legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında yayılan
“Siqnal” jurnalı rus dilində çap edilsə də, azərbaycanlıların döyüş
qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. “Azərbaycan” qəzeti isə
1942-ci ilin may-iyun aylarından Berlində (Ünvan: Berlin, W8, Behrenstrabe 65,
111) nəşr edilməyə başladı. “Azərbaycan” qəzeti Şərq Nazirliyinin xüsusi
himayədarlığı ilə nəşr edilirdi. Qeyd edək ki, qəzetin ilk saylarında türk-osmanlı
şivəsinə üstünlük verən mühacirlərə azərbaycanlı legionerlər etiraz etmiş, onun
müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə
qəzet Təbliğat üzrə Baş İdarənin himayəsinə keçirilmişdi. Qəzet Berlində nəşr
edilirdi, 6-8 səhifədən ibarət idi və tirajı 10 mindən 20 minə qədər qalxırdı.
Qəzetdə Məcid Musazadə (Qarsalanlı) redaktor, Cəmil İsgəndərli redaktor
müavini, Əliheydər Süleymanov arxiv işçisi, Mövsüm Babayev təlimatçı, Xaliq
Babayev mətbəə işləri üzrə texniki əməkdaş, Zahid Ağayev icraçı katib, Əli
Adıgözəlov korrektor vəzifəsində çalışırdılar. Bəzi məlumatlara görə Sovet
Azərbaycanında sonralar “Mixaylo” kimi məşhurlaşmış Mehdi Hüseynzadə də
legioner olmuş və “Qürbətzadə” təxəllüsü ilə həmin mətbuat orqanlarında çıxış
etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir. (96)
Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz,
ədəbiyyatımız, folklorumuzla bağlı çoxlu yazılar çap edilirdi. Qəzetin 1942-ci
ildəki 20 dekabr tarixli sayında (N28) “Milli Azərbaycan” başlıqlı bir məqalədə
yazılırdı: Taburlarımızın başları üzərində dalğalanan üçrəngli bayraq - bu
Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı”. Qəzetin eyni sayında “Göy-
Qırmızı-Yaşıl” (Milli Azərbaycan bayrağı). “Milli Azərbaycan bütün xalqın
Azərbaycanıdır”, “Siniflər yox, millətlər var” kimi milli Azərbaycan ideolojisinin
əsaslarını anladan məqalələr çap olunurdu. (16)
Keçmiş legioner, Azərbaycan Milli Mərkəzinin Başqanı M. Kəngərli
“Azərbaycan” qəzetinin fəaliyyəti ilə bağlı yazırdı: “3 yanvar 1943-cü ildə
“Müqəddəs arzu, böyük ümid” məqaləsində: “23 illik əsirlikdən sonra istiqlalçı
azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz
legionerlərə nəsib olmuşdur” yazılırdı. Eyni nüsxədə Qurban bayramı münasibəti
ilə yazılan “Qurbanlarımız qəbul olsun” məqaləsində “Biz milli Azərbaycanın
qurbanlarıyıq” deyilirdi. 1943-cü ilin 10 yanvarındakı sayda “Bir kərə yüksələn
bayraq, bir daha enməz!” məqaləsində bu sətirlər vardı: “Eyni ilin 28 Mayısında
Milli Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etmiş olan Milli Azərbaycan
Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq
Milli hökumət və Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi
diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə
ilə bitirmişdir: - Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Bu tarixi xatirələri
nəql etdikdən sonra qəzet legionerlərə xitabla bunları əlavə edir: “Əziz arkadaşlar!
Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir)
adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti
olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları
indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!..” 24 yanvar 1943-cü il tarixli
nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli
Azərbaycan Komitəsinin alman hökumət məqamlarının məlumatı ilə fəaliyyətə
başladığı xəbər verilir. Bu xəbərə görə, “Adlon” otelində azərbaycanlıların bir
toplantısı olduğu və bu toplantıda möhtərəm Məhəmməd Əmin Rəsulzadənin
təfsilat verdiyi bildirilir. Milli Komitənin Proqramı: “Azərbaycanın milli haqlarını
qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə etmək, Qafqasiyalı millətlərin
dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx
surətdə işbirliyi təmin etməkdən ibarətdir”- deyilir. İqtibasları, əlimizdə təsadüfən
mövcud olan nüsxələrdən dərc edirik. Bu nüsxələr arasında bir də “Azərbaycan”
qəzetinin 25-ci istiqlal ildönümünə təsis etdiyi 30 may 1943-ci il tarixli nüsxəsi
vardır. Bir kərə nüsxənin səhifəsını başdan-başa böyük manşetlərlə - nasist
Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur
olan – “insanlara azadlıq, millətlərə istiqlal!” şüarı bəzəyir. Sonra idarə tərəfindən
“Azərbaycanın qəhrəman oğullarına” - deyə bir xitab vardır. Bu xitab belə bitir:
“Davamız haqlıdır. Haqq bizimlədir. Yaşasın cəsur legionerlərimiz, yaşasın milli
istiqlal!” Eyni nüsxədə “Azərbaycan istiqlalının susdurulduğu 27 aprel - Azəri
türklərinin qaragünü münasibəti ilə milli şefimiz hörmətli M. Ə. Rəsulzadəyə
redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik”
müqəddiməsiylə Emin bəyin bir məktubu dərc edilmişdir. Məktub belə bitir:
“Yaşasın milli Azərbaycan, yaşasın milli istiqlal idealına bağlı qalan Azərbaycan
legionerləri!” Məktubun bir cümləsi çox mənalıdır, deyilir: “Milli istiqlal uğrunda
canlarını verməyə hazır fədailərin şəxsinə qarşı göstərdikləri etimada layiq bir
xidmətdə bulunmaq imkanını əldə etmək, milli davaya sərf etdiyim həyatımın ən
sədaqətli anını təşkil edəcəkdir!” Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük,
demokratiya və Azərbaycan istiqlalını canlandıran xatirələr və aktual məqalələrlə
doludur. “28 Mayıs Azərbaycan tarixinin əhəmiyyəti”, “Azərbaycan istiqlalı
uğrunda mübarizə” kimi başlıqlar nüsxənin hər səhifəsində gözə çarpmaqdadır.
Qəzetin ədəbiyyata ayırdığı səhifədə milli şairimiz Əhməd Cavadın “Milli
bayrağımıza!” xitab edən şeri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin,
legioner şairlərdən Daşqın, Süleyman, Mustafa Həqqi, Azəri və başqa şairlərin
istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı
parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin:
Milli Şura başqanı möhtərəm M. Ə. Rəsulzadə, Milli Məclisin ikinci rəisi
Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin
fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız,
pul və sair bu kimi xatirələri canlandırmaqdadır. Bütün bu yazı və rəsmlərin
arasında özəl bir çərçivə içində 28 Mayıs 1918-ci ilin İstiqlal Bəyannaməsinin 5
maddəsi dərc olunmuşdur”. (145, s. 25-27)
Dostları ilə paylaş: |