Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyənin ictimai-iqtisadi inkişafı



Yüklə 143,99 Kb.
səhifə11/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
Movzu-12-Turkiyə

Türkiyənin ictimai-iqtisadi inkişafı
Türkiyə-Misir münaqişəsinin nəticələri Türkiyənin siyasi və hərbi vəziyyətinin nə qədər ağır olduğunu və Avropa dövlətlərindən asılılığının nə dərəcədə qüvvətləndiyini yenidən əyani şəkildə nümayiş etdirməli oldu. Onun iqtisadi vəziyyəti də eyni dərəcədə ağır idi. Türkiyənin Avropa dövlətlərindən siyasi asılılığının artması, onun iri kapitalist ölkələrindən iqtisadi asılılığının sürətlənməsi prosesi ilə yanaşı gedirdi. Ölkədə milli zülm, feodalların ağır istismarı, saysız-hesabsız vergilər, müharibələr, əhalini xüsusilə kəndliləri müflisləşdirməkdə idi. Bütün imperiyada tez-tez baş verən vəba xəstəliyi çoxlu insan tələfatına səbəb olurdu. Misal üçün 1833-1836-cı illərdə baş verən epidemiya zamanı kütləvi insan bu xəstəliyin qurban olmuşdu.
Ölkənin kənd təsərrüfatı son dərəcə ağır vəziyyətdə idi. Lakin kənd təsərrüfatında, xüsusilə Avropa Türkiyəsində yeni cəhət, timar və ziyamətlər hesabına iri xüsusi torpaq mülkiyyətinin artması getdikcə daha çox nəzərə çarpırdı. Bu əmtəə-pul münasibətlərinin kənd təsərrüfatına soxulmasının nəticəsi idi. Bir çox hallarda timar torpaq sahibliyinin tənəzzülü o qədər dərinləşmişdi ki, timar sahibinin ixtiyarında yalnız bir neçə kəndli həyəti, yəni təsərrüfatı qalırdı. Digər mülkiyyətlərdə kəndlilərin vəziyyəti timar torpaqlarındakı kəndlilərinkindən daha ağır idi. Çünki onlar torpaq sahibinə məhsulun yarısını, bundan başqa əşar və başqa vergilər də verməli idilər. Kəndli məhsulunun dövlət və paşalar tərəfindən icbari qiymətlə satın alınması da kənd təsərrüfatına məhvedici təsir göstərir və kəndliləri müflisləşdirirdi. Taxılın və yunun satın alınması dövlət inhisarında idi. Bu məhsullar strateji əhəmiyyət kəsb edirdi.
Bütün bunlara baxmayaraq hər halda sultan feodal rejimi şəraitində Türkiyənin təsərrüfatında yeni istehsal münasibətlərinin rüşeymləri meydana çıxırdı ki, bunlar gələcəkdə inkişaf edib kapitalist münasibətlərinə çevrilə bilərdi ki, bu dainkarı-inkar qanunauyğunluqlarına tamamilə uyğun gəlirdi. Təbii qanunauyğunluq idi ki, kənddə kapitalizmin təşəkkülü şəhərdə kapitalist münasibətlərinin inkişafından asılı idi. Bu zaman belə bir sual meydana çıxır, bəs o zaman Osmanlı imperiyasında şəhərlərin vəziyyəti necə idi? XIX əsrin birinci yarısında Türkiyədə çoxlu iri şəhərlər var idi. 1816-cı ilin məlumatına görə təkcə 20 mindən artıq əhalisi olan 47 şəhər var idi. Bunlardan səkkizinin hərəsində 100 mindən çox əhali yaşayırdı və o cümlədən İstanbulda – 400 min, Qahirədə - 400 min, İzmirdə - 120 min, Tokat və Ədirnədə, hərəsində 100 min əhali yaşayırdı. XVIII əsrin axırlarından şəhərlərdə bəzi sənaye sahələri, o cümlədən toxuculuq, gön-dəri, keramika sənayesi, silah istehsalı inkişaf etməyə başladı. Yerli sənaye məhsullarının ən iri istehlakçısı nizami ordu idi. Sənayenin özündə də mütərəqqi proseslər nəzərə çarpmağa başlayırdı. Bu cəhətlər, əmək bölgüsünün artmasında, manufakturaların və hətta fabriklərin yaranmasında özünü göstərirdi.
XIX əsrin 30-cu illərində bir nəfər bolqar kapitalisti hökumətdən borc almaqla ilk mahud fabriki açmışdı. Sexlərin dağılması prosesi daha da sürətlənmişdi. Bir çox sexlər, bunların istehsal etdiyi malları satın alan tacirlərdən asılı idi. Belə tacirlər çox vaxt sex rəhbərlərinin özlərindən olurdu. Beləliklə, XIX əsrin 30-cu illərində Türkiyə sənayesində kapitalist münasibətləri tədricən yaranmaqda idi. Bu hal ölkənin Avropa hissəsində xüsusilə aydın görünürdü. Daxili və xüsusilə, xarici ticarət də xeyli canlanmışdı. Bu isə liman şəhərlərinin və ölkə daxilindəki mühüm ticarət yollarında yerləşən şəhərlərin artmasına kömək edirdi.
Türkiyədə sənaye və ticarətin müəyyən dərəcədə inkişafı, sənaye burjuaziyasının yaranmasına və ticarət burjuaziyasının formalaşmasına səbəb oldu. Həmin burjuaziyanın mühüm xüsusiyyəti və müəmmalı amili bundan ibarət idi ki, onun əksəriyyətini türk olmayan millətlərin nümayəndələri yunanlar, ermənilər, bolqarlar və başqaları təşkil edirdi. Yəni xristianlar bu gəlirli sahədə çoxluq təşkil edirdilər.
Yerli camaatın həddindən artıq yoxsullaşması və yadellilərin sürətlə varlanması vətəndaşların əmlak, xüsusi mülkiyyətin bəzi növlərinin balansını pozurdu. Öz vətənində vətənsizlər ordusu çoxalmaqda idi. Bu xüsusiyyət də artıq o zamandan başlayaraq xarici kapitalın, türk ticarət və sənaye burjuaziyasının inkişafı yolunu kəsmişdi. Çünki çox sərt monopoliya var idi. Xarici monopoliyalar hökumət məmurları ilə əlaqəli idi.
Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye mallarının idxalını və Türkiyədən kənd təsərrüfatı xammalı ixracını getdikcə artırırdılar. İngilis və fransız toxuma mallarının idxalı yerli toxuculuq sənayesinə mənfi təsir göstərirdi. Bu onunla əlaqədar idi ki, XIX əsrin birinci yarısında Türkiyənin ictimai-iqtisadi inkişafı onun aqrar münasibətlərində və dövlət quruluşunda mütləq islahat keçirilməsini tələb edirdi. Bunu yaranmaqda olan türk burjuaziyasının mənafeyi də tələb edirdi. Əlbəttə, bir sıra sahələrdə, misal üçün dövlətin mərkəzləşdirilməsini qüvvətləndirməkdə, feodal separatizminin aradan qaldırılmasında, inzibati idarə və maliyyə işlərinin qaydaya salınmasında, yaxşı nizami ordu yaradılmasında burjuaziya ilə mərkəzi hökumətin mənafeyi uyğun gəlirdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə