119
Əgər əkinçi ona ayrılmış sahədə heç nə əkməsə və bu sahədən sahib
də istifadə etməmiş olsa, onda əkinçi torpaq sahibinə müddətin icarəsini
adi qaydada sahibkara ödəməlidir. Əgər əkin əkməmək səbəbindən
torpağın keyfiyyətinə zərər və ziyan dəymişsə, əkinçi bunları ödəməlidir.
Əgər məhsul yığılıb müzariə vaxtının tamam olmasından sonra əkilən
bitkinin kökləri torpaqda qalıb sonrakı ildə yenə məhsul verərsə, bu halda
torpaq sahibi və əkinçi əkini öz mülkiyyətindən xaric olacaq tərzdə
boşlamış olsalar, mübah şey hökmündədir (oğurluq olmayan halal
hökmündədir). Əgər bütün məhsul və onun kökünün müştərək olmasını
qərara almış olsalar, onda bölməlidirlər. Əgər qərarları yalnız birinci ilin
məhsulu barəsində olsa, ikinci ilin məhsulu toxum sahibinindir.
İslamda torpaqların girov qoyulması (rəhn) məsələsinə də aydınlıq
gətirilir. Torpaq girovunun (ipotekasının) məqsədi budur ki, borclu şəxs
öz malının bir miqdarını borc aldığı şəxsin sərəncamına verir ki, əgər
borcunu vaxtında qaytara bilməsə torpaq borcverənə çatsın.
Torpağı girov qoyan və girov götürən şəxs mükəlləf (həddi-buluğa
çatmış), aqil olmalıdır, əqdin bağlanmasına heç bir kəs onları məcbur
etməməlidir. Şəriət hökmlərinə görə girov qoyulan şeyin mənfəəti onun
sahibinindir.
Girov qoyan və alan şəxs girov qoyulan şeyi (bu halda torpağı) bir-
birinin icazəsi olmadan kiminsə mülkünə keçirə bilməz – bağışlaya və
yaxud sata bilməz.
Əgər girov müqaviləsinə əsasən borclu tərəf borcu qaytarmalı olduğu
vaxt borcunu qaytarmazsa, borc sahibi həmin torpaq sahəsini satıb
borcunu götürə bilər, artıq qalanını isə borclu olana qaytara bilər.
İslamda ariyənin şərtlərinə də aydınlıq gətirilir. Ariyə budur ki, insan
öz malını istifadə etmək üçün başqasına versin, əvəzində də heç nə
almasın.
İnsan, mənfəəti özünün olan (məsələn, icarə etdiyi) bir şeyi ariyə verə
bilər. Amma, əgər icarədə, təkcə özünün istifadə edəcəyini şərt etsələr,
yaxud o yerin camaatı arasında icarə bu mənada başa düşülərsə, başqasına
ariyəyə verə bilməz.
Həddi-buluğa çatmamış, aqil olmayan şəxsin öz malını ariyəyə
verməsi məqbul deyildir. Amma əgər onların qəyyumu ariyə verməyi
məsləhət görsə və bu iş onların məsləhəti ilə olsa, eybi yoxdur. Müfəlləs
(borcları mal-dövlətindən çox olan şəxsə deyilir) borclu olduğu şəxslərin
icazəsi ilə öz malını ariyəyə verə bilər.
120
Torpağı ariyəyə götürən şəxsin səhlənkarlığı üzündən deyil, digər
səbəblərdən (təbii fəlakət və s.) torpağın münbitliyinə ziyan gələrsə, bu
şəxs buna zamin (cavabdeh) deyil. Amma torpağı ariyəyəgötürənin səhvi
üzündən ziyan dəyibsə və torpağı ariyəyəgötürən hər bir şeyə görə zamin
olması şərti əvvəlcədən şərtləndirilibsə, onda ariyəyə götürülən torpaq
sahəsi sahibinə yararlı vəziyyətdə qaytarılmalıdır.
Şəriətdə musaqat çoxillik əkmələr (üzümlüklər, bağlar və s.) altında
olan torpaq sahələrinin müəyyən mərhələdə şərtlər daxilində digərlərinə
həvalə edilməsini nizamlayır.
Əgər bir kəs meyvəsi özünün olan, yaxud onun ixtiyarında olan
ağacları müəyyən müddətə qədər becərib su vermək üçün başqasına versə
və əvəzində o meyvədən qərar qoyduqlarından muşa qədər (ümumi halda)
götürməsi əsasında alver etsə, bu alverə musaqat deyilir.
Musaqat müamiləsi (alveri) söyüd, çinar kimi bar verməyən ağaclar
altında olan sahələrdə tətbiq olunmur.
Bağ sahibi və ağacları becərməyi öhdəsinə alan şəxs həddi-buluğa
çatmış və aqil olmalıdırlar.
Musaqatın müddəti məlum olmalıdır. Musaqatın əvvəli müəyyən
tərzdə təyin edib axırını da həmin ilin meyvələri yetişən vaxta kimi
müəyyənləşdirilsə, düzgündür.
Tərəflərə çatacaq pay yetişdiriləcək məhsulun müəyyən nisbətdə
bölüşdürülməsi ilə müəyyənləşdirilməlidir (məsələn 3:1, 2:1, 5:2 və s.)
Amma torpaq sahibinin “sahədən yığılacaq məhsulun 100 tonu mənim,
qalanı qulluq edən, sənin olsun” şərti şəriətdə qədul edilmir.
Musaqat müqaviləsi bağlayan tərəflər bir-birinin razılığı ilə alveri
poza bilərlər. Əgər müqavilə şərtlərində müqavilənin birtərəfli qaydada
pozulması barədə razılıq varsa da, müsaqatın bir tərəfdən pozulması
məqbuldur.
Əgər müsaqat dövründə bağ sahibi ölərsə müsaqat alveri pozulmur,
varisləri onun yerinə keçir.
Əgər müsaqat qərarının digər tərəfi – ağacları becərməyi öhdəsinə
alan şəxs ölsə, bu halda əqddə onları şəxsən özü becərməsi şərt
edilməyibsə varisləri onun yerini tutur.
İslam dini bəşər övladını adil olmağa, saflığa, ədalətliliyə çağırır.
Məhz bu baxımdan vergi və mükəlləfiyyətləri müəyyənləşdirən şəriət
hökmləri insanlara davranışda insaflı olmağı, hamının yaşamağa Allah
tərəfindən müəyyənləşdirilmiş hüququ olduğunu israrla tələb edir. Buna
121
misal olaraq, İmam Əlinin hökmranlığı zamanında müxtəlif rəhbərlərə
tələblərini bariz nümunə kimi göstərmək olar.
İmam Əli Harüsül-Əştər oğlu Maliki Misirə vali təyin etdiyi zaman
ona verdiyi Əmrnamədə buyururdu… “vergi işini də araşdır, məmur-
larının vəziyyətini sahmana sal, çünki vergi işinin və vergi məmurlarının
nizama düşməsi, başqalarının da nizama düşməsi deməkdir… Çünki,
insanların hamısı verginin, vergi məmurlarının əhli-əyalıdır. Ancaq vergi
toplamaqdan daha çox məmləkətin dirçəlişinə diqqət yetirməlisən. Çünki
məmləkət dirçəldikdə vergi yığıla bilər. Məmləkət dirçəlməyincə, abad bir
hala düşməyincə vergi istəyən şəhərləri dağıdıb gedər, bəndələri həlak
edər. Elə bir buyruq sahibinin işi, idarəsi çox az sürər. Vergiverənlər
verginin ağırlığından, yaxud vergi verəcəkləri şeyə bir bəla gəldiyindən,
ya da içməli, suvarmalı suların kəsildiyindən, ya da bir bənd uçulub,
ərazini su basdığından, yaxud da məhsulun məhv olduğundan şikayət
etsələr, vəziyyətlərini düzəldənə qədər vergiləri müəyyən dərəcədə
azaltmağın lazımdır… bu yardımla, bu yüngülləşdirmə ilə xalq rifaha
qovuşar, ölkə abad olar… xalqı ədalətlə idarə etdiyin üçün onların hör-
mətini, sevgisini qazanmış olarsan… Elə bir an gələr, elə bir vaxt çatar ki,
onlara müraciət etməyin gərək olar. O zaman onlar sənin istəyini canü
dildən qəbul edərlər, yerinə yetirərlər. Çünki ölkədə yaranan abadlıq və
sərvət, onlara yükləyəcəyin yükü çəkməyə qüvvət verər…”
Zəkatyığan məmurlara əmrnaməsində İmam Əli buyururdu: “…Arzu
edirəm ki, xalqı incitməsin, sözlərini rədd etməsin, məmur olduğu işə görə
özünü onlardan üstün saymasın. Çünki onlar da din qardaşlarımızdır.
Haqları verməkdə isə köməkçilərimizdir… xəyanətin ən böyüyü-ümmətə
xəyanət etmək, hiylənin ən pisi – imama hiylə gəlməkdir, vəssalam”.
Xəractoplayan məmurlara isə O belə əmr edirdi: “İnsanlarla insaflı
rəftar edin. Çünki Siz xalqın xəzinə məmurları, o xəzinənin
qoruyucularısınız. Ümmətin vəkillərisiniz, imamın elçilərisizniz”.
3.12. Azərbaycanda sosialist torpaq münasibətləri və yeni torpaq
münasibətlərinin yaranma zəruriliyini şərtləndirən amillər
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan (28 aprel 1920-ci il)
sonra İnqilab komitəsinin ilkin dekretlərindən biri “Torpaq haqqında”
dekret oldu.
Dostları ilə paylaş: |