Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə46/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   80
Ali mekteb Pedaqoqikasi

Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi yanaşaraq yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə cavab qaytarmalı olur. Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə almaq lazımdır:
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları düzgün nəzərə alınmalıdır;
- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir.
Gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə almadan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir göstərir. Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır. Tərbiyəçi insana dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Səndən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini çətinləşdirir. Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipi insanın müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmaqda özünü göstərir. Hər bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir. Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana münasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Tələbəyə hmət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi ləyaqət hissini gözləmək deməkdir. İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir. Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda insan ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq, sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə