Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
117 
bölünmək məkanın verdiyi meydanda ola bilər, məkan isə yalnız qavrayışda şəkillənən görüntülərdə var, 
onların arxasında isə nə məkan, nə də zaman var. 
Dünyanın kökündə duran İradə Bircəliyində qala-qala çoxlu görüntülər verirsə, deməli, onların 
hamısında tamamilə iştirak edir. Şopenhauerdən qabaq bunu Allahla bağlı deyirdilər: O, dünyanın hər 
nöqtəsində hansı bir hissəsi ilə isə yox, hər nöqtədə və eyni anda bütünlüklə iştirak edir.  
Alman filosofu isə deyir: bilincsiz İstəm, kor güc kimi bütün yönlərə can atan və hər yönümdə 
obyektləşərək görüntülər törədən İradə dürlü nəsnələr verir. Nəsnələr, daha dəqiq desək, görüntülər onun 
manifestə olunmasıdır (yəni bilinməsidir). 
Bax, burada bədbin məqama keçirik. Bir olan İstəm çoxlu-çoxlu görüntülərdə obyektləşəndə, 
nəsnələşəndə bu çoxluqda birinin o birisi ilə uyğunsuzluğundan, düşmənçiliyindən ziddiyyətlər yaranır. 
Hər şey var olmağa çalışır və varlığın, həyatın da özəlliyi belədir ki, bir nəsnə var olmaq üçün 
başqalarından nəyisə zorla qoparıb almalıdır. Və İstəm cürbəcür nəsnələrdə obyektləşəndə biri-birini 
dağıdan, didən nəsnələrin hamısının içində olduğu üçün, onları içəridən işə saldığı üçün, əslində, özü-
özüylə didişir, əlləşir. Bircə olan İstəm çoxca olan nəsnələrdə özü-özü ilə didişmələrdə bulunur. Şopenhauer 
hətta belə deyir: Dünya İradəsi həmişə özü-özünü basıb yeməklə məşğuldur, çünki görüntülər illüziyadır və 
əslində, İradənin özündən başqa varolan bir şey yoxdur. Ona görə də didişən görüntülər deyil, İradənin 
özüdür, özü ilə didişir. 
Dünyada cazibə qüvvəsi, itələmə qüvvəsi, enerji və s. var. Şopenhauer onların hamısını bir anlayışda, 
iradə, istəyib etmək anlayışında birləşdirir. Deyir ki, canatım gücü ilkindir və bu, elə iradədir. Can atmaq 
odur ki, olanla doymursan, yenisini, başqasını istəyirsən. Bax, dünya içəridən belə bir istəmə bürünüb. Və 
bu istəm heç vaxt olanla yetərlənmədiyi üçün həmişə acdır. Və bu ac İradə həmişə özü-özünü basıb yeməklə 
məşğuldur. Axtarışların, həsrətin, əzabların da qaynağı Dünya istəminin aclığıdır. Biz hamımız özümüzdə 
görürük ki, nə qədər yaxşı yaşayırıq-yaşayaq, yenə də birdən qutumuzu darıxqanlıq, həsrət, kədər bürüyür. 
Əgər bütün bunlar bir gün qurtarırsa, vaxt keçir, yenə qəfildən, bəzən hətta səbəbsiz-filansız ürəyimizi üzür. 
İndi, Şopenhauer belə hallarımızın metafiziki (yəni bütünlükcə varlığa xas olan) kökünü göstərir: səbəb 
odur ki, varlığın kökündə duran İstəm həmişə acdır, doymazdır, heç nə ona bəs etmir. 
Şopenhauerə görə, dünya görüntülərinin arxasında həmişə həmlə edən, əsib hər tərəfə yel kimi cuman 
İradə bütün hüdudları, sınırları vurub keçmək istəyir, sonsuzluğa tərəf şütüyür, heç yerdə dayanmaq 
istəmir. Ancaq di gəl ki, onun qarşısına da əngəllər çıxır. Onun nəsnəlləşməsindən yaranan nəsnələr ki, biri 
o birisi ilə dolanışıq üstündə didişir, bu iradəni öz dolaşıqlarına salırlar. Gözünüzün qabağına gətirin 
düzənlik boyu həmlə edən küləyi, şəhərə girən kimi başlayır dalanların, evlərin arasında dolaşmağa, 
azmağa. 
 
 
Şopenhauer Dünya İradəsinin obyektləşməsinin  
pillələri haqqında 
 
Sayğılı oxucu, yadınıza salın, artıq, bizim bu kitabda oxumusunuz ki, Neoplatonizm fəlsəfəsində 
Bircədən pillə-pillə dünya mərtəbələri, ierarxiyası törəyir. Hegeldə də Mütləq İdeya Təbiətin qatlarını 
inkişaf xətti ilə yaradır. Təxminən oxşar model Şopenhauerin metafizikasında, ontologiyasında da qalır. 
Dünya İstəmi nəsnəlləşməsi ilə dürlü yetkinliyi olan qatlar verir. Ən yetkin qat Platonun haqqında danışdığı 
ideyalar qatıdır. Yada salaq Platonda ideya nədir. İdeya, məsələn, ağacların hamısının mahiyyətini, 
anacizgilərini, prinsipini özündə yazmış, şəkilləndirmiş anlayışdır, fikirdir və Platona görə, konkret ağaclar 
ağac olmağı ondan «öyrənirlər». Beləliklə, ideyalar sistem kimi bir yerə yığılır və dünyadakı nəsnələri 
törədirlər. 
Şopenhaueri ideyalar bir az başqa yöndən maraqlandırır. İnsan həndəvərindəki nəsnələrdən onların 
ideyalarına çıxanda və bu ideyalara tamaşa edəndə Dünya İradəsinin nəliyini daha yaxşı anlayır. Çünki bu 
ideyalarda Dünya İstəmi ən yetkin şəkildə obyektləşir, bilinir. 


 
118 
Dünya İstəminin obyektləşməsinin ən aşağı pilləsi qeyri-üzvü dünyadır, burada görüntülər arxasında 
işini görən İstəm cazibə və s., qüvvəsi şəklində üzə çıxır. Heyvanlar aləmi Dünya İstəminin manifestə 
olunmasının, bilinməsinin, görüntülərdə şəkillənməsinin daha yuxarı qatıdır. İnsana gələndə isə bu 
baxımdan onun daha yuxarı forma olmasını danmaq çətindir. Özü də İnsanacan kor qalan, özünü bilməyən 
İstəm özünün bir təzahür, bilinmə növü olan insan iradəsində özünübilmə qazanır. 
Sözsüz, Şopenhauerin qurduğu bu ontoloji, metafizik model xeyli suallar doğurur. Məsələn, alman 
filosofu deyir ki, Dünya İstəmi özünün nəsnəlləşməsinin aşağı pilləsində olanları yuxarı pillədə olanlara 
qurban verir. Misal da göstərir: otların heyvanlara, heyvanlarınsa insanlara yem olmasını. Ancaq soruşmaq 
olar, Dünya İradəsi haradan bilir ki, onun törətdiyi filan görüntülər o birilərindən pilləcən aşağıdır? 
Hegeldə məsələ aydın idi, Mütləq İdeya Düşüncə olduğu üçün yaratdıqlarına tamaşa edib, onları anlamaqla 
məşğul olurdu. Şopenhauerin anlatdığı Dünya İstəmi isə durmadan can atan özünübilməz «yeləsimidir», 
həmlədir, istəyib etmədir. Onun heç obyektləşməsinin nəticəsi olan görüntülərdən də xəbəri olmamalıdır. 
Görüntü nədir? Görən gözə, qavrayan qavrayışa görünənlər. Özü də necə görünənlər? Subyektin 
qavrayışının verdiyi quruluşda, fiqurlarda görünənlər. Deməli, Varlığın dərin qatı durmadan devikən, can 
atan Dünya İradəsinin küləyinə, əsiminə bürünüb. Bu «külək» gözlərin, qavrayışın «pəncərəsinə» dəyəndə 
isə taqqıltı salır, yəni görüntülər törədir. Ancaq bu taqqıltını Dünya İradəsinin özü eşitmir, çünki eşitməyə 
qulağı, qavramağa duyusu yoxdur. Şopenhauer həmin «taqqıltıya» İstəmin nəsnəlləşməsi deyir. Və bu 
nəsnəlləşməni, manifestə olmanı (bilinməni), obyektləşməni «pəncərənin» arxasında duran bizlər bilirlər. 
Bax bu mənada soruşmaq olur: verdiyi görüntülərindən xəbəri yoxdursa, Dünya istəmi nə bilir onların 
hansı yüksəkdir və ümumiyyətlə xəbəri yoxdursa, hansı prinsiplə bu iradə nələrisə aşağı, nələrisə yuxarı, 
yetkin nəsnələr kimi yaradır? 
Şopenhauerin fəlsəfi qurmalarını yozmaqla məşğul olanlar bu suallara cavab tapmalıdır. 
Sayğılı oxucu sizin üçün isə bu oxuda önəmli olan bir məsələni unutmayın. Biz subyektiv dünyamız, 
bilincimiz, şüurumuz deyəndə özümüz də bilmədən onları filan ölçülü qafamıza, bədənimizə yığılmış 
saydığımız üçün ruhi dünyamızı kiçik çərçivədə duyuruq. Kant, Şopenhauer isə həmin dünyanı bütün 
təbiət ölçüsünəcən genişlikdə, axar-baxarlıqda bilməyi bizə öyrədir. 
 
 
Şopenhauer insan haqqında 
 
Bir neçə abzas yuxarıda bu alman filosofuna suallar verdik və sonra da söylədik ki, onu yozmaq gərəkdir 
ki, həmin suallara cavab tapılsın. İndi insan fenomeni əsasında bununla məşğul olaq. 
Şopenhauerə görə, insan iradəsi Dünya İstəminin təzahürünün ən yüksək formasıdır, çünki burada iradə 
bilmək, anlamaqla birgələşir, işıqlanır. Və ona görə də Dünya İstəmi insan iradəsi sayəsində kor gücdən, 
özünübilməz canatmadan özünüdüşünər qüvvəyə çevrilir. 
Soruşmaq olar ki, mənim iç dünyamda istəmimin bilməmlə bağlı olması mənim içimdə qalır və bunun 
məndən qıraqdakı azman Dünya İstəminə nə dəxli var? Bu suala cavab Şopenhauerin bir ideyasında 
gizlənib. O söyləyir ki, Dünya İradəsi bölünməz Bircədir və hər yerdə hissələri ilə yox, bütünlüyü ilə iştirak 
edir və hər birimizdə idrakla, bilməklə bağlananda bütün varlıq qatında da bilimlə bağlanır. 
Bu, Şopenhauerin zəhləsi getdiyi Şellinqin, Hegelin dediklərinə çox oxşayır. Yada salaq. Hegelə görə də 
Mütləq İdeya kor-koranə Düşünüş kimi düşünüb yaradaraq, axırda gəlib çıxır cəmiyyətə xas olan ruh 
pilləsinə. Və burada Ruh kimi, Qut kimi o başlayır həm də özünü bilməyə. Çünki Ruh ən öncə Özünü bilən 
Özünü düşünən varlıqdır. Mütləq İdeya Obyektiv Ruha çevrilir ki, özünübilmə ilə də məşğul olsun. 
Şopenhauerdə də belədir. Dünya İstəmi (istəyib-etməsi) insan iradəsi kimi təzahürünü tapanda 
özünüdüşünmədə bulunur. 
Ancaq Hegeldə bir başlıca fərq var. Hegel fəlsəfəsində Ruh kimi özünü düşünən Mütləq İdeya ucalır. 
Şopenhauer isə Dünya İstəminə sevgi ilə yanaşmır, onu bir çox əzabların qaynağı sayır. Və ona görə də 
insan qatında bilimin köməyi ilə istəklər torundan qurtulmaq məsələsini qoyur. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə