ola bilər, ancaq həmişəlik ayrıla bilmərik. Heç vaxt ömürlük ayrılmarıq...–Joan özü
öz dediyindən üşürkələndi.–«Heç vaxt» dəhşətli sözdür, Ravik! Təsəvvür edə
bilmirəm ki, biz heç vaxt bir yerdə ola bilməyəcəyik...
Ravik cavab vermədi.
– Qoy burada qalım, Ravik,–Joan sözünə davam elədi.– Heç geri qayıtmaq
istəmirəm... Heç vaxt!
– İndi də qayıtmasan, sabah qayıdacaqsan... Özün ki bilirsən...
– Sənin yanına gələndə nə vaxtsa ora qayıdacağımı təsəvvür edə bilmirəm.
– Fərqi yoxdur, gedəcəksən... Özün də bilirsən...
Zamanın axınında yenə boşluq yaranmışdı. Yenə o balaca, işıqlı otaq... Yenə
sevdiyi adam... Yenə o möcüzə... Həmin adam lap yaxında idi, əlini uzatsa,
çatardı... Ancaq bu yaxınlığın özündə elə bir uzaqlıq var idi ki, əli heç cür
çatmırdı...
Ravik qədəhi yerə qoydu:
– Bilirsən ki, yenə çıxıb gedəcəksən. Ya sabah, ya birisi gün, ya da haçansa...
Joan başını aşağı saldı:
– Elədir...
– Özün də bilirsən, bir də gəlsən, yenə də çıxıb gedəcəksən...
– Elədir...–Joan başını qaldırdı. Gözündən yaş sel kimi axırdı.–Bu, nə deməkdir,
Ravik? Niyə belə oldu?
– Özüm də bilmirəm,–deyən Ravikin üzünə xəfif bir təbəssüm qondu.–Məhəbbət
bəzən adama qüssə gətirir... Düz demirəm?
– Yox! Joan onun üzünə baxdı.–Bizə nə olub, Ravik?
Ravik çiyinlərini çəkdi:
– Mən özüm də bilmirəm, Joan. Bəlkə də, ona görədir ki, göydən asıla qalmışıq.
Əvvəllər çox şey var idi: inam, söykənəcək, aydın məqsəd... Məhəbbət səni qəfil
silkələyəndə etibarlı dayaq kimi onlardan tutub dururdun. İndisə heç nəyimiz
qalmayıb... Uzaqbaşı, bir az ümidsizlik, bir az da cəsarət qalmış olar... Özgələrə də,
özünə də yadlaşmısan... Belə vəziyyətdə məhəbbətin gəlib səni yaxalaması quru
saman tayasına od düşməsi kimi bir şeydir... Qəlbində məhəbbətdən başqa heç nə
olmur və bu tənhalıq da onu qızışdırır, vəhşiləşdirir, azğınlaşdırır...–O, qədəhi
yenidən doldurdu.–Bu haqda çox fikirləşməyə dəyməz. Çox fikirləşməyə heç
halımız da qalmayıb. Fikirləşdikcə də dəli oluruq... Ancaq biz dəli olmaq istəmirik,
elə deyilmi?
Joan başını tərpətdi:
– Elədir... O qadın kim idi, Ravik?
– Xəstəmdir. Onunla «Şəhrizad»a bir dəfə də getmişəm. Sən orada oxuyan vaxt...
Yüz il bundan qabaq... İndi nə işlə məşğul olursan?
231
– Xırda rollara çəkilirəm. Ancaq, deyəsən, mən girən kola oxşamır... Pulu isə
yaxşıdır, heç kəsə ehtiyacım qalmır. İstədiyim vaxt oradan çıxaram. Mən şöhrət
düşkünü deyiləm, Ravik!
Joanın göz yaşları qurumuşdu. Qədəhi başına çəkib, ayağa durdu. Yaman yorğun
görünürdü...
– Niyə adam bu qədər ziddiyyətli olur, Ravik? Axı nə üçün? Bunun bir səbəbi
olmalıdır. Yoxsa bu qədər sual verərik?!
Ravik qüssəli-qüssəli gülümsədi:
– Bu, bəşəriyyətin ulu sualıdır, Joan! «Nə üçün» elə sualdır ki, bütün məntiq də,
fəlsəfə də, qalan elmlər də onun qarşısında aciz qalır...
Gedir... Gedir... Qapıya çatıb... Elə bil, Ravikin daxilində nəsə baş qaldırdı. Gedir...
Gedir... Dikəldi. Birdən dözə bilmədi. Neyləsə də, bacarmadı. Bircə gecə də
qalsın... Bircə gecə... Başını onun çiyninə qoyub yatsın... Sabah istəməyəcək...
Onun nəfəsini bircə dəfə də hiss eləsin, yenə o şirin xəyal aləminə baş vursun, məst
olsun... Getmə! Getmə! Onsuz da əzablar içində yaşayır, əzablar içində ölürük!
Getmə! Getmə! Mənə nə olub? Bu miskin qeyrət kimə lazımdır? Hara gedir? Bircə
sən gerçəksən, ey gülüzlü xəyal! Ah, harada qaldın, ey tərkidünyalığın ölüm
qoxulu çəmənliyi, bircə dəfə də qayıt! Sən, ey əbədiyyət qığılcımı! Axı mən
özümü kimin üçün saxlayıram? Hansı qüssə, kədər dolu gələcək üçün qoruyuram?
Hansı zülmət dolu məhculluq üçün saxlayıram? Onsuz da, diri ikən ölmüşəm,
torpağa gömülmüşəm, on ikicə günüm qalıb... On ikicə gün... Bu on iki gündən
sonra hər şey boşluğa, heçliyə dönəcək... On iki gün və bir də bu gecə... İpək kimi
saçlar... Niyə sən ulduzlardan ayrı düşüb keçmiş yuxuların dumanlı qoynunda
süzən bu gecədə gəldin? Niyə məhz bu gecə gəlib bütün hasar-çəpərləri
darmadağın elədin? Elə bir gecədə ki, hamı yatıb, təkcə biz oyaq qalmışıq! Bu,
nədir? Dalğalar yenəmi şahə qalxdı? Özünü yenəmi...
– Joan!
Joan geri döndü. Sifətində qəfil, ani, coşğun bir qığılcım parıldadı. Heç bilmədi, nə
vaxt soyundu, özünü onun üstünə atdı...
XXVI
Maşın Vojiror küçəsinin tinində dayandı.
– Nə olub?–Ravik soruşdu.
– Nümayiş dəstəsi keçir,–sürücü geri dönmədən cavab verdi... – Bu dəfə
kommunistlərdir.
Ravik Ketə baxdı. O, bir küncə qısılıb oturmuşdu. XIV Lüdovikin saray xanımı
kimi geyinmişdi və bu maskarad paltarı onu daha da arıq, incə göstərirdi. Üzünə
çoxlu boya yaxmışdı. Ancaq rənginin sarılığı yenə də bilinirdi. Almacıq sümükləri
çıxmışdı...
– Çox gözəl! – Ravik dilləndi. – 1939-cu il, iyul ayı... Beş dəqiqə bundan əvvəl
«Odlu xaç» cəmiyyətindən olan faşistlərin nümayişi keçdi, indi də kommunistlər...
Biz də əynimizdə məşhur XVII əsrin bal paltarı, onların arasında... Gözəldir, Ket!
232
– Eybi yoxdur! – Ket gülümsədi.
Ravik qayığa oxşayan ayaqqabılarına baxdı. Əcəb dövran idi! Hələ bunlar bir yana
qalsın, istənilən polis əynindəki paltara baxmayıb onu tuta bilərdi...
– Başqa yolla gedim? – Sürücü soruşdu.
– Dönə bilməzsiniz.–Ketin əvəzinə Ravik cavab verdi.–Arxada maşın çoxdur.
Nümayişçilər səssiz-səmirsiz kəsmə küçədən keçirdilər. Əllərində bayraq, şüar var
idi, ançaq mahnı oxumurdular. Bir dəstə polis də onları müşayiət edirdi. Vojiror
küçəsinin tinində də bir dəstə polis dayanmışdı. Diqqəti cəlb etməmək üçün
aralıaralı
düzülmüşdülər və hərəsinin də bir velosipedi vardı. Onlardan biri küçə boyu
gəzişir, patrulluq eləyirdi. Həmin polis yaxınlaşıb maşının içinə baxdı, heç nə
deməyib, yoluna davam etdi.
Ket Ravikin baxışlarını o dəqiqə tutdu və dedi:
– Gördünüz, heç təəccüblənmədi. Özü bilir... Polisin hər şeydən xəbəri var.
Manforların təşkil etdiyi bu bal yay mövsümünün hadisəsi hesab olunur. İndi evi
də, bağı da polis üzük qaşı kimi araya alıb.
– Elə isə mən lap arxayın ola bilərəm.
Ket gülümsədi. Ravikin başına gələnlərdən xəbəri yox idi...
– Bu gün Parisdəki bütün daş-qaşlar ora yığışacaq. Tarixi geyimlər, xalis
daşqaşlar...
Belə məclislərdə polis risqə getməz. Hələ qonaqların arasında da,
şübhəsiz, xəfiyyələr olacaq...
– Bal paltarında?
– Ola bilsin... Niyə soruşursunuz?
– Bilməyim yaxşıdır, yoxsa Rotşild zümrüdlərini oğurlamaq istəyirdim.
Ket pəncərənin şüşəsini bir az aşağı saldı:
–Bilirəm, darıxacaqsınız, –dedi, – ancaq bu dəfə əlimdən çıxa bilməzsiniz...
– Xeyr, darıxmaram. Əksinə, yaxşı olacaq, çünki elə özüm də bu gün getməyə yer
axtarırdım. Orada içməyə bir şey olacaq?
– Deyəsən, olacaq. Olmasa da, baş lakeyə bircə işarəm bəsdir... Aramız çox
yaxşıdır.
Nümayişçilərin addım səsləri eşidilirdi. Onlar nizamsız, istədikləri kimi
yeriyirdilər. Küçədən, sanki, nümayişçilər deyil, bir dəstə yorğun-arğın adam
keçirdi...
– Ravik, əgər seçmək imkanınız olsa, yaşamaq üçün hansı əsri götürərdiniz?
– Bu əsri. Yoxsa, mən çoxdan ölmüş olardım və axmağın biri də indi mənim bu
kostyumumu geyib bala gedərdi...
– Onu demirəm, Ravik. Dediyim odur ki, hansı əsrdə təzədən yaşamaq istərdiniz?
Ravik kostyumunun məxmər qollarına baxdı:
– Sözümdən dönən deyiləm, – dedi, – öz əsrimizdə. Bilirəm, ən iyrənc, ən qanlı, ən
səfeh, ən simasız, ən qorxaq, ən natəmiz zəmanədir, ancaq bunlara baxmayaraq,
yenə götürərdim.
– Mən isə yox! – Get əllərini qoynuna qoydu, sanki üşüyürdü. Yumşaq zərxara
dirsəklərini uddu...–Bu əsri heç götürməzdim. XVII əsr, ya da bir az ondan qabaq
yaxşıdır... Hansı olur olsun, təki bu olmasın! Lap son aylarda gəlmişəm bu qərara.
Əvvəllər heç bu haqda düşünməzdim. – O, şüşəni tamamilə aşağı saldı.–Gör nə
istidir! Həm də bürkü! Nümayiş qurtarmadı?
233
– Qurtarır. Lap az qalıb, sonu görünür.
Kambron küçəsi tərəfdən güllə səsi eşidildi. Tində dayanmış polislər o dəqiqə
velosipedə mindilər. Qadın fəryadı eşidildi. Dəstədən qəfil bir uğultu qopdu.
Velosipedli polislər əllərindəki dəyənəyi yellədə-yellədə özlərini nümayişçilərin
arasına vurdular.
– Nə oldu? – Ket qorxa-qorxa soruşdu.
Dostları ilə paylaş: |