Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

azadlığının  artması  ilə  birləşən  iqtisadi  dəstək”  (145,  s.  85-86) 
qəzetçilik  sahəsində  bir  çox  istedadların  ortaya  çıxmasına 
imkan verdi.
Ziyalıların fədakarlığın nəticəsində milli dəyərlərin,  ədəbiy­
yat  və  mədəniyyətin,  maarif və  məktəb  işinin,  milli  ideologi­
yanın  inkişafı  istiqamətində  böyük  uğurlar  qazanıldı.  Təsadüfi 
deyil ki, tədqiqatçılar mədəniyyət tariximizin  1905-ci ilə qədər- 
ki  dövrünü  “hazırlıq  dövrü”,  1905-ci  ildən  1918-ci  ilə  qədərki 
dövrü  “fikir  və  ideal  dövrü”,  1918-1920-ci  illəri  isə  “istiqlal 
dövrü -  əməl  dövrü” kimi səciyyələndirirlər (7,  s. 283).
M.Ə.Rəsulzadə  ədəbiyyatı  və  incəsənəti  ən  güclü  silahdan 
da  kəsərli  bilərək  “Azərbaycan”  qəzetinin  1919-cu  il  7  iyul 
tarixli  sayında yazırdı ki, “azadlıq və istiqlaliyyət əsas  süngüləri 
ilə  yox,  ədəbiyyat  və  incəsənət  vasitəsi  ilə  əldə  olunur”.  Bir 
millətin  tərəqqi  və  tənəzzülünü  bilmək  üçün  o  millətin  mək­
təblərini,  daha  doğrusu,  ibtidai  məktəblərini  görməyin  kifayət 
etdiyini  söyləyən  Hüseyn  Cavid  isə  bildirirdi:  “Avropaya 
meydan  oxuyan  Almaniyanın,  qoca Rusiyanı  həyəcana  düşürən 
Yaponiyanın  bütün  bu  tərəqqiyyati-ciddiyyələri  həp  ibtidai 
məktəblər sayəsindədir ...Demək ki, bir millətin hər halını tədqiq 
etmək  üçün  ən  doğru  meyar,  ən  kəsdirmə  yol  o  millətin 
məktəbləridir (13,  s.  580).  Ona görə  də  Ö.F.Nemanzadə  “İrşad” 
qəzetinin  1906-cı il 282-ci  sayında “millətpərəstlik zamanıdır” -  
deyə  xalqa müraciətlə  soruşurdu:  “Bir  Tağıyevdən  savayı  hansı 
bir  dövlətlimiz  özbaşına bir  məktəb,  bir  mədrəsə,  bir  kitabxana 
vücuda  gətirib?”.  Y.V.Çəmənzəminli  isə  “Bir  də  deyirəm, 
mədəni  olmalıyıq.  Mədəniyyətdən  savayı  ayrı  bir  şey bizə nicat 
yolu  ola  bilməyəcək”  fikrini  qətiyyətlə  müdafiə  edirdi.  O, 
“nicatımız  mədəniyyətə  bağlıdır!”  -   deyə  ana  dilinin  -   türk 
dilinin  tədrisi  üçün  yeni  məktəblərin  açılması  zərurətini  dönə- 
dönə təkrarlayırdı: “Müəllimə və müəllimlər yetirmək üçün milli 
məktəb  açılmalıdır.  Belə  məktəb  qurtarmışlar  aramızda  milli 
toxumlar  saçmağa  artıq  lazımdırlar.  Ədəbiyyatımızı  əcnəbi 
əsirliyindən qurtarmalıdır, təqlidçilik kifayət edər, indisə ortalığa
104


milli bir şey çıxartmalıdır. Musiqimiz millətimizin şan və adıdır, 
onun  tərəqqisi  bizim  nüfuzumuzu  qonşularımız  arasında  artırır. 
Musiqikarımız  Üzeyir  bəy  Hacıbəyov  cənablarının  qədri 
bilinməlidir (13,  s. 652-653).
Üzeyir  Hacıbəylinin  ortaya  çıxışı  Azərbaycan  musiqi 
mədəniyyətinin  bütün  sonrakı  tarixi  müqəddəratını  müəyyən­
ləşdirdi.  Onun  yaradıcılığı  ilə  başlayan  yeni  dövr  professional 
Azərbaycan  musiqisi  olaraq  tarixə  keçir  və  milli  ruhun 
oyanışına,  milli  ruhun  yüksəlişinə  takan  verdi.  Ümumilikdə 
Azərbaycanda maarifçi  ədəbi-mədəni  hərəkat həm kadr tərkibi, 
həm  də  məzmununun  əhatə  və  miqyası  baxımından  yeni 
hüdudlar kəsb  etdi.  Avropada və Rusiyada,  həmçinin Qafqazın 
Qori,  Tiflis  şəhərlərində  ali  təhsil  alıb  Azərbaycana  qayıtmış 
gənc  ziyalı  nəsil  H.Zərdabi  və  N.Vəzirov  kimi  ağsaqqallarla 
çiyin-çiyinə  ədəbiyyat,  tədris,  teatr  və  mətbuat  cəbhəsində 
qızğın fəaliyyətə başladı (52,  s.  256).
Bu  dövrdə  Azərbaycanda  müasir  mənada  milli  mənlik 
şüurunun  oyanması işində mətbuat böyük rol  oynamış,  o  dövr­
lərin  mətbuatını  təmsil  edən  ziyalıların  əksəriyyəti  yenicə 
yaranan  milli  şüurun  intişarı  ilə  hər  gün,  hər  saat  məşğul 
olmuşlar.  Çünki  mətbuat  yalnız  hadisələri  bildirən  və  fikirləri 
aydınlaşdıran bir vasitə deyildir. M.B.Məmmədzadənin ifadəsi­
lə  desək,  mətbuat  “yaxınlaşdırma  ilə birlikdə”  həm  də  fikirləri 
və  beyinləri  bir  ideal  ətrafında  birləşdirmək,  tərbiyə  və  sövq 
etmək  qüdrətinə  malikdir.  “Fikir  isə  hər  bir  işin  anasıdır. 
Ortada  bir  fikir və  ideal  olmadıqdan  sonra  ortaq  bir  həmlə  və 
hərəkət  də  ola  bilməz.  Mətbuat  eyni  zamanda,  toplayıcı, 
birləşdirici və qoruyucu amildir” (63,  s.  177-178).
Milli  həmrəylik müzakirə  mövzusu  olduğu üçün deməliyik 
ki,  bu  proses  heç  də  birmənalı  şəkildə  eyni  istiqamətdə 
getmirdi, bu məsələdə də fikir ayrılıqları, bir-birinə zidd mövqe 
tutmuş  qüvvələr  vardı.  Belə  ki,  bu  zaman  çox  az  Azərbaycan 
qəzeti müəyyən bir siyasi xətt tuturdu, bu baxımdan “hümmətçi 
nəşrlər də  elastik davranırdı”.  Bununla belə burjua qəzetlərində
105


sosialistlərin  çıxışlarına  da  tez-tez  rast  gəlinirdi.  Mətbuatın 
ümumi  mənzərəsinə  diqqət yetirdikdə bu  nəşrlərin  “gündəmdə 
olan  düşüncə  axınlarını  əks  etdirdiyi,  daha  önəmlisi  ziyalıların 
qarşılaşdıqları  təməl  ikiləmələri  sərgilədikləri”nin  şahidi  olu­
ruq. Dövri mətbuatın bu dövrdəki ümumi təmayüllərinin təhlili, 
bunu deməyə əsas verir ki, bu nəşrlər arasında “dövrün inqilabi 
havası  və millətçi  kimlik  axtarışı”  məsələsində  ziddiyyət vardı 
(145,  s.  86).  Qəzetlərdə  milliyyətçilik  kəlməsi  işlədilməsinə 
baxmayaraq,  sonralar daha açıq bir termin olaraq millət gündə­
mə  gəldi  və  artıq  qəzetlər  sadəcə  müsəlmanlara  səslənmək 
əvəzinə,  Qafqaz  türklərindən  və  ya  sadəcə  türklərdən  bəhs 
etməyə başladılar.
Azərbaycan mətbuatının,  söz  azadlığının hüquqi  əsasını  isə 
1919-cu  il  oktyabrın  30-da  parlament tərəfindən  qəbul  edilmiş 
və  mətbuat üzərində  hər  cür  senzuranı  qadağan  edən  “Mətbuat 
haqqında Nizamnamə”  təşkil  etdi.  Həmin  sənədə  əsasən,  mən­
bələrin yaradılması,  çap  məhsullarının istehsalı  və  satışı,  dram 
əsərlərinin tamaşaya qoyulması,  eləcə də  qiraət evlərinin təşkili 
üçün  hakimiyyət  orqanlarının  heç  bir  razılığı  tələb  olunurdu 
(164).  Kütləvi  mətbu  orqanın  təsis  olunması  üçün  də  hö­
kumətin razılığı tələb  olunmurdu.  Qəzet və ya dərgi  yaratmaq­
dan  ötrü  sadəcə  olaraq  mətbuat  üzrə  müfəttişi  məlumat­
landırmaq  kifayət  idi.  Mətbuat  orqanı  yalnız  məhkəmənin 
qərarı  və  yalnız  qüvvədə  olan  cinayət  məcəlləsində  nəzərdə 
tutulmuş cinayətlərə görə məsuliyyətə  cəlb  oluna bilərdi  (15,  s. 
168).  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründəki  mədəniyyət 
quruculuğu  təcrübəsi  təsdiqlədi  ki,  milli  şüurun,  özünüdər­
ketmənin,  istiqlalçılıq  düşüncəsinin  formalaşmasında bir əsrlik 
oyanış  dövrünün,  maarifçilik  hərəkatının,  məktəb,  maarif, 
ədəbiyyat  və  mətbuatın,  mədəni-maarif  və  xeyriyyə  cəmiy­
yətlərinin  teatr,  musiqi,  rəssamlıq  kimi  incəsənət  sahələrində 
müşahidə  edilən milli tərəqqinin əvəzedilməz və danılmaz rolu 
olmuşdur.
106


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə