Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə60/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
123 
davamçılarından başlayır, indi ki Freyd insan haqqında belə ayıb-ayıb şeylər danışır, deməli, əxlaqi 
cəhətdən o özü «yönnü bir adam olammaz». 
Freyd isə insanları əxlaqi bəlalardan, psixi dərdlərdən qurtarmaq üçün çalışırdı, mürşidlik edirdi. O 
istəyirdi ki, əxlaqsızlığa, nevroza (psixi sapıntılara) gətirib çıxaran səbəbləri göstərsin və sonrasa desin ki, 
onlardan filan cür sağalmaq olar. 
Bəs dedikləri nə oldu? Dediklərinin, doğrudan da, başına çox işlər gəldi. Sevimli tələbəsi Karl Yunq 
ondan ayrılıb xeyli başqa nəzəriyyəni hazırladı. Freyd öz nəzəriyyəsini Psixoanaliz adlandırmışdı, Yunq isə 
qəsdən bu adı tərsinə çevirdi və öz öyrətisini Analitik psixologiya adlandırdı. 
Psixoanaliz insanın iç dünyasını, psixolojisini incələyə-incələyə öyrənmək deməkdir. Ancaq elm kimi 
Psixoanaliz təmiz psixologiya elmi də deyil. Freydin Psixoanalizi insanı və mədəniyyəti öyrənirdi və buna 
görə də ona mədəniyyət fəlsəfəsi kimi də baxmaq olar. Freyd özü fəlsəfəni, özəlliklə XIX yüzil alman 
fəlsəfəsini sevmirdi, bərk şübhələnirdi ki, burada bilik adı altında boş və dolaşıq düşüncələri soxuşdururlar. 
İşdə Freydin yazı tərzi də Kantdan, Şellinqdən, Hegeldən, Şopehauerdən fərqlənir. Bu filosofları bir az 
da olsa, anlamaq üçün gərək fəlsəfənin tarixini yaxşıca mənimsəmiş olasan. Freydi isə psixologiya haqqında 
ilkin soraqlar əsasında da anlamaq olar. 
Ancaq bu «asanlığa» baxmayaraq məhz Freydin sayəsində insan haqqında elmi düşüncələr görünməmiş 
dərinliklərə çata bilmişdir. Təkcə elmi düşüncələr yox, elə bədii əsərlər də Freydin sayəsində insanın xeyli 
dərin qatlarına gözlərimizi açıb. 
Elmi kitablar, adətən, tez köhnəlir. Tapıntıları olan elmi araşdırmanın əsas ideyaları görürsən ki, başqa 
kitablarda tez-tez təkrar olunur və hamı bu ideyalara öyrəşir. Nəticədə sonrakı nəsillər bu ideyalara 
öyrəşdikləri üçün həmin ideyaları ilk dəfə ortaya atmış kitabı oxuyanda, artıq, ideyanın təzəliyini duymur, 
ona görə də oxudan böyük həzz almır. Çox qəribədir, bu hal Freyd əsərlərinin oxusunda özünü göstərmir, 
onun yazılarını darıxa-darıxa oxumaq mümkün deyil. 
Freydi qanan adam (bu sözdən diksinməyək, yaxşı sözdür) oxuyanda ona inanmaya bilmir. Razı olmaq 
istəməsə, gərək onun açdıqlarına qarşı başqa nəzəriyyələrin açımlarını qoysun, bəlkə onda inanmasın. 
İndisə Freydin nəzəriyyəsinə keçək. Bu nəzəriyyənin bəzi anlayışlarını, ideyalarını, artıq, kitabımızın 
mədəniyyət haqqında bölməsində işıqlandırmışıq. Yadınızdadırsa, Ziqmund Freyd insan psixolojisini üç 
yerə ayırır: «Mən», «Üst Mən», «O». «Mən» psixolojinin üst tərəfidir, başqa insanlara çox və ya az görünən 
tərəfidir. «O» insan şüurunun altıdır, buna bilincaltı da demək olar. «Üst Mən» isə «Mən»lə «O» arasında 
duran Nəzarətçidir. 
 
 
Freyd insan psixolojisinin strukturu haqqında 
 
Gəlin şüur haqqında yazdıqlarımızı təkrar edək: şüur nədir? Bildiyimizi bilməkdir. Yəni mən bir şeyi 
düşünəndə və onu düşünmədə olduğumu biləndə proses şüurda, bilincdə gedir. 
Ancaq insanın iç dünyasında, ruhunda elə soraqlar, obrazlar, istəklər, çağırışlar da var ki, insan 
şüurunun onlardan xəbəri yoxdur. Freyd sübut edir ki, onların bir çoxu bilincaltında durur, ona görə də 
şüur onları bilmir. Bəs şüuraltı necə yaranır? 
Freydə görə, körpəlikdən bizdə libido, yəni həzz almaq istəyi güclü olur. Özü də bu həzz almaq istəyi bir 
çox hallarda yasaq edilmiş şeylərə yönəlir. Bunun səbəbi odur ki, insana yasağı pozub qadağan edilmiş 
şeyləri əldə etmək ayrıca ləzzət verir. Ona görə də məsəl var: qadağan edilmiş meyvələr ləzzətli olur. Bu 
səbəbdən də libido tez-tez insanı ya ürəyində, ya da etdiyində bəzi əxlaq qaydalarını pozmağa zorunlayır. 
Ancaq, axı, insan etdiyi və ya düşünüb istədiyi ayıbın ayıblığını yaxşı bilir. Şüurun da belə bir xasiyyəti var, 
bir şeyi özündə ayıb sayırsa, pis, dözülməz sayırsa, bir az keçir onu unudur. Doğrudan da, kimsə baş vermiş 
faciəni unutmasa, ya dəli olar, ya da üzülüb ölər. 
Bəs ayıblı, pis şeyləri unutmaq nə deməkdir? Freydə görə, unutmaq şüur aydınlığından, şüur işığından 
sıxışdırıb çıxarmaqdır. Bilinc ona əziyyət verən, onu utandıran şeyləri sıxışdırıb özündən çıxarır. Bəs 


 
124 
sıxışdırıb hara atır? Sözsüz, insan bədənindən qırağa yox. Ayıb, ağrılı düşüncələr, pis istəklər bilincdən 
sıxışdırılıb çıxarılanda ruhun işıqlı bölgəsindən qaranlıq bölgəsinə, - bilincaltına düşür. Şüurdan 
sıxışdırılanlar şüuraltına yığılır. 
Bilincaltı qaranlıq aləmdir, cəhənnəmdir, çünki burada pis, ayıblı, saldırqan (təcavüzkar) istəklər, 
canatımlar toplanıb. Bütün bu istəklər Şopenhauerin kor və kar güc olub qaynaşan Dünya İstəminə çox 
oxşayır. 
Freydə görə, bilincaltında dəhşətli psixi enerji toplanır. Bilincdə olanlar açıq-aydın işlənir, işləyir, ona 
görə də öz psixiki enerjilərini israf edib boşaldırlar. Bilincaltında olanlar isə çıxıb işlənmədikcə psixi 
enerjilərini saxlayırlar. Psixi enerjinin yığılıb artması isə o dərəcəyə çata bilər ki, axırda vurub bütün 
mənəviyyatı darmadağın edən qorxunc, qaranlıq güc olar. Ona görə də şüur altında olanlar şüura düşüb 
orada işləməyə, onları qovruldan enerjidən yaxalarını qurtarmağa can atırlar. Ancaq iş ondadır ki, şüurla 
şüuraltı (yəni «Mən» ilə «O») arasında gözətçi, qarovulçu, Senzor kimi Üst Mən durur. O elə bil insanın 
içində toplumun gözüdür, hədələyici barmağıdır. Üst Mən bilincaltından çıxan ayıb-ayıb istəkləri, obrazları 
ağzından vurub geri qaytarır.  
Ona görə də yığılmış enerjisindən azad olmaq istəyən bilincaltı istəklərin bir əlacı qalır, Üst Məni 
aldadan əyin-başa, dona girib şüura keçmək. 
Ziqmund Freyd bilincaltında olanların öz enerjilərini işlətmək üçün, beləcə, donlarını dəyişib üzə 
çıxmasına, gerçəkləşməsinə sublimasiyon deyir. O belə hesab edir ki, sənətkarların əsərlərində onların 
bilincaltı istəkləri, obrazları sublimə olunur. Freydə görə, fantaziyalar, xəyallar və bir çox yuxular 
sublimasionun törəmələridir. 
 
 
Freyd yuxu haqqında 
 
Psixoanalizə bizim gördüyümüz yuxuları tamam yeni yöndən anladılır. Tarix boyu yuxulara gələcək 
haqqında bilik, soraq qaynağı kimi baxıblar. Freyd isə başqa açım verir: yuxular gələcəkdən yox, keçmişdən 
soraq verir. Daha doğrusu, bilincaltına bütün keçmiş yaşam boyu yığılmış istəklər, görklər donlarını 
dəyişdirib yatan adamın şüuruna yuxular kimi girirlər. 
Freyd yuxular haqqında maraqlı şeylər deyir. Birincisi, yuxulardakı obrazların çoxu dünyadakı 
hadisələrin eşidilməsindən, qoxusundan yox, görünüşündən alınmış obrazlardır. İkincisi, yuxu 
bilincaltındakılarının dona girmiş obrazlarıdır. Üçüncüsü, bilincaltı istəklər yuxularda yalandan da olsa, 
özlərini doydururlar. Dördüncüsü, yuxuları düz yoza bilsən, taparsan ki, sənin bilincinin altında nələr 
gizlənib səni içəridən, gizlindən oyur. Onları bilmək isə öz dərinliyini bilməkdir və deməli, səni xəlvətcə 
qovruldan, üzən istəkləri, çağırışları tapıb üzə çıxarmaqdır. 
Freydin əxlaqi sağaldıcılığı da bunlardır: insan öz bilincinin altında olanları biləndə özünü bir çox psixi, 
deməli, əxlaqi pozuntulardan qurtarmaq üçün qoruyucu mexanizm qazanır.  
Bəs, yaxşı, yuxuları necə yozmaq olar ki, şüuraltını da biləsən? Freyd söyləyir: yuxuların dilini, 
xarakterik simvollarını bilmək gərəkdir. Yuxularda dəyişməz, davamlı təkrar olunan obrazlar var. Onlar 
simvollardır və özlərində çox vaxt eyni məzmunu gizlədirlər. Həmin simvolların dilini öyrənmək gərəkdir. 
Freyd maraqlı bir şeyi də tapır. Yuxudakı simvollar miflərdəki bir çox obrazlara ekizdir. Məsələn, Assur 
əsatirinə görə, Saraqon uşaqlıqda sudan tapılır. Eyni ilə Tövrata görə də Musa peyğəmbəri uşaqlıqda sudan 
tapırlar. Deməli, miflərdə sudan tapılmaq dünyaya gəlməklə bağlıdır. Ona görə də yuxuda sudan çıxmaq 
doğulmaq, suya düşmək ana bətninə (ilkinliyə) qayıtmaq istəkləri ilə bağlıdır. 
Bəs miflərlə yuxuların bu simvol ekizliyinin səbəbi nədir? Freydə görə, səbəb odur ki, miflərin də 
yaranmasında, yuxuların da görülməsində bir müəllif – şüuraltı işləyir. 
Freyd söyləyir ki, yuxularda divarları çıxıntısız, hamar olan ev kişiləri simvolizə edir. Artırmaları 
(eyvanları) çıxan evlərsə (yada sal qadın döşlərini) qadınlara eyham vurur. Beləliklə, Psixoanaliz bircə-bircə 


 
125 
yuxularda işlənən, dəyişmədən təkrarlanan simvolları toplayıb miflərdəki, söyüşlərdəki obrazlarla 
tutuşdurur və onların çoxunda eyni, ya da oxşar, yaxın mənalar tapır.  
Təkrar edirik, bütün bunlardan Freyd nəticə çıxarır ki, miflərin də, xəyalların da, yuxuların da, 
incəsənətin də yaranış qaynağı, əsasən, şüur yox, şüuraltı istəklərdir. O biri yandan, şizofrenikin ruhunu 
bürüyən, çəkdiyi şəkillərdə üzə çıxan obrazlarda mifə, yuxulara böyük oxşartı var, çünki şizofreniyada şüur 
şüuraltının həmlələri ilə dağılır və ruhu bilincaltının törətdiyi görklər doldurur. 
Freyd insan qutunda peyda olan, birdən işaran heç bir görkü, duyğunu təsadüfi saymır. Ruhda elə-belə 
heç nə olmur. Ona görə də söyləyir: əgər yuxuların əsasında özünü, öz şüurunun altındakıları anlamaq 
istəyirsənsə, yuxunu danışanda hər hansı obrazla bağlı ağlına nə gəlirsə, onları da nəzərdə tut. Freyd bunu 
Psixoanalizin köməyi ilə nevrozu sağaltmaq istəyən həkimlərə də buyurur. Deyir, nevrozlar, əsasən, 
uşaqlıqdan alınmış psixi zədələrin, sarsıntıların bilincaltına keçməsidir, orada qalıb enerji toplamasıdır və 
xeyli keçəndən sonra vurub bütün gücü ilə şüura çıxaraq onu əyintiyə salmasıdır. Onun üçün də nevrotiki 
məcbur etməlisən ki, özünü öz düşüncələrinin axınına buraxsın. Bir şeyi danışanda, yuxuları söyləyəndə 
bilincinə izahedici, assosiativ nə «axırsa», onları gizlətməsin. 
Psixoanalitik bütün bunları bircə-bircə toplaya-toplaya, xəstə ilə söhbətdə ola-ola, tapdıqlarını ona aça-
aça xəstəyə onun psixolojisinin, - şüurunun və şüuraltının mənzərəsini canlandırır. Pasient nevrozunun 
uşaqlıqdan gələn səbəbini, - psixi zədəsini, sarsıntısını dərindən-dərinə xatırlayıb düşünür. Anlayır ki, onun 
şüurunu viran edən, onu rahat buraxmayan üzüntülü düşüncələrin kökündə qorxunc qara qüvvələr yox, 
filan adi şeylər durur ki, vaxtı ilə uşaq sadəliyinə görə onu sarsıtmışdı. Və bunu anladıqca xəstə sağalmağa 
başlayır. Gördüyümüz kimi nevrozdan sağaltma dərindən təsir edən sözlərlə gedir. Psixoanaliz dərmandan 
istifadə etmir. Psixoanalitik sözlərə qulaq asıb nevrozun səbəbini tapır və sözlərlə də təsir edib sağaldır.  
Sonralar tapdılar ki, yeni nəzəriyyə olan Psixoanaliz sözün gücünə belə inanmasına görə yaman ovsuna, 
caduya oxşayır. 
 
 
Psixoanaliz və incəsənət 
 
Bu yerdə Psixoanalizlə XX yüzil sənətinin bir ilişgisini göstərmək olar. Prustun, Coysun düşünüş axımı 
kimi qurulan romanları oxucudan teksti anlamaq üçün az qala Psixoanaliz texnikası ilə mətnə yanaşmağı 
tələb edir. 
XX yüzil sənətində yuxular da Psixoanaliz ruhunda tekstə gətirilir. Sənətkar personajın yuxularını 
göstərməklə onun şüurunun altında olanlardan şifrələr verir. Qabaqlar isə qəhrəmanlar daha çox yuxu 
görürdülər ki, sabahı bilsinlər, kimdənsə qorxub-çəkinsinlər. 
İndi isə götürək Psixoanalizi və sürrealizmi. Ünlü sürrealist rəssam Salvador Dali işlərini psixi 
avtomatizm axımında yaradırdı. Yəni belə hesab edirdi ki, tablonu çəkmək prosesində bilincinin altından 
bilincinə (və həm də yuxularına) axan bütün görkləri, şifrələri oradan şəklə axıtmalıdır. 
Psixoavtomatizm şifrələnmiş obrazlar axıdan bilincaltı qarşısına əngəllər qoymamaq idi, onu öz-özünə 
işləməyə boş buraxmaq idi. Buna görə də biz Salvador Dalinin yaradıcılığında sirlərlə dolu, ruhun ən əcaib 
oyunlarını görükdürən şifrələr, simvollar dünyasına düşürük.  
Freydin «Dostoyevski və ata qatili» məqaləsi çox məşhurdur. Burada o, Psixoanalizi incəsənətə yönəldir. 
Dostoyevskini oxuyanlar yaxşı bilir ki, onun romanlarında gərgin düşüncə axtarışları, ruhi sarsıntılar, 
özünü ruh işgəncələrinə salmaq önəmli yer tutur. Freyd bütün bunların nədən belə olmasını axtarır. 
Götürür yazıçının uşaqlığını və söyləyir ki, beş-altı yaşınacan olan bütün oğlanlar kimi onun da libidioz 
duyğuları anasına doğru yönəlmişdi. Ancaq atası ilə ürəyindəki rəqabətində özünün zəifliyini anlayanda 
bir əlac qalır. Atanı güc ilə yox, sevgi ilə fəth etmək əlacı. 
Freydə görə, uşaqlarda ataya duyğu ambivalentdir (yəni ikivalentlidir, ikibaşlıdır). Rəqibə sevgisizliklə 
doğma adama nəvaziş bir-birinə qarışıqdır. Atadan qorxusuna görə uşaq libidioz duyğularını anadan 
çevirib başqa obyektlərə yönəldir. Beş-altı yaşından sonra isə libidioz istəklərinin ilkin obyektinin kim 


 
126 
olduğunu unudur. Daha doğrusu, unutmur, şüur əxlaqın, ayıbın nə olduğunu bildikcə onları sıxışdırıb 
bilincaltına salır. 
Freyd maraqlı bir sual verir: nəyə görə uşaqlar beş-altı yaşınacan olan həyatlarından çox az şey yadda 
saxlyırlar? Axı, bu vaxtlar yaddaşın ən iti çağıdır. Məhz bu vaxtlar uşaq asanca yabançı dili öyrənir. 
Freydə görə, uşağın həyatı ilə bağlı yaddaşsızlığı ondandır ki, ilkin libidioz istəklərinin pisliyini anlayan 
kimi onlar şüurdan sıxışdırılıb, bilincaltına salınır. 
Psixoanaliz yaradıcısının fikrincə Dostoyevskinin uşaqlığında da həmin proseslər baş vermişdi. Görün, 
bu yerdə Freydə hansı əlavələri edir. Deyir ki, əgər ata cod, əzazil adamdırsa, uşağın psixolojisində Üst Mən 
atanın həmin xasiyyətlərini özünə götürür. Belə uşaqda Üst Mən sadist olur, yəni əziyyət verməkdən, 
danlamaqdan ləzzət alır. Belə uşağın Mən-ində mazoxist, yəni işgəncə çəkməkdən ləzzət almaq xasiyyəti 
peyda olur. Nəticədə uşaq böyüdükcə Vicdanı, özünə verdiyi amansız suallar qarşısında əzab çəkən, ancaq 
əzabdan qaçmaq əvəzinə özünü hər dəfə yeni mənəvi işgəncələrə düçar edən adama çevrilir. 
Freydə görə, Dostoyevski məhz belə psixolojisi olan sənətkar idi və əsərləri də bunu güclü göstərir. Üst 
Məni qarşısında onun Məni özünü suçlu, günahkar sayırdı, ona görə də həmişə cəza almağa can atırdı.  
Dostoyevskinin qumarbaz olması bəlli faktdır. Adətən, o nəyi vardısa, uduzurdu. Freyd göstərir ki, 
Dostoyevski beləliklə, özü-özünə (özü də bilmədən) cəzalar verirdi və adətən, tam uduzandan sonra 
ruhunun yaradıcılığa hazır olduğunu duyurdu. 
 
 
Psixoanaliz bilməzə edilənlər haqqında 
 
Sədr ağzını açıb iclası açıq elan etmək istəyir, ancaq çaşıb bağlı elan edir. Freyd bunu belə açır: deməli, 
sədrin iclaslara bezginliyi var və böyük şüuraltı istəyi iclasdan can qurtarmaqdır. Ancaq bu istəyindən özü 
də qorxur, ona görə də şüuru onu sıxışdırıb bilincaltına salır və həmin istək oradan vurub onun dilini 
çaşdırır (yada salaq, bizlərdə deyirlər, ağız çaşıb düzünü deyər). 
Və ya başqa bir məsələ. Hamlet obrazının bir gizlisi çoxdan araşdırıcıları düşündürür. Nəyə görə Hamlet 
bilə-bilə ki, əmisi atasını öldürüb, intiqam almağa tələsmir, elə hey tərəddüd edir? (Deyəsən, ilk dəfə bu 
sualı Qöte vermişdi). Bunu nə Danimarka şahzadəsinin qorxaqlığı, nə də fürsət gözləməsi kimi izah etmək 
olur. 
Məsələyə Freyd öz açımını verir. Libidioz istəyinə mane olduğu üçün uşaqlığında Hamlet rəqibi kimi 
atasına ölüm arzulayırdı. Sonra isə bu istək bilincaltına sıxışdırılır və onun üçün bilinməz qalır. Hamlet özü 
də bilmir niyə öc (intiqam) almağa əli gəlmir. Səbəbi isə Psixoanaliz açır. Əmisi əslində Hamletin 
uşaqlığındakı istəyini gerçəkləşdirib. Deməli, onun şüuraltı istəkləri ilə əmisinin şərikliyi onu intiqam 
almaqdan xeyli vaxt saxlayır. Hərçənd Hamlet özü də bilmir nədəndir bu tərəddüd. 
Bizim dilimizdə belə deyimlər çoxdur: «Nəsə xoşum gəlmir», «Nəsə getmək istəmirəm» və s. Psixoanaliz 
belə bilməzə edilənləri, istənilənləri, istənilməyənləri açmaq üçün öz yozumunu verir. 
Beləliklə, Freyd insanın bilincaltı istəkləri və etdikləri arasında uyğunsuzluqlar, uyğunluqlar açır. Ona 
görə də Psixoanaliz belə bir problemə çıxır: 
 
 
Şüuraltı istəklər və mədəniyyət 
 
«Mədəniyyətdən narazılıq» məqaləsində Freyd yazır: insanı bioloji varlıqdan ayıran nələr varsa, 
mədəniyyəti əmələ gətirir. Mədəniyyət insan bədəninin bir çox ilkin çağırışlarına yox demək, onları inkar 
etmək əsasında qurulub. Deməli, mədəniyyətin ilkin prinsipi güclü ilkin duyğu və istəklərin qarşısını 
almaq, onların ödənilməsinə əngəllər qoymaqdır. Mədəniyyət ilkin bədən çağırışlarını basqılayır və itələyib 
bilincaltına salır. Ancaq mədəniyyətin bu boğucu işi elə də qorxusuz deyil, çünki ilkin istəklərin enerjisi 
nədəsə və nə üçünsə işlənməsə böyük sarsıntılar baş verir. 


 
127 
Və Freyd örnək göstərir. İlkin bioloji çağırış bir də seksual istəklərdir və onun hədəfi qadındır. Ancaq bu 
seksual istəkdə, canatımda tormozlaşma da baş verə bilir. Görək bu necə olur? Özünü doydurmaq üçün 
istək işə düşür, ancaq «yolda» dayanır, öz obyektindən yayınıb, başqa obyektə üz tutur. Məsələn, dostluq 
sevgisi ilkin sevginin obyektinin başqa obyektlə (qadının dostla) əvəzlənməsidir və deməli, ilkin sevginin 
tormozlanmış variantıdır. 
Beləliklə, mədəniyyət ilkin bədən çağırışlarını tormozlaşdırılmış istəklərə çevirə-çevirə, onların 
obyektləri yerinə mədəniyyət üçün gərəkli obyektləri qoya-qoya bilincaltı enerjinin sərf olunması üçün 
yollar açır. 
 
Freyd yazır: insanda psixi enerji qaynaqları tükənməz deyil. Ona görə də hər kəs öz vəzifələrini yerinə 
yetirmək üçün psixi enerjisini ağıllı işlətməlidir (libidonu doğru-düzgün paylamalıdır). İnsan mədəni 
yaradıcılıq üçün işlətdiyi psixi enerjini qadınlara istəkdən, seksual həyatdan alıb götürür. Və beləliklə, 
intensiv mədəni yaradıcılıqla məşğul olanlar üçün qadın ikinci plana keçir. 
Biz Ziqmund Freyd haqqında söhbətlə bu kitabımızı başa vururuq. XX yüzil fəlsəfəyə bol-bol cərəyanlar 
vermişdir. Ümid edək ki, həmin cərəyanların ideyalarını azərbaycanca mənimsəmək üçün yeni-yeni kitablar 
tezliklə yazılacaq. 
 
 
End of the Text 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə