butros-

Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də  rəsmi olaraq ingilis, ərəb, çin, fransız, rus və ispan 

dilləri işlənir. 

BMT yarandığı dövrdə hazırda onun üzvü olan ölkələrin üçdə biri müstəmləkə idi. BMT-nin ən 

çox əhalisi olan üzvü Çin dövlətidir: 1 milyard 300 milyon nəfər. Ən az əhalisi olan üzvü isə Tudaludur: 

10000 nəfər. Ərazisindən və əhalisinin sayından asılı olmayaraq hər bir ölkə BMT-nin Baş Məclisində bir 

səslə təmsil olunur. 

BMT-nin münaqişə zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbçilərindən təşkil 

olunmuş və "mavi dəbilqəlilər" adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan ordusunun 

torpaqlarımızı  işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə olunmuş, bu işğalı pisləyən və  işğal 

olunmuş  əraziləri qeyd-şərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul 

edilmişdir. Təəssüf ki, BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin 

sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən imtina edir. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə