MikroiQTİsadiyyat


Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri



Yüklə 1,43 Mb.
səhifə12/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

4. Sosial- demokrat bazar modelinin xarakterik xüsusiyyətləri.
Bazarın sosial- demokrat modeli Skandinav ölkələrində və eyni zamanda İspaniyada, Portuqaliyada, Yunanıstanda həyata keçirilən iqtisadi islahatların müxtəlif mərhələlərində öz əksini tapmışdır. Bu model üçün iqtisadi siyasət sahəsində sosial- demokrat ideyalarının üstünlük daşıması xarakterikdir. Bazarın bu modeli İsveç təcrübəsində tətbiq edildiyinə görə, çox vaxt ona İsveç modeli də deyilir.

Sosial- demokrat bazar modelində kapitalizmin bir sıra əsas cəhətlərinin ( gəlirlərin və mülkiyyətin bölgüsündə qeyri- bərabərlik) qalmasına baxmayaraq, vətəndaşların hüquq bərabərliyi və sosial müdafiəsi, istehsalın nəticələrinin çox hissəsinin bölgüsü və yenidən bölgüsünün bazar prinsipləri əsasında deyil, insanların tələbatlarına uyğun həyata keçirilməsi, kütləvi yoxsulluğun və işsizliyin ləğv edilməsi, pul hakimiyyətinin vətəndaşaların hakimiyyəti ilə əvəz olunması bu modelin əsas xüsusiyyətlərindən biridir.

Bazarın sosial- demokrat modelinin xarakterik cəhəti, əhalinin gəlirləri arasındakı fərqlərin aradan qaldırılmasını və məşğulluğun səviyyəsinin yüksəldilməsini təmin edən güclü sosial siyasətin olmasıdır. Sosial siyasət gəlirlərin təkrarən yenidən bölgüsünə əsaslanır. Vergilər və mütləq sosial sığortalar ümumi milli məhsulun 55 faizini təşkil edir, bu da AFR- ə nisbətən 1,5 dəfə, ABŞ və Yaponiyaya nisbətən 2,5- 3 dəfə artıqdır. Məşğulluğun artırılması dövlət vəsaitləri hesabına işçilərin yenidən hazırlanması vasitəsilə həyata keçirilir, bu da əmək bazarına təsir gösrtərir. Sosial siyasət transfert ödəmələr hesabına sosial tələbatların yüksək səviyyədə ödənilməsini təmin edir. Amerikan və alman modellərindən fərqli olaraq, sosial- demokrat bazar modelində vətəndaşların sosial xidmətlərə olan tələbatları onların maliyyə imkanlarına görə deyil, dövlət hesabına büdcədən verilən vəsaitlər hesabına ödənilir.

Sosial- demokrat bazar modeli, liberal bazar modelinin əksinə olaraq yenidən bölgü- institutsional modeli adlanır. ABŞ- da dövlətin sosial xərclərinin həcmi ümumi milli məhsulun 1/5, AFR- da və İtaliyada ¼, İsveçdə isə 1/3 hissəsindən çoxunu təşkil edir.

Gəlirlərin bölgüsünü səciyyələndirən Djini əmsalı ( gəlirlərin tam bərabərliyinin təmin olunması üçün sərf olunan milli gəlirin yenidən bölünən hissəsi) İsveçdə 0,205 olduğu halda Norveçdə, İngiltərədə, Kanadada, ABŞ- da, İsraildə, AFR- də 0,243- 0,355- dir.

İsveçdə ən kasıb ailələrin 1/5 hissəsinə bütün gəlirlərin 12 faizi düşdüyü halda , ABŞ- da 4,6 faizi düşür. İsveçdə ən varlı ailələrin 1/5 hissəsinə bütün gəlirlərin 37,5 faizi düşdüyü halda, ABŞ- da 43,7 faiz düşür.

Bazar modellərinin səciyyələndirilməsində mikroiqtisadi xüsusiyyətlər mühüm əhəmiyyət kəsb edir. Mikroiqtisadi xüsusiyyətlərə firmadaxili münasibətlər ( işə qəbul etmək və işdən azad etməklə bağlı əmək şəraitinin müəyyən edilməsi, əmək vəzifələrinin bölgüsü ilə əlaqədar əmək münasibətləri), müəssisələrdə mülkiyyətin forması, mübadilə münasibətlərini əks etdirən müəssisələr arasındakı üfüqi əlaqələr daxildir. İsveç modeli üçün bütün müəssisələrdə mülkiyyət formasından asılı olmayaraq istehsal demokratiyasının inkişafı xarakterikdir.
5. Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi.
Bazara keçidin ilk dövrlərində Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilməsinə daha çox üstünlük verilirdi. İnflyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan monetarizm siyasəti dövlətin iqtisadiyyat ən az və ehtiyatla müdaxilə etməsini nəzərdə tutur. Monetarizm- iqtisadiyyatda pul amillərinin mühüm rol oynamasını göstərən stabilləşdirmə nəzəriyəsidir. Monetaristlər iqtisadiyyatın tənzimlənməsini hər şeydən əvvəl pulun həcmi, emissiyası, tədavüldə və ehtiyatda olan pulun miqdarı üzərində dövlətin nəzarətində görürlər.

Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelinin tətbiq edilməsi səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama ( sosial müftəxorluq) prinsipi hökm sürüb, hal- hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər, yəni bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.

Liberal bazar modelinin fərqləndirici meyarlarından biri olan dövlətin iqtisadiyyata müdaxilə etməməsi və ya məhdud dərəcədə müdaxilə etməsi bizim ölkə üçün bir çox cəhətlərə görə məqsədəuyğun deyil.

Beləliklə, bazar iqtisadiyyatının amerikan modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ənənələrimiz, xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri- mümkündür. Deməli, Azərbaycanda amerikan ( liberal) bazar modeli tətbiq edilə bilməz.

Bu onu göstərir ki, Azərbaycan üçün bazar iqtisadiyyatının modelini seçərkən alman və ya İsveç modellərindən istifadə edilməlidir. Belə baxdıqda üstünlük İsveç modelinə verilə bilər, çünki bu model daha çox bizim xalqımızın mentalitetinə uyğun gəlir( ümumilik, kollektivlik, sosial tələbatların çox hissəsinin pulsuz dövlət hesabına ödənilməsinə vərdiş edilməsi). İsveç modeli üçün xarakterik olan sosial ehtiyacların ödənilməsi məqsədilə əldə olunan gəlirlərin yenidən bölüşdürülməsi bizim əhalinin əksər hissəsi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanardı.

Hal- hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün onun qarşısında istehsalın bərpa edilməsi və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması məsələləri durur. Bu baxımdan bazarın İsveç modeli də Azərbaycan üçün əlverişli ola bilməz.

Bazar iqtisadiyyatının müxtəlif modelləri arasında Azərbaycan üçün alman modelinin- sosial yönümlü bazar iqtisadiyyatı modelinin seçilməsi üçün məqsədəuyğundur. Bu modelin bir çox xarakterik xüsusiyyətləri Azərbaycan reallığında öz əksini tapır.

Birinci- həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və təsərrüfat formalarına əsaslanan qarışıq iqtisadiyyatının formalaşması prosesinin getməsi;

İkinci- Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox güclü olması, iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması, iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, məhsulların həm daxili , həm də xarici bazarlarda rəqabət qabiliyyətli olması üçün əlverişli şərait yaradılması;

Üçüncü- tənzimlənməni nəinki makroiqtisadi səviyyədə , hətta bir çox hallarda bazar subyektlərinin fəaliyyətlərinin hələ normal bazar təsərrüfatının tam mənada yaranmaması ilə əlaqədar, mikroiqtisadi səviyyədə tənzimlənməsinin həyata keçirilməsi;

Dördüncü- xalqımızın mentaliteti, tarixən ictimai ənənələrin bizdə güclü olması, bir çox sosial problemlərin dövlət tərəfindən həll olunması ənənələrinə alman modelinin sosial- siyasətinin daha çox uyğun gəlməsi;

Beşinci- Azərbaycanda azad rəqabətin dövlət tərəfindən tənzimlənməsi və qorunması;

Altıncı- işsizlərin sayının minimum həddə çatdırılmasına məqsəd qoyan məşğulluq siyasətinin, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olmasıdır.


Mövzu 9: Son faydalılıq nəzəriyyəsi.( 2 saat)

Plan

1. Dəyər- iqtisad elminin əsas problemidir.

2. Son faydalılıq- dəyər nəzəriyyəsində inqilabi ideyadır.

3. Azalan son faydalılıq qanunu. Faydalılığın kəmiyyətinin ölçülməsi.

4. Ümumi faydalılığın ən yüksək həddinin müəyyən edilməsi və son faydalılıq nəzəriyyəsinin təkamülü.
1. Dəyər – iqtisad elminin əsas problemidir.
Məhdud miqdarda ehtiyatlardan məqsədyönlü isti­fadə edilmə­si və istehsalın səmərəliliyi probleminə elmi cə-hətdən yanaşılmasının yeni prinsipləri çox böyük metodo-loji əhəmiyyətə malik olmaqla, son fay­dalılıq nəzəriyyə-sinin əsasını qoymuşdur. Bununla da iqtisad elmin­də ağır-lıq mərkəzi «xərclərdən» «son nəticələrə» keçmiş, daha də-qiq desək, dəyər nəzəriyyəsində inqilab baş vermişdir. Başqa sözlə, iqtisadi nəzəriyyə ilk dəfə başlanğıc nöqtəsi kimi fərdlərin iqtisadi davranış­la­rı­na istinad etməyə baş-lamış, obrazlı ifadə ilə desək, üzünü insanlara – is­tehsalçı və istehlakçılara – tutmuşdur. Bu, onunla izah edi­lir ki, dəyə-rin öyrənilməsi iqtisad elminin əsas prob­lemidir və iqtisadi subyektlərin fəaliyyəti məhz dəyərə əsasən müəyyən edilir.

Dəyər nəzəriyyəsinin işlənib hazırlanmasında klas­sik ingilis siya­si iqtisadının tanınmış nümayəndələri U. Pettinin, A. Smitin və D.Rikardonun böyük xidmətləri ol-muşdur. Belə ki, «klassiklər» dəyəri iqtisadi təhlilin yeganə başlanğıc kateqoriyası hesab edirdilər. Əmək dəyər nəzə-riyyəsini də ilk dəfə onlar irəli sürmüşlər. Bu nəzəriyyəyə görə nemətlərin dəyəri əmək məsrəfləri ilə müəyyən edilir və istehsal pro­se­sində yaradılan gəlirlərin mənbəyi dəyər-dir. Lakin U. Petti merkan­ti­lizmin təsirindən azad ola bil-məmiş və onun dəyər nəzəriyyəsi pulun dəyə­rinə əsaslan-mışdır. O, belə hesab edirdi ki, məhsulun dəyəri onun satın alınmasına verilən pulun miqdarı ilə müəyyən edilir. Həm də bu, bilavasitə yox, əmək məsrəfləri vasitəsilə, pulun özünün – gümüş və qızılın – istehsalına çəkilən xərclərlə müəyyən olunur. Onun fikrincə dəyəri hər cür əmək deyil, yalnız gümüşün (qızılın) istehsalına çəkilən əmək yaradır.

Əmək dəyər nəzəriyyəsi mövqeyində duran A. Smit qeyd edirdi ki, əməklə yaradılan və bu əməyin miqdarı ilə müəyyən edilən əm­təələrin dəyərindən işçilərə əmək haqqı şəklində onun yalnız bir hissəsi çatır. Dəyərin yerdə qalan hissəsi isə sahibkar – kapitalist tərəfindən mənfəət forma-sında mənimsənilir. Sahibkar-kapitalistlər onun bir his­səsini bəzi hallarda torpaq rentası şəklində, bir hissəsini isə – borc kapi­talından istifadə olunduğu hallarda – borc faizi formasında verə bilər. A. Smitin fikrincə dəyər sərf olun-muş əməklə müəyyən edilir, həm də əmək dəyərin ümumi ölçüsüdür. A. Smit məhsuldar əməyin müxtəlif növlərini qeyd edir və göstərirdi ki, dəyər hər hansı bir konkret insanın sərf etdiyi əməklə deyil, hər bir dövr üzrə istehsalın orta səviyyəsi ilə müəyyən olunur. A. Smit qiymətlərin əmələ gəlməsi problemini nəzər­dən keçirərkən aşağıdakı iki müddəanı irəli sürmüşdür: 1) Əmtəələrin qiyməti onların hazırlanmasına sərf olunan əməklə müəyyən edilir; 2) Əmtəələrin dəyəri əmək məsrəflərindən, mənfəətdən, kapitala görə verilən faizdən, torpaq rentasından əmələ gəlir, başqa sözlə, istehsal xərcləri ilə müəyyən olunur.

D. Rikardo məsələlərin çoxunda olduğu kimi, dəyər nəzəriy­yə­sin­də də A. Smitin çıxardığı nəticələrə əsaslanmış və onun baxışlarını inkişaf etdirməyə çalışmışdır. Rikardo əməyi qiymətin yeganə və son əsası hesab edirdi. Onun nəzəriyyəsinə görə əmtəələrin mübadilə dəyəri, onların istehsalına sərf olunan əməyin miqdarı ilə düz, əmək məh-sul­dar­lığı ilə tərsmütənasibdir. O, iş vaxtının əməyin miq-darının ölçüsü olduğunu müəyyən etmişdir. D. Rikardo A. Smitin mövqeyinə düzə­lişlər etmiş və göstərmişdir ki, əmtəələrin dəyərində təkcə onların isteh­salına bilavasitə sərf olunan əməyi deyil, kapital əmtəələrinin (istehsal alətlərinin) hazırlanmasına sərf edilmiş keçmiş (maddiləş-miş) əməyi də nəzərə almaq lazımdır.

«Klassiklər»dən sonra, onların baxışları K. Marks tərəfindən inkişaf etdirilmişdir. O, dəyər kateqoriyasının təhlilinə özünəməxsus yeni mövqedən yanaşır, dəyər deyər-kən əmtəədə təcəssüm edən insan əməyini nəzərdə tutur, A. Smit və D. Rikardodan sonra qeyd edirdi ki, dəyər əmtəə-nin istehsalına sərf edilən «ictimai-zəruri iş vaxtının» miq­darı ilə müəyyən olunur. Onun fikrincə insan əməyinin məhsulları yal­nız spesifik ictimai şəraitdə – istehsalın icti-mai xarakter daşıdığı za­man əmtəə olur, dəyər forması alır.

«Klassiklər»dən və K. Marksdan sonra isə iqtisad elmində istehsal amilləri nəzəriyyəsi meydana gəlmişdir. Bu nəzəriyyənin tanın­mış nümayəndələri Fransa iqtisadçısı J. B. Sey və Ingiltərə iqtisadçısı C. St. Milldir. Onların fikrincə dəyərin yaradılması istehsalın yalnız bir amili ilə – əməklə deyil, bir neçə amili ilə müəyyən edilir. Başqa sözlə, dəyərin yaradılmasında üç amil – əmək, kapital, torpaq – iştirak edir, gəlirlər isə əmək haqqına, sahibkar gəlirinə, faizə və rentaya bölünür.

XIX əsrin ortalarında əmək dəyər nəzəriyyəsində aşağıdakılar başlıca yer tutmuşdur: 1) Nemətlərin dəyəri müvəqqəti (bazar) və daimi (təbii) dəyərə bölünür. Bunlardan ikinci həlledicidir, çünki birinci onun ətrafında tərəddüd edir; 2) Bazar dəyəri tələb və təklifə əsasən əmələ gə­lir; həm də tələb bazar dəyərindən asılıdır; 3) Təkrar istehsalı mümkün olmayan və olan əmtəələrin təbii dəyərləri müxtəlif cür müəyyən edilir. Bu, təkrar istehsalı mümkün olmayan nemətlər üçün onların məhdud­lu­ğun-dan, təkrar istehsalı mümkün olan nemətlər üçün isə isteh-sal xərc­lə­rindən asılıdır; 4) Istehsal xərcləri əmək haqqın-dan, habelə kapitala görə mənfəətdən ibarətdir və nəticə etibarilə sərf olunan əməyin miq­da­rı ilə müəyyən edilir.

Beləliklə, klassik modeldə qiymətlərin orta səviyyəsi (təbii də­yər) istehsalda müəyyən olunur və xərclər əsasında əmələ gəlir. Əmtəə­lər üzrə təklif isə tələblə həmin qiymət arasındakı nisbət əsasında mü­əyyən olunur. Lakin klassik nəzəriyyənin bəzi müddəalarında aşağıdakı ziddiyyətlər özünü göstərirdi: 1) «Xərclər nəzəriyyəsi»nə əsaslanan is­tehsalın istənilən, qeyri-məhdud həddə qədər artırılması imkanı hər bir cəmiyyət üçün real deyildir; 2) Əmtəələrə olan tələbi müəyyən edən əsl amillər tam öyrənilməmişdir; 3) Klassik dəyər nəzəriyyəsindəki ikili cə­hət qiymətliliyin (dəyərin) mahiyyətini aydınlaşdırmağa çalışan mütə­xəssisləri rahat buraxmırdı.

Qiymətlə bağlı nəzəriyyələrdən biri də son faydalılıq nəzəriy­yə­sidir. Bu nəzəriyyə XIX əsrin son qərinəsində meydana gəlmişdir. Yeni iqtisadi konsepsiyanın–son fay-dalılıq nəzəriyyəsinin–nümayəndələri dəyəri müəyyən edər-kən başlanğıc nöqtəsi kimi insanların şeylərə, fərd­lərin müxtəlif nemətlərin faydalılığına verdikləri subyektiv qiy-mətləri əsas götürürdülər. Bu, XIX əsrin son qərinəsində dəyər nəzəriyyələrində sözün əsl mənasında inqilab baş verdiyini göstərir. Bu inqilabı Ingilis iqtisadçıları Uilyam Stenli Cevons, Alfred Marşall, Avstriya iqtisad­çı­ları Karl Menger, Fridrix Oron Vizer və Oyqen fon Bem – Baverk, Isveçrə iqtisadçısı Leon Valras, Amerikalı Con Beyts Klark, Isveç iqti­sadçısı Knut Viksel etmişlər. Dəyər haq-qında məsələnin həlli ilə əla­qədar yeni ideyanın–son faydalılıq nəzəriyyəsinin – irəli sürülməsi də məhz onların adı ilə bağlıdır. Dəyərin öyrənilməsinə yanaşılmasının bu yeni prinsipi iqtisadi ədəbiyyatda «marjinalist inqilabı» (marqinal–ingiliscədən tərcümə olunduqda «son» mənasını verir) adı almışdır.



Marjinalist inqilabın mahiyyəti ondan ibarətdir ki: 1) Dəyər nəzəriyyəsinə nemətlərin qiymətləndirilməsinin yeni prinsipi – konkret istehlakçılar üçün onların subyektiv faydalılığı – əlavə edilmişdir; 2) Ma­hiyyəti ümumi və orta kəmiyyətlərin təhlilindən, «son hədd», başqa sözlə, əlavə kəmiyyətlərin təhlilinə keçilməsindən ibarət olan «son» prinsipindən istifadə edilmişdir; 3) «Son hədd» kəmiyyət-lərinin ardıcıl olaraq dəyişməsinin təhlilinə keçilməsi iqtisadi nəzəriyyədə riya­zi me­tod­ların tətbiq olunmasına yol açmış və iqtisadi təhlilin tərəq­qi­si­nə səbəb olmuşdur.

Dəyər nəzəriyyəsində yeni subyektiv istiqamətin sələfləri, həm­çinin iqtisadi nəzəriyyədə riyazi metodların geniş tətbiqinin banisi «Sər­vət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi» (1838) kitabının müəllifi O. Kurnodur (1801-1877). O, funksional asılılığın təhlilinə əsaslan­maq­la ilk dəfə D = F (P) düsturunu (D – tələb, P – isə qiymət deməkdir) irə­li sürmüş, bununla da iqtisadi tarazlıq anlayışını formalaşdırmış və tələbin qiymətin funksiyası olmasını sübut etmişdir.

Marjinalist inqilabın ilk mərhələsində üstünlük Avstriya mək­təbi nümayəndələrinin tərəfində olmuşdur. Bu məktəbin tanınmış nü­ma­yəndələrinin baxışları bir-biri ilə sıx surətdə əlaqədar olmuş və bir-birini tamamlamışdır. Məsələn, Menger fərdi mübadilə əməliyyatını əsas götür-məklə son faydalılıq nəzəriyyəsinin əsaslarını işləyib hazır­la­mış, «son faydalılıq» sözlərini ilk dəfə elmi ədəbiyyata gə-tirmiş Y. Vizer bu nəzəriyyədən istehsal xərclərinin dəyəri-ni qiymətləndirmək üçün istifadə etmiş, Bem-Baverk isə öz sələflərinin baxışlarını daha da inki­şaf etdirmişdir. Avstri-ya məktəbinin nümayəndələri istehlak əmtəələri bazarların-da qiymətlərin ayrı-ayrı fərdlərin məhsulların son faydalılı-ğına verdikləri subyektiv qiymətlərə əsasən formalaşdığını əsaslandırmışlar. Bu subyektiv qiymətləndirmələr subyek-tiv dəyər adlanır və bunlardan obyektiv dəyəri, başqa sözlə, bazarda meydana gələn mubadilə pro­porsiyalarını müəy-yən etmək üçün istifadə olunmuşdur. Avstriya mək­təbinin başlıca xüsusiyyəti ardıcıl subyektivçilikdir. Bir qədər də dəqiq desək, bu məktəbin nümayəndələri iqtisad elminin bütün kateqori­ya­la­rını iqtisadi subyektlərin şeylərə olan münasibəti kimi izah etməyə çalı­şırdılar.
2. Son faydalılıq – dəyər nəzəriyyəsində inqilabi ideyadır.
Son faydalılıq nəzəriyyəsi «Marjinalizm» adı ilə məlum olan təlimin tərkib hissəsidir. Onun meydana gəlməsi dəyər nəzəriyyəsində inqilabi dəyişikliklərə gətirib çıxarmışdır. Marjinalizmin əsas ideyaları ondan ibarətdir ki: 1) Dəyərin əmək məsrəfləri ilə (və ya əmək, torpaq və kapital) müəyyən edilməsi qəbul edilməzdir; 2) Nemətlərin dəyəri fərdlərin onları istehlak edərkən əldə etdikləri fayda, yəni nemətlərin son faydalılığı ilə müəyyən olunur; 3) Dəyər – konkret istehlakçıların nemətlərin faydalılığına verdikləri fərdi qiymətləri əks etdirən subyektiv kateqoriya kimi nəzərdən keçirilir; 4) Son kəmiyyət anlayışı irəli sürü-lür və onun əsasında nemətlərin ümumi və son faydalılığı bir-birindən fərq­ləndirilir; 5) Əmtəə nə qədər çox olarsa onun faydalılığı da bir o qədər az olur. Bu və ya digər bir şey miqdarından asılı olaraq müxtəlif fayda­lılığa malik ola bilər. 6) Əməyin və kapitalın dəyəri, habelə istehsal xərcləri əmtəələrin son faydalılığı ilə müəyyən edilir.

Son faydalılıq nəzəriyyəsi nümayəndələrinin fikrincə iqtisadi proseslərin təhlilinə insanların tələbatlarının ödə-nilməsindən, nemətlərin faydalılığına dair meyarların axta-rışından başlamaq lazımdır. Ne­mətlərin faydalılığı dedik-də, onu istehlak edərkən insanların al­dıq­ları «məmnun-luq», «razıqalma» nəzərdə tutulur, yəni son fayda­lılıq ne­mə­tin insanların hər hansı bir ən vacib tələbatını ödəmək xas­səsinə deyilir.

Son faydalılıq nəzəriyyəsində istehlak şeylərinin faydalılığı ümu­miyyətlə deyil, onların hər hansı bir fərdin konkret tələbatını necə ödəmək baxıımından nəzərdən keçirilir. Məsələn, «A» istehlakçısının «X» əmtəəsini satın almaqda məqsədi, özünün müəyyən bir ehtiyacını ödəməkdir. Başqa sözlə, «X» əmtəəsi «A» istehlakçısı üçün müəyyən faydalılığa malikdir. Istehslakçının ardıcıl olaraq «X» əmtəəsindən (məsələn, kitabdan) satın aldığı hər yeni vahid, onun həmin əmtəədən götürdüyü faydanı artırır. «A» istehlakçısının «X» əmtəəsindən satın aldığı bütün vahidlərin (tutaq ki, 5 kitab) toplusu həmin əmtəənin ümumi (total utility – U) faydalılığı adlanır. Istehlakçı «X» əmtəə­sin­dən əlavə bir ədəd də (6-cı kitabı) aldıqda, onda ümumi faydalılıq son faydalılıq adlandırılan kəmiyyət (marqinal utility–MU) qədər artır. Deməli, son faydalılıq istehlak olunan əmtəənin bir vahid art­ması ilə əlaqədar olaraq onun ümumi faydalılığının artmasına bərabər olan faydalılıqdır.

Həm də yeni dəyər nəzəriyyəsində nemətlərin ümu-mi və son faydalılığının fərqləndirilməsinin zəruriliyi nəzərə alınmışdır. Bu, öz növbəsində iqtisad elmində məşhur olan «Smitin paradoksu»nu elmi cə­hətdən əsaslandırmağa imkan vermişdir. «Smitin paradoksu»nun ma­hiyyəti belədir: Əm-təələrin dəyəri ondan götürülən faydadan asılı­dırsa, onda nəyə görə insanların həyatında daha böyük rol oynayan ne­mətlərin (məsələn, hava bir yana qalsın, su, çörək və s.) digər nemətlərə (məsələn, brilyant, qızıl və i. a.) nisbətən çox aşağıdır, yaxud da heç bir dəyərə malik deyildir? Smit bu paradoksun həllini tapa bilmədiyinə görə istehsal xərclərinə «üz tutmuşdur». K.Marks, C. St. Mill və baş­qaları da problemi həll etməkdən yan keçmiş və A.Smit kimi hərəkət etmişlər.



Marjinalizm «Smitin paradoksu»nu başqa yolla həll etmişdir. Doğrudan da normal şəraitdə su brilyantdan ucuz tutulur. Söhbət bir brilyantın konkret tələbatı ödəməsinə nisbətən, bir litr suyun konkret tələbatı ödəməsindən getdikdə brilyant sudan «faydalı» olur. Dünyada olan bütün içməli su ehtiyatlarını bütün brilyant ehtiyatları ilə müqayisə etdikdə isə birinci (su) ikinciyə (brilyanta) nisbətən daha yüksək, son­suz faydalılığa malik olur. Bu, yəni son məhsulun (vahidin) faydalılığı dəyər nəzəriyyəsinə gətirilmiş ən önəmli yenilikdir. Bunu daha əyani şəkildə nümayiş etdirmək və başa düşmək üçün Daniel Defonun məş­hur «Robinzon Kruzo» romanındakı gəminin qərq olması nəticəsində 28 il adada tək-tənha ömür sürən və təbiətlə təkbaşına sərt mübarizə aparan Robinzonu yada salmaq kifayətdir. Tutaq ki, ona hər gün iç­mək və xörək bişirmək üçün 5 litr, yuyunmaq, paltarını yumaq və əkdi­yi bitkiləri suvarmaq üçün 125 litr və deməli, cəmi 130 litr su lazımdır. Belə fərz edək ki, bulaqdan hər gün 200 litr su axır və buna əsasən sadəcə olaraq mühakimə yürütsək, aydın olur ki, hər gün 70 litr su artıq qalır. Odur ki, Robinzon üçün bir litr suyun dəyərliliyi sıfra bə­rabər olur. Çünki, o bir litr sudan istifadə etdikdə 199 litr su artıq qalır ki, bu da ona lazım olduğundan olduqca çoxdur. Indi deyək ki, il qu­raqlıq keçdikdə bulaqdan bir gündə 130 litr su götürmək mümkündür. Belə ol­duqda Robinzon suya olan tələbatını tamamilə ödəyir və bircə litr suyun itirilməsi onun üçün müəyyən çətinliklər yarada bilər. Belə­liklə, bulaqdan gələn suyun miqdarı azaldıqca suyun əhəmiyyəti, el ara­sında deyildiyi kimi birə-beş artır.

Hər hansı bir nemətin dəyərliliyi, əmtəə vahidinin ödədiyi tələ­batın vacibliyi ilə müəyyən edilir. Belə ki, suyun birinci vahidinin (litri­nin) sonsuz yüksək dəyərliliyi var, sonrakı vahidlər də az faydalı deyil­dir, lakin hər sonrakı vahidin faydalılığı getdikcə, tədriclə azalmağa başlayır. Digər tərəfdən qeyd etmək lazımdır ki, içilmiş hər vahid (litr) su, yerdə qalan sudan heç nə ilə fərqlənmir. Odur ki, Robinzonu su­suzluqdan xilas edən həmin yeganə bir litr suyu xüsusi kateqoriyaya ayırmaq və onun çox böyük, sonsuz dəyərliliyə malik olduğunu söylə­mək düzgün olardı. Beləliklə, dəyərlilik nemətin axırıncı vahidinin sub­yektiv son faydalılığı ilə müəyyən edilir. Nemət bol olduqda onun ümu­mi faydalılığı sıfra bərabər olur. Həm də qeyd etmək lazımdır ki, hansı vahidinin son vahid hesab edilməsindən asılı olmayaraq onun istənilən vahidinin faydalılığı sıfra bərabərdir. Mengerin dili ilə desək, bu, iqti­sadi nemət deyildir. Nemətin (məsələn, brilyantın) bütün kütləsinin ümumi faydalılığı çox yüksək deyildirsə, onda onun məhdudluğu ona gətirib çıxarır ki, axırıncı vahid kifayət qədər yüksək qiymətləndirilir və bu nemət iqtisadi xarakter almaqla, iqtisadi dəyərə malik olur.

Lakin nəzərə almaq lazımdır ki, nemət göydən düşmür, məhdud miqdarda ehti­yatlardan istifadə olun-maqla, əməklə yaradılır və inkişaf etmiş təsər­rü­fat sistemin-də ümumi xarakterə malik olur. Bazarda nemətin ümumi son faydalılığı bərabər hüquqlu fərdlərin fəaliyyəti sayəsin-də formala­şır. Həm də mübadilə prosesində iştirak edən hər bir fərd öz tələ­batını maksimum dərəcədə ödəməyə çalışdığına görə bu kortəbii surətdə əmələ gəlir.
3. Azalan son faydalılıq qanunu.Faydalılığın kəmiyyətinin ölçülməsi.
Problemin aydınlaşdırılmasına kon­kret misalla baş-lamaq pis olmaz. Tutaq ki, hər hansı bir istehlakçı “A” əmtəəsini satın alır. Sual olunur: satın alınan «A» əmtəəsinin bütün vahidlərinin son faydalılı­ğı eynidirmi? Başqa sözlə, istehlakçı əmtəənin istənilən vahidini istehlak edərkən onun ümumi faydalılığından bərabərmi bəhrə-lənir? Qeyd et­mək lazımdır ki, nemətin fayda­lılığı onun məhdudluğundan, təkrar is­tehsal imkanlarından asılıdır. Insanların hər hansı bir nemətə ümu­miyyətlə deyil, onun müəyyən miqdarına ehtiyacı olur. Həmin nemətin insan üçün faydalılığı eyni əmtəə vahidlərindən nə qədər olmasından asılıdır. Çünki hər hansı bir nemətin miqdarı artdıqca onun hər sonrakı yeni vahidinə olan tələb və deməli, faydalılığı tədriclə azalır. Məsələn, in­sanın susuzluğunu söndürmək üçün içdiyi birinci stəkan sudan aldığı ləzzət – fayda, ikinici, üçüncü və i. a. stəkandan aldığı faydadan çox olur. Deməli, şəraitdən asılı olmayaraq içilən suyun miqdarı artdıqca, hər sonrakı stəkan suyun faydalılığı azalır. Və dördüncü, beşinci stəkan su həmin adam üçün lazımsız bir şey olur. Buradan aydın olur ki, istehlak olunan «A» əmtəəsinin hər sonrakı vahidinin faydalılığı get­dikcə azalır və nəticə etibarilə heçə enir. Iqtisadi hadisə və proseslər arasındakı bu sabit və daim təkrarlanan qarşılıqlı əlaqə və asılılığa aza­lan son faydalılıq qanunu deyilir. Qossen tərəfindən irəli sürülən bu qa­nun ilk əvvəl «doyma» və ya «təminedilmə» qanunu adlanırdı. Hazır­da isə iqtisadi ədəbiyyatda bu, Qossenin birinci qanunu adı ilə mə­lumdur.

Əmtəələrin böyük əksəriyyəti üçün bu qanun ikinci və ya üçün­cü vahiddən, yəni həmin əmtəənin növbəti vahidlərinin faydalılığı azal­mağa başladığı zaman fəaliyyət göstərməyə başlayır. Bir sıra hallarda isə hər hansı bir əmtəədən istehlak olunduqda başlanğıc mərhələdə onun son faydalılığı arta bilər. Belə ki, yayın ən isti günlərində içilən su­yun ikinci stəkanı adama birinci stəkana nisbətən daha çox ləzzət (fayda) verir.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə