Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
383
qanunvericilik, icra və məhkəmə orqanlarının yenidən qurulması; Ölkə üzrə gəlir bölgüsündə haqq-ədalətin
təmin edilməsi; İqtidardakı BƏƏS partiyasının təkbaşına hakimiyyətinin məhdudlaşdırılması.
Bəşər Əsəd hakimiyyətə gələnə kimi Türkiyə ilə Suriya arasındakı Hatay problemi və su məsələsi
Suriyanın xarici siyasətinin prioritet məsələlərindən biri olmuşdur. Bu problemin əsası 1936-cı ildə Fransa
ilə Türkiyə arasında bağlanmış anlaşma ilə qoyulmuşdur. Belə ki, fransızlar tərəfindən Hatayın Türkiyəyə
verilməsi və Dəclə ilə Fərat çaylarının su mənbələrinin bərabər bölüşdürülməsi ilə əlaqədar iki ölkə arasında
gərginlik yaranmışdır. Bununla belə, Soyuq Müharibənin başa çatması nəticəsində dəyişən dünya nizamında,
Suriya əsas müttəfiqi olan Sovet İttifaqını itirdiyi üçün, Türkiyə ilə əlaqələrini yenidən ölçüb-biçmişdir.
Əvvəllər Türkiyəyə qarşı yönələn terror və separatçı qüvvələrə dəstək verən Suriya, Sovet İttifaqının
çökməsi ilə 1990-cı ilin əvvəllərdən etibarən öz siyasətini dəyişməyə başlayır. Bununla yanaşı, o, Hataya
olan iddialarından da əl çəkməli olur. Həmçinin, 1998-ci ildə Türkiyə və Suriya arasında Adana Protokolu
imzalanmış və bununla da tərəflər arasındakı əlaqələr qarşılıqlı olaraq, qonşuluq, hörmət və tolerantlıq
müstəvisində inkişaf etməyə başlamışdır. Türkiyə-Suriya əlaqələrinə nəzər salsaq görərik ki, böhrana qədər
AKP hökumətinin xarici siyasətdə qəbul etdiyi “qonşu xalqlarla sıfır problem” prinsipi iki ölkə arasındakı
əlaqələrin müttəfiqliyə qədər irəliləməsinə səbəb olur. Nəticədə Suriya ilə Türkiyə əlaqələrində keçmişdən
qalma su məsələsi və Hatay problemi ikinci plana keçmişdir. Təsadüfi deyil ki, 2009-cu ildə Türkiyə və
Suriya 50-dən çox memorandum müqavilələri imzalamışlar.
2010-cu ildə hər iki dövlət arasında münasibətlər demək olar ki, özünün ən yüksək zirvəsinə çatmışdır.
Türkiyə Suriya və İsrail arasında körpü rolunu oynayırdı. Bir sözlə, böhrana qədər ikitərəfli münasibətlər
keçmişin problemlərindən tamamilə azad olmuşdur. Lakin, Suriya böhranının baş verməsi bu münasibətlərin
çox da möhkəm olmadığını üzə çıxardı. Türkiyənin Suriya böhranında maraqlı tərəf kimi çıxış etməsinin bir
neçə səbəbləri var idi. Bu səbəblərdən biri Türkiyənin Suriyada demokratik hakimiyyətin formalaşmasına
dəstək olması ilə əlaqədar idi. Lakin, qeyd etmək lazımdır ki, Türkiyə bu problemin güc vasitəsilə deyil, sülh
yolu ilə həll olunmasının tərəfdarı idi. İkinci səbəb Türkiyənin sünni dövləti olması ilə əsaslandırıla bilər.
Belə ki, Suriyada ələvi rejimi ilə sünni çoxluq arasında gərginliyin olması, Ankarada da narahatçılıq
yaratmaya bilməzdi. Digər səbəb isə Suriya böhranının dərinləşməsi nəticəsində Türkiyədə kürd probleminin
kəskinləşməsi idi. Suriyada yaşanan hadisələr Türkiyənin kürd probleminə ciddi şəkildə yanaşmasına,
həmçinin, Türkiyə-İsrail əlaqələrinə öz təsirini göstərmişdir. Belə ki, 2013-cü il mart ayının sonlarında ABŞ
prezidenti Barak Obamanın İsrailə səfəri zamanı etdiyi təzyiqlərlə İsrail höküməti Mavi Mərmərə gəmisinə
etdiyi qanlı müdaxiləyə görə, Türkiyə dövlətindən üzr istədi. Türkiyə və İsrail dövlətləri arasında mənfi
şəkildə davam edən əlaqələrin İsrail hökümətinin ABŞ-ın təkidi ilə atdığı bu addımla düzəlmə yoluna
girməsi də bölgədə baş verən hadisələrin mahiyyətini üzə çıxarmış oldu. Suriyadakı münaqişənin
tənzimlənməsi istiqamətində, Rusiya, Türkiyə və İran arasındakı ziddiyyətlər də güclənməkdədir. Rusiya
daha çox Suriyadakı uğurlarını siyasi uğurlara çevirməkdə maraqlıdır. Lakin yaxın gələcəkdə bunu gözləmək
doğru olmazdı. Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas düyün nöqtələrindən biri
İdlib ərazisidir. Təbii ki, bu münasibətlərin gərginləşməsində kürd problemi də özünəməxsus yer tutur.
Rusiya Dəməşq və kürdlər arasındakı razılaşmada, kürdlərin vahid Suriya siyasi məkanına inteqrasiyasında
maraqlıdır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Suriyada baş verənləri Rusiya-Qərb qarşıdurması kimi
xarakterizə etsək, belə vəziyyətdə Türkiyənin qarşısında duran başlıca vəzifə dövlətin təhlükəsizliyini və
milli maraqlarını qorumaq, ölkənin bölgədəki maraqlarının həyata keçirmək istəyən Qərbin və Rusiyanın
əlində vasitəyə çavirməyə imkan verməməkdir.
Dostları ilə paylaş: