____________Milli Kitabxana____________
529
həm də döyüş bölgələrini qoyub qaçanların fərarilik hallarının artması ilə
bağlıdır.
Biz dəfələrlə demişik, aprelin 9-10-da Beyləqanda, Bərdədə keçirilən
müşavirələrlə də - oraya icra başçıları, hüquq mühafizə orqanlarının rəhbərləri,
rayon hərbi komissarları dəvət olunmuşdular - ciddi söhbətlərimiz oldu, ciddi
tapşırıqlar verdik ki, bu hallarla mübarizəni gücləndirmək lazımdır. İndi hərbi
hissələrin əsgərlərlə, zabitlərlə təmin edilməsi, ordumuzda nizam-intizamın tam
bərqərar olması, fərariliyin qarşısının alınması hamımız üçün, hər bir kəs üçün,
xüsusən vəzifəli şəxslər üçün əsas vəzifə, həlledici vəzifədir. İndi bundan əsas
vəzifə yoxdur. Çünki biz bunları həyata keçirə bilməsək, torpaqlarımızı müdafiə
edə bilməsək, qalan digər iqtisadi, siyasi tədbirlər, ayrı-ayrı adamların arzuları,
niyyətləri, cürbəcür iddiaları - bunların hamısı boşa çıxacaqdır. Çünki biz məğlub
olsaq, gəlib torpaqlarımızın qalan hissələrini də zəbt etsələr, ondan sonra kim
harada yaşayacaq - məlum deyil. Ona görə də dəfələrlə demişəm, təəssüf ki, bu
gün təkrar etməyə məcburam ki, ordumuzda intizamın gücləndirilməsi indi bizim
üçün əsas vəzifədir və əsas məsələdir.
Son günlər gedən proseslər, yəni cəbhədəki vəziyyət - aprelin 15-16-da, bu
gün səhərdən olan vəziyyət onu göstərir ki, bu sahədə biz hələ ki, dönüş yarada
bilməmişik. İndi biz ikinci bir mərhələdəyik. Bütün sülhsevər addımları
atmalıyıq, bütün vasitələrdən istifadə etməliyik. Müstəqil Dövlətlər Birliyinin
vasitəsindən istifadə etdik. Mən sizə deyirəm, əgər Müstəqil Dövlətlər Birliyi
aprelin 15-də bəyanat qəbul edibsə və bu bəyanatda göstərilirsə ki, Ermənistanın
və Azərbaycanın rəhbərləri atəşin dərhal dayandırılması barədə bəyanat qəbul
ediblər və atəş dərhal dayandırılacaq, - həmin o gecə, onun səhəri Ermənistanın
silahlı qüvvələri güclü atəşlə bizə hücum ediblərsə, demək bunlar da nəticə
vermir.
Rusiya prezidenti Boris Yeltsinlə mənim təkbətək söhbətimdə də, sonra
ümumi danışıqlarımızda da o, atəşin dayandırılmasına çox meyl göstərdi. O həm
Ermənistan prezidentinə, həm də mənə çox təkidlə dedi ki, atəşi dayandırın.
Boris Yeltsin dedi ki, əgər etiraz olmasa bəlkə o bizim regiona gələr -
Azərbaycanda da, Ermənistanda da olar və bu işin həllinə kömək edər. Belə
danışıqlardan sonra Ermənistan tərəfindən aprelin 15-16-da, elə bu gün də güclü
hücumların başlanması onu göstərir ki, erməni tərəfi üçün heç bir danışığın, heç
bir bəyanatın əhəmiyyəti yoxdur. Onlar öz təcavüzkar niyyətlərini, təcavüzkar
siyasətlərini davam etdirirlər.
Biz beynəlxalq təşkilatlara da müraciət etmişik. Mənim aprelin 12-dəki
müraciətim bizim kanallarla bütün beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər
Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasına, ATƏM təşkilatına, bütün dövlət
başçılarının hamısına çatdırılıb. Lakin Ermənistan təcavüzkarları onların heç
birindən nəticə çıxarmırlar. Onlar öz təcavüzar qəsbkar siyasətlərini və bu
siyasətə əsaslanan əməllərini da-
____________Milli Kitabxana____________
530
vam etdirirlər.
Belə bir şəraitdə, yenə də deyirəm, bizim üçün bir nömrəli, ümdə
vəzifə ancaq və ançaq ordumuzu qurmaq, bütün hərbi hissələrimizi canlı qüvvə
ilə təmin etmək, orduya kömək etmək, fərariliyin qarşısını almaqdır.
Müşavirəyə dəvət olunanların, burada iştirak edənlərin hamısı bu işə məsul
adamlardır. Ancaq burada oturanlardan kim əlini ürəyinin başına qoyub deyə
bilər ki, o, bu vəzifəsini layiqincə yerinə yetirir? Mən beləsini bu salonda tapa
bilmərəm, yoxdur. Hər kəs elə hesab edir ki, bu işi başqası etməlidir, ancaq o,
etsə də, etməsə də olar. Onda mən soruşuram: Bəs, biz Vətənimizi necə qoruyub
saxlayacağıq? Azərbaycan necə yaşayacaq? Ermənistanın təcavüzündən biz necə
xilas olacaq, xalqımızın müdafiəsini necə təmin edəcəyik?
Baxmayaraq ki, son vaxtlar bu barədə görüşlərimiz, danışıqlarımız çox olub,
ancaq onlar lazımi nəticələr vermədiyinə görə mən sizi buraya fövqəladə bir
vəziyyətdə dəvət etmişəm. Çox vaxt aparmağa da ehtiyac yoxdur. Bilmirəm kim
üçün necədir, amma bizim üçün hər bir dəqiqənin böyük əhəmiyyəti var. Ona
görə də burada konkret danışıqlar aparmalıyıq. Bu gün, sabah, bir neçə gün
ərzində nə etməliyik ki, tezliklə səfərbərlik artıtlaması ilə başa çatsın. Biz
ehtiyatdan əlavə qüvvələr toplayıb yeni hərbi hissələr yaratmalıyıq. Orduya başqa
köməklikləri etməliyik, cəbhə bölgələrində lazımi tədbirlər görməliyik.
Dünən gecə cəbhə bölgəsi ilə danışarkən mənə məlumat verdilər ki, Tərtərdə
Bərdə batalyonunun adamları qaçıb. Mən Bərdə rayon icra hakimiyyətinin
başçısını axtarıb tapmışam, soruşuram ki, sizin adamlar niyə qaçırlar? Axı Bərdə
ilə Tərtərin arası elə bir qısa məsafədir ki, sıçrayıb oraya düşmək olar. İcra başçısı
cavab verir ki, mən gedərəm, vəziyyəti düzəldərəm. Bir-iki saatdan sonra, gecə
xəbər verib ki, getdim, hər şeyi yerinə qoydum. Axı bu necə ola bilər, niyə gərək
bu adamlar qaçıb dağılsın ki, gecə o kəndə, bu kəndə düşüb qaçanları qaytarasan?
Həm də bu yeganə fakt deyil.
Görürsünüz, qəhrəmancasına döyüşənlər, şəhid olanlar haqqında, xüsusən
Şuşada Milli Qəhrəman adı almış Ağdamlı Fərhad Əsgərov haqqında dedim.
Azərbaycanın belə gözəl vətəndaşları olduğu kimi, xalqımızın adını ləkələyən,
onu hörmətdən salan, bugünkü vəziyyətimizi ağırlaşdıranlar da var.
Hesab edirəm ki, bu gün biz konkret tədbirlər haqqında danışmalıyıq. Ondan
sonra hər kəs tapşırıq alacaq və bu tapşırıq əsasında lazımi tədbirlər görülməlidir.
YEKUN SÖZÜ
Məsələ aydındır, ancaq vəzifələri bir daha dəqiqləşdirmək istərdim. Birincisi -
hərbi xidmətə çağırışla bağlı birinci rübün tapşırığı üç gün ərzində yerinə
yetirilməlidir. Bu vəzifə icra başçılarının üzərinə qoyulur. Onlarla yanaşı, hər
rayonda, hər şəhərdə hərbi komissar, polis rəisi, prokuror, Milli Təhlükəsizlik
İdarəsinin rəisi bütün məsələlərə, o cümlədən bu