Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

 

Hegel incəsənətin özəllikləri haqqında 
Hegel incəsənət və fəlsəfənin əlaqələri, fərqləri haqqında 
Gözəllik və eybəcərlik 
Hegel Əski Şərq sənətinin simvolik xarakteri haqqında 
Hegel Antik yunan sənəti haqqında 
Hegel Romantik sənət haqqında 
 
Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası 
 
Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib 
Dünya iradə kimi 
Şopenhauerin pessimist metafizikası 
Şopenhauer Dünya İradəsinin obyektləşməsinin pillələri haqqında 
Şopenhauer insan haqqında 
Şopenhauer iradənin qaynaşmasını söndürmək haqqında 
Şopenhauer dahilik haqqında 
Şopenhauer gülüşün səbəbləri haqqında 
Şopenhauer iradə problemindən gözəlliyə, ülviliyə necə çıxır? 
Şopenhauer incəsənət haqqında 
 
Freyd, Psixoanaliz, incəsənət< 
 
Freydin Psixoanalizi 
Freyd insan psixolojisinin strukturu haqqında 
Freyd yuxu haqqında 
Psixoanaliz və incəsənət 
Psixoanaliz bilməzə edilənlər haqqında 
Şüuraltı istəklər və mədəniyyət 
 
* * * 
 
Kitabdakı az işlənən sözlər 
 
Azərbaycan fəlsəfi dilində ərəb-fars sözlərinin aşırı bolluğu bu dili ruhumuzun, mədəniyyətimizin 
dərinliklərindən özgələşdirib. Sonucda çoxlarının yaxşı anlamadığı ağır bir dil yaranıb. Ərəb-fars sözləri 
tekstlərə guya yüksək düşüncə mədəniyyəti gətirir. Əslində isə gerçək düşüncəni düşüncə «görüntüləri» ilə, 
düşüncə avazı ilə əvəz edir. İndi ən dolaşıq bir durum yaranıb. Ərəb-fars bər-bəzəyi ilə naxışlanmış dil 
çağımızın düşüncə azadlığına cavab vermir. Əvəzində dildə bir az təmizləmə işi aparanda bu dil də 
alışılmadığı üçün bəyənilmir. Ancaq alışılmaq üçün də bir az təmizlənmiş dildə çoxlu düşüncə yazıları 
çıxmalı və oxunmalıdır. Bizim kitabın dil islahatlarını belə bir fonda dəyərləndirmək gərəkdir. Onu da 
artıraq ki, aşağıdakı siyahıdan görəcəksiniz ki, əslində, islahatımızın gətirdiyi sözlər heç də çox deyil. 
 
Amac – məqsəd (əski türk sözüdür). 
Anlam - (Anadolu türkcəsində işlənən yeni söz, yəni neologizmdir). 
Bilgə – müdrik (əski türk sözüdür). 
Bütüncə – ümumi (bizim neologizmdir, yəni düzəltdiyimiz yeni sözdür). 
Dışözü – zahir (bizim neologizmdir). 
Doğru – həqiqət  


 

Dür – növ (əski türk sözüdür). 
Etgi – təsir (Anadolu türkcəsində işlənən neologizmdir). 
Gerçək – həqiqət, doğru. 
Gərəklər – tələbat (Anadolu türkcəsində işlənən neologizmdir). 
Gərəkcə – zərurət (Anadolu türkcəsində işlənən neologizmdir). 
Görk – obraz (əski türk sözüdür). 
İçözü – mahiyyət (bizim neologizmdir). 
İlgili – əlaqədar (Anadolu türkcəsində işlənən neologizmdir). 
İlişgi – əlaqə, münasibət (Anadolu türkcəsində işlənən neologizmdir). 
İstəm – iradə (Anadolu türkcəsində işlənən neologizmdir). 
Nəsnə – cism, əşya (Orta əsrlər ədəbi dilimizdə işlənib). 
Nəsnəl – cismani, maddi. 
Öyrəti – təlim (Anadolu türkcəsində işlənən neologizmdir). 
Soru – sual (Anadolu türkcəsində işlənən neologizmdir). 
Soy – qəbil (əski türk sözüdür). 
Tanıdıcılar – əlamətlər (bizim neologizmdir). 
Tanım vermək, tanımlamaq – tərif vermək, təyyin etmək (Anadolu türkcəsində işlənən neologizmdir). 
Toplum – cəmiyyət (Anadolu türkcəsində işlənən yeni sözdür, neologizmdir). 
Toplumsal – ictimai, sosial. 
Ulus – millət, xalq (əski türk sözüdür). 
Qut – ruh (əski türk sözüdür). 
 
 
* * * 
 
 
Ön söz 
 
 
Adamlar arasında fəlsəfə haqqında yanlış inanclar var. Çoxları belə deyir: - «Fəlsəfə yaman çətindir, onu 
anlamaq hər adamın işi deyil».  
Ancaq hər bir elmi, hər bir sənəti anlamaq nə qədər çətindirsə, fəlsəfəni də anlamaq o qədər çətindir, hər 
bir elmi anlamaq nə qədər asandırsa, fəlsəfə də bir o qədər asandır. Bir sözlə, fəlsəfənin asanlıq və çətinlik 
məsələsində unikallığı yoxdur. Necə ki hər sənəti, elmi, eləcə də fəlsəfəni həvəslə, sevgi ilə hövsələ ilə 
yavaş-yavaş, anlaya-anlaya öyrənmək gərəkdir.  
Fəlsəfə ilə bağlı başqa aldanış. Bəziləri hesab edir ki, mənalı, ağıllı nə deyilirsə, o, mütləq fəlsəfidir. 
Buradan da belə deyim ortaya çıxıb: - «Filan yazıçının fəlsəfəsi».  
Ancaq hər ağıllı, mənalı söz fəlsəfi deyil. Məsələn, elə ağıllı söz var ki, arıqlamağı öyrədir və buradan 
fəlsəfəyə yol yüzlərlə «məntəqədən» keçəndən sonra çatır. Biz fəlsəfənin nələri və nə üçün öyrəndiyini 
bilsək, nəyin birbaşa, ya dolayı ona dəxli olduğunu bir az asan taparıq. Onun üçün də həm asan, həm də 
çətin olan bu «elmdən» söhbətə başlayaq. Özü də indi bu «elmin» əlifbasını öyrənək. Yazının əlifbasını 
öyrənəndən sonra minlərlə kitab oxumaq olur. Eləcə də fəlsəfənin «əlifbasını» öyrənəndən sonra yüzlərlə 
filosofun kitablarını oxuyub, bu və ya başqa dərəcədə anlamaq olur. 
Başlanğıc üçün çox çətin sualların biri budur: fəlsəfəyə birinci hansı problemin «qapısından» girmək 
gərəkdir? 
Bəzi müəllimlər hesab edir ki, bir dənə problemi, məsələn, «materiya və şüur» problemini götürüb, 
fəlsəfəyə onun içindən girmək gərəkdir. Ancaq girmək üçün ayaq, etmək üçünsə arac (yəni edənlə üstündə 
edilənin arasında olan araçı, - alət, vasitə) lazımdır. Masa düzəltmək üçün dülgərin rəndəsi, xətkeşi, çəkici 


 

olmalıdır. Bu alətlərdən birinin işini o birisi görə bilməz, ya da ala-yarımçıq görər. Rəndə ilə çəkicin yerinə 
mıx vurmaq olar, ancaq iri mıx olsa, çətin olacaq, axırda da rəndə sınacaq.  
Dülgər kimi filosofa da işini görmək üçün araclar, vasitələr, alətlər gərəkdir. Onların arasında isə 
başlıcası düşünmək alətləridir. Onun üçün də, gəlin, həmin alətlərin bəzilərinin qulpundan tutub fəlsəfə 
dünyasına girək. Ən öncə «anlayış» («məfhum») sözünü özümüz üçün nə qədər gərəkdirsə, o qədər anlaqlı 
edək.  
 
 
 
 
Birinci bölmə. Fəlsəfə hansı məsələləri düşünmək üstündə qurulub 
 
 
Fəlsəfədə anlayış problemi. Anlamaq və anlayış 
 
«An-layış» sözünün kökü («an») əski türklərdə «yenidən göründürmək mənasını (anlamını) verir. İndi 
biz «yadıma salıram» mənasında «anıram» deyirik. Yada salmaq nədir? Bir vaxtlar bildiyini, gördüyünü 
şüurunda (bilincində) yenidən göründürmək. Bizlərdə deyirlər: «huşumdan çıxıb», yəni huşda deyil ki, 
yenidən göründürə, ana biləsən. 
Deməli, anlayış hər dəfə gərək olanda yenidən göründürə bilməklə bağlıdır. Bəs nəyi yenidən 
göründürməklə bağlıdır? Sözsüz, haçansa gördüyün, bildiyin, qavradığın nəyisə. 
Sonra, götürək «anlayış»a doğma olan «anlamağ»ı. Anlamaq həmişə nəyisə anlamaqdır. Anlamaq 
həmişə nəyəsə tutulubdur, nəyləsə doludur. Heçnəsizliyi anlamaq olmaz. XX yüzilin böyük filosofu Husserl 
deyərdi: «Düşünüş həmişə nəyisə düşünməkdir». Hətta elə-belə düşünəndə də biz nəyisə düşünürük. 
Deməli, anlamaq da «nəyi?» sualından qopmazdır. 
Əski və Ortaçağ (Orta əsrlər) türkləri ərəblərin «şey» ( və onun qohumu «əşya») sözünə sinonim kimi 
«nəsnə» kəlməsini işlədirdilər. Yəqin ki, «nəsnə» «nəsə nə»nin qısalmış formasıdır. Fəlsəfəyə də elə bu cür 
söz gərəkdir: nəsə olan, ancaq nə olmasını ayrıca deməyə ehtiyac olmayan. 
Biz bilincimiz, şüurumuz üçün nəsnələri, olayları necə mənimsəyirik? Anlayıb, anladığımızı anlayışa 
yığıb orada saxlamaqla. 
Nəsnəni anlamaq, sadəcə, onda nə varsa, hamısını görmək deyil (heç, nə varsa, hamısını görmək də 
olammaz). Nəsnəni anlamaq nəsnənin nəliyini tapmaq, öyrənməkdir. Masanın üstündə min dənə gəldi-
gedər ləkələr, cızıqlar, işıq-kölgə oynaşmaları var. Hamısı da masanın özününküdür. Ancaq masanın nə 
olduğunu bilməyimiz üçün bizə onların heç biri gərək deyil. Anlamaq üçün masanı göstərib, «bu nədir?» 
sualına cavab verməliyik. Cavab versək ki, «bu taxtadır», deməli, hələ masanı anlamamışıq, çünki saysız 
nəsnələr var ki, taxtadandır. Cavab versək ki, «bu ayaqlı əşyadır», yenə onu anlamamışıq, çünki dolabın da, 
pianinonun da ayaqları var. Ancaq cavab versək, «bu möhkəm maddədən düzəldilmiş, üstündə müəyyən 
şeyləri qoyub iş görmək üçün hazırlanmış və yerdən hündürlüyü də, üstünün eni də həmin iş üçün əlverişli 
olan nəsnədir», «masa nədir?» sorusuna (sualına) cavab vermiş olarıq. Deməli, onu anlayırıq, deməli, 
anladığımız əsasında «masa» anlayışını düzəldərik.  
Biz nəsnələrin nəliyini, əsasını, mahiyyətini şüurumuzda yenidən görükdürəndə, bu görünəni hansı bir 
sözünsə, (məsələn, «masa» və ya «stol» sözünün) içinə yığıb saxlayanda anlayış yaranır. 
Hələlik biz fəlsəfənin dilinin, düşünüş vasitələrinin iki vahidini mənimsədik: «anlayış» və «anlamaq». 
Ancaq onları daha yaxşı bilmək üçün fəlsəfənin başqa anlayışlarına – «ümumi» («bütüncə»), «təkcə» 
anlayışlarına keçmək gərəkdir. 
 
 
Anlayışlar və ümumilik 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə