Yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyir, bu sahədə dövlət
orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşınadək olan şəxslər;
1.0.2. baxımsız - təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər
qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi
nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan;
1.0.3. kimsəsiz - müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan;
1.0.4. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan – baxımsızlıq və ya
kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və
ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən
yetkinlik yaşına çatmayan;
1.0.5. sosial təhlükəli vəziyyətdə olan ailə - uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə.
Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili
və (və ya) saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və (və ya) onların davranışına
mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə;
1.0.6. fərdi profilaktik iş - sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına
çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasiyası və (və ya)
yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının
alınması üzrə fəaliyyət;
1.0.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası
- sosial təhlükəli vəziyyətdə olan ailələrlə və yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işlə
birgə həyata keçirilən, yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, habelə
onlar tərəfindən hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və halların aşkar
edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər
sistemidir.
M a d d ə 2 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası sahəsində qanunvericilik
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası
sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
M a d d ə 3 .
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikasının əsas vəzifələri
3.0. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
3.0.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və hüquq
pozuntularının qarşısını almaq. Bunların yaranmasına imkan verən səbəb və halları aradan
qaldırmaq;
3.0.2. yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
3.0.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial-pedaqoji
reabilitasiyasını təmin etmək;
3.0.4. yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar
etmək və aradan qaldırmaq;
3.0.5. yetkinlik yaşına çatmayanlar tərəfindən alkoqollu içkilərin, yaxud Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya
həkimin təyinatı olmadan narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi hallarını
aşkar etmək və aradan qaldırmaq.
M a d d ə 4 . Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası sisteminə daxil olan orqan və müəssisələr
4.1. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikasını həyata keçirən orqan və müəssisələr sisteminə yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, qəyyumluq
və himayə, səhiyyə, daxili işlər orqanları, habelə gənclərin işləri üzrə orqanlar daxildir.
4.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası
üzrə fəaliyyətdə digər orqan, müəssisə və təşkilatların, cümlədən qeyri-hökumət təşkilatlarının
iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin
orqanların səlahiyyətləri çərçivəsində həyata keçirilir.
M a d d ə 5 . Barəsində fərdi profilaktik iş aparılan şəxslər
5.1. Aşağıdakı yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik iş aparılır:
5.1.1. baxımsızlar və kimsəsizlər;
5.1.2. çətin tərbiyə olunanlar, avaralıqla, dilənçiliklə məşğul olanlar, əxlaqsız həyat tərzi
sürənlər, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış,
lakin islah olunması mümkün olmayanlar və ümumi orta təhsildən qərəzli şəkildə yayınanlar;
5.1.3. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və
psixotrop maddələr qəbul edənlər;
5.1.4. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş on altı
yaşı tamam olanlar;
5.1.5. inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş, lakin
inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar;
5.1.6. tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilərək islah olunması mümkün hesab
olunmaqla cinayət məsuliyyətindən və ya cəzadan azad edilənlər;
5.1.7. cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə
cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş
yaş həddinə çatmayanlar;
5.1.8. haqqında həbs istisna olmaqla, qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən
şəxslər;