Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
115 
Bəs nə ilə sübut etmək olar ki, məkan, zaman apriordur, yəni təcrübədən qabaq bizdə var, yəni bizim öz 
qavrayışımızın nəsnələrə verdiyi biçimdir? Kantın sübutlarından biri: biz heç bir cismi, olayı məkan və 
zaman biçimindən arınmış donda görə bilmərik, ancaq məkanı və zamanı nəsnəsiz-filansız göz qabağına 
gətirə bilərik. Deməli, məkan və zaman qavrayışımızın özününkü olduğu üçündür ki, onları qavrayışın 
içində şeylərsiz, hadisələrsiz təsəvvür edə bilirik. Deyə bilmərik ki, bu, güclü sübutdur, ancaq Kantın 
dediyinə qüvvət, ayrı-ayrı canlıların qavrayışında dünya xeyli fərqlənən məkan-zaman biçimlərində 
görünür. 
Şopenhauer Kantın bu ideyasından çox möhkəm yapışır. Söyləyir ki, bizim qavrayışımızdan bizə bilinən 
nəsnələr, onların özü deyil. Bizə bilinənlər qavrayışımızın məkan və zaman biçimlərindən özlərinə don 
almış görüntülərdir. Ona görə də Şopenhauer özünün ünlü kitabını «Dünya iradə və görüntü kimi» 
adlandırır. 
Şopenhauerə görə, dünya nəyə görə görüntüdür, təsəvvürdür, bunu anladıq. Bəs dünya nəyə görə 
iradədir? Bunu da anlamağa çalışaq.  
 
 
Dünya iradə kimi 
 
Şopenhauerdə dünya niyə iradədir (istəmdir)? Bunu anlamaq üçün dünyanın niyə görüntü olması 
haqqında bu filosofun daha nəyi anlatdığına bir az da fikir verək. 
Şopenhauerdə görüntü (təsəvvür) subyektliklə obyektivliyin birgəliyidir. Subyektlik o deməkdir ki, 
görüntüdə nə varsa, «Mən»dən gəlmədir. Yəni cisim və hadisələrə görüntü kimi məkan və zaman biçimini, 
donunu «Mən»in bilincinin, qavrayışının şəbəkəsi verir. Gördüyüm cisimlər «Mən»im şüurumun məkan və 
zamandan qurulmuş «ekranında» şəkillənmiş, görüntü, görkəm almış nəsnələrdir. Bu şüur elə qurulub ki, 
yalnız səbəb-nəticə ilişgisində görüntüləri düzəndə onları anlamış olur. Deməli, subyektlik görüntülərdə bir 
də odur ki, səbəb-nəticə düzümünü də onlar şüurdan alırlar. 
Bəs görüntülərdə obyektlik nədir? Obyektlik odur ki, mən görüntülərə mənim içimdə olmayan, məndən 
dişarıda, qıraqda duran nəsnələr kimi baxıram. Daha doğrusu, mənim şüurum, qavrayışım görüntüləri 
bilmək, anlamaq istəyəndə, onlarla nəsə bir iş etmək istəyəndə özünü onlara sarı yönəlmiş sayır. Bizdə isə 
belə bir alışqanlıq var, «yönəlmiş» deyəndə özündən qırağa çıxmağı, başqasına can atmağı duyuruq. Bax, bu 
görüntülərə bu yönəlmişliyə görə də onları obyekt kimi görürük.  
Deməli, bizim qavrayışımıza bilinən gerçəklik dünyanın əsli deyil, dünyanın əslini, özünü pərdə kimi 
tutub görünməz edən görüntülərdir. Bu pərdəni Şopenhauer «maya» sözü ilə də bildirirdi. «Maya» əski 
hind fəlsəfəsində işlənən termindir və onu bildirir ki, insanların hamısının gözünü illüzor, aldanışlı 
şəkillərlə dolu pərdə örtür. 
Şopenhauer əski hind fəlsəfəsini yaman sevirdi və deyirdi ki, maya anlayışı ilə hindlilər Kantın dünyanın 
özünü qavramadığımız haqqında söylədiklərini neçə min öncə qabaqlayıblar. 
Daha sonra Şopenhauer soruşurdu: yaxşı mənə bilinən dünya görüntülər sırasıdırsa, bəs həmin 
görüntülərdən, yəni mənim qavrayışımdan o taydakı əsl dünya nədir? Mən necə bu görüntülər pərdəsini 
götürüb, dünyanın özünə baxa bilərəm? Mən necə nəsnələri görüntülər tərəfdən yox, içəridən bilə bilərəm? 
Cavabında filosof deyir: biz yalnız özümüzü içəridən bilməyi bacarırıq. Özümüz isə dünyada olanlardan 
biriyik. Deməli, özümüzə içəridən baxıb anladığımızı sonra təxmini də olsa, dünyanın içərisinə aid etmək 
olar. 
Hər bir adamın içi bədənlə (gövdə ilə ) çevrələnib. Şopenhauer söyləyir: bu bədən əslində görüntüdür, 
yəni duyularımızda alınmış şəkillərdir. Biz əlimizlə əzələmizi sıxırıq, bərkliyi duyuruq, gözümüzlə 
dərimizə baxırıq, zərifliyini görürük. İnanırıq ki, qavrayışımızdan qıraqda olanların özünü görürük. Əslində 
isə bu bərklik də, bu zəriflik də qavrayışımızda yaranan görüntülərdir. Bəs bu gövdəmizin içindən biz nə 
bilirik? Gövdəmizin içindən onu bilirik ki, gövdəmiz həmişə iradəyə tabedir, iradə ilə yönəldilir, idarə 
olunur. 


 
116 
Bəs iradə nədir? İradə istədiyini etmək təpəridir (əski türklərdə iradəni «ərk» sözü bildirirdi). İradə 
istəmdir. Çağdaş türklərin «iradə» sözünün sinonimi kimi «istəm» kəlməsini işlətməsi iradədə istəyin əsas 
güc olması ilə bağlıdır. 
Şopenhauer söyləyir ki, biz özünübilməklə məşğul olanda görə bilərik ki, həmişə istəmin subyektiyik, 
yəni istəyən, istədiyini doydurmağa çalışan başlanğıcıq. Necə olur ki, nəyisə öyrənirik, nəyisə təsəvvür 
edirik? Bütün bunları qabaqca istəyirik sonra da edirik. 
Bizim içimizdə həmişə, durmadan iradə, istəm öz işindədir. Bəzən belə olur ki, içimizdə öz işində olan 
istəmi biz bilmirik. Bizə elə gəlir ki, bilincimizdə filan görüntü, filan düşüncə qəfildən, özü-özünə peyda 
oldu. Ancaq istəmsiz heç bir düşüncə şüurumuza çağırılmaz. Sadəcə, tez-tez iradəmiz elə yeyin işləyir ki, 
onun etdiyindən bilincimiz xəbər tutmur. Məsələn, bizim ürəyimizi, böyrəklərimizi və s.-ni işlədən hansı 
gücdür? Şüurumuzun xəbərsiz qaldığı iradə. Bütün orqanlarımız istəmin, iradənin obyektləşməsidir, yəni 
hər hansı görüntüdə bilinməsidir. Məsələn, dişlər, mədə- bağırsaq nədir? Şopenhauerə görə, onlar hamısı 
aclığın, yemək istəminin obyektləşməsidir. Yəni aclıq yemək istəyidir və bu istəyin gücü haçansa uyğun 
orqanları doğurub-düzəldib. Bu zaman Şopenhauerdən soruşmaq olar: axı, sizin dediyinizə görə, bütün 
maddi nəsnələr, - deməli, insan bədəninin orqanları da, - görüntüdür? Əslində maddə yoxdur? 
Şopenhauer söyləyir: sözsüz, maddə yoxdur, orqanlar görüntüdür. Bu mənada hər şey şüurun içindədir. 
Ancaq bəzən rahatlıq olsun deyə, dilimiz öyrəşdiyi üçün biz elə danışa bilərik ki, guya bu orqanlar görüntü 
deyillər, elə özləridir ki, var. 
Bilinclə istəmin ilişgisini Şopenhauer maraqlı açır: insanın şüuru onun istədiyini anlayanda və bu istək 
onu filan cür davranmağa yönəldəndə belə anlanılmış istək motiv olur. Bizim davranışlarımızın neçəsi isə 
motivləşdirilmiş hərəkətlərdir, yəni bildiyimiz istəklərimizlə itələnən hərəkətlərdir. Ancaq daha çox 
hallarda iradə şüursuzdur (istəm bilincsizdir). Bunu bədən orqanlarımızın işində gördük. Artırmaq olar ki, 
heyvanlarda da iradə bilincsizdir.  
Şopenhauer bir şeyi də deyir. Söyləyir ki, mənə qədərki filosoflar üçün insan bildiyini istəyən varlıqdır, 
mənim üçünsə insan istədiyini bilən varlıqdır. Bu o deməkdir ki, insan həmişə içində aramsız iş görən 
istəmlə ora-bura sürüklənir. 
Bütün bunları gözdən keçirəndən sonra Şopenhauer dünya haqqında öz sonucunu çıxarır: dünya bizə 
bilinən tərəfindən görüntüdürsə, içəridən teyxa iradə, istəmdir. Bu istəm kor-koranə, yəni bilinclə, şüurla 
aydınlaşdırılmamış, yönəldilməmiş iradədir. İradə nə istədiyini düşünmədən elə hey can atır və nəticədə 
onun obyektləşməsi baş verir. Dünyada nələr varsa, hamısı yel kimi, külək kimi durmadan əsməkdə olan 
istəmin nəsnəlləşməsidir (obyektləşməsidir) və bu nəsnələşmə bizə qavrayışımızın məkan-zaman 
biçimlərinə, düşüncəmizin səbəb-nəticə qəliblərinə düşəndə görüntülərə çevrilir. 
Fikir verin Şopenhauerin Hegeldən fərqinə. Hegelə görə, nəsnələr özünü bilməklə məşğul olan İdeyanın 
(Dünya Ağılının) törəməsidir. Şopenhauerə görə isə, dünya özünübilməz, dayanmadan can atan İstəmin 
obyektləşməsidir. 
Varlığın özülündən Hegelin Mütləq İdeyasını çıxarıb, yerinə qaranlıq, vəhşi instinkt kimi görünən 
İradəni, İstəmi qoymaq Şopenhauerin nəyinə gərək olub? Sözsüz, ona görə ki, bu özülü qoyanda 
Şopenhauer dünyanın ayrı cür metafizik binasını tikə bilir, modelini yaradır. Buna baxaq. 
 
 
Şopenhauerin pessimist metafizikası 
 
Bütün idealist filosoflar Dünyanın substansiyası kimi götürdükləri yaradıcı başlanğıca heyran idilər, ona 
İşıq kimi baxırdılar. Hegelin özündə İdeya dəyişə-dəyişə Dünyanı dəyişdirir və beləliklə, Özü də gəlişib 
irəliləyir. Şopenhauerdə isə belə nikbinlik yoxdur. Görək nəyə görə. 
Şopenhauer hesab edir ki, görüntülər aləminin arxasında əsib-kükrəyən İstəm Bircədir (yada salın o biri 
filosoflarda Tanrının bircəliyini). Bu İstəm Bircə olduğu üçün də kəsimlərə bölünmür. Axı, kəsimlərə 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə