Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

 
20 
Dünyagörüşü insana ən əzablı durumlardan qurtulmaq əlacını verir. Məsələn, Kuba yazıçısı Korpentyer 
bir hekayəsində mehmanxanada qonşusunun xorultusundan əzab çəkən adamı görükdürür. Çox əzabdan 
sonra bu adam özünə qurtuluş yolu tapır. Tapır ki, bu xoruldayana nifrətlə yox, sevgi ilə baxsa, əzabı da 
keçəcək (xristian əxlaqına doğmadır belə sevgi). Başlayır özü-özünü inandırmağa ki, bu xoruldayan adamı 
çox istəyir. Başlayır sevə-sevə düşünməyə ki, nə qədər əziyyətdən sonra yorulub, indi xorultusu ilə ağrısı 
canından çıxır və s. Belə-belə düşünəndə nə vaxt yuxuya getdiyini heç özü də bilmir (başqa fakt, bir yerdə 
yatan ər-arvada xorultuları əngəl olmur). 
Görürsünüzmü, dunyagörüşü insanın nəyi necə etməsinə yetərincə təsir göstərir. Ancaq bu deyimin 
doğruluğunu çox şişirtmək də olmaz. Birincisi, dünyagörüşünün buyuruqlarına insanın şüuraltından 
(bilincaltından) gələn istəkləri badalaq vura bilərlər. İkincisi, kimlər üçünsə dunyagörüşü filan cildə girmə 
vasitəsi ola bilər, yəni o filan dunyagörüşünün anlayışlarını, ideallarını bir maska kimi taxa bilər və s. Ona 
görə də Sovet ideologiyasında geniş yayılmış bir düşüncə – «adamlara «elmi» dunyagörüşü verək, aşılayaq, 
onda hər şey düzələcək» fikri indi tamamilə mənasız görünür. Həmin ideoloji xəstəliyin arxasında isə 
qorxunc bir mərəz dururdu. Toplumu guya ki, bir bütöv, hər şeyə cavab verən, hər şeyə buyuruq verən, hər 
şeydən xəbəri olan Marksizm-leninizm dunyagörüşünə bağlamaq mərəzi.  
Bu mərəzdən toplumu plüralizm qurtarır. Plüralizmi bəziləri bizdə düşüncə fərqini sayğı kimi anlayırlar. 
Ancaq bəlli dərəcədə düşüncə fərqləri Stalin çağında da var idi.  
Plüralizm toplumda ayrı-ayrı dunyagörüşlərinin (məsələn, dinin və ateizmin) bərabər hüquqlu 
olmasıdır. Dürlü ideologiyaların bərabərliyidir. Kim hansını istəyirsə, seçsin, təki toplumun qanunlarını 
pozmasın, məsələn, böhtan atmasın, təhqir etməsin və s. 
Ayrı-ayrı fəlsəfi sistemlər kimlərdəsə özlərinə uyğun dunyagörüşünü yaradır. Ancaq kimlərsə pianoçu 
kimi ayrı-ayrı fəlsəfi sistemlərin «mövzusunda» öz fantaziyalarını «çalaraq» öz dunyagörüşlərinə 
yiyələnirlər.  
İnsanların dunyagörüşünün vəziyyəti cürbəcür olur və bunda fəlsəfə az iş görmür. 
İnformasiya alış-verişi (mübadiləsi) müxtəlif təşkilatlar, cəmiyyətlər, sistemlər arasında olur. O, iki və ya 
bir neçə adamın arasında olanda isə çox vaxt söhbətə çevrilir. Söhbət informasiya alış-verişi prosesinin bir 
növüdür. 
Söhbətin laqqırtıdan bir başlıca ayrıntısı var. Əsl söhbət yeni-yeni düşüncə sahələrinə, müstəvilərinə 
çıxıb, yeni düşüncələrə çatır. Söhbət zamanı tərəflər davamlı olaraq maraqlı düşünər olduqlarını bir-birinə 
sübut edirlər. Sözsüz, öz sualları, suallara verdikləri cavabın özgünlüyü (orijinallığı) ilə. 
Mədəniyyətdə bir çox hadisələrin əvvəli kimlərsə arasında olan söhbətlərdən başlayır. Mədəniyyətdə 
bütün olanlar sonra söhbətlər mövzusu olmursa, cəmiyyətin yaddaşında da ya yazılmır, ya da zəif bir iz 
kimi qalır. Ona görə də mədəniyyət tarixini, insanlığın tarixini arası kəsilmədən gəlişən bütöv bir söhbətin 
tarixi kimi göz qabağına gətirmək olar. Sanki əbədi bir söhbət var və tarix bu əbədi söhbətin bir kəsimidir. 
Tarix boyu insanlar söhbəti yeni-yeni düşünüş, bilgi alanlarına (meydanlarına) çıxarmaqla sanki özlərini 
əbədi söhbətin hansı bir aşamasınınsa, mərhələsininsə içində duymağa çalışırlar. Fəlsəfi sistemlər tarixi 
yerli-yerində əbədi söhbətin içində qalmaq üçün adamlara impulslar verilməsi tarixidir. 
Hər hansı bir toplumda mədəniyyətin vəziyyətini orada söhbətlərin nə haqda və necə getməsi əsasında 
da ölçmək olar. Fəlsəfə toplumda söhbətlərin keyfiyyətli qalmasına öz yardımını göstərir və bu yardım ən 
önəmli yardım olur. Bu məsələni başqa cür də demək olar: fəlsəfə elmsayağı gerçəklər axtarmaq diləyində, 
istəyində bulunsa da onları tapammır. Fəlsəfənin tapdıqlarının ən güclü sonuclarından biri odur ki, bu 
tapdıqları toplumda, mədəniyyətdə yüksək düşüncə mühiti yaradır. Bax, bu düşüncə mühiti də ilginc 
söhbətlərin qaynağı, sonucu olur.  
 
Deməli, fəlsəfənin ən başlıca işi toplumda keyfiyyətli düşüncə mühitini yaratmaq və sonra da bu 
mühiti saxlamaqdır. 
 
 
Doğru və yanlış fəlsəfə yoxdur 


 
21 
 
Elmi nəzəriyyələrdən fərqli olaraq fəlsəfi sistemlər yalanları, yanlışlıqları faş olduğu üçün sıradan 
çıxmırlar. Çıxırlar ya dəbdən düşmələrinə görə, ya da onların fonunda yeni yaranmış sistemin daha təsirli, 
çəkimli görünməsinə görə və daha neçə-neçə başqa səbəblərə görə. Elə ona görə də retro prinsipi fəlsəfədə 
də işləyir. Bir də görürsən ən unudulmuş filosof və onun düşüncələri retro ləzzətində indiki fəlsəfəyə 
qayıdır. 
Bəs, onda bu qədər fəlsəflərin içində necə seçim etməli? Əgər fəlsəfələri doğru/yanlış, yaxşı/pis ölçüləri 
ilə ayırmaq olmursa, üstünlüyü hansına verməli? 
 
Ayrı-ayrı fəlsəfi sistemlər nələri, necə düşünmələrinə və onlardan necə danışmalarına görə 
fərqlənirlər. Bu fərqlər doğru prinsipinə söykənmir, müxtəlif proyektdə, modeldə olan evlərin fərqinə 
bənzəyir. Sənin pul və başqa imkanın varsa, özünə ev seçəndə gerçək, həqiqət prinsipi ilə seçmirsən. 
Prioritetlərinə, başlıca gərəklərinə cavab vermək prinsipi ilə seçirsən. Hansı fəlsəfəni seçməyin də o cürdür. 
Əgər ölkədə ruhanilər at oynadırsa, Allahla qorxutmağı öz hakimiyyətləri üçün vasitəyə çeviriblərsə və bu 
səni hiddətləndirirsə, ruhuna ateistik və ya ateizmə yaxın materialist fəlsəfələr doğma olacaq. Sovetlər 
çağında isə materializm, onun Marksizm variantı iyrənc dövlət amaclarına cəlb olunduğu üçün, dövlət və 
partiya basqılarına, repressiyalarına qulluq etdiyi üçün çoxumuzda ikrah yaratmışdı və Marksın adı 
allergiya doğururdu (ona görə də Marks sitatlarından bezmiş adam biləndə ki, Avropa fəlsəfəsində, 
məsələn, Adornonun, Markuzenin, Frommun, Fukonun, Derridanın əsərlərində «Marks» ən sayğılı 
adlardandır, çaşır ). 
 
 
 
Materiya 
 
Qədim fəlsəfə materiya haqqında 
 
Materiya kateqoriyası fəlsəfi düşüncəni əski çağlardan dolambaclara salan çoxlu problemlər vermişdir. 
Həm idealist, həm materialist adlanan fəlsəfələr onların üstündə yetərincə baş sındırıblar. 
Materiya latın sözü olub nəsnəliyi, cismaniliyi bildirir. Əski yunanlar ona «hile» demişlər. Bu sözün ilkin 
anlamı «ağac materialı» olub. Sonralar hile ərəbcədən «həyulə» kimi Ortaçağ müsəlman fəlsəfəsinə keçmiş 
və hətta türkdilli fəlsəfədə də işlənmişdir.  
İlkin soraq kimi bildirək ki, «materiya» anlayışının tutumu çox genişdir və bütün nəsnələri, onları 
bağlayan, ayıran ilişgiləri bildirir. 
Əski Yunanıstanda Fales, Anaksimandr, Anaksimen, Heraklit, Demokrit, Epikur tapmağa çalışırdılar ki, 
nəsnəl başlanğıc anlayışını necə açıqlasınlar ki, ondan ayrı-ayrı cisimlərin özgə, qıraq güc olmadan 
törədiyini göstərə bilsinlər. Yəni doğrultsunlar ki, materiya dürlü nəsnələri yaratmaq üçün özü-özünə 
yetərli olur, bəs edir. 
Fales belə hesab edirdi ki, nəsnəl başlanğıc kimi suyu götürəndə nəsnələrin ondan törəməsini, onda 
qaldığını göstərmək olar. 
Nəyə görə?  
Ona görə ki, maddi başlanğıc ayrı-ayrı nəsnələrdə cürbəcür görünüşlərə düşür. Suyun da cürbəcür 
görünüşlərə düşməsi var. Məsələn, su buza çevriləndə bərkiyir və əgər adam suyun buza, buzun suya 
çevrilməsini öz gözüylə görməsəydi, heç ağlına da gəlməzdi ki, onlar mahiyyətdə birdirlər. 
Eləcə də suyun buxara, buxarın suya çevrilməsi. Falesin fəlsəfəsindən belə çıxırdı ki, gerçəklikdə bütün 
nəsnələrin (cisimlərin) yaranması, dəyişməsi üçün əzəldə Suyun, bir də onda bərkişmə, seyrəlmə 
hərəkətinin olması bəsdir. Su bərkidikcə daha qalın, ağır maddələr (torpaq, daş, metal və s.), seyrəldikcə 
yumşaq, yüngül maddələr alınır. 
Heraklit ilkin maddə kimi (arxemateriya kimi) Odu götürürdü. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə