____________Milli Kitabxana____________
94
Bu, yerli əhalini hiddətə gətirir. Yerli əhali tərəfindən Milli Məclisə,
Azərbaycanın rəhbərliyinə müraciətlər olmuşdur. Ona görə də srağagün gecə
bu məsələni müzakirə etdik və belə fikrə gəldik ki, baş nazir Surət
Hüseynova tapşırılsın, - o indi Gəncədədir, - bu işə ciddi yanaşsın və Milli
Məclisin verdiyi tapşırığı yerinə yetirsin, nəhayət, Əlikramın və onun quldur
dəstəsinin bu cinayətkar hərəkətlərinin qarşısını alsın. Eyni zamanda biz o
bölgədən olan deputatların, vəzifəli adamların bir qrupuna göstəriş verdik ki,
bu rayonlara getsinlər. Həmin rayonlarda camaat artıq ayağa qalxmışdır.
Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə dözə bilmirlər. Həmin
deputatlara və vəzifəli adamlara tapşırdıq ki, oraya gedib xalqla bir yerdə
olsunlar ki, iğtişaşa, toqquşmaya yol verilməsin. Eyni zamanda öz
imkanlarından istifadə edib Əlikram Hümbətovu bir daha qanuna dəvət
etsinlər, onun ətrafında olan adamlara bir daha başa salsınlar ki, bu qanunsuz
hərəkətlərdən əl çəkmək lazımdır, xalqı parçalamasınlar.
Əlikram Hümbətovun bu qeyri-qanuni hərəkətləri təkcə həmin rayonlarda
sakitliyin pozulması demək deyil. Təəssüf ki, Milli Məclisin qərarında qeyd
edildiyi kimi, bir müddət bundan əvvöl keçmiş müdafiə naziri Rəhim
Qazıyevin çirkin və satqın hərəkətləri nəticəsində Azərbaycan Silahlı
Qüvvələrinin böyük bir hissəsi heç bir hərbi səlahiyyəti, hərbi hazırlığı
olmayan Əlikram Hümbətovun ixtiyarına verilmişdir. O indi bu hərbi
hissələrin hakimi olmuşdur.
Biz bəzi vəzifəli şəxslərlə, o cümlədən baş nazir Surət Hüseynovla da
danışanda deyirlər ki, filan yerdə Hümbətovun briqadası vuruşur, filan yerə
Hümbətovun briqadası getdi. Mən soruşuram, əcəba, bu Hümbətov kimdir,
hansı sərkərdədir? Məgər bu hərbi hissələr Hümbətova babasından, yaxud ulu
babasından qalmışdır? Müharibə getdiyi bir vaxtda Azərbaycanın hərbi
hissələri parçalanmışdır, ayrı-ayrı quldur dəstələrinə, o cümlədən ən böyük
bir hissəsi Əlikram kimi quldura, caniyə verilmişdir. indi onun nazı ilə
oynamaq lazımdır? Bəziləri kimi, onun o tərəfinə-bu tərəfinə keçmək
lazımdır ki, Əlikram Hümbətov istəsə hissəsinin birini Ermənistanla döyüş
bölgəsinə göndərəcəkdir, istəməsə göndərməyəcəkdir? Əlikram Hümbətova
bir söz deyilsə, o bu hissələri saxlayacaqdır? Bu ki, dövlətçilik olmadı. Bu,
qanun olmadı.
Demək, burada ayrı-ayrı quldur dəstələri hərəkət edirlər. Mən isə dövlət
adamı kimi, xalq tərəfindən, Milli Məclis tərəfindən mənə verilən səlahiyyətə
görə, indi Azərbaycanın dövlət başçısı vəzifəsini yerinə yetirən adam kimi,
belə şeylərə, şübhəsiz, dözə bilmərəm. Ona görə də mən prinsipial
mövqeyimi Milli Məclisə də bildirmişəm, sonra ayrı-ayrı müşavirələrdə də
demişəm. Baş nazir Surət Hüseynovla danışıqlarımda da dəfələrlə
bildirmişəm və ondan tələb etmişəm ki, Milli Məclisin qərarını yerinə
yetirsin, bu məsələlərə düzgün münasibət bəsləsin.
Ona görə də biz son nəticəyə gəlib çıxdıq ki, Milli Məclisin qərarı yerinə
yetirilməlidir. Ancaq yerlərdə buna imkan ver-
____________Milli Kitabxana____________
95
mirlər. Xalq ayağa qalxmışdır, öz etirazını bildirir. Bu da təbiidir. Onlar
əliyalın, silahsız, dinclik, əmin-amanlıq istəyən adamlardır. Lakin Əlikram
Hümbətov dövlətə, xalqa məxsus olan silahlı dəstələri əlinə keçirmişdir, bir
qrup adamı əlində oyuncağa çevirmişdir, xalqa qarşı təcavüz edir, kimi istəyir
tutur, kimi istəyir atır. Onun adamları qanunsuz olaraq tutması, onlara təzyiq
göstərməsi Milli Məclisin qərarında əksini tapmışdır.
Son günlər o, nə etmişdir? İki gün bundan əvvəl xəbər gəlir ki, Əlikram
Hümbətov öz dəstəsi ilə İrana səfər etmək istəyir. Hansı səlahiyyətlə, nə
üçün? Kim onu dəvət etmişdir? Mən dünən İran hökumətinə xəbərdarlıq
etdim ki, belə bir quldurun sərhədi keçib İrana getməyə ixtiyarı yoxdur. Onlar
bildirdilər ki, buna heç vaxt yol verməzlər. Ancaq Əlikram Hümbətov buna
nail olmaq üçün Lənkəran rayonunun polis rəisini həbs edir ki, sərhədi
keçmək üçün ona sənəd versin. Başqa adamları da həbs etmişdir.
Bütün bunlar xalqın nifrətinə, etirazına səbəb odur. Dünən Lənkəran
şəhərində izdihamlı mitinq olmuşdur. Lənkəran sakinləri Əlikramın bu çirkin
hərəkətlərinə etirazlarını bildirmiş və tələb etmişlər ki, onlardan əl çəksin.
Astarada və Cəlilabadda da mitinqlər olmuşdur. Əhali mitinqlərdə öz sözünü
demək istəyir. Bəs Əlikram nə etmişdir? Bir tərəfdən silah işlətməyə
çalışmış, o biri tərəfdən dünən lənkəranlıları bir daha təhqir etmiş, onları
aldatmaq üçün, guya içərisində cənazə olan tabut gətirmişdir ki, camaat dəfn
mərasiminə getsin. Lakin xalq bunu duymuş, onun arxasınca getməmişdir.
Adamlar mitinqi davam etdirərək çıxışlarda Əlikramı satqın, xəyanətkar
adlandırmışlar. Lakin Əlikram Hümbətov yenə də öz əməllərini davam
etdirir.
Məni buraya, studiyaya gəlməyə Lənkərandan alınmış həyəcanlı
məlumatlar vadar etmişdir. Məlumat isə belədir: xalq tələb edir ki, Əlikram
Hümbətov nəinki öz çirkin hərəkətlərindən əl çəksin, hətta dövlət orqanları
tərəfindən təcrid olunsun. O isə meydana toplaşmış silahsız adamlara, ali
vətəndaşlara qarşı silah işlətmişdir, atəş açmışdır. Beləliklə də camaatı
qorxutmaq istəmişdir.
Ancaq o, xalqın iradəsi, xalqın gücü qarşısında dura bilməmişdir, qaçıb
başqa yerlərlə öz dəstəsini düzəltmişdir və yenə də xalqa hücum etmək
istəyir. Lakin xalq öz iradəsini bildirmişdir və indi Lənkəran icra
hakimiyyətində xalqın nümayəndələri oturur, xalq tərəfindən irəli çəkilmiş və
bizim təsdiq etdiyimiz Dilruba Camalova bu gün mənim fərmanımla
Lənkəran rayon icra hakimiyyətinin başçısı təyin edilmişdir. O, iş yerində
oturmuşdur, xalq onun ətrafındadır və onu müdafiə edir.
Lakin çox gərgin vəziyyət yaranmışdır. Bizə gələn məlumatlara görə,
Əlikram Hümbətovun yalan vədlərinə, fırıldaqlarına, avantürasına uyan və
onun dəstələrində olan adamların əksəriyyəti ondan imtina etmişdir, onun
əmr verməsinə baxmayaraq, əsgərlərin və zabitlərin əksəriyyəti atəş
açmaqdan boyun qaçırmış və onu tərk etmişdir. Onun Prişibdə, Lənkəranda
olan hissələri onu tərk etmişlər. Mənə indi verilən məlumata görə, Əlikram