Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

tədqiqatçılar içərisində Şimali Qafqaz türkisi deyilən dil formasını (XVI əsrdən etibarən Şimali Qafqazda 
işlənən yazılı  ədəbi dili) Azərbaycan türk dili (-qa, -din, -qan kimi bir sıra formaları  və yerli leksikanı 
çıxmaqla) hesab edənlər var — məsələn, M. Cahangirov yazır: "...Şimali Qafqazda işlənən yerli türk 
dillərinin vəziyyəti və özümlü xüsusiyyətləri ilə çar idarələrinə göndərilən rəsmi sənədlərin dili (ifadə 
tərzi, üslub və s.) arasında oxşar cəhətlər azdır, fərqli cəhətlər çox; eyni zamanda və eyni nisbətdə, əsasən, 
Azərbaycan, qismən də türk (osmanlı) ədəbi dilləri ilə oxşar cəhətləri çoxdur, fərqli cəhətləri az".
 
 
Qədim və orta türk ədəbi dillərinin görkəmli tədqiqatçısı  Ə. R. Tenişev son məqalələrində 
türkinin tarixi mövcudluğunu XIX əsr və XX əsrin əvvəlləri ilə məhdudlaşdırır, bu isə o deməkdir ki:
 
 a) 
XI—XII 
əsrlərdən etibarən türk regionlarında formalaşıb işlənən dillər türkidən fərqli hesab 
edilir;
 
 b) 
XVI 
əsrdən etibarən türk ədəbi dillərinin milli əsaslar üzərində yenidən təşkili bu və ya digər 
dərəcədə inkar olunur.
 
 
Hər iki halda görkəmli tədqiqatçı ilə polemika aparmağa ehtiyac hiss edilir — türkinin tarixi 
mövcudluğunun bu cür məhdudlaşdırılması XI—XII əsrlərdən XVI—XVII, bir sıra hallarda XVIII əsrə 
(və ya sonraya) qədərki türk ədəbi dillərinin xarakterini düzgün qiymətləndirməyə imkan vermir və 
onların arasındakı bilavasitə varislik əlaqəsini, nəticə etibarilə, inkar edir. Və eyni zamanda milli türk 
ədəbi dillərinin təşəkkülündən sonra türkinin "meydana çıxması" belə bir təsəvvür yaradır ki, həmin milli 
ədəbi dillər ya öz ictimai-tarixi funksiyasını həyata keçirə bilmir, ya da onlar yerli-dibli yoxdur...
 
 
"Qafqaz—Kiçik Asiya türkisi" ideyası Azərbaycan türk ədəbi dilinin XI—XII əsrlərdən etibarən 
müstəqil hadisə olduğunu ancaq zahirən və formal mənada inkar edir, ona görə ki, bu regionda XVI 
əsrdən sonra tədricən formalaşan üç milli ədəbi dildən daha çox Azərbaycan türk dili milliliyə  qədərki 
dilin varisi, daşıyıcısıdır (Türkiyə türk və qumuq dillərindən fərqli olaraq).
 
 XVI 
əsrin əvvəllərindən (təxminən Ş. İ. Xətai dövründən) etibarən Azərbaycanda gedən ümumən 
dil (xüsusilə  ədəbi dil) prosesləri bir tərəfdən təcrid olunma, diferensiasiya istiqamətindədirsə, digər 
tərəfdən konsentrasiya istiqamətindədir — bu iki əks hal özünü XVI—XVIII əsrlərin dilində göstərir: 
ümumtürk fonetik, leksik və qrammatik xüsusiyyətləri (XVI əsrə qədər işlək olan formalar) arxaikləşir, 
XI—XII  əsrlərdən başlayaraq  əvvəl ümumxalq dilində, bunun ardınca isə  ədəbi dildə sistemləşən 
azərbaycanlılıq göstəriciləri XVI—XVIII əsrlərdə öz keyfiyyətini hiss etdirir (bu, diferensiasiyadır), eyni 
zamanda Azərbaycanda etnik konsolidasiya başa çatır və  nəticə etibarilə ümumxalq dilinin coğrafi 
sabitliyi və müəyyənliyi onun daxili bütövlüyü üçün şərt olub sürətlə  təşəkkül tapan milli ədəbi dilin 
əsasında durmasına təsir edir. Azərbaycan türk milli ədəbi dili milliliyə qədərki (köhnə) Azərbaycan türk 
ədəbi dilinə (XI—XII əsrlərdən XVI əsrə qədər Azərbaycanda işlənən ədəbi dil nəzərdə tutulur) nisbətən 
həm daha çox türkcədir, həm də daha çox orijinaldır.
 
 XVII—XVIII 
əsrlərdə formalaşan Azərbaycan türk milli ədəbi dili əhatəsində olduğu türk və 
qeyri-türk ədəbi dillərinə də yeni münasibət ifadə edir. Bu münasibət, hər şeydən əvvəl, onunla müəyyən 
olunur ki, fonetik, leksik-semantik və qrammatik — funksional sahələrdə müəyyənləşmiş milli sistemin 
immunitetivliyi güclənir, köhnə Azərbaycan türk dili üçün xarakterik olan paralelizm, variantlılıq milli 
ədəbi dil tərəfindən, prinsip etibarilə, inkar edilir. Şübhəsiz, bir mənanın (leksik, qrammatik və s.) bir 
forma ilə ifadəsinə meyil ədəbi dilin bütün tarixi boyu mövcud olur, lakin optimal vəziyyət milli ədəbi 
dilin təşəkkülü ilə meydana çıxır və ancaq bundan sonra maksimum normativlikdən danışmaq 
mümkündür.
 
 Azərbaycan türk milli ədəbi dilindəki "maksimum normativliy"in etnik-sosial şərti Azərbaycanda 
milli  ədəbi dilin təşəkkülünə  qədərki dövrdə etnik konsolidasiyasının keyfiyyəti ilə  əlaqədardır, bu cür 
konsolidasiya isə həmin tayfaların mədəni-mənəvi yaxınlığı əsasında mümkün olmuşdur. Əlbəttə, köhnə 
Azərbaycan türk ədəbi dilinin daşıyıcısı olan etnik sosium türk xarakteri etibarilə bir-birindən o qədər də 
fərqlənmir, hər iki ədəbi dil tipi, demək olar ki, eyni etnik mühitdə — oğuz və qıpçaq mühitində mövcud 
olmuşdur. Bu isə belə bir nəticə  çıxarmağa imkan verir ki, milli ədəbi dilin formalaşması etnik 
münasibətlərin xüsusi şəkildə sosial, kulturoloji normativləşməsindən asılıdır və ancaq həmin 
normativləşmə üçün tarixi şərait olduğu zaman milli ədəbi dil təşəkkül tapır, eyni zamanda milli ədəbi 
dilin formalaşma sürəti (müxtəlif keçid mərhələlərinin meydana çıxması) etnik münasibətlərin qeyd 
olunan sosial-kulturoloji normativləşməsinin, ümumən millətin təşəkkülünün sürətini əks etdirir.
 
 Azərbaycan türklərinin tarixi yaddaşa ehtiramı və hakimiyyətə, mərkəzləşməyə güclü meyili etnik 
konsolidasiya və milli özünütəşkil prosesində mühüm rol oynadığı kimi, ədəbi dil ənənəsinə sədaqətdə də 
özünü göstərmişdir — bunu (yəni etnik naturanı) nəzərə almadan XVII əsrdəki  ədəbi dil proseslərinin 
etnik-sosial məzmununu başa düşmək mümkün deyil.
 
 XVIII 
əsr Azərbaycan türk ədəbi dilinin tipologiyası norma və funksional üslubların 
dialektikasında müəyyən olunur... Bir sıra tədqiqatçılardan fərqli olaraq, biz bu fikirdəyik (və irəlidə 
görəcəyimiz kimi, faktlar da bunu təsdiq edir) ki, milli ədəbi dilin norması ilə yanaşı funksional üslub 
minimumu da XVII—XVIII əsrlərdə qərarlaşır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə