125
qoyulmadan ən qısa müddətdə Xalq Torpaq Komissarlığının torpaq
şöbələrinin yerölçmə-texniki yarımşöbəsində qeydiyyata düşmək təklif
olunurdu. Hərbi xidmət keçən şəxslər də qeydiyyata düşməli idilər. Bu
dekretə görə bütün yuxarıda qeyd olunan şəxslər ərzaq təminatı sarıdan
birinci kateqoriyaya aid olmaq hüququ alırdı.
Azərbaycan SSR-in yerli orqanları mümkün sakit işə zəmanət verən
və əlverişli iş şəraiti yaratmağa yardım göstərən bütün tədbirləri görməyə
borclu idilər. Bu dekretə görə xidmətə çağırılan və eləcə də xidmətdə olan
şəxslər səfərbərliyə alınmış sayılır və vəzifə cinayətinə görə inqilab
tribunalının mühakiməsinə verilirdilər.
RSFSR Xalq Torpaq Komissarlığı Azərbaycana respublikada
sosialist torpaq münasibətlərinin bərqərar olması məqsədilə xüsusi
ədəbiyyatlarla, təlimatlarla, həmçinin mütəxəssislərlə köməklik göstərirdi.
Belə ki, 31 avqust 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq
Komissarlığı nümayəndələrinin iştirakı ilə RSFSR Xalq Torpaq
Komissarlığının müşavirəsində razılaşma əldə edildi. Bu razılaşmaya görə
Azərbaycan SSR Xalq Torpaq Komissarlığına onun tabeçiliyində olan
işlər üzrə Moskvada nümayəndəliyin açılması məqsədəuyğun sayıldı.
Torpaq məsələləri üzrə ümumrusiya qurultayında Azərbaycan Xalq
Torpaq Komissarlığı nümayəndələrinin iştirakı da məqsədəuyğun hesab
edildi. 10 aqronomun və 20 yerölçən rus mütəxəssislərinin Azərbaycana
ezam edilməsi haqqında qərar çıxarıldı. Arzuedənlər olmadıqda göstərilən
say Kuban və Don vilayətlərindən səfərbərliyə alınırdı. Rusiyanın
ehtiyatında olan geodeziya alətləri Azərbaycana göndərilirdi. Yerli şəraitə
uyğun olaraq sosialist yerquruluşuna dair Əsasnamənin tətbiq olunması
üzrə təlimatın hazırlanması məqsədilə Azərbaycan Xalq Torpaq Ko-
missarlığına Rusiyadan mütəxəssislər ezam edilirdi.
1920-ci ilin avqust ayında torpaq komitələri nümayəndələrinin
qurultayı çağırıldı. Qurultayda bütün Azərbaycan üçün minimal və
maksimal torpaq pay norması müəyyənləşdirildi
Belə ki, aşağı suvarılan qurşaqda minimum torpaq pay norması 3/4
desyatin, maksimum isə – 1,5 desyatin, dağətəyi qurşaqda – minimum 1,5
desyatin, maksimum – 3 desyatin; mədəni (becərilən) bağlarda –
minimum 3/8 desyatin, maksimum 3/4 desyatin hesablanırdı.
Torpaq komitələri nümayəndələrinin qurultayı torpaq ehtiyatlarının
milliləşdirilməsinə dair işlərin vəziyyətini müzakirə edib, qətnamə qəbul
etmişdi. Bu qətnamədə ilk növbədə torpaq fondunun torpaqsız kəndlilər
126
arasında bərabər əsasda paylanması və eləcə də sosialist torpaq-
danistifadələrin məkan şəraitlərindəki çatışmazlıqların aradan qaldırılması
üçün yerquruluşu işlərinə başlanması nəzərdə tutulurdu. Qurultayın
qərarında həmçinin nəzərdə tutulurdu ki, torpaq paylanarkən ilk növbədə
torpaqsız və aztorpaqlı əkinçi əhalinin və əkinçilik təsərrüfatına keçmək
istəyində olan kommunal cəmiyyətlərin, fəhlələrin ehtiyacları ödənilsin.
İkinci növbədə torpaq paylanarkən gəlmə, yəni torpaq haqqında 5 may
dekreti dərc olunduqdan sonra gələn əhaliyə pay ayrılırdı. Kəndli və fəhlə
mühitindən işçi kadrların hazırlanması məqsədilə qısa müddətli yerölçmə
kurslarının açılması qərara alındı.
9 sentyabr 1920-ci ildə Bakı şəhərində bütün Azərbaycan torpaq
komitələrinin qurultayı açıldı. Qurultayda ehtiyacı olanların arasında
torpağın dərhal bölüşdürülməsi üçün tədbirlər, torpaq mübahisələrinin
həlli metodları, suyun bölüşdürülməsi məsələləri, kollektiv təsərrüfatların
yaradılması, qaçqın kəndlilərin təsərrüfatlarının yerquruluşu, örüşlər
(otlaqlar) haqqında məsələlər və onlarda kollektiv heyvandarlıq
təsərrüfatlarının yaradılması, meşədən istifadə və meşələrin mühafizəsi
məsələləri müzakirəyə çıxarılmışdı. Qurultay torpaqların paylanması
haqqında qərar çıxartdı. Xalq Torpaq Komissarlığının sərəncamında
yerölçən-texniklərin yetərincə olmadığı ilə əlaqədar, həmçinin şumlamada
gecikməmək üçün sovet təsərrüfatları yaradılmamış keçmiş mülkədar və
istifadəsiz dövlət torpaqlarının müvəqqəti olaraq bölüşdürülməsi zəruri
sayılırdı. Qurultayın qərarlarında göstərilirdi ki, cəmiyyətin mübahisəsiz
sərhədləri çərçivəsində meydana çıxan yerölçmə-bölüşdürmə işləri
əsnasında ayrı-ayrı təsərrüfatlar arasındakı mübahisələr birinci
instansiyada kəndli-ictimai torpaq komitələri, qəti olaraq isə – qəza torpaq
komitələri tərəfindən həll edilir. Cəmiyyətlər arasındakı mübahisələr isə
belə hallarda bütün mübahisəyə qoşulmuş tərəflərin torpaqlarını onların
bərabərləşdirici əsasda bölüşdürülməsi üçün bir tam kimi qəbul edən
xüsusi komissiyalar tərəfindən baxılaraq həll edilirdi.
Azərbaycan SSR-də sosialist ictimai münasibətlərin, o cümlədən də
torpaq münasibətlərinin yaranması iqtisadi ehtiyatlar kimi insan
ehtiyatlarının, respublika potensialının da məhv edilməsi ilə müşayiət
olunurdu.
“Yoldaş kəndlilər, hakimiyyəti əllərinizdə möhkəm saxlayın!
Torpaqları parazitlərə-mülkədarlara verməyin!” şüarı altında iri və
möhkəm şəxsi mülkiyyətçilik təsərrüfatları ləğv edilir, torpaq sahib-
127
karlarının torpaq sahələri onlarda yerləşən bütün binalarla və daşınan
əmlakla dövlət mülkiyyəti elan olunurdu. O illərdə Azərbaycanın
kommunist funksionerləri öz vəzifələrini belə təsəvvür edirdilər: “… hər
bir kommunistə aydındır ki, bütün burjuaziya, bütün varlılar əmlak
sarıdan tam təmizliyədək məhv edilməlidirlər, yəni onların iqtisadi qüdrəti
onlardan alınmalı və ola bilsin ki, onlar indi yox, zaman etibarilə nə
vaxtsa vicdanlı insan ola bilsinlər. Nəticə etibarilə onları iqtisadi cəhətdən
bərabərləşdirmək lazımdır… Bütün məsələ ondan ibarətdir ki, siyasəti
necə aparmalı ki, bütün zərbələr ancaq bu qolçomaqların başına ələnsin” .
Bəylərdən, xanlardan və ağalardan torpaqların müsadirə edilməsi
mülkədar sinfinin siyasi cəhətdən ləğv edilməsi ilə yanaşı getməli idi.
Torpaq siyasəti sahəsində aşağıdakılar Azərbaycan inqilab komitəsinin
vəzifəsi kimi müəyyən edilirdi: keçmişdə mülkədar olmuş xanlardan,
bəylərdən, həmçinin bütün digər iri torpaq sahibkarlarından və sovet
hakimiyyətinə aşkar müqavimət göstərən qolçomaqlardan nəinki torpaq,
eləcə də malikanələr, onlarda olan bütün canlı, cansız inventarlar, ərzaq
və pul ehtiyatları bütün daşınan əmlakla birlikdə alınsın. Belə ki,
Azərbaycan inqilab komitəsi AK(b)P-in qərarını yerinə yetirərək, ancaq
16 sentyabr 1920-ci il tarixli 113 №-li dekreti ilə Mərdəkan və Şüvəlan
kəndlərindəki iyirmi yeddi bağ sahəsini milliləşdirib, onları Xalq Torpaq
Komissarlığının sərəncamına verdi.
Sovet hakimiyyəti Azərbaycanda öz mövcudluğunun ilk günlərindən
respublikanın təbii-tarixi, sosial-iqtisadi şəraitini nəzərə almamaqla
kobud, düzəldilməsi qeyri-mümkün səhvlər buraxır, bunun nəticəsində də
təsərrüfat quruluşunun dağılmasına, aclığa və minlərlə insanın
repressiyaya məruz qalmasına gətirib çıxarırdı.
Azərbaycanın torpaq komitələrinin qurultayının materiallarında
oxuyuruq: “Bütün iri, fərdi mal-qara və qoyunçuluq təsərrüfatları
milliləşdirilir və sovet təsərrüfatlarına daxil olurlar. Kiçik mülkiy-
yətçilərin aşağıda göstərilən normadan artıq qoyun sürüləri və mal-
qarasına gəldikdə isə, bu halda belələri heyvandarlıq kommunalarına,
yaxud da sözügedən kəndin ümumi istifadəsinə verilir”.
Torpaqların müsadirə edilməsi və bərabərləşdirici əsasda bölüş-
dürülməsi kasıb və qolçomaq təsərrüfatları arasındakı ziddiyyətləri
kəskinləşdirirdi. Torpaqsız və aztorpaqlı kənd sakinləri bütün torpaqların
(xanların, bəylərin, ağaların, mülkədarların, monastırların, kilsələrin,
vəqflərin, məscidlərin) yenidən bölüşdürülməsində və torpağın istehlak
Dostları ilə paylaş: |