|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
385
Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Şura bütün
hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və
bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin
Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa
rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Şura Ermənistan Respublikasının hökumətini bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır. Şura
Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü,
habelə onların sərhədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan
qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi
təsirdən dərin narahatlıq keçirdiyini bildirir.
Bəyanatda BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair "təxirəsalınmaz
tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantının münaqişə tərəflərinin qəbul etməsinin vacibliyi də öz əksini
tapmışdı. Lakin bu bəyanat da əvvəlki sənədlərdən bir o qədər fərqlənmirdi. Çünki burada Ermənistanın
işğalçı tərəf olması faktı etiraf edilmir, münaqişə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan
ermənilərlə Azərbaycan arasında olan problem kimi səciyyələndirilirdi. Bu qeyri-müəyyən münasibət isə
Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaradırdı.
Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu. 1993-cü ilin avqustunda atəşkəs haqqında
razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan
növbəti dəfə BMT TŞ-a müraciət etməli oldu. Bu müraciətdə Minsk qrupu tərəfindən hazırlanmış
"Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. 1993-
cü il oktyabrın 14-də BMT TŞ-ı yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı
qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin
yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü
bildirilirdi.
Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan
arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı
insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur,
münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün
toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz
qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı
idi ki, 874 saylı qətnamədə Azərbaycanığn son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi.
Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.
1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı
özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı
qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv
qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.
1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam
etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə
Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və
sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu.
Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki
qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Bu qətnamələrin heç biri BMT-nin müvafiq
nizamnaməsinin tələblərini özündə tam şəkildə əks etdirə bilməmişdir.
Beləliklə, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə
unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki
münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü
işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş
imkanlara malik idi. Bu, həm beynəlxalq hüququn bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edilmiş
prinsiplərində, həm də BMT-nin Nizamnaməsində öz əksini tapmışdır. Nəticədə BMT TŞ-nın qətnamələri
yalnız kağız üzərində yazılı olaraq qaldı.
|
|
|