128
xatirəsi var:
…Nə ata çörəyi yedik,
nə gördük qardaş sovqatı…
Qamçıladı bizi acı-acı
sərt üzlü yetimlik həyatı…
…Ömrün çətin yollarında
bizə yar oldu Əli, Rəsul
Onlar açıq ürəkli,
qaynar məhəbbətli
gənclər idi,
O zamanlar bizimlə
ünsiyyət bağlamaq
Sadə sevgi deyil
Böyük hünəridi…
…Bilirsiz, məni tez-tez qınayırlar ki, mən yaradıcılığımı,
guya cild-cild kitablarımı ailəmə, Rəsula, balalarıma qurban
vermişəm. Bu əslində belə deyil. Mən sadəcə olaraq çox
böyük fədakarlığın önündə bir qadın sədaqəti, bir şairə
təvazökarlığı göstərmişəm yəqin. Bundan başqa adı yoxdur o
müqəddəs bağlılığın: Sevgi olan yerdə sədaqətin böyüklüyünə
şübhə eləməkmi olar?!
…Hərdən radioda o keçmiş mahnıları, lent yazılarını,
çıxışları eşidəndə fikirləşirəm, yaxşı ki, bu canlı yaddaş
ünvanı var. Yoxsa xatirələr küləyi xəyalımızdakıları alıb hara
istəsə qovalayardı, heç izi-tozu da qalmazdı. Necə ki, 50-ci
illərə qədərki «Ədəbi görüşlər», «Şeir dəqiqələri» və sair bu
kimi verilişlərin heç biri lentə köçürülmədiyindən çoxu
unudulub gedib. Çap olunanları da solmuş, cansız yarpaqlar
kimidi. Ona görə də Dövlət Radiosundan aldığım dəvətlərə
bəzən vaxtın darlığından, ya nədənsə imtina etməyimə
129
baxmayın, mənim üçün radio çox qiymətlidir…» («Xatirələr,
memuarlar, portretlər». Nigar Rəfibəyliyə həsr olunmuş
veriliş. 1980-ci ildə lentə alınıb. Müəllif Şəfəq Əlixanlıdır).
Radio verilişləri bir müəllifin ideyasına, ssenarisinə,
qələm təcrübəsinə əsaslansa da, əslində bir insanın deyil,
kollektiv əməyin məhsulu olub həmişə. Radioda səslənən bir
şeir, oxunan bir hekayə, səhnələşdirilmiş bir tamaşa artıq ilkin
müəllifiylə yanaşı, onu ifa edən aktyorun, səsi lentə alan
operatorun, rejissorun, musiqi tərtibatçısının da eyni dərəcədə
müəlliflik əsərinə çevrilir.
Məhz buna görə də radionun tarixinə nəzər saldıqda
təkcə burada çalışan insanların deyil, öz əməyi, işi ilə bu gün
radio tarixində yaşayan yüzlərin, minlərin xatirələri
vərəqlənməlidir.
Maraqlı burasındadır ki, radioda qorunan hər lent
yazısının, tarixi bir anın, səsin əbədiləşdirilməsinin necə
deyərlər, əsl fədailəri sadə əmək adamları – operatorlar, səs
rejissorları, montajçılar və s. bu kimi insanlar da tarixdən öz
adları silinsə belə, əbədi yaşarlılıq qazanan bu xatirə səslərlə
hər zaman fəxr edib, öyünüblər.
Tarixin bu səsli «salnaməsi»nin səhifələrində isə xalqın
taleyində böyük elmi, mənəvi, siyasi xidməti olan tarixi
şəxsiyyətlərin səsləri, xatirələri, düşüncələri yaşayır. Və
xoşbəxtlikdən belə insanların təkcə ad sırasına cildlərlə kitab
bağlamaq olar.
Onların içində Azərbaycana müxtəlif illərdə güzarı
düşmüş yüzlərlə əcnəbi yazıçı və şairlər, dost, qardaş ölkələrin
görkəmli elm, mədəniyyət xadimləri də saysızdır.
Radiomuzun səs yaddaşında qorunan çox dəyərli
incilərdən biri də türk dünyasının çox sevilən azadlıq aşiqi
Nazim Hikmətin lent yazılarıdır. O, ilk dəfə Azərbaycanda
1927-ci ildə olub. İlk gəlişində yaranan xəfif misralar, şeirlər
130
isə elə o günlərdə radio dinləyicilərinin görüşünə gəlib.
Sonralar şair «ikinci vətənim» adlandırdığı Azərbaycana tez-
tez gələr, onun sözünü, səsini azəri qardaşları Bakının iri-iri
salonlarından, Qarayazı meşəsindən, Dədə Günəş
yaylaqlarından eşidərdilər. Böyük Füzulinin 400 illik
yubileyindəsə XX əsrin türk şairi Füzuli önündə, onu yaradan,
yetişdirən xalqın önündə baş əyərək belə deyir: «Baba Füzuli,
bir vaxt salam verdim, rüşvət deyil deyə almadılar, – dedin.
İndi bütün cahan «Əleykümsalam» – deyir sənə, ustad!»
Xoşbəxtlikdən Nazim Hikmətin sonrakı gəlişləri zamanı
da səsi lentə almaq mümkün idi deyə, bu gün radionun
«Ədəbiyyat və incəsənət» redaksiyası bu böyük sərvəti –
Nazim Hikmətin öz səsində şeirlərini, xatirələrini efirdə
səsləndirir, göz bəbəyi kimi qoruyur…
Deyirlər, 1941-45-ci il Böyük Vətən müharibəsi
adlandırılan İkinci Cahan savaşını Levitanın səsi Rusiya qırıcı
təyyarələri, tankları, əsgərləri ilə bərabər uddu. Bu böyük
həqiqət nə mənadasa Azərbaycan radiosuna da şamil
edilməlidir. Məhz həmin ağrılı-acılı illərdə Azərbaycan
radiosu birbaşa mərkəzdən alınmış hərbi məlumatları xalqa
yetirməklə yanaşı, həm də insanlarda mənəvi ruhu
yüksəltmək, sabaha inam, vətənə yenilməzlik duyğuları
doğurmaq üçün əlindən gələni əsirgəmir, səsləndirilən hər
misra şeirdə, çıxışda, sözdə insanlara məhz qələbə ruhu,
qələbə əzmi aşılanırdı. Həmin illərdə efirə canlı çıxan
Azərbaycan radiosu Üzeyir Hacıbəyov, Məmməd Səid
Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm,
Nigar Rəfibəyli, Əzizə Cəfərzadə kimi gənc yazıçı və şairlərin
çıxışları, şeirləri, hekayələri ilə yanaşı, həm də artıq müxtəlif
qəhrəmanlıq ruhlu tamaşalardan parçalar səsləndirməklə
xalqın əzmkarlığını artırmağa çalışırdı.
Yarandığı ilk illərdən özünə dinləyicilərdə böyük inam
131
yaradan radiomuzun ədəbiyyat və incəsənət yönlü proqramları
xalqın həyatına elə daxil olur ki, hərdən burada səsləndirilən
bədii parçaları dinləyicilər əsl həyat həqiqəti kimi qəbul edir,
ağlamalısına ağlayır, gülməlisinə gülürdülər.
50-ci illərdə elektromaqnit lentlərinin kəşfi «Radionun
qızıl fondunu» yaratmaqla xalqın taleyindəki əvəzsiz tarixi
xidmətlərini əbədiləşdirmək, «lent salnaməsini» yaşatmaq
işini həyata keçirdi.
«Səməd Vurğunun «Vaqif»ini səhnədə çox yaratmışam.
Hər dəfə də eyni tamaşaçı sevgisi, alqışlar, gül-çiçək dəstələri.
Müharibə illərində teatrın insanların həyatındakı əvəzsiz rolu
barədə çox düşünürdüm. O illər doğrudan da elə bil hər yanda
həyatımızın sabahına işıqlar söndürüləndə, gecələr qəfil
həyəcan siqnalları verilib, aləm zülmətə qərq olanda təkcə bu
məbədin – teatrın işıqları yanardı. Biz həyəcan siqnalları
davam edə-edə də tamaşaya ara verməzdik. Heç tamaşaçılar
da o vaxt «bomba ubejeşe» deyilən zirzəmilərə qaçmağa
tələsməzdilər. Ta ki, tamaşa bitincə. Mənə elə gələrdi ki,
teatrda həyat əbədidir. Amma onun sonsuz olduğuna, heç
zaman tükənməyəcəyinə yalnız radioda tamaşalar lentə alınan
zamandan inanmağa başladım. Doğrudan da radio lentləri
bizim səhnə sənətimizə ölməzlik bəxş etdi. Mən radiodakı
rollarımı kinodan da artıq qiymətləndirirəm. Çünki radionu
hər kəs hər an dinləyə bilir. Filmə baxmaq üçünsə mütləq
kinoteatra getmək gərəkdir.
«Vaqif»i radio üçün yazanda hər sözün üstündə o qədər
əsirdik ki… Axı bu tamaşanın sabahı olmayacaqdı ki, o
oyununla bugünkü səhvləri, yanlış bir mizanı təzələyib, qələti
düzəltmiş olasan. Lent yazısının belə bir ecazkar qüvvəsi və
xofu olduğunu məhz radiodakı tamaşalarda duydum. Yaşasın,
bizi, sənətimizi,
teatrımızı, səhnəmizi yaşadan radio». («Səhnə və həyat»
Dostları ilə paylaş: |