Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə84/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   80   81   82   83   84   85   86   87   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

2. Elmin sosiologiyası


Elmin sosiologiyası elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənən sosioloji bilik sahəsidir. Bu sahə XX əsrin 30-cu illərində elmi fəaliyyətə dair tədqiqatların xüsusi istiqaməti kimi formalaşmağa başlamış, 60-cı illərdə xüsusi sosioloji fənnə çevrilmişdir. Onun inkişafı fəlsəfə və elmin metodologiyası, idrak sosiologiyası, elmin təhlilinə informasiya və sosial yanaşmalarla sıx bağlı olmuşdur. Daha dəqiq desək, bir-birinə yaxın bilik sahələrinin qarşılıqlı təsiri sayəsində elmin sosiologiyası nisbi müstəqil istiqamət kimi təşəkkül tapmış və inkişaf etmişdir.
Əvvəlcə elmin sosiologiyası idrak sosiologiyasının tərkib hissəsi və köməkçi sferası kimi nəzərdən keçirilmişdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ənənəvi olaraq elm fəlsəfi cəhətdən yalnız biliyin xüsusi tipi kimi, idrak nəzəriyyəsinin predmeti kimi başa düşülmüşdür. E. Dürkheymin, M. Veberin, M. Şelerin, K. Mannheymin ideya irsində həm təbii, həm də «formal» elmlərin məzmun tərəfinin sosioloji metodlarla tədqiqinin mümkün olmadığı göstərilmişdir. Lakin artıq keçən əsrin 30-cu illərində elmə sosioloji yanaşmalar C. Bernalın, U. Oqbornun, P. Sorokinin, T. Parsonsun əsərlərində işlənib hazırlanmışdır. Onların tədqiqatlarının əhəmiyyətini kiçiltmədən qeyd etmək lazımdır ki, elmin sosiologiyasının sonrakı inkişafına ən böyük təsiri R. Merton göstərmişdir. O, «XVII əsrdə İngiltərədə elm, texnika və cəmiyyət» əsərində (1933) Yeni dövrün elminin təşəkkülündə puritan dininin və əxlaqının rolunu ön plana çəkir. Sonralar o, elmin sosioloji konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiya ötən əsrin 60-cı illərində üstün paradiqma olmuşdur. Konsepsiyanın fəlsəfı əsasını pozitivist ideyalar təşkil edir. Həmin ideyalar elmi biliyin sosial neytrallığını əsas tutur. Elmi biliyin artmasının kumulyativ xarakteri qeyd olunur. R. Mertonun işləyib hazırladığı konsepsiyanın ümumsosioloji əsasını isə struktur funksionalizm təşkil edir.
Mertonun fıkrincə, sosiologiya elmi sosial institut kimi öyrənir; Bu cür institut olmaq sayəsində elm öz muxtariyyətini mühafizə edir, yeni və etibarlı bilik əldə olunmasına yönəlmiş fəaliyyəti stimullaşdırır. Elmi kəşf mükafat tələb edən nailiyyətdir. Alimin töhfəsi etiraf olunmalıdır; bu, onun nüfuzunu, statusunu və karyerasını müəyyən edən amildir. Elmin fəaliyyəti məcburi normalar və dəyərlər məcmusu ilə tənzim olunur. Bu normalar və dəyərlər elmin etosunu təşkil edir. Etosa aşağıdakılar daxildir:

  • universalizm - bu, elmin müddəalarının obyektivliyinə və subyektdən asılı olmamasına inamı ifadə edir; - ən ümumilik - bu, biliyin ümumun malı olmasını ifadə edir;

  • niyyətsizlik - bu, elmdən şəxsi mənafelər üçün istifadənin qadağan olunmasını nəzərdə tutur;

  • mütəşəkkil skeptisizm - bu, alimin öz həmkarlarının işlərini qiymətləndirməkdə məsuliyyətini ifadə edir.

Lakin alim rəqabət mübarizəsi şəraitində, ziddiyyətli vəziyyətdə fəaliyyət göstərir. Onun davranışına normalar və dəyərlər sisteminin təsiri də eyni cür olmur. Ona görə də elmin fəaliyyəti və inkişafı ziddiyyətlidir; o, müxtəlif, hətta əks qütblər, prinsiplər arasında tərəddüd edir.
Mertonun konsepsiyası «xalis» elm modelinə istinad etsə də, elmin sosiologiyasında empirik tədqiqatlara və nəzəri araşdırmalara ciddi təsir göstərmişdir. Nəticədə daha praktik. daha konkret planda tədqiqatlar aparılmışdır. Elmi biliyin strukturu, «görünməz kolleclər», sosial əlaqələr və kommunikasiyalar şəbəkəsi, elmdə sosial stratifikasiya və s. bu qəbildəndir.
Lakin 70-ci illərin əvvəlində vəziyyət xeyli dəyişir: elmin sosiologiyasında Merton paradiqmasının tənqidi genişlənir. Bu tənqid elmin postpozitivist metodologiyasının, ən əvvəl T. Kunun «Elmi inqilabların strukturu» əsərinin təsiri altında formalaşan mövqelərdən aparılırdı. Elm həmin əsərdə elmi birlik tərəfindən qəbul edilmiş paradiqma kimi nəzərdən keçirilir. Bu fəlsəfı əsasda elmin normativ xarakterə malik sosiologiyasından fərqli olan və koqnitiv adlandırılan sosiologiyası formalaşmağa başlamışdır. Burada elmin koqnitiv (idraki) tərəfinin sosial tərəfdən birbaşa asılı olduğu əsas götürülür. Elmin sosiologiyasının bu istiqaməti Ingiltərədə meydana gəlmiş, burada onun konseptual əsasları və tədqiqat proqramları işlənib hazırlanmışdır. Bunlarda ümumi cəhət sosioloji metodların tətbiqi sahəsini genişləndirmək, elmi biliyi də həmin metodların fəaliyyət sferasına daxil etmək səyidir. Bu halda elm sosial şəraitin, münasibətlərin, mənafelərin məhsulu kimi başa düşülür. Lakin elmi bilik sosial şəraitlə əlaqələndirilsə də, onun obyektiv reallığa münasibəti nəzərdən qaçırılırdı.
Koqnitiv adlandırılan istiqamətin inkişafı alimlərin idrak fəaliyyəti prosesində meydana gələn konkret vəziyyətlərin mikrososioloji tədqiqatlarına təkan verdi. Bu tədqiqatlarda elmin koqnitiv və sosial aspektlərinin qarşılıqlı əlaqəsi haqqında qiymətli empirik materiallar öz əksini tapmışdır.
Ötən əsrin 80-ci illərinə doğru elmin sosial tədqiqinin rəngarəng, lakin öz metodoloji əsaslarına görə bir - birinə yaxın olan konseptual sxemləri meydana gəldi. Məsələn, «konstruktivist proqram» (K. Knorr-Tsetina) elmi sosial konstruksiya kimi nəzərdən keçirir.
Yeni konsepsiyalar üçün elmdə koqnitiv və sosial kimi «ənənəvi» fərqləndirmələrdən imtina edilməsi xarakterikdir. Yəni elmin idraki əsası az və ya çox dərəcədə sosial fəaliyyətlə, müzakirələrlə, alimlərin münasibətləri ilə əvəz olunur.
Göründüyü kimi, elmin sosiologiyasında konsepsiyalar kifayət qədər müxtəlifdir. Bu müxtəliflik elmi bilik istehsalı proseslərində baş verən dəyişikliklərlə, müasir şəraitdə elmlə cəmiyyət arasında qarşılıqlı əlaqə və təsirlərin mürəkkəbləşməsi, elmin sosiologiyasında etibarlı və adekvat metodoloji ustanovkaların olmaması ilə şərtlənir. Lakin bu prosesləri nəzəri cəhətdən dərk etmək obyektiv zərurətdir.
Elm təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqatçılıq fəaliyyəti sferasıdır. Bu, müxtəlif şəraiti və məqamları əhatə edir: müəyyən biliklərin, qabiliyyətlərin, ixtisasın və təcrübənin daşıyıcısı olan alimlər - onların fəaliyyəti elmi əməyin bölgüsünə və kooperasiyasına əsaslanır; elmi idarələr, eksperiment və laboratoriya avadanlığı; elmi-tədqiqat işinin metodları, anlayış və kateqorial aparatı, elmi informasiya sistemi; elmi istehsalın, fəaliyyətin müqəddəm şərti, vasitəsi və yaxud nəticəsi kimi çıxış edən mövcud biliklərin bütün məcmusu.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə