Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

 
26 
onların enliliyi yox, onların obyektivliyidir. Ona görə də ensiz bir varlıq tapsan da, əgər o obyektivdirsə, 
materiyaya aiddir. 
Ancaq haradadır obyektivliyin göstəricisi, ölçüsü? Duyularımıza bilinməkdə? Axı, o qədər şey var ki, 
duyularımıza bilinmir, olsa-olsa min dolaylardan keçəndən sonra gözümüzə özünü yox, işarəsini göndərir. 
İşarəsə belədir ki, nəsnə min kilometr uzunluğunda olan yerdə onu bir nöqtə ilə bildirə bilər. 
Hər halda bütün dolaşıqlara baxmayaraq, Dialektik materializmdən sonra başqa fəlsəfi cərəyanlar, hətta 
dini nəzəriyyələr belə, materiyaya xeyli sayğı ilə önəmli problem kimi yanaşmalı oldular. 
Ortaçağ fəlsəfəsində materiyaya sevgi xeyli azalmışdı (hətta kimlərsə materiyanı İblis oylağı 
adlandırmışdı; bizim özümüzdə də yunanların materiya anlamında «hile» sözü «həyulə» formasını alıb 
qorxunc qarabasmaları və s.,-ni bildirirsə, deməli, azəri bilinci də materiya ilə iblis arasında anışmalar sezir). 
XVII yüzildə isə ingilis filosofu Bekon materiyanı dirçəltdi və bununla bağlı Marks gözəl bir deyim işlətdi: 
Bekonun fəlsəfəsində materiya poetik təbəssümlə gülümsəməyə başladı. 
Ancaq bir az qabaq poetik təbəssümlə gülümsəyən materiya sonradan Marksın, Engelsin, Leninin 
özündə ən böyük döyüşçüyə, Tanrı ideyasına qarşı ən böyük qiyamçıya çevrildi.  
Daha bir önəmli məsələ. Marksizm materiya kateqoriyasının tutumunu elə genişləndirdi ki, toplumda da 
bir çox ictimai, cəmiyyətə aid olanlar ona aid göründülər. Məntiq belə idi: obyektiv olanlar, yəni insan 
bilincindən qıraqda olanlar maddidir. Toplumda ürətim, yəni istehsal vasitələri (düzəltmək, etmək 
vasitələri), insanların yemək-içmək, geyinmək, işlətmək gərəkləri hamısı maddidir, çünki onun-bunun 
şüurundan istəyindən asılı olmayaraq mövcuddurlar. Eləcə də əmək vasitələrini işlədən adamları yönəldən, 
idarə edən iqtisadi ilişgilər (münasibətlər), qanunlar, maddidir, çünki onlar da ayrı-ayrı adamlardan asılı 
olmayaraq mövcuddurlar. 
Marksizm obyektiv olan iqtisadi ilişgilərdən, qanunlardan fərqli olaraq toplumdakı əxlaqi, dini 
münasibətləri şüur faktı, mənəvi fakt sayır. Ancaq yenə məntiqi sual ortaya çıxır. Bəyəm, toplumu idarə 
edən əxlaqi qaydalar obyektiv deyillər?! Axı, onlar da sənin-mənim bilincimdən asılı olmadan, obyektiv 
olaraq qalır, obyektiv olaraq dəyişirlər. Əgər belədirsə, onları da maddi saymaq gərəkəcək. 
Görünür, marksist fəlsəfə bu suala aydın cavablar tapmalıdır. Hələliksə deyək ki, Marksizmin 
materializmi onda idi ki, şüurda, düşüncədə olanların hamısının başlanğıcını materiyadakı dəyişmələrdən, 
nəsnələrdən, hadisələrdən çıxarırdı. Toplum məsələsində də Marksizmin materializmi onda idi ki, 
cəmiyyətin mənəviyyatında, fəlsəfəsində, incəsənətində, siyasətində olan bütün nailiyyətlərin, dəyişmələrin 
səbəbini, əsasən, maddi güclərin, ilişgilərin necələşməsindən çıxarırdı. 
Sözsüz, Marks, Engels, Plexanov, Lenin və sonrakı marksistlər çalışırdılar ki, bütün bu əlaqələri qaba 
açımlardan qurtarsınlar, incə düşüncənin hədəfi etsinlər. Ancaq yenə də amansız suallar durmadan ortaya 
çıxırdı: məsələn, materialist olub toplumu öyrənmək o deməkdir ki, sən toplumun maddi həyatında 
dəyişmələri öyrənməklə filan çağın fəlsəfəsinin, dininin, incəsənətinin, əxlaqının niyə filan cür olmasını 
anlayırsan. Deməli, bu vaxt materializm anlamağa ən böyük köməyi verdiyi üçün doğrudur. Ancaq, ikinci 
yandan, elə filosoflar da, elə sənətkarlar da var ki, onların yaradıcılığını dərindən anlamağa o çağdakı 
cəmiyyətin maddi özüllərini bilmək çox az şey verir. Bəs bu zaman nə etməli?!  
Gördüyünüz kimi, materiya kateqoriyası ayrı-ayrı həqiqətlərin çəkişdiyi, üst-üstələşdiyi və ya aralandığı 
bir çox problemləri ortaya çıxararaq ontologiyanın özülündə durur və varlığı anlamaq istəyən fəlsəfəyə çox 
gərəkli düşüncə vasitəsi verir. Hərçənd eyni zamanda bu kateqoriya dolaşıqlıqlar da törədir. 
 
 
 
Şüur 
 
Şüur və bilmək 
 


 
27 
Fəlsəfənin ən dolaşıq məsələləri şüur, bilinc probleminin çevrəsinə yığılmışdır, daha doğrusu şüur 
anlayışının çevrəsində yaranmışdır. 
Qabaqca şüur anlayışını anlayaq, əgər... anlamaq olarsa. 
Rus dilində bu anlayışı bildirən söz, - «so-znaniye» - onun bir əlamətini, tanıdıcısını yaxşı açır. «So» 
önşəkilçisi birgəliyi bildirir. Ona görə də «so-znaniye» təxminən «bildiyimi bilmək» deyiminə yaxınlaşır. 
Gerçəklikdəki nəsnələr, hadisələr gözlərimdən, qulaqlarımdan və başqa duyu yollarından mənə təsir 
göstərirlər. Bu etgilər (təsirlər) mənim içimdə dürlü görklərə, şəkillərə, duyğulara (məsələn, sevinc 
duyğusuna) çevrilirlər. Mənim gözümün, qulağımın içinə nə düşürsə, izləri mənim iç dünyama yığılır. Buna 
gerçəkliyin şüurda əks olunması, inikas etməsi deyirlər. Ancaq öz türk sözümüzü işlətsək, demək olar ki, 
gerçəklik bizdə görklərini görüntülərini, bilintilərini törədir. 
Bu görklər saysızdır. Məndə varsa, deməli, onları mən bilirəm. Bilmək nə deməkdir? Gerçəklikdən nə 
mənə sorağını salıbsa, deməli, onu bilirəm. Bilmək mənə bilinəni almaqdır. Ancaq mən mənə sorağı 
çatanların çoxunu bilmirəm ki, bilirəm. Yəni məndə dünyadan çoxlu soraqlar var, ancaq bilmirəm ki, onlar 
var. Məsələn, götürək unutduqlarımızı. Unutmaq o demək deyil ki, cisim və hadisələrin görkü, sorağı iç 
dünyamızdan çıxıb qırağa düşüb. O deməkdir ki, huşumuzdan çıxıb. Huşdan çıxmaq hələ tamam məndən 
çıxmaq deyil. İnsanın içinə soraq salan heç nə bir də oradan qırağa atılmır. Ona görə də bir də baxırsan, tam 
unutduğun bir şey yenidən, qəfildən şüurunda zühur etdi. 
Yuxularda yeni üzlər, yeni nələrsə görürsən. Bu haradan sənə gəlir? Yəqin haçansa onları görmüsən, 
ancaq gördüyünün fərqinə varmamısan. İndisə qəfildən yuxunda «işığa» çıxır. Bir sözlə, mən bütün gözümə 
dəyənləri, qulağıma eşidilənləri bilirəm. Bütün bu görklər mənim Qut aləmimi doldurur (ancaq yenə də 
orada sonsuz dərəcədə boş yer qalır). Bunların çoxunu mən bilmirəm ki, bilirəm. Ancaq o bildiklərimi k 
bilirəm ki, bilirəm, bax onlar mənim şüurumu əmələ gətirir. Ona görə də türklər şüura həm də «bilinc» 
deyirlər. Bu kitabda biz də həm «şüur», həm də onun qarşılığı, sinonimi kimi «bilinc» sözlərini işlədirik. 
Deməli, bizim bilincimiz gerçəkliyin bizdə bilinməsidir və bu bilinmənin də bilindiyini bizim 
bilməmizdir. Bilmədiyimiz bilinənlərin bir xeylisi bilincimizin altına (şüuraltına) yığılır, başqa bir xeylisi isə 
ruhumuzdakı bilincsizliyə, yəni ruhumuzdakı şüurdan qıraq «sahəyə» yığılır. Ruslar bu sahəyə 
«bessoznatelnoye» deyirlər. İnsan psixolojisində bilincaltı və bilincsizlik hadisələri haqqında görkəmli 
alimlər Ziqmund Freyd (əslində, Froyd/Fğoyd) və Karl Yunq çox maraqlı nəzəriyyələr yaratmışlar. 
 
 
Şüurumuz həm düşüncələrimizdir, həm duyğularımızdır,  
həm də ... 
 
Şüurun işləməsi onun gerçəkliyi dürlü biçimlərlə, dürlü yollarla mənimsəməsidir. Bir çox adamlar elə 
bilir ki, şüur yallnız düşünməkdir, ağıldır. Ancaq bu, şüuru onun bir qatı «boyda» etməkdir. Yenə bilinclə 
ilgili düsturumuzu yada salaq ki, şüura aid olanları tapaq. Həmin düstur belədir: bilirəm və bilirəm ki, 
bilirəm. Deməli, gerçəklikdən nə bizə soraq gətirirsə, o biri yandan, bu gətirənləri biz biliriksə, olur şüur 
faktı. Məsələn, estetik gərəklərimiz, tələbatımız soraq verir ki, yaxşı bir romantik hava var, onu yaman 
eşitmək istəyirəm. Bax, bizim gərəyimiz bu durumda hansısa musiqi haqqında bizə bilgi gətirir və eyni 
zamanda bizim həmin gərəyimizdən xəbərimiz olur – deməli, göstərdiyimiz situasiyada bilinc aktı baş verir. 
Nəsə bizi bərk öfkələndirir və qəzəblənməyimizdən xəbərimiz olur. Deməli, yenə bilinc işləyir, 
qəzəbimiz isə nəyinsə pis olduğunu soraq verir.  
Bir sözlə dünya haqqında bizə soraqlar gətirən gərəklərimiz, zövqümüz (dadbilimimiz), duyğularımız və 
s. hamısı bilincə aiddirlər, əgər bilincsiz, şüursuz baş vermirlərsə. O biri yandan, bilincimizin də dürləri var. 
Məsələn, var, dini şüur, var əxlaqi şüur, var elmi şüur və s. Onlar bizim qutumuzdan dünyanın dürlü 
bölgələrinə açılmış pəncərələrdir, olanların dürlü bölgələri üzrə «ixtisaslaşmış» bilinclərimizdir.    


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə