Deməli, son hədd xərclərinin cüzi artması müəssisənin ziyanlı işləməsinə səbəb olur.
Beləliklə, istehsalın verilmiş həcmi məhsul buraxılışının böhran nöqtəsinə (600 ədəd) çatdığını və bu
zaman son hədd xərcləri (40) isə istehsal xərclərinin son mümkün həddini göstərir. Aydın olur ki,
firma son hədd
xərclərinin dəqiq hesabını aparmaqla istehsalın həcmini tənzimləyə bilər. Əgər bazar qiyməti mə’lumdursa, son hədd
xərclərini bazar qiymətilə müqayisə etməklə istehsalın həcmini dəyişmək lazım olub-olmamasını müəyyən etmək
olar. Son hədd xərcləri bazar qiymətindən aşağı olduqda istehsalın həcmini artırmaq, yuxarı olduqda isə istehsalı
dayandırmaq lazımdır.
§3. Alternativ və ümumi iqtisadi xərclər
Yuxarıda dediklərimizdən aydın olur ki, hər bir istehsalçı məhsul buraxılışının həcmini
müəyyənləşdirərkən, müəssisənin gəlirliyini tə’min etmək üçün istehsala çəkilən faktiki xərclərin hamısını nəzərə
almalıdır. Lakin daha dərin iqtisadi təhlil və əməli təcrübə göstərir ki, təsərrüfat fəaliyyətinin səmərəliliyini
müəyyən etmək
üçün ümumi iqtisadi xərclər, yəni faktiki xərclərlə yanaşı alternativ xərclərlə də hesablaşmaq
lazımdır. Alternativ xərclərin hesablanması bu və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün mövcud
xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-olmamasının müəyyənləşdirilməsi
zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi ehtiyatları mümkün təsərrüfat fəaliyyətlərindən hansına
yönəltmək məsələsi meydana çıxdıqda alternativ xərcləri hesablamaq lazım gəlir. Məsələn, sahibkar öz pul
ehtiyatlarını müxtəlif cür, həm mövcud istehsalın genişləndirilməsinə, həm də yeni növ istehsalın
təşkili üçün
istifadə edə bilər. Seçmək üçün bu kəmiyyətlərin hər biri alternativ kimi müqayisə edilməlidir. Hər hansı təsərrüfat
fəaliyyətindən birdəfəlik yüksək gəlir götürmək üçün alternativ xərclərin hesablanması daha çox zəruriyyət kəsb
edir. Bunu izah etmək üçün P.Samuelsonun göstərdiyi misal daha çox aydınlıq yaradır. Hər hansı ölkədə ordunun daha
da çoxaldılması nəzərdə tutulub. Bu qərar baxımından alternativ xərclər nədən ibarətdir? Bu aktın həyata keçirilməsinin
cəmiyyətə nəyə başa gəldiyini hesablamaq üçün, ölkənin hərbi büdcəsinin nə qədər artdığını bilmək kifayət etmir.
Nəzərə alınmalıdır ki, hərbçilərin əmək haqqına, onlara edilən hər cür xidmətlərə, silahlandırmaya,
ordunun
artmasına çəkilən xərclərlə əlaqədar olaraq cəmiyyət nə qədər maddi və əmək ehtiyatlarını istehsala cəlb edə
bilməmişdir, xalq nə qədər mülki məhsullardan məhrum olmuşdu. Buna bənzər hesablamanı ölkəmiz üçün də səciyyəvi
olan misalda da göstərmək olar. Azərbaycanda Xəzər dənizinin dərinliklərindən çıxarılan, yüksək mənfəət verən neft
hasilatına çəkilən xərclərə iqtisadi qiymət verməyə çalışaq. Ümumi iqtisadi xərclərə bilavasitə neft istehsalı ilə
əlaqədar çəkilən xərclərlə yanaşı, eyni miqdarda iqtisadi ehtiyatların alternativ şəkildə istifadəsindən əldə edilə
biləcək, «itirilmiş» maddi ne’mətlərin dəyər kəmiyyəti daxil edilməlidir. Başqa sözlə, həmin xərclər Abşeron
yarımadasında kənd təsərrüfatının inkişafına, balıqçılığa, gəmiçiliyə və s. sərf edilə bilərdi. Bu, aydın
məsələdir ki,
külli miqdarda maddi ne’mətlər istehsalı və yüksək mənfəət əldə etməyə imkan verərdi. Buna görə də itirilmiş bu
mənfəətə neft hasilatı xərclərinin bir hissəsi kimi baxmalı və neftin satış qiyməti həmin mənfəətin dəyər kəmiyyəti
miqdarında artırılmalıdır.
Beləliklə, hər hansı təsərrüfat fəaliyyətinin
ümumi iqtisadi xərclərinə bilavasitə istehsala
çəkilən
xərclərlə yanaşı, mövcud ehtiyatların (əmək, pul, material və s.) ən əlverişli istifadə olunmasının dəyər kəmiyyətini
əks etdirən
alternativ xərclər də daxil edilməlidir.
§4. Mənfəət və onun artırılması yolları
Bazar iqtisadiyyatı şəraitində hər bir istehsalçının fəaliyyətinin nəticəsi mənfəətin kəmiyyəti ilə müəyyən
edilir və mənfəətin artırılması istehsalın əsas məqsədi kimi çıxış edir. Mə’lum olduğu kimi mənfəətin kəmiyyəti
satışdan əldə olunmuş pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Hansı iqtisadi sistemdə
fəaliyyət göstərməsindən asılı olmayaraq bütün müəssisələr mənfəətin kəmiyyətini məhz belə hesablayır.
Bununla belə mənfəətin mahiyyətinin izahında, indiyə qədər müxtəlif iqtisadi məktəblərin arasında
ciddi fikir
ayrılığı mövcuddur.
Marksist nəzəriyyəyə görə mənfəət, fəhlənin əməyinin istismarı nəticəsində yaranmış, izafi dəyərin çevrilmiş
forması kimi istismarı pərdələyən kateqoriyadır. Beləliklə, mənfəət xüsusi mülkiyyətin törəməsi olan istismarın
nəticəsi kimi kapitalizmə xas olan istehsal münasibəti hesab edilir. Marksizmin tənqidçiləri istismarın xüsusi mülkiy-
yətlə bilavasitə əlaqəsi olmadığını qeyd edirlər.
Müasir iqtisadi ədəbiyyatda mənfəət, istehsal
amillərinin - əmək, torpaq və kapitalın istifadə olunması
şərtlərilə izah edilir. Bu cəhətdən mənfəətin mahiyyətinə dair baxışlardan bə’zilərini qeyd etmək olar. Mənfəət
sahibkarlıq fəaliyyətinin nəticəsi - gəlirdir. Mənfəət istehsalın idarə olunmasında göstərilən istedad və yenilikçiliyin
nəticəsidir. Mənfəət sahibkarlıq fəaliyyəti ilə əlaqədar mə’suliyyət və riskə görə haqdır. Mənfəət istehsalçının, isteh-
sal şəraiti və ya bazarda olan inhisarının nəticəsidir.
Gerçəklik göstərir ki, mahiyyətinin necə izah olunmasından asılı olmayaraq mənfəət, istehsalda məşğul olmaq
məqsədini qarşısına qoymuş hər bir şəxsin əldə etdiyi nəticəni göstərir. Onun kəmiyyətinin artırılması isə istehsal
şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən asılıdır. İstehsal şərtlərinin
istifadə olunması baxımından mənfəətin yüksəldilməsinin aşağıdakı istiqamətlərini qeyd etmək olar.
Birinci - elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması;
İkinci - istehsalın və əməyin
təşkilinin təkmilləşdirilməsi;
Üçüncü - iqtisadiyyatın bacarıqla idarə edilməsi.
93