71
3.2. Azərbaycanda quldarlıq və erkən feodalizm dövründə torpaq
münasibətləri
Azərbaycan ərazisində sinifli cəmiyyətin və dövlətin yaranması e.ə.
III minilliyin sonundan başlamış, ilkin siyasi birləşmələr-tayfa ittifaqları
yaranmışdır. E.ə. I minilliyin əvvəllərində isə Manna, Midiya, Atropatena,
Albaniya kimi müstəqil dövlətlər tədricən formalaşmışdır. Quldarlıq
dövrü dövlətlərini əvəz etmiş feodal dövlətləri-Şirvanşahlar, Atabəylər,
Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və s. təşəkkül
tapmışdır.
Mannada torpaqlar dövlətin ümumi mülkiyyəti idi. Çar dövlətin
torpaqlarının baş mülkiyyətçisi hesab edilirdi. Dövlətdə icma torpaqları
ilə yanaşı, icma üzvlərinə məxsus həyətyanı torpaqlar da mövcud idi.
Qədim Midiyada isə sinfi təbəqələşmə nəticəsində silki fərqlər yaranmağa
başladı. Əhali əsasən azad adamlara və qullara bölünürdü. Artıq dünyəvi
və dini zadəganlar təbəqəsi formalaşmışdı. İcma torpaqları və xüsusi
torpaqlar əsasən icma üzvü olan azad kəndlilərin ixtiyarında idi. Onlardan
torpaqdan istifadəyə görə vergi alınırdı. İqtisadiyyatın inkişafı ilə əlaqədar
olaraq əmtəə təsərrüfatları yaranır, sənətkarlıq və ticarət tərəqqi edir,
ibtidai-icma qalıqlarına son qoyulurdu. Quldarlıq münasibətləri dövlət və
məbəd təsərrüfatında özünü daha geniş büruzə verirdi. Məbədlərin də
özlərinə məxsus torpaqları və təsərrüfatları mövcud olmuşdur.
Sonradan Midiya iki hissəyə bölündü. Birinci hissəsi Böyük Midiya
adlandırılırdı ki, onun da paytaxtı Ekbatan idi. İkinci hissəsi Midiya
Atropatenası idi. Burada torpaq sahibləri əsas etibarilə qul əməyindən
istifadə edirdilər. Əhalinin digər bir qrupunu təşkil edən azad adamlar hər
cür siyasi hüquqlardan məhrum idilər. Onların torpaq sahələri olmadığına
görə bu hüquqlardan istifadə edə bilmirdilər. Asılı əhali qrupunu isə
əkinçilər təşkil edirdilər. Əmək alətlərindən, torpaq paylarından məhrum
edilən bu təbəqə ağa torpaqlarını və məbədlərə məxsus torpaqları əkib-
becərirdilər.
Əhəmənilər dövlətində mövcud olan quldarlıq ictimai-iqtisadi
münasibətləri Albaniyaya da təsir edirdi. Albaniyada əhali əvvəlki
dövrlərdə olduğu kimi əkinçilik və maldarlıqla məşğul olurdu. Aran-
düzən hissəsində əkinçilik süni suvarma üsulunda aparılırdı. Albaniyada
geniş məbəd torpaqları mövcud olmuşdur. Burada işlədilən herodullar,
demək olar ki, heç bir hüquqa malik deyildilər. Bir mülahizəyə görə
72
herodullar məbədə təhkim olunmuş kəndlilər, digər fikrə görə isə məbəd
təsərrüfatının əsas istehsalçıları idilər.
Maqların torpaqları məhsuldar ərazilərdə yerləşirdi. Ölkə əhalisinin
əksəriyyətini təşkil edən əkinçilər şəxsən azad olsalar da, əslində qullar
kimi torpağa bağlı olub, mülklə birlikdə alınıb-satılırdılar. Əkinçilər
dövlət və əyanlara məxsus torpaqlarda mükəlləfiyyətlər yerinə yetirirdilər.
Hökmdar dövlətə sədaqətli olan əyanlara torpaq sahələri ayırırdı.
Torpaqların icarəyə verilməsi halları çoxalmışdı ki, bu da quldarlıq
istehsal üsulunun tənəzzülə uğraması ilə bağlı idi.
III-V əsrlərdə Azərbaycan ərazisində feodal torpaq sahibliyinin
yaranması başlanmışdı. Feodal münasibətlərinin yeni səciyyəvi cəhətləri
yaranırdı. Əvvəllər torpaq hökmdara, dini təşkilatlara, ayrı-ayrı quldarlara
və icmalara məxsus idi. Belə torpaqlarda qulların, məcburi əmək
adamlarının, yəni hərbi əsirlərin, borca düşmüş adamların, müflisləşmiş
əkinçilərin və icma üzvlərinin əməyindən istifadə edilirdi. Qul əməyinin
az məhsuldar olduğu və ümumiyyətlə əməyin nəticələrində onun maraqlı
olmadığı məlumdur.
Ölkədə baş verən siyasi dəyişikliklər torpağın yüksək təbəqəli
əyanların ixtiyarında cəmləşməsini sürətləndirirdi. Hökmdar torpaqları
xidmət əvəzinə hərbçilərə və dövlət məmurlarına paylanırdı. Xüsusi
xidmətə görə paylanmış torpaqlar “feod” (“mülk”) adlanırdı. Feodal
torpaqlarında kəndli əməyindən geniş istifadə edilirdi. Kəndli feodaldan
asılı vəziyyətdə idi, çünki o, feodalın torpağını becərməli, məhsulun
müəyyən hissəsini torpaq sahibinə verməli idi.
Erkən feodalizm dövründə dövlət mülkiyyəti forması üstünlük təşkil
edirdi. Lakin Atropatenanın və Albaniyanın ayrı-ayrı vilayətlərində
dövlətə məxsus torpaqların hökmdar nəslinin nümayəndələri arasında
bölüşdürülməsi xüsusi torpaq sahibliyinin inkişafına təsir edirdi.
Albaniyada torpaq üzərində xüsusi feodal mülkiyyəti iki formada
mövcud idi. Birincisi , icma torpaq sahibliyinin dağılması və torpaqların
dövlət tərəfindən hakim sinfin nümayəndələrinə mülk hüququnda
paylanması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi
(“dastakert”); ikincisi , torpaqların dövlət tərəfindən hakim sinfin
nümayəndələrinə vassal xidməti müqabilində müvəqqəti olaraq
paylanması nəticəsində meydana çıxmış şərti torpaq sahibliyi (“xostak”).
Adurbadaqanda da bu dövrdə icma torpaqları, hökmdarın şərti
mülkiyyət kimi bəxşiş verdiyi xüsusi sahibkar torpaqları, vilayətlərin irsi
73
sahibləri olan iri feodalların torpaqları və məbəd torpaqları mövcud idi.
Lakin III əsrin birinci rübündə İranda hakimiyyətə gələn Sasanilərin
Adurbadaqanı imperiyanın vilayətlərindən birinə çevirmələri ilə əlaqədar
olaraq, feodal münasibətləri də imperiyanın vilayətlərdə yeritdiyi siyasətə
uyğun olaraq inkişaf etməyə başladı.
487-488-ci illərdə Albaniya çarı III Vaçaqan tərəfindən çağırılmış
Aluen məclisi əhalinin təbəqələrə bölünməsini və onların hüquqi
vəziyyətini müəyyən edirdi. Hakim silk olan alban feodalları (azatlar) bir
neçə qrupa bölünürdü ki, bunlardan ən yüksəkdə vilayət hakimləri-
nahararlar dururdu. Feodal münasibətlərinin möhkəmlənməsi ilə
nahararlıqlarda bütün hakimiyyət feodal patronomiyaları başçılarının
əlində cəmləşirdi. Beləliklə, IV-V əsrlərdə dövlətin torpaq fondu tədricən
azalır, onun çox hissəsi feodal malikanələrinə-patronomiyaların
mülkiyyətinə keçirdi .
Feodal torpaq mülkiyyəti dövlət və icma mülkiyyəti formaları ilə
rəqabət şəraitində formalaşırdı. Dövlət torpaq mülkiyyətinə dövlət dometi
(mülki) ilə yanaşı divan torpaqları (o cümlədən yerli xanədən) daxil idi.
Feodalizmin ilkin dövründə (III-V əsrlərdə) torpaq mülkiyyətinin dövlət
(hökmdarın şəxsində) forması üstünlük təşkil edirdi. Lakin sonralar
ordunun, dövlət aparatının, yerli strukturların saxlanılmasında divan
torpaqları da əhəmiyyət kəsb edirdi Xüsusi feodal torpaq mülkiyyəti isə
öz növbəsində iki yolla formalaşırdı: 1) feodalın şəxsi mülki olan torpaq
üzərində irsi mülkiyyət (“dastakert”). Torpaq mülkiyyətinin bu forması
torpaq üzərində icma mülkiyyəti formasının pozulması, habelə torpaqların
hakim sinfin nümayəndələrinə malikanə hüququ əsasında mülk kimi
bağışlanması yolu ilə yaranırdı; 2) şərti torpaq mülkiyyəti (“exostak”). Bu
hərbi xidmət və yaxud məmurluq xidməti müqabilində dövlət tərəfindən
müvəqqəti istifadə üçün verilən torpaq mülkiyyəti forması idi. Vassallıq
xidməti üçün verilən torpaqların sonralar çox vaxt ‘‘dastakert’’ə, yəni
şəxsi mülkiyyətə çevrilməsi ənənəsi mövcud idi.
3.3. VII-XII əsrlərdə Azərbaycanda torpaq münasibətləri
705-ci ildə Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti Xilafət
tərəfindən ləğv edildi.
VII-IX əsrlərdə əhali əsasən iki təbəqəyə bölünürdü: hakim feodal
sinfi və feodaldan asılı olan kəndlilər. Feodallara məxsus torpaqlarda
Dostları ilə paylaş: |