Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

 
111 
Hərçənd burada bir «əmma» var. Nəyə görə əxlaqında əyər-əskiyi olan bir adamın əxlaqi çağırışlarına 
etibar etmirik? Və hətta günümüzün sənətkarı da, eşidəndə ki, belədir, ondan soyuyuruq? Keçmişin 
sənətkarlarına gələndə isə onların masa arxasındakı əxlaqi arınmışlıqlarına tam etibar etmək zorununda 
qalırıq. Nəyə görə? 
Nə isə< başqa bir yerdə bu cür problemləri araşdırmağına dəyər. 
Bu yerdə isə Hegelin bayaq dediyimiz fikri üstündə dayanaq: sənət əsərində mücərrəd məzmun tam 
konkretləşir. Buradan o, gözəllik haqqında başlıca düşüncəsinə çıxır. İdeya özü-özlüyündə Doğrudur, 
Gerçəkdir. Ancaq Ruhda qalıbsa, nəsnələşməyibsə, nəsnədə görünüş, bilinti qazanmayıbsa, onun doğruluğu 
mücərrəddir, ümumidir. 
Bu İdeya konkret nəsnəni formalaşdıranda, nəsnələşəndə gözəllik yaranır. İdeya və onu göstərən nəsnə 
arasındakı uyğunluq dərəcəsini açmaq üçün Hegel artırır: hər hansı bir mənanın, məzmunun özünə uyğun 
formadan bilinməsi düzgünlükdür, yəni forma öz məzmununu düzgün göstərir. Ancaq bu məna idealdan 
uzaq, yanlış məna da ola bilər. 
İdeal isə Doğrunun – İdeyanın konkret formadan düzgün bilinməsidir.  
Hegelin başqa bir sonucu: İdeyanın düşüncə formasında düşünməklə anlamaq onu Doğru kimi 
anlamağa gətirib çıxarır və bu olur fəlsəfi axtarışlar. Deməli, fəlsəfə həqiqəti düşüncə yolu ilə əldə etməkdir. 
İdeyanın nəsnələr, olaylar görünüşündə, bilintisində qavramaq isə olur gözəlliyi qavramaq. Bu qavrayışa 
biz estetik yaşantı deyirik. 
 
 
Gözəllik və eybəcərlik 
 
Hegelin gözəllik haqqında bu açımı indi də önəmini saxlayır. 
Nə üçün nəsə bizə gözəl görünür? Ona görə ki, ondan bizim qavrayışımıza həqiqətin dolğunluğundan 
doğan mənalar axır. 
Burada Hegelə əlavələr vermək olar. Birincisi, Doğru, - nəsnədən, olaydan güclü (təsirli) bilinəndə 
gözəllik alınır. Deməli, həqiqətin elə-belə bilinməsi hələ gözəllik vermir. Estetik hadisə güclü, təsirli 
ifadəliliyi (bilintisi) olan hadisədir. Götürün gözəl, eybəcər, ucaman, alçaq (rəzil) nəsnələri, komik, faciəvi 
hadisələri, - onların hamısı estetik hadisələrdir. Ancaq onların hamısına bir ad, - «estetik hadisə», «estetik 
nəsnə» adını veririksə, deməli, onlar hamısı bir nöqtədə, bir anlayışda, bir ümumidə birləşirlər. 
Onları birləşdirən odur ki, hamısı ifadəli hadisələrdir, hamısı güclü, təsirli bilintidədir. Elə-belə görünüş 
eybəcər olmur, çünki eybəcər olan da bizə güclü təsir etməlidir. Elə-belə görünüş gözəl olmur, çünki gözəl 
olan da bizə güclü etgi göstərməlidir.  
Hegel yəqin deyərdi: bir nəsnə öz görünüşündən güclü şəkildə Yalanı göstərirsə, yağdırırsa, olur 
eybəcər. Ancaq indiki zamanda Hegelə belə bir əlavə vermək olar: gözəl nəsnələrdə, hadisələrdə bizim yaxşı 
saydıqlarımız, müsbət hesab etdiklərimiz güclü, təsirli şəkildə bilinməlidir.  
Bəs insan üçün müsbət olanlar hansılardır? Bilikdə doğru, əxlaqda yaxşı, ərənlik, yanımcıllıq və s., dində 
möminlik, həlimlik, siyasətdə azadlıq, demokratiya və s. 
Uyğun olaraq eybəcərlikdən, çirkinlikdən, bizə tərs mənalar, yəni böyük mənfiliklərdən doğmuş 
mənalar yağacaq («yağmaq» elə şiddətli bilinməyi anladır). Bilikdə yalan, əxlaqda xainlik, paxıllıq, 
amansızlıq və s. mənfi olanlardır. Dində küfr, siyasətdə fəndgirlik kim üçün pisdirsə, onu güclü bildirən 
davranışlar, hadisələr, adamlar eybəcər olacaq. 
İndi yenidən Hegelə qayıdaq. Deməli, yada salaq. Hegel «sənət nə olan şeydir?» sualına cavabdan 
başlayır. Bütün başqa cavabları bircə-bircə yoxlayıb qırağa qoyur, axırda gəlib çıxır belə bir cavaba: sənət 
İdeyanı-Doğrunu duyusal (duyuyabilinər) biçimlərdə, yəni konkret görünüşlərdə dolğunluqla bildirməkdir. 
Deməli, sənətdə əsas məsələ hansı məzmunun hansı formadan necə bilinməsidir. Əgər bu məzmun 
Doğrunun (İdeyanın) konkretləşmiş dolğunluğundadırsa və formadan tam, düzgün bilinirsə, onda bu sənət 
əsəri yetkin olur, gözəllik biçimini alır. Hegelin bir fikri də budur. 


 
112 
İkinci fikri isə odur ki, incəsənət tarixi heç də bütün çağlarda gözəllik biçimini qazanmış əsərlər 
verməmişdir. 
Nəyə görə? 
 
 
 
Hegel Əski Şərq sənətinin simvolik xarakteri  
haqqında 
 
Həmin suala cavab vermək üçün o başlayır incəsənət tarixi ilə məşğul olmağa. Göstərir ki, incəsənət 
tarixi özü-özünü axtaran, özü-özünü anlamaqla məşğul olan və bunun üçün də təbiəti, sonra da toplumu 
yaradıb, bu «kitablarda» özü-öz əməllərini «oxuya-oxuya» (seyr edə-edə) mücərrəd ideyalarını nəsnələrin, 
hadisələrin konkretliyində bilən Ruhun tarixidir.  
Millətlərin ruhuna çevrilmiş Mütləq Qut incəsənətin birinci çağında hələ özünü aydınca anlamır. Onun 
ideyaları hələ ki bəsbəlli, aydın tanımlı (təyin edilmiş) deyil. Düzdür, bu ideyalar səki xırdalıqlara bölünüb, 
ancaq onların nə «başı bəllidir, nə ayağı». Bu xırdalıqlar içi boş İdeyanı zənginləşdirən dolğunluq deyil, nəsə 
qarışıqlıq, aydınsızlıq törədən necə gəldilikdir, yığnaqdır. 
Ruhun ideyaları ilk öncə, bax, bu vəziyyətlərində sənət əsərinə keçib oradan bilinirlər. Məzmun qeyri-
müəyyəndirsə (bəllisiz, tanımsızdırsa), aydınca təyin edilməyibsə, formadan da elə bilinəcək.  
Hegel incəsənət tarixinin ilk pilləsindəki sənəti Simvolik sənət adlandırır. Bu çağında İdeya öz 
aydınlığını, dolğunluğunu tapa bilmədiyi üçün sənətdə özünə yaraşan, özünə tay forma, görünüş qazana 
bilmir. İdeya abstrakt olduğu üçün, özünün aramsız davamı kimi özünə doğma forma törədə bilmədiyi 
üçün təbiətdən nəsə bir şey, canlı götürüb özünə simvol edir. Simvol üçün elə bir nəsnə, edə bir canlı seçir 
ki, onlar hansı bir özəllikləri ilə isə İdeyaya xas filan cəhəti göstərə bilsin. Məsələn, şir üçün güc 
xarakterikdir. Ona görə də Simvolik sənətdə şir İdeyanın (Tanrının) gücünü bildirən rəmzə çevrilir.  
Ancaq yenə də < İdeya belə nəsnələrlə, olaylarla incəsənətdə ilişgiyə girməyə məcbur olanda bu yad 
şeylərdən əzab çəkməyə başlayır. Özündə öz aydınlığını tapıb rahatlanmadığı üçün, aydınlığa aydınca 
yığıla bilmədiyi üçün ölçüsüzlüyə düşür. Əsəbi, sinirli bir vurnuxmada başlayır özünə simvol kimi seçdiyi 
nəsnələri özünə uyuşdurmaq üçün dəyişdirməyə. Onları öz ucalığına, azmanlığına layiq etmək üçün 
dəyişdirir, şişirdir, onlara qeyri-təbii ölçülər verir. Şərq sənətinin nəhəng əjdahalarında, binalarında bunları 
yaxşı görmək olar. 
İdeya bu halında bəllisizdir, simvol kimi seçdiyi şeylərin görünüşü isə müəyyəndir, yəni bilirsən nədir. 
İdeya onları sənətdə özünə oxşatmağa başlayanda onların da görünüşcə aydınlığını (bəlliliyini) dağıdır, 
onlar əcaib, qeyri-müəyyən (bəllisiz) görkəm alır. Hegel güman ki, bu sözlərlə Şumer, Midiya, Skif 
əşyalarında olan əcaib heyvan, quş obrazlarını deyirdi və beləcə, hər Əski Şərq sənətini tipik Simvolik sənət 
sayırdı. 
Hegelə görə , Şərq sənətində panteizm var və bu panteizmin necəliyi də onun fikrini təsdiq edir. Yada 
salaq, panteizm hesab edir ki, Tanrı təbiətin bütün nöqtələrdə iştirak edir. Hegel söyləyir ki, Əski Şərqdə 
özünə nəsnələrdə görünüş, görüntü axtaran və bu nəsnələrə tamaşa edib özünü anlamaq istəyən Mütləq 
Ruh incəsənətdə hətta bekara şeyləri belə, özünə simvol seçir, onlara mütləq anlamlar verir (görünür, Şərq 
totemizmi, ilahi sayılan ilan, canavar və s. nəzərdə tutulur). 
İdeya hər şeyi zorla öz simvoluna çevirir. Sonucda İdeyanın mütləq mənası bu nəsnələrə keçib onlardan 
bilinmək istəyəndə bu uyğunsuzluq qroteskləşdirir, bayağılaşdırır, sirli qaranlıq gətirir. Sənət obrazları 
tapmacasayağı olurlar. 
Simvolik sənətin başlıca göstəricilərindən biri ucamanlıq, ülvilikdir. Deyəsən, Hegel üçün İdeyanı sirli 
aydınsızlıqda, qarmaqarışıq burulğanda bildirən şeylər ülvidir. Avropalı kimi o, Şumer-Akkad 
zikkuretlərini, Misir ehramlarını, Əski Hind tapınaqlarını, Çin paqodalarını əcaib, qrotesk sayırdı. Sonra isə 
onları Simvolik sənətə örnək göstərir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə