MikroiQTİsadiyyat


Istehlakçı davranışı qaydaları, tarazlıq şərtləri və əvəzetmənin son norması



Yüklə 1,43 Mb.
səhifə14/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

3. Istehlakçı davranışı qaydaları, tarazlıq şərtləri və əvəzetmənin son norması.
Istehlakçının şəxsi büdcəsi və əmtəələrin qiymətləri sabit qaldı­ğı şəraitdə ayrı-ayrı məhsulların son faydalılığı aşağı düşərsə, o, özünün sağlam məntiqinə əsaslanaraq satın aldığı bütün əmtəələrin son ümumi faydalılıqlarını mümkün olan ən yüksək (son) həddə çatdırmağa çalışır. Bu isə satın alınan əmtəələrin qiymətlərindən asılıdır. Ona görə də is­tehlakın ümumi faydalılığına o zaman nail olunur ki, əmtəələrin son fay­dalılığı ilə sərf olunan pulun hər vahidi bir-birinə bərabər olsun. Əmtəələrdən hər hansı birinin son faydalılığı xərclənən pulun hər vahi­dinə nisbətən çox olduqda, istehlakçı həmin əmtəədən daha çox satın al­mağa, onların ümumi faydalılığını mümkün olan ən yüksək həddə çat­dırmağa səy göstərir. Istehlakçı şəxsi büdcəsin-dəki vəsaiti xərclədik­də məhz bunları nəzərə alır. Lakin bu zaman alıcı xərclədiyi pulun mü­qa­bilində satın aldığı hər bir əmtəənin son faydalılığının orta kəmiyyə­tini müəyyən edə bilər.

İstehlakçı əldə etdiyi fayda ilə sərf etdiyi xərcləri ta­raz­laşdırmaq yolu ilə «bərabər xərcə görə bərabər son faydalılıq» gös­tə­riciləri əsasında bərabərliyə nail olur.

Əvəzetmə istehlakçıya nəinki son (əlavə) səmərəni və son (əlavə) xərcləri müqayisə etməyə, həm də özünün şəxsi büdcəsində olan vəsaiti bazarlıq etdiyi əmtəələr ara-sında bərabər, imkanına uyğun gələn qaydada bölüşdür-məyə səbəb olur.

Istehlakçını maraqlandıran ən mühüm məsələlər­dən biri də əvəzetmənin son normasına nail olmaqdır. Əvəzetmənin son norması dedikdə istehlakçının hər hansı bir əmtəədən əlavə vahidin satın alın­ma­sı üçün imtina etdiyi başqa əmtəələrin maksimum miqdarını göstə­rən ölçü nəzərdə tutulur. Bir əmtəənin istehlakından əldə edilən fayda­lı­lığın artması başqa bir əmtəənin istehlakının azal­masına uyğun gəl­mə­lidir. Bu, nəticə etibarilə şəxsi büd­cədən sərf olunan vəsaitin hər vahi­di­nə görə səmərənin eyni səviyyədə olmasını təmin edir. Istehlakçı xərc­lə­diyi pulun səmərəliliyini, nəinki bir-birini qarşılıqlı surətdə əvəz edən əmtəələri satın almaqla, həm də onların qiymətlərinə xüsusi diqqət ye­tirməklə təmin etməyə çalışır. Başqa sözlə, bir-birini qarşılıqlı əvəz edən əmtəələr arasındakı proporsiya­ları tarazlaşdırmağa məhz qiymətlər im­kan verir. Bir əmtəənin başqa bir əmtəə ilə əvəz olunmasının son nor­ması qarşılıqlı surətdə əvəz olunan əmtəələrin qiymətləri arasındakı nisbətə bərabər olmalıdır. Məsələn, istehlakçı maksimum fayda götürmək üçün «x» və «y» əm­təə­lərini bir-biri ilə əvəz etmək istəyirsə, onda o, əvəzetmənin aşağıdakı ki­mi ifadə olunan normasını əldə rəhbər tutmalıdır:

Burada MRSx,y-əvəzetmənin son norması, MU- əmtəənin son faydalılığı, P- əmtəələrin qiymətlərini göstərir. Buradan aydın olur ki, «x» əmtəəsindən əlavə vahi-din satın alınmasına sərf olunan pul vəsaitinin hər vahidi-nin faydalılığı, «y» əm­təəsinin əlavə hər vahidinin satın alınmasına sərf olunan pul vəsaitinin faydalılığından yük-sək olduqda istehlakçı «x» əmtəəsindən, əksinə ol­duqda isə «y» əmtəəsindən daha çox satın almağa çalışır. Və deməli, alıcı əlində olan pul vəsaitini onun üçün daha çox fayda verən məh­sul­lar arasında bölüşdürməklə əvəzetmənin son normasının təmin olunma­sına şərait yaradır.

Aydındır ki, «x» əmtəəsinin son faydalılığı özünün qiymətin­dən deyək ki, 2 dəfə, «y» əmtəəsininki isə 3 dəfə yüksək olduqda, pul vəsaiti sərfinin bərabər son faydalılığı prinsipi pozulur. Bu, onunla əla­qədardır ki, «y» əmtəəsinin hər vahidinə sərf olunan əlavə pul vəsaiti, «x» əmtəəsinin hər vahidinə sərf olunan əlavə pul vəsaitinə nisbətən da­ha çox fayda gətirir. Buna görə də alıcı pul vəsaitinin bir hissəsini «x» əmtəəsinin satın alınmasından «y» əmtəəsi­nin satın alınmasına «keçi­rir». Bu əmtəələrin faydalılıqları arasındakı fərq bir növ alıcının «ixti­ra­çılıq», «səmərələşdi­ricilik» qabiliyyətinin nəticəsi kimi meydana çıxır. Odur ki, alıcı bunları nəzərə almaqla bazarda «manevr edir».

Beləliklə, tarazlığın əsas şərti ayrı-ayrı əmtəələr üzrə sərf olu­nan pul vəsaitinin hər vahibinə görə son fayda­lı-lıqların tarazlaşmasıdır.
4. Istehlak tarazlığı, əvəzetmənin və gəlirlərin faydalılığı.
Hər hansı bir məhsula olan fərdi tələbin formalaş­masının əsa­sını istehlakçı davranışı təşkil edir. Bunu sübut etmək bir o qədər də çətin deyildir. Çünki qiymətlər sabit qalmaqla əhalinin real gəlirləri art­dıqda, yaxud da real gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə budcə “xəttini sağa və ya yuxarı hərəkət etdirməklə” az, yaxud da çox miqdarda əmtəə almaq olar. Bu çevrilmələrin kəsişmə nöqtəsi istehla­kın daha yüksək səvviyyəsində müəyyənləş­miş tarazlığa uyğun gəlir. Əhalinin real gəlirləri artdıqda büdcə məhdudiyyəti və əmtəələrin isteh­lakındakı tarazlıq yenidən daha yüksək səviyyəyə qalxır, əksinə ol­duq­da isə aşağı düşür. Bütün bunların təsiri ilə «gəlirlər – istehlak» və «qiy­mət – istehlak» xətləri formalaşır.

Real gəlirlərlə istehlak arasındakı asılılıq ilk dəfə XIX əsrdə in­gilis iqtisadçısı D. Xiks tərəfindən əsaslan­dırılmış, sonra isə alman sta­tistiki E. Engel bundan istifadə etməklə işçi ailələri büdcələrinin quru­luşunu öyrənmiş, gəlirlərin yemək və paltar, mənzil və kommunal xid­mətləri, habelə daha yüksək sayılan əmtəə və xidmətlər arasında bölüş­dürülməsinin qanunauyğunluqlarını dəqiqləşdirmiş və ona müəyyən əlavələr etmişdir.

Beləliklə, istehlakçıların formalaşan tələbinin quru­luşuna onla­rın gəlirləri, həmçinin əmtəələrin və xidmətlərin qiymətlərinin ümumən, yaxud da qismən dəyişməsi təsir edir. Qiymətlərin aşağı düşməsinə isə alıcılar ikili reaksiya verirlər. Birincisi, alıcılar qiymətləri dəyişməmiş və nisbətən baha görünən əmtəələri satın almaqdan imtina edir və qiyməti ucuzlaşmış əmtəələrdən daha çox satın almağa meyl göstərirlər. Və bu­nunla da satın alınan əmtəələrin quruluşunda müəyyən dəyişikliklər baş verir. Qiymətləri dəyişməz qalmış əmtəələrin, qiymətləri ucuzlaşmış əm­təələrlə əvəz olunması və bununla əlaqədar olaraq daha ucuz əmtəələrin satın alınmasının artması nəticəsində tələbin quruluşunda əmələ gələn dəyişikliklərə əvəzetmənin faydalılığı deyilir. Məsələn, tutaq ki, mal ətinin bir kilo-qramının qiyməti 4 manata, toyuq ətininki 2 manata, is-tehlakçının aylıq gəliri isə 120 manata bərabərdir. Deməli, istehlakçı həmin pula 30 kq mal əti və ya 60 kq toyuq əti satın ala bilər. Əgər istehlakçı bir ayda 30 kq mal əti isteh-lak edərsə 120 min mana­tın hamısını onun satın alınmasına sərf edəcəkdir. O, mal ətini toyuq əti ilə əvəz etdikdə isə bir ayda yenə də 30 kq, lakin indi toyuq əti istehlak etməklə, onun satın alınmasına 60 manat sərf edəcəkdir. Bu isə onun əlində 60 manat əlavə pul vəsaitinin qalması demək­dir. Deməli, o, bu puldan ya həmin əmtəədən bir qədər çox, yaxud da hər hansı başqa əmtəələrdən satın almaq imkanı qazanmış olur. Ikin­cisi, qiymətlərin aşağı düşməsi istehlakçıların real gəlirlərinin artması deməkdir. Bu, öz ifadəsini onların alıcılıq qabiliyyətinin yüksəlməsində və deməli, tələbin artmasında tapır. Buradan da gəlirlərin səmərəliliyi meydana çıxır. Gəlirlərin səmərəliliyi dedikdə qiymətlərin aşağı düşmə­si və bununla da real gəlirlərin artması nəticəsində istehlakçı tələbinin quruluşunda dəyişiklik baş verməsi nəzərdə tutulur. Qiymətlərin aşağı düşməsi istehlakçılara sərf etdikləri xərcləri azaltmağa və deməli, mü­əyyən qədər qənaət əldə etməyə imkan verir ki, bu da sonradan digər əmtəələrin satın alınmasına və ma-hiyyət etibarilə tələbin artmasına sə­bəb olur. Bu, birinci növbədə cari tələbat məhsullarına aiddir. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, bazarda qoyun ətinin bir kilo­qramının qiyməti 5 manata, istehlakçının aylıq gəliri isə 150manata bərabərdir. Deməli, istehlakçı əlində olan bu qədər pula 30 kq qoyun əti satın ala bilər. Indi deyək ki, qoyun ətinin qiyməti ucuzlaşmış və 4 manata düşmüşdür. Buradan aydın olur ki, istehlakçı 30 kq qoyun əti satın almaq üçün 120 manat sərf edəcək və onun əlində 30 manat artıq pul vəsaiti qalacaqdır. Bu gəlirlərin səmərəliliyini göstərir.

Bütün bunlara əsasən demək olar ki, əvəzetmənin və gəlirlərin faydalılığı istehlakçı tələbinin və onun qurulu-şunun dəyişməsinə səbəb olsalar da, bunların təsiri eyni deyildir. Ona görə də nəinki nəzəriyyədə, həm də təcrübədə qiymətin əmələ gəlməsində bu faydalanmanın nor­mal, yəni yüksək və aşağı keyfiyyətli (aşağı qiymətli) əmtəələrə təsirini fərqləndirmək lazımdır.



Mövzu 11: Rəqabət və onun formaları.

( 2 saat)

Plan
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.

2. Rəqabətin tipləri və modelləri.

3. Rəqabətin metodları.
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.

Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.

Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.

Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.

Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.

Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.

Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.

Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən fəaliyyəti nəzərdə tutulur.

Haqsız rəqabətə aşağıdakılar aid edilir:


      • rəqibin təsərrüfatının təqlidi;

      • rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;

      • rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

      • haqsız sahibkarlıq fəaliyyəti;

      • haqsız işgüzarlıq davranışı;

      • istehlakçıların çaşdırılması.

Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır.

Rəqabətin əsas üstün cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə iqtisadi inkişafında bazar münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir ölkənin iqtisadiyyatı üçün rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir. Keçmiş İttifaqa daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda da bazar münasibətlərinə keçidin müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə, bazar elementlərinin fəaliyyəti ilə müəyyən olunur. Bazar elementlərindən biri də rəqabətin formalaşması xüsusi və azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı mğvqeyinin aradan qaldırılması ilə müəyyən olunur. Uzun illər inzibati amirlik sistemi şəraitində mövcud olan Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxartmaq üçün keçid dövrünün mühüm problemlərindən biri olan dövlət mülikyyətinin özəlləşdirilməsi yolu ilə mülkiyyətin çoxnövlüyünə və təsərrüfat fəaliyyətinin azadlığına nail olmaqla rəqabətə əlverişli şərait yaradılmalıdır.


2. Rəqabətin tipləri və modelləri.

Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və onhisarçı rəqabət bazarlarına ayrılır.

Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:


  1. satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;

  2. bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;

  1. bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər;

  1. satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;

  1. bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.

İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:

      • Mükəmməl rəqabətli bazar;

      • İnhisarçı rəqabətli bazar;

      • Oliqapolik bazar;

      • Xalis inhisarçı bazar.

Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Yuxarıda göstərildiyi kimi xalis rəqabət( mükəmməl rəqabət) şəraitində standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul istehsal edən( ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir.

Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı( bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu sayda alıcı olur( bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). Oliqopsoniya( alıcının inhisarı)- bu zaman bazarın şərtlərini dikdə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.

Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür.

Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını “ qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.

İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu( onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar.

İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla bağlı olan ticarət təklif olunur.

İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.

İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur.

Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik bazardır( yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti- bazarda hakim satıcıların( istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.

Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya zamanı isə qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir. Oliqapoliya tez- tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider- firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif mövqeyi- nəzərdən baxışlar mövcuddur.

Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı( istehsalçı)- firmaların sayının ikiyədək ixtisar edilməsidir.Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:


  1. bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təmsil olunur;

  2. əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;

  3. satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;

  4. satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti dikdə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;

  5. sahəyə daxil olmaq imkanı yoxdur.

Beləliklə, xalis inhisarçı bazar birbaşa rəqiblərə malik olmur və bunun nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə daxil olması məhdudlaşır.

Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks etdirir.

Qeyri- mükəmməl rəqabətli bazar isə mükəmməl rəqabət zamanı yaranan tarazlıqdan yayınma halını əks etdirir.
3. Rəqabətin metodları.
Rəqabət mübarizəsində müxtəlif metodlar tətbiq edilir. Onlara iqtisadi və qeyri- iqtisadi məzmunlu tədbirlər kompleksi daxildir. Rəqabət mübarizəsində istifadə olunan metodlar iki qrupa bölünür:


    1. qiymət metodu

    2. qeyri- qiymət metodu.

Qiymət rəqabəti bazarda iqtisadi bəhsləşmənin əsas metodudur. Bu vaxt satıcılar məhsulların qiymətini aşağı salmaqla satışın həcmini çoxaldaraq daha çox gəlir əldə etməyə səy göstərirlər. Qeyri- qiymət metodu isə qiymətin bilavasitə dəyişməməsi ilə bağlıdır.

Firmalar bu metodun köməyi ilə qiymətləri dəyişmədən onun satışını artırmağa səy edirlər. Bu vaxt firmalar aşağıdakı vasitələrdən istifadə edirlər:



      • məhsulun texniki üstünlüklərinin təmin edilməsi;

      • satış metodlarının təkmilləşdirilməsi;

      • istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;

      • reklam və s.

Qeyri- qiymət rəqabətinin aşağıdakı formaları geniş yayılmışdır:



      • məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə lazım olanı seçirlər;

      • möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.

      • təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.

      • lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan firmalar aiddir, onlar lizinq xidməti vasitəsilə istehsal vasitələrini uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.

      • reklamlaşmanın təşkili.

Bu rəqabət metodları ədalətlidir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsidir.

Mövzu 12: İqtisadiyyatda inhisaçılıq. ( 2 saat)

Plan

1. İqtisadiyyatda inhisarçılıq.



2. İnhisar formaları.

3.İnhisarçılığın sosial iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.


1. İqtisadiyyatda inhisarçılıq.
İnhisarlar istehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarı ilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı elə bir nəticəyə gəlib çıxmışdır ki, o, bütövlükdə iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, XX əsrin 30-50- ci illərindən iqtisadiyyatda unhisarçılıq hakim bir mövqeyə malik olmuşdur.

İnhisarçılıq tərərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldirilən fəaliyyətdir.Təsərrüfat subyektlərinin fəaliyyəti nəticə etibarı ilə azad rəqabətə qarşı yönəldilib. Azar rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:

1. İnhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər;

2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına yönəldilmiş fəaliyyətlər.

Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız surətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı inhisar nəzəriyyəsi ilə izah olunur. İnhisarçı müəssisənin istehsal xərclərinin formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.
2. İnhisarçılığın formaları.

İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır.İqtisadiyyatda inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:

1. İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz- özünə artması yolu ilə yaranır.

Istehsalda inhisarların mahiyyətini 3 başlıca cəhətlə səciyyələndirmək olar:



    1. Hökmran olmaq;

    2. Qiymətləri diktə etmək;

    3. Yüksək inhisar mənfəətini mənimsəmək.

İstehsal inhisarçılığının aşağıdakı formaları vardır:

K a r t e l – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır.

S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı- ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaradılır.

T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi çəcburi deyildir.

K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır.60- cı illərdə, xüsusi ilə, ABŞ- da böyük surətlə k o n q l o m e r a t l a r meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.

K o n s o r s i u m – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər.Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir.

2. Təbii inhisarçılıq: İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə səbəb olduğu hallarda mümkündür. Bu inhisarçılıq təsərrüfat subyektləri arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Buraya neft, qaz, su, elektrik enerjisi, faydalı qazıntılar və s. sahələr daxildir.

3. Texnoloji inhisarçılıq: İnhisarın obyekti bu və ya digər məhsulun hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir. Texnoloji inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş müəssisələr çıxış edir.İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.

4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu sayda satıcı olur.

5. Təşkilati inhisarçılıq: İnhisarçılığın bu forması istehlakçı birliklərinin formalaşdırılması yolu ilə meydana gəlir. İstehlakçıların müxtəlif sahə, sahələrarası və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.

6. İdarəetmə inhisarçılığı: İnhisarçılığın bu forması inzibati amirlik sisteminin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir. Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini olduqca azaldır.

7. İdxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı- ayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat yüksək qiymətə satılması yolu ilə yaradılır.


3. İnhisarçılığın sosial -iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.

İnhisarçılıq çox hallarda məhsulun keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin sürətlə artmasına səbəb olur. Belə vəziyyət bazar iqtisadiyyatı şəraitndə istehlakçılara mənfi təsir göstərir.

İnhisarın sosial- iqtisadi nəticələri xalis inhisar baxımdan daha qabarıq şəkildə özünü göstərir. Bu zaman aşağıdakı 4 amil diqqəti cəlb edir:


  1. Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan şətinliklər;

  2. Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı müəssisələrin daimi olaraq yüksək inhisar mənfəəti əldə etməsi. Bu inhisarçı firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş istifadə etməsi etməsi hesabına yaranır;

  3. Gəlirlərin bölgüsü. Sahibkar inhisarçı gəlirlərin bölgüsündə qeyri- bərabərliyi şərtləndirir. Öz bazar hökmranlığının sayəsində inhisarçı firmalar rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir.

Bazar iqtisadiyyatının inkişafının müəyyən mərhələsində inhisarçılıq elə bir səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu tədbirlər iki istiqamətdə aparılır:

  1. Müvafiq strukturlar tərəfindən rəqabətin inkişafı üçün əlverişli mühitin yaradılması.

  2. Müvafiq orqanlar tərəfindən inhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi.

İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə,o cümlədən, Azərbaycanda da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən qanunlar qəbul edilmişdir.

1.Şermanın qanunu(1890). Bu qanunla ticarətin gizli inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər haqqında razılaşma qadağan edilir.Bu qanunda trest firmasında birləşmə, ticarətdə inhisarlaşma aparma uğrunda gizli sazişlər qadağan olunur.Qanunda göstərilir ki, inhisarlaşdırmağa cəhd göstərən hər bir şəxs hüququ pozmuş hesab olunur və 50 min dollara qədər cərimə və ya bir il müddətinədək azadlıqdan məhrum edilə bilər.

2.Kleytonun qanunu(1914). Bu qanunda saziş sferasında məhdud işgüzar praktikanı, qiymət diskriminasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz əksini tapırdı.

3.Robinson- Petmin qanunu( 1936). Bu qanun ticarət sahəsində məhdud işgüzar praktikanın olmasına, qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa qoymuşdur. 1950- ci ildə Kleytonun qanununa Seller- Kefover düzəlişi edildi: qeyri- qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi, yəni aktivlərin alınması yolu ilə olan uyğunlaşma qadağan olundu.Əgər Kleytonun qanunu ilə iri firmaların horizontal yolla uyğunlaşmasına yol verilirdisə, Seller- Kefover düzəlişi horizontal uyğunlaşmanı məhdudlaşdırdı.

Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.

Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” qanununa uyğun olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66,6% -ə malik olduğu hallarda inhisarçı müəssisə hesab edilir.

İnhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks etdirir:

1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri;

2. İcra idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və iştirakçıların mənafelərinin pozulmasına yönəldilən fəaliyyətin qarşısının alınması.

3. İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi, təbii inhisarların öz mövqelərindən sui istifadə hallarında aksiz vergilərinin şərtləşdirilmiş dərəcələrin tətbiq edilməsi, kredit veriləsi şərtlərinin şərtləndiriləməsi və s. ilə inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından ibarətdir.Antiinhisar fəaliyyətinin üçüncü istiqamətində inhisarçılar tərəfindən rəqabətin sıxışdırıldığı hallarda imkan daxilində səlahiyyətli orqanlar tərəfindən inhisarçı müəssisələrin bölüşdürülməsi haqqında qərarlar qəbul etməklə inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə