Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə11/42
tarix15.03.2018
ölçüsü5,61 Mb.
#32373
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
Dulqədirli. Bu el əsasən Maraş bölgəsində yaşayırdı. Bu elə mənsub olan tam köçəri oymaqlar qışda Amik ovasına, Hə­ləb dolaylarına və Çu­xu­r­o­vaya enirdilər. Dulqədirli elindən bir çox bölüklər İrana getmiş, ona mən­sub bir qol isə Diyarbəkir bölgəsindəki boz-uluslara qarışmışdı. Bundan baş­­­­­qa, yenə bu elə mənsub təşəkküllər Hələb türkmənlərinə məxsus oymaq­larla Yozqat bölgəsində yerləşmiş və Sivasın güneyindəki Ye­ni-eli meydana gətirmişlər. Hələ XVI əsrin əvvəllərində bu elin tərkibinə daxil olan oymaq­la­­rın Ankara bölgəsinə qədər gəldiyi bilinir. Kayseri və Qırşəhir bölgələri də bu elin yerləşmə sahəsi arasında idi. Daha sonralar onlardan mühüm bir qis­min (cərid, təcirli və ağcaqoyunlu) Çuxurovada oturaq yaşayışa keçdikləri mə­lumdur. Bu böyük el başlıca olaraq aşağıdakı boylardan mey­dana gəlmiş­di:

1. Anamaslı, digər adı qaracalı (bəzi obaları: yazır, sevinc­lu. Oruc bəylu, ulaşlu, urcanlu, qazanclu, söyləməzlu, yol ba­san­lu, qara xataylu).

2. Doqquz, digər adı bişanlu (bəzi obaları: karkın, qara­man­lu, kürd mih­madlu, avcı, dəmrək, hacılar, nəccarlu, doqquz qo­yunlu).

3. Kürəçilər.

4. Cərid (bəzi obaları: bayır cərid, qara hasanlu, oruc qazi­lu, mamalu).

5. Peçeneq.

6. Qavurcalu.

7. Elçi.

8. Döngələlu (?)

9. Küşnə.

10. Yuvalu (yaxud qara yuvalu).

11. Təkəlu.

12. Varsaq.

13. Ağça qoyunlu (ən mühüm obaları: çalışlu, musa hacılu - musacalu, qə­zanlu, həmidlu).

14. Eymir.

15. Çiməlu.

16. Qızıllu.

17. İmanlu əfşarı.

18. Çağırğanlu.

19. Avcı.

20. Gündəşlu.

21. Təcirlu (tacirlu).

Dulqədirli elinin Kars (Qədirli) yörəsində yaşayan təşək­kül­ləri isə bun­lardı: varsaq, dəmürçülü, qaramanlu, zəlmanlu, zakirlu, qavurcalu, geclik, əkinçilər. Sis (Kozan) sancağında isə savcı hacılu, əylənoğlu, suru damlu, qa­vurğalu və əfşar təşək­kül­ləri sakin idilər.

5. ÇUXUROVA

Bu bölgəni fəth edən üç-oxlar oturaq həyata keçərək qis­mən boy təş­ki­lat­larını itirmişlər. Bölgənin fəthində mühüm rol oy­namış yürəgirlər və kı­nıklar XVI əsrdə yerləşdikləri yerlərdə ancaq adlarını qoymuşlar. Hələ ta­mamilə çözülməyərək qəbilə təşkilatlarını mühafizə edənlər qara isalu, ku­sun, quş təmür, ulaş, göyçəlü və əlvan boylarıdır1.

Trablis-Şam: bu yörədə yaşayan türkmən icması salur, ey­mür qazilu, bo­ğayırlu, süleymanlu və s. oymaqlardan iba­rət­di.

Boz ulus: boz ulus Diyarbəkir türkmənləri, dulqədirli oy­maq­ları və Hə­ləb türkmənləri olmaq üzrə üç qoldan meydana gəlmişdir. Əski ağqoyunlu elinin qalığı olan Diyarbəkir türk­mənlərinin başlıca oymaqları bunlardı: ta­banlu, oğul bəylu, mo­­sullu, pürnək, Həmzə hacılu, qoca hacılu, İzzəddin ha­cı­lu, Süleyman hacılu, şeyxlu, danişməndlu, salarlu, çavundur, do­dur­qa, dö­yər, karkın, əfşar, bəydili, alpaut.

Dulqədirli oymaqları: cərit sultan hacılu, kürd, mihmadlu (doqquzdan), göyçəklu, küşnə, anamaslu, avcı, dodurğa, cəcə­lu, çiməlu, əfşar, qaraca ərəb­­lu, öymir, gündəşlu, çağırğanlu, qızıl qocalu, şam bayatı, karkın, mu­sa­ca­lu – Musa hacılu (ağca­qoyunludan).

Hələb türkməni oymaqları: köpəklu əfşarı, gündüzlü əf­şarı, xarbən­də­lu, bəydili, acurlu, inallu, bayat, qaraqoyunlu.

Yeni-el: Yeni-el Sivasın cənubundakı Mançılıq, Kürün və Həkim xan ara­sındakı bölgədə yaşayan oymaqların adıdı. Man­­çı­lıq ilə Kürün arasındakı əraziyə Uzun yayla deyilir. Həkim xanın şimal-şərqindəki və Alaca xanın cənub-şərqindəki Yel­lücə dağı da Yeni-elin ən məşhur yaylalarından biridir. Yeni-el maliyyə baxımından III Muradın anası Nurbanunun Üsküdarda tik­dirdiyi caminin vəqflərinə bağlanmışdı. Bu səbəblə sənədlər­də onlara «Üs­kü­dar türkməni» də deyilir. Onlar biri dulqədir­li­yə, digəri Hələb türkmən­lə­rinə mənsub olmaq üzrə iki qoldan meydana gəlmişdir. Hələb türkmən­lə­rinə mənsub qola yaban əri deyilir2. Çünki bu qol bölgədə ancaq yayda ya­şayır, qışda Hələb bölgəsinə enir. Dulqədirli qolu isə ümumiyyətlə, əkin­çiliklə məş­ğuldur.

Yaban əri* tayfasının çoxunun bəydili boyu­na mənsub oy­maq­lardan mey­­­dana gəldiyi məlumdur. Əsas ya­ban əri təşək­külləri bunlardır: bəydili, ba­yat, əfşar, bayındır, xarbəndəlu, qa­raqoyunlu.



Dulqədirli: çiməlu, musacalu - Musa Hacılu (ağcaqoyun­lu­­dan), boynu yoğunlu, kürd mihmadlu (doqquzdan), imanlu əf­şarı, baraq (cəriddən), ağ­caqoyunlu, tatar Əlilu, çağırğanlu, el­çi, təcirlü, nəccarlü (doqquzdan).

Yeni elin idarə təşkilatı 1278-ci ilədək (1858/1859) davam etmişdir.



Ulu yörük: ulu yörük əsasən Amasya, Tokat və Sivas böl­gə­lərində ya­şa­­maqda olub bu icmanın bəzi oymaqları qərbdə Ankara və Qırşəhir böl­gə­sinə qədər yayılmışdır. Ulu yörük üç əsas elata ayrılır: yüzdə para, orta pa­ra, şərq para.

Bu elatları təşkil edən oymaqlar bölük adlanır. Bölüklərdən hər biri mü­əyyən qışlaqlara sahibdir və orada əkinçilik edir. Bu icmanı meydana gəti­rən başlıca bölüklər bunlardır: il bəylü, çəp­ni, qulağuzlu, ağ salur, tatlu, gə­rampa, göyçəlu, şərəfəd­din­lu, cunğar (monqolca caunqar? - sol), ballu, ça­pan­lu, ikizlü, ça­vurçı, ustacalu (usta hacılu-ustaclu), dodurğa, özlü, qırıqlu, qa­ra fakihlu, turqutlu, ağcaqoyunlu (dulqədirlidən), əlibəyli, qu­zugüllü, qara keçilu, inallu (Hələb türkmənlərindən).



Boz-ox (bugünkü Yozqat bölgəsi): bura daha əvvəl də qeyd etdiyimiz ki­mi, qara tatar deyilən monqolların başlıca məskəni idi. Teymurun qara ta­tar­ların çoxunu özü ilə birlikdə Türküs­tana aparmasından sonra XV əsrin ilk illərində boz-ox türk­mən­ləri, yəni dulqədirli eli ilə Hələb türkmənlərinə mən­­sub tə­şəkküllər çətinlik çəkmədən burada yurd saldılar. Aşağıda yö­rə­lər üzrə sadalanacaq oymaqlar arasında tatarlardan başqa yer­li təşəkküllər olub-olmadığını dəqiq surətdə təsbit etmək bu gün çox da mümkün deyildir.

Gədük. Qara yəhyalu, dəlu Əlilu, ağcalu (ən mühüm obası: hacılar), ağ­qo­yunlu (dulqədirlidən), şam bayatı (dulqədirlidən).

Qaradaş: əlibəylü, ağcalu, təcirlu (dulqədirlidən), qızıl qo­calu (başlıca oy­maqlarından biri: əlişarlu).

Ağ dağ: qaralu, qırxlu, hisar bəylu, qızıl qocalu, söklən (ən böyük oy­ma­ğı: saruxəlillu).

Boğazlayan: çiçəklu, qulağuzlu.

İli-su: tatar (monqol), arslan bəylu, ağcalu.

Sorğun: zakirlu, qızıl qocalu.
6. ATÇƏKƏNLƏR VƏ QONŞU OYMAQLAR

Marko Polonun dediyi kimi, türkmənlər Orta Anadoluda cins atlar yetiş­di­rirdilər. Xüsusilə Konya bölgəsindəki türk oy­maqları, Qaraman oğulları və Osmanlılar dövründə də hər yer­də əl-əl gəzilən atlar yetişdirməkdə da­vam etmişlər. Onlar əv­vəl­lər vergilərinin yerinə at verdikləri üçün atçəkən ad­­lanmış­lar. Osmanlı dövründə at vergisi nəqd ödənməyə başlanmışdır. At­çə­­kənlər əsasən Larəndə (Qaraman), Akşəhir və Qoçhisar gölü arasındakı böl­gədə yaşayırdılar. Bu bölgədə üç yörəyə, ya­xud idarə məntəqəsinə (qəza­ya) ayrılmışdı: Əski el, Turqut və Bayburt. Əski el Qoçhisar gölünün cənub tərəfindəki tor­paqları ehtiva edir. Bu yörənin mərkəzi Qoçhisar gölü sahilinə yaxın yerdəki Əski el kəndi olub bu gün də mövcuddur. Köhnə səlcuqlu ana yolu üzərində olan Eşməqaya kəndi və atçəkən bəy­lə­rinin yaşadığı yerlərdən idi ki, bu bəylərin nəsli zəmanə­mi­zədək gəlib çıxmışdır. Konya bölgəsin­də­ki məşhur «Eşmə­qa­yanın qovaqları kölgəli» adlı mahnı da son bəylərdən bi­ri üçün yazılmışdır. Akşəhirin şərq tərəfindəki torpaqlara, Bay­burd­da­ Qa­r­a­manın şimalındakı əraziyə Turqut deyilir. Aşağıda bu yö­rə­lərdəki və Qa­ra­man elinə bağlı digər bəzi yerlərdəki əsas oy­maqların adları verilmişdir. Bun­ların arasında adı çəki­lən Tatar və Cəlayir adlı oymaqlar qara tatarların qalıqların­dan­dır. Əsil at­çəkənlər, yəni Əski el, Turqut və Bayburt yörəsin­dəki oy­maqların Sultan Səlim dövründə vergi ödəyən miqdarı­nın cəmi 1080 ev idi.



Əski el: quş təmür, sölmüşlü, xocəntli (Qaraman oğullarına mənsub bəy­­­­lərdən biri olan Xocənddən?), davudlar, qüreyş Məlikşah, boynu yumru, qurulu.

Turqut: kusunlu, yapa, çəpni, reyhanlı, sarıca əhmədlü, şah-bəy nö­kər­lə­ri.

Bayburt: əmir hacılu, oğulbəylu, kayı, farsaqlar, peçeneq, tatar (mon­qol).

Aksaray: bəktaşlu.

Qoş (qoç) hisar: bolqırlu, boz doğan, urunquş, hindlu cü­neydlu, cəlayir.

Ürgün: camallu, yuvalu.

Niydə: bərəkətlü, dündarlu, bulğarlu.

Dəvəlü: bəndər bəyi.

Dəvəlü Qarahisarı: yəhyalu.

Ilğın: muğal samaqarı, elçili (alçi?) tatarı.

İshaqlu: səlcuqlu, qondu, qutlu buğa tatarları, qapuçu tatar­ları, muğal ta­tarları.

Bu oymaqların bəziləri İç-eldən (bozqırlu, boz doğan), bə­zi­ləri də Tar­sus-Adana bölgəsindən (quş təmür, kursunlu, farsaq/varsaq, urunquş, dün­darlu, bulğarlu) gəlmişlər.



İç-el: İç-el səlcuqlular zamanında fəth edilməyə başlamış və qara­man­oğulları dövründə başa çatmışdır. Bu baxımdan bura­dakı türklər Çuxurova­da­kılardan fərqli bir siyasi keçmişə ma­lik­dirlər. Onlar tamamən qaraman­oğul­larının türkmənləri olub onların ən güvəndikləri ünsürü təşkil etmiş və əsas dayaq­ları ol­muşlar. İç-el II Bəyazid dövründə 6 yörəyə ayrılmışdı: Ər­mə­nək, Səlinti (bugünkü Qazi paşa), Gülnar, Silifkə, Qarıdaş və Mut. Bu­ra­dakı türk xalqının xeyli hissəsi tam oturaq həyat sü­rür, qalanları isə kəndləri olmaqla və əkinçilik etməklə bə­ra­bər oymaq təşkilatını hələ də qoruyurlar. Bunların əsasları aşa­ğıda­kılardır: boz doğan (Silifkədə), yıvalu, yaxud yuva­lu (Ana­mur­da), Oğuz xanlu (Səlinti və Anamurda), bozqırlu (Daşlıq Silif­kə­də), xoca yunuslu (Gülnarda), bəydili (Gülnarda), şamlu (Daş­lıq Silifkədə). Bu oymaqların başında duran ailələr qara­manoğullarının əmirləri arasında yer almışlar.

Bu oymaqlardan Daşlıq Silifkədə yaşayan bozqırlar öz adı­nı Bozqır adlı bir bəydən alırlar. Bozqır isə bozmaq (pozmaq – tərcüməçi) və qırmaq məs­dərlərindən yaranmış ola bilər. Çünki o zamanlar indi coğrafi mənada işlət­diyimiz bozqır (step, çöl - tərcüməçi) kəlməsi mövcud deyildi. Eynən bunun kimi, Konya qəzalarından biri olan Bozqır da öz adını oranı idarə etmiş baş­qa bir bəydən almışdır. XVI əsrdə bu bəyin nəslinin davam et­diyi məlumdur. Hələ II Bəyazid dövründə Bozqır qəzasında yarıköçəri də olsa, heç bir oy­mağa rast gəlinmədiyi kimi, xris­tian azlıq da yox idi. Bir çox yerlərdə ol­duğu kimi, yunanlar bu qəsəbəyə XIX əsrdə gəlmişlər.

İç-el osmanlı dövründə bitməz-tükənməz bir insan qaynağı idi. Buradan qonşu bölgələrə hər əsrdə köçlər olmuş və köçən­lər müxtəlif səbəblər üzün­dən oralarda zəif vəziyyətə düşən türk ünsürünü həmişə qüvvətlən­dirmişlər. Hələ II Bəyazid döv­ründə boz doğandan və bozqırludan mühüm qolların Or­ta Ana­doludakı Qoçhisar yörəsinə köçdükləri məlumdur. Yenə həmin dövr­də daha az əhəmiyyətli oymaqların da Təkə (Antalya) böl­gəsinə köç­dük­lərini bilirik. Kiprin fəthindən sonra İç-eldən vaxtaşırı bu adaya da köç­kün göndərilmişdir. Beləliklə, bu­gün­kü Kipr türklərinin xeyli hissəsi İç-el yö­rüklərinin nəvə-nəticə­ləridir.

İç-eldən sonrakı əsrlərdə də mühüm köçlər baş vermişdir. Bu köçlər xü­su­silə qonşu bölgəyə - Çuxurovaya olmuşdur. Bu­raya köçən oymaqların ba­şın­da boz doğan ilə ona mənsub mə­lə­mənçi, qara hacılu, kürkçülü və təkəlu obaları dururdu. Onlar cəlali üsyanları və digər səbəblər üzündən əhalisi çox seyrəlmiş Çuxurovadakı fateh türk xalqını qüvvətləndirmiş və ovanın yeni­dən məskunlaşdırılmasında mühüm rol oynamışlar.



Məntəşə. Məntəşə (indiki Muğla vilayəti) sancağında ya­rı­köçəri bəzi oy­­maqlar yaşayırdı. Bu oymaqları meydana gətirən qollara dəftərlərdə tir (ox) deyilir. Bu təbir ancaq bu oymağa məxsusdur. Məntəşə sancağında ya­şayan əsas oymaqlar bun­lar­dır: kayı, xorzum (hər halda Xarəzmdən), barza, qızılca yalınc, qızılca keçilu, İskəndər bəy. Buradakı barza oymağı oturaq bar­za və köçəri barza olmaq üzrə iki qol halında idi. Bundan əlavə bir günə-barza qolu da vardı. Həmid sancağında zikrədəyər ye­ganə təşəkkül qara­man­lu oymağıdır.

Aydın. Bu sancaqda qaracaqoyunlu adlı bir yörük toplu­lu­ğu müşahidə edi­lir. Onlar çox geniş bir sahəyə yayılmış olub çox kiçik oymaqlardan mey­­dana gəlmişlər. Arasında tarucular, əlliçilər, çullular kimi bəzi böyük oy­maqlar da vardı.

Kütahya. Bu sancağın ələlxüsus Dənizli yörəsində olduqca mühüm bir yörük topluluğu var. Topluluq aşağıdakı əsas oy­maq­lardan ibarətdir: kayı, ağ­­­qoyunlu, boz guş, qılçan, ağ keçi­lü, qaşıqçı, müsəlləmani-toylu, əfşar, ala yundlu. Bu oymaq­lar­dan ağqoyunlunun Qarahisari-sahib (Afyon) sancağın­da mü­hüm bir qolu olduğu məlumdur. Eyni sancağın Seyid Qazi yö­rə­sində də qaraqoyunlu adlı böyük bir oymaq yaşayır. Həm ağ­qoyunlu, həm də qa­raqoyunlu oymaqlarının eyni adlı türkmən boy və ulusları ilə qəbiləvi bir mü­­­nasibətləri olub-olmadığı ba­rədə bir şey söyləmək mümkün deyil.

Ankara. Ankara sancağının hər tərəfində yarıköçəri və əha­lisi az olan oy­maqlara rast gəlinir. Sançağın Qəsəbə qəza­sında yaylalu və əzizbəylu, qa­ra keçilu, tısbağa, Bəy bazarı, Siv­rihisar və Sultan önü qəzalarında da mü­hüm bir qisminin gənclu oymağının meydana gətirdiyi ulu yörük təşəkkülü (929, yəni şəmsi 1523-cü ildə vergi verən 3985 sakini olub) yaşayır. Tısbağa əski Osmanlı tarixlərində monqol kimi göstərilir. Qara keçililərə gəlincə, onların bu gün Əskişəhir bölgəsində yaşadı­ğını gördüyümüz qara keçililərin ulu babası olduqları anlaşılır. Ankara sancağındakı bu qara keçililər də ulu yörükə bağlı və Qırşəhir torpağında yaşayan böyük qara keçili oymağının bir qolunu təşkil edirdilər.

Anadolunun digər bölgə və yörələrində də XVI əsrdə bəzi ya­rıköçəri oy­maqlar yaşasa da, onlar böyük əhəmiyyət kəsb et­mədiklərindən burada zikr olunmalarına lüzum yoxdur. Yal­nız Çorum sancağına bağlı Qatar qəzasında tataranmuğal adlı mü­hüm bir təşəkkülün yaşadığını qeyd edək. Yenə eyni əsrdə Bol­u sancağında xorasanlu adlı bir oymaq da görünür.

Türkiyənin bu əsrdəki qövmi vəziyyətinə gəlincə, əlimizdə­ki təhrir dəf­tərləri sayəsində bunu təfərrüatına qədər təsbit et­mək mümkündür. Bu dəf­tər­lərə görə Türkiyənin Adalar dəni­zin­dən Fərata və Trabzona qədər olan ərazisində türk əksə­riy­yəti hakimdir, milli azlıqlardan yalnız yunan və er­mə­nilər var­dır. Xristian azlığın ən az olduğu bölgələr Qərbi Anadolu, Cə­nub-Qərbi Anadolu, Mərmərə bölgəsi ilə Şimal-Qərbi Qara də­nizdir. Zikr edilən bu bölgələrdə 1520-1530-cu illər arasında 540.963 türk evi, 4.471 xristian evi vardı. Konya, Niydə, Kay­seri və İç-el vilayətlərində isə türk evlərinin sa­yı 143.254, xris­ti­an evlərinin sayı 2.448 idi1. Şərqə getdikcə nisbətin də­yiş­­diyi müşahidə edilir. Məsələn, Maraş, Yozqat, Qırşəhir vilayətlə­rin­də 66.776 türk ailəsi, 2.687 xristian ailəsi yaşayırdı2. Həmin il­lər­də Çuxurova bölgəsində də mütləq türk əksəriyyəti müqa­bi­lində çox az miqdarda erməni əhalisi görünür3.

XIV əsrdən bəri Anadoludan İrana yönələn siyasi hərəkatlar (Əli Pad­şahdan Şah İsmayıla qədər) çoxlu türk əhalinin İrana getməsinə səbəb ol­muş­dur. Hətta XVI və XVII əsrlərdə də İrana xeyli türk get­miş­dir. Bu köç­lər öz təsirini ən çox Şərqi Anadoluda göstər­miş­dir və XV əsrdə «türkmən ölkəsi» adlandırılan bu bölgədəki türk əhali acınacaqlı bir vəziyyətə düş­müş­­dür. Osmanlı dövləti­nin kürd bəylərini öz yerlərində saxlamasının bu iş­də mühüm amil olduğu anlaşılır.

Qanuninin Naxçıvan səfərindən sonra (1548) 20.000 axça­lıq və daha çox gəlir gətirən iqtaların qapıqullarına verilmə­si­nin qanun halını alması ilə türk sipahilərinin tərəqqi imkanı or­tadan qalxmışdır. Ən kiçik əsgəri vəzifə­lər üçün qullar və ya on­ların oğulları tərcih olunurdu. Şayət, bu vəzifələr qul­­­lar və ya onların övladları tərəfindən tam tutulmurdusa, o zaman Ana­do­lu türkləri, digər qövmi ünsürlər tərcih edilərək xidmətə qə­bul olunurdu. Ərəb, laz, tat, sart4 kimi ünsürlər isə əsgəri xid­mətə qəbul edilmirdilər. Bir də qızılbaş olduqları üçün güvənil­məyən çəpnilərin əsgəri xidmətə götürül­məsi yasaqlanmış və əvvəlcə götürülənlərin də qovulması əmr edilmişdi5. Xülasə, XVI əsrdə dövlətin sevimli əsgəri zümrəsini qullar və onların uşaq­ları təş­kil edirdi, onlardan sonra Anadolu türkləri gəlirdi. Ancaq on­lara elə bir mühüm vəzifə tapşırılmırdı. Halbuki Ana­dolu türk­ləri də yeniçərilər ki­mi muzdlu əsgər olmaq istəyir­di­lər. Bu sə­bə­bə görə atasından sonra taxta çıx­­mağa hazırlaşan Qanuni oğlu Bəyazid onlardan asanlıqla 7 min nəfərlik muzdlu bir ordu yarada bilmişdi. Onun böyük qardaşı Səlim də atasının töv­si­yə­si ilə eyni şəkildə hərəkət etdi və Anadolu türklərindən muzdlu yeni bir ordu yaratdı. Şahzadə Bəyazid 1559-cu ildə üs­yana qal­xan zaman onun ətra­fın­da mühüm bir qüvvə toplan­mışdı. Bunlar Anadolunun timarlı sipahiləri və onların məiyyə­tindəki kəndli gənclərlə türk oymaqlarına mənsub adam­lardan ibarət idi. İkincilərin çoxu başlıca olaraq Qaraman elində ya­şa­yan boz­qırlı kimi oymaqlar ilə dulqədirli və Yeni-el türkmən­ləri idi. Bozqırların başında tayfaya öz adını vermiş Bozqır oğ­lu Hü­seyn bəy dururdu. Şahzadə Bə­yazidin əsas əmirləri Axsaq Sey­fəddin, Turqut oğlu Hüseyn bəy və Qu­duz Fərhad idi. Ana­dolu zaimlərindən olan Axsaq Seyfəddin zabit ağalığına, Tur­qut oğ­lu Hüseyn bəy silahdar ağalığına, Quduz Fərhad isə si­pahi ağa­lı­ğı­na təyin edilmişdilər1. Bunlardan Turqut oğlu Hü­seyn bəy Qaraman döv­lə­tinə mənsub böyük əmirlər ailəsindən biri olan turqutoğullarından idi. Türk­mən atlılarının başçısı, ma­hir mini­ci və möhkəm döyüşçü Quduz Fərhada gəlincə, o, ehtimal ki, dulqədirli və ya Yeni-el türkmənlərindən idi.

Tədqiqatçılar tərəfindən2 Bəyazidlə Səlim arasındakı müba­rizəyə Ana­do­lu xalqı və ələlxüsus timar sipahiləri ilə qapıqul­ları və ocaq rəhbərləri ara­sında siyasi bir haqq davası gözüylə baxılmaqdadır. Ancaq Səlimin də buy­ru­ğunda Anadolu xalqın­dan toplanmış bir qüvvə vardı. Hətta onlara yeniçəri ocağına qeyd ediləcəkləri vəd edilmişdisə də, Səlim hökmdar olduğu halda bu vəd yeniçərilərin müxalifəti səbəbilə yerinə yetiril­mə­di3. Ağılsız bir şah­zadə olan Bəyazid girişdiyi üsyan hərəkəti nəticəsində bir çox insanın ölü­münə, bir çoxlarının da pərişan bir vəziyyətə düşməsinə səbəb oldu. Üs­təlik, o, 12 minlik bir qüv­vəni də İrana aparmışdı. Onların çoxu, bəlkə də elə ha­mısı yurdlarına qayıtmayaraq orada qaldı4 və səfəvi qızılbaş ordu­su­nu qüv­vətləndirdi. Bu hadisənin nəticələrindən biri də İstan­bul­dan Anadoluya ni­zam və asayişi qorumaq üçün (daimi iqamət tutmaqla) yasaqçı adlanan ye­niçərilər göndərilməsi oldu5. Xalq isə bu qaba əsgərə nifrət edir, fürsət tap­dıqca onları öldürürdü.

XVI əsrin ikinci yarısından etibarən Anadoluda iki əsas ün­sür əndişə yaradırdı: mədrəsə tələbələri (süxtə, softa) və lə­vənd­lər. Anadoluda səlcuq­lular dövründən bəri təhsilə verilən əhə­miyyətlə XVI əsrdəki iqtisadi sıxıntı və döşürmə ocağının inkişafı kimi səbəblərdən mədrəsə tələbələri bu əsrdə görülmə­miş şəkildə çoxalmışdı. Bu tələbələr özlərinə münasib iş tapa bil­mə­diklərindən kiçik dəstələr halında mədrəsənin yerləşdiyi bölgə və yörə­lər­də hərəkətə keçmişdilər. Onlar əsasən cər, nə­zir və qurban adları ilə pul top­la­yaraq keçinirdilər. Onların mü­ba­­rizə hədəfi nifrət bəslədikləri hökumət mə­murları ilə yeni­çərilər idi6. Əvəzində qazılardan ümumi kömək aldıqları ki­mi xalq içində həm qohumluq, həm də başqa səbəblərlə özlərinə kö­mək­çilər tapırdılar. Mədrəsə tələbələri xüsusilə Amasya, Ço­rum, Kütahya, Kas­ta­mo­nu, Afyon, Manisa, Balıkesir, İsparta, Əlaiyyə və İç-el bölgələrində fəaliy­yətdə bulunurdular. Onların fəaliyyətinin qarşısını almaq üçün el əri təşkilatı yaradıldı. El ərləri camaatdan təşkil edilmiş məhəlli kiçik qüvvələr idi. An­caq onlar da məqsədə nail ola bilmədiklərindən mədrəsə tələ­bələrinin hərə­kə­tinin qabağı alına bilməmiş və qarışıqlıqlar uzun müddət davam etmişdir1.

Xüsusilə əhali artımı səbəbilə qida qıtlığı çəkən Anadolu türk kəndlisinə mənsub gənclərin bir çoxu mədrəsələrə daxil olur, bir qismi də torpağını tərk edib yaşadığı yerdən gedirdi. Cüt­pozan adlanan bu gənclərin bir çoxu iş tapmaq üçün şəhərə gedir, bir çoxu da sancaq bəyi və bəylərbəyilərin xid­mə­tinə da­xil olur və onların qapı camaatını təşkil edirdilər2. Bu cütpo­zan­la­rın bir qismi isə iş tapa bilmədikləri üçün dəstələr təşkil edib soyğunçuluqla məşğul olurdu. Bunlara ləvənd (cəmi: lə­vən­dat) adı verilirdi3. Məşhur Kor­oğlu Rövşənin də bu dəstə­lər­­dən birinin başında duraraq 989 (1581) tarixin­də Gərədə ilə Bolu arasında soyğunçuluq etdiyi məlumdur. Bu tarixdə cəlali kimi tapınan Koroğlunun 992-ci ildə (1584) fəaliyyətini davam etdirdiyi, əs­gəri məmur və qazıların isə qorxudan onun əməl­lərini gizlədikləri bil­di­ri­lir4. Koroğlu haqqında hələlik əlimizdə başqa sənədlər yoxdur. Ana­dolu qazı si­cilləri araşdırılsa, ona dair vəsiqələr əldə edilməsi ehtimalı var. Koroğ­lu­nun tarixi şəx­siyyətinin təsbit edilməsilə dastanda rastlanan Bolu bəyinin mə­həl­li əsilzadə bir bəy, yaxud bir dərəbəyi deyil, bir osmanlı sancaq bəyi olduğu anlaşılır. Ehtimal ki, hökumət qüvvələrinin sıxışdırması nəticəsində yurdun­dan çıxaraq Tokat-Sivas ana yolu üzərindəki Çamlıbel dağına getmiş və dost­ları ilə birlikdə burada karvan soymağa başlamışdır.

Tokat-Sivas yolunun o əsrdə ən işlək ticarət yollarından biri olduğunu bi­lirik. Bu yoldan İran (Əcəm) karvanları da keçirdi. Koroğlunun həyatı nə vaxt, necə və harada sona çatmışdır? Bu xüsusda əlimizdə tarixi məlumat yoxdur, dastanlardan da bir şey anlamaq olmur. Onun Qara Yazıçı və Qə­lən­dər oğlu tə­rə­fin­dən başlanan cəlali üsyanları zamanı sağ olub-olma­dığı və onlarda iştirak edib-etmədiyi də bilinmir. Koroğlu «Osmanlı düş­məni» olduğu üçün sənədlərdə də qeyd edildiyi kimi, tam bir cəlali xarak­te­rini da­şıyır. Onun daha böyük cəlalilər du­rar­kən unudulmayacaq şöhrət qa­zan­ma­sında və nəhayət, dastan qəhrəmanı olmasında igid insanlara xas əsas key­fiyyətləri ilə birlikdə şairliyi də mühüm bir amil olmuşdur. Hər halda onun şairliyinə şübhə edilməməlidir. Koroğlunun gözəl Ayvaza olan sevgisi də uzun illər dağlarda keçən subay cəlalilik həyatının bir nəticəsi olmalıdır.

1577-ci ildə başlayan İran müharibəsi gözlənildiyinin əksi­nə 12 il davam etdi. Bu müharibənin axırında Osmanlı imperi­yasının sərhədləri Xəzər dəni­zi­nə çatsa da, bu, çoxlu insan və pul bahasına başa gəlmiş və Anadulunun türk xalqı daha ağır sə­falət içinə düşmüşdü. Koroğlu, ispartalı Nəsli oğlu Məh­məd Çavuş, kürd Gizir oğlu Mustafa bəy və digər cəlalilərin ortaya çı­xa­raq uzun illər soyğunçuluq etmələri də bu hərbin uzun sür­məsi ilə əlaqə­dardır. Bu arada, müharibənin başladığı 1577-ci ildə Boz-oxdakı şam bayatı oymağına mənsub bir türkmən özünün ölən və ya öldürüldüyü iddia edilən İran şahı II İsmayıl olduğunu söyləyərək başına qızılbaş türkmənlərdən çox­lu adam yığıb hərəkətə keçmiş, hətta Qırşəhir bölgəsindəki Hacı Bəktaş tür­bəsində böyük bir qələbəlik önündə mərasimlə qurban kəsil­mişdi.

İran hərbi zamanı Anadolu kəndliləri kimi türkmənlər və yörüklər də hö­kumət məmurlarının təzyiqinə məruz qaldılar. Yu­xarıda bəhs edilən yalan­çı Şah İsmayıl hərəkatı da şübhəsiz, vergi almaq işində yol verilən təzyiqə re­aksiya idi. İranla mü­ha­ribədən sonra dövlət özünə gəlməmiş 1593-cü ildə başlayan Avstriya səfərinin uzanması böyük cəlali üsyanlarını doğurdu. Adə­­tən bu üsyanların başında qapıqulu ordusunun süvari his­sələrində xid­mət edən və ya bəylərbəyi və sancaq bəylərinin ya­nında bölükbaşılıq, çavuş­luq, sübaşılıq kimi vəzifə daşıyan ki­çik rütbəli Anadolu türkləri dururdu.

İlk böyük cəlali üsyanı Qara Yazıçı ləqəbli Əbdülhəlim tə­rəfindən baş­landı. O, bəylərbəyinin və sancaq bəylərinin yanın­da xidmət etmiş bir bö­lük­başı idi. Osmanlı salnaməçilərinin sö­zü ilə desək, Qara Yazıçı osman­lı­nın Anadoludakı hakimiy­yətinə son qoymaq istəyirdi. Ancaq aparılan araş­dırmalar Qara Yazıçının belə bir məqsəd güddüyünü təsdiq etmir1. Qaraman elindəki atçəkənlərdən Turqut qəzasındakı davudlar oymağına mənsub bir şəxs 1595-ci ildə belə bir məqsədlə ortaya atılmış­dı. O özünün səlcuqlu hökm­darı Əlaəddinin nəslindən olduğunu iddia edərək hökmdar olacağı təq­dirdə xalqı ədalət və qanunla idarə edəcəyini söyləyir, zülm yoluna sapan os­manlı haki­miy­yətinə son qoymağa çağırırdı2. Ancaq Qaraman camaatı arasın­da nə onun, nə də başqalarının ətrafına mühüm sayda qüvvə toplaması mümkün olmurdu.

Qara Yazıçı əvvəlcə Urfa ətrafında hərəkətə keçdi (1599). Keçmiş Hələb bəylərbəyisi Hüseyn paşanın da ona qoşulduğu məlumdur. Avstriya ilə mü­haribə davam etdiyi üçün cəlali baş­buğu* bağışlanaraq əvvəlcə Amasya, son­­­ra isə Çorum sancaq bəyliyinə təyin olundu. Ancaq Qara Yazıçı başına yı­­ğılmış lə­vənd, yaxud səkbanları dağıtmır, onları bəsləmək üçün ətrafa «rey­də» çıxırdı. Buna görə Sokolluzadə Həsən paşa onun üstü­nə göndərildi. Qara Yazıçı onun qələbəlik bir cəlali qoşunu ilə qarşıladı. Təvil Əhməd, Qa­raqaş Əhməd, Yularqırdı, Təkəli Məhmət, Dəli Zülfüqar, Dündar, Təpə­si­tüklü, Yıldızlı İbrahim, Kafir Murad, Gizir oğlu, Arabaçı Süleyman kimi dövrün bütün məşhur cəlali bölükbaşılarının çoxu Qara Yazıçı kimi atlı bö­lük alaylarından, yəni seçmə qapıqulu birliklərindən və ya bəylər­bə­yi, san­caq bəylərinin məiyyət məmurlarından idilər. Hacı İb­rahim paşa koman­dan­lığındakı osmanlı qoşununu Qara Yazıçı Kayseri yaxınlığında məğlub eləsə də, Sokolluzadə Həsən paşa ilə Göksün yaylasında girişdiyi savaşda özü məğ­lub oldu. Sa­vaşdan sonra yanındakı cəlalilərlə Canik dağla­rı­na (Sam­su­nun şərq tərəfi) sığınan Qara Yazıçı orada öldü. Qardaşı Dəli Həsən onun xə­­ləfi oldu. O, Canik dağlarından enərək Tokatdakı Hə­sən pa­şanı müha­si­rə­yə aldı. Həsən paşa qış olduğu üçün əsgəri tərxis eləmişdi. Cəlalilər onu tü­fənglə vurub öldürdülər. Onlar bu əsnada Həsən paşanın Bağdaddan gələn ağır xəzinəsini ələ keçirib başçılar arasında bölüşdür­dülər. Ancaq illərdən bə­­ri su­bay həyatı keçirən bu adamlar Həsən paşanın hərəm­xanasına to­xun­mayaraq onu Divrigiyə göndərdilər. Bundan sonra Dəli Hə­sən böyük bir cə­la­li küməsi ilə qərbə doğru hərəkət etdi. Bu, ələlxüsus Ana­dolu kəndlisinə müd­hiş bir fəlakət gətirdi. Böyük əksəriyyəti kəndlilərdən ibarət olan cəlali­lər ətrafa yayılaraq kəndləri yağma və talan edir, camaatın ərzağını və mal-qarasını əlindən alırdılar. Onların yaxınlaşdığını eşidən kəndlilər dağla­ra çə­kilir, şəhərlərə sığınır və başqa yerlərə gedirdilər. Bu ara­da diqqəti cəlb edən xüsus dağlara çəkilən kəndlilərdən bəzi­lə­rinin ailəsini orada qoyaraq cəla­li­lərə qoşulmasıdır. Bütün bunlar kənd­lilərin uzun zamandan bəri yaşadığı iztirablı həya­tın nə­ti­cəsidir.

Dəli Həsən məiyyətindəki qələbəlik cəlali dəstə­si ilə bir sel kimi dəhşət saça-saça Kütahyaya qədər gəldi. An­caq çox keç­mədən burada dövlət ilə ra­zı­lığa gələrək əmrin­də on min adam olduğu halda Rumeliyə keçdi. Ona Bosniya bəy­lərbəyi­li­yi, yed­di dostuna da Rumelidə sancaq bəyliyi verilmiş, 400 cə­lali bö­lük­başısı isə qapıqulu atlı zümrəsinə daxil edil­miş­di. Dəli Hə­sənlə birlikdə Rumeliyə keçən cəlalilərin qiyafət və sursat­la­rı haqqında sal­na­məçilərin istehzalı sözləri bizə onların necə acı­nacaqlı bir yoxsulluq için­də olduqlarını göstərir. Onlar dər­hal müharibəyə göndəril­dilər. Bu yoxsul adamlar orada mərd­lik­lə vuruşmaq istədikləri üçün ağır itkiyə məruz qal­dı­lar. Mü­ha­ribə başa çatanda cəlalilər 6.000 şəhid vermək üzrə şəxsi he­yətin üç­­də ikisini itirmiş­dilər. Bu arada Anadoluda qalmış cə­lalilər müxtəlif bö­lük­lərə ayrılaraq əvvəlkinə nisbətən daha qor­xunc bir yağma və yıxıcılığa qur­­şanmışdılar1. Dəli Həsən ki­­­mi digər məşhur cəlali rəislərinə də əhəmiy­yətlərinə görə məmur vəzi­fələri veril­diyi halda bu hərəkətlər sona çatmır, ək­­sinə, getdikcə daha şiddətli bir hal alırdı.

1603-cü ildən 1607-ci ilədək Anadolunun bir çox bölgəsi Qara Yazıçı­dan daha təh­lükəli yeni cəlali rəislərinin hökmü al­tında idi. Bunlardan ən qüv­vətlisi Şimali Suriyaya hakim olan Canpolad oğlu Əli paşa idi. O, qə­dim­dən bəri Kilisi yurdluq kimi idarə edən kürd mən­şə­li bir ailənin övladı idi. 30 min nəfərlik təşkilatlı bir ordu ya­ratmış, adına pul kəsdirib xütbə oxut­­maq surəti ilə istiqlalını elan etmişdi.

Canpolad oğlu Əli paşadan sonra Qələndər oğlu Məhmət gə­lirdi. An­ka­ralı olan Qələndər oğlu 1592-ci ildə 80 nəfərlə cə­lalilik etdikdən sonra yol­daşlarının çoxu kimi bəylərbəyinin ya­nın­da məiyyət çavuşluğu, mütəsəllim və kəndxudalıq vəzifələ­rində çalışmış, Çağalazadə Sənan paşanın İran səfə­rin­də ona san­caq bəyliyi verilsə də sancağını əldə edə bilmədiyi üçün tək­rar cəlali olmuşdu. O, İç-eldə yaşayan digər bir cəlali başbuğu Müsli Çavuşa yaz­­­dığı məktubda osmanlını fitnəkar, sözündən qaçan adlandırır və osman­lının zülmü bir sənət halına gətirdi­yin­dən bəhs edərək «Üsküdardan etibarən bütün Anadolunu osmanlıdan azad etmək» qərarında olduğunu bildirirdi. Məşhur bozqırlı boy bəyi ailəsindən olan Müsli Çavuş isə İç-el və La­rən­də tə­rəfə hakim kəsilmişdi. Bunlardan başqa Adana bölgəsi Cəmşidin, Saruxan sancağı Yusif paşanın, Trablis-Şam dulqə­dir­li türkmənlərindən Seyf oğlu Yu­­sifin, Sivas tərəfləri məşhur Təvil Əhmədin qardaşı Meymunun hakimiy­yəti altında idi. Və­zir-əzəm Murad paşa əvvəlcə Canpolad oğlunu məğlub et­dik­­dən sonra aldatmaq üçün paşa ünvanı ilə Ankara sancağını ver­diyi Qə­ləndər oğlu üzərinə yürüdü. Bu əsnada Qələndər oğlu Məhməd paşa ətrafına çoxsaylı qoşun toplamış, əsas cəlali bö­lükbaşıları onun yanına gəlmişdilər. Bunlar Ağacdan piri, Bal­dırı qısa, Dağlar Dəlisi Süleyman (Bəyşəhirin Qo­vaq kəndin­dən), Qara Səid (ərəb), Kürd Heydər, Arnavut Hüseyn və baş­qaları idilər.

Cəlalilər igidliklə vuruşdular, ancaq top atəşinə qarşı dura bilməyərək məğ­lub oldular (1609). Onlardan, mühüm bir qismi İrana getdi. İrana gedən­lərin sayı mövcud qənaətin əksinə çox olub Təbrizə çatanda 13.005 nəfər idi. İrana bu qədər çox cəla­li­nin getməsi Murad paşanın onlara qarşı göstərdiyi amansız­lı­ğın nəticəsi idi. Həqiqətən, xorvat mənşəli Murad paşa əlinə ke­çən cəlaliləri aman verməyib öldürdür, quyulara doldurtdu­rur­du. Hətta bu xü­sus­da uşaqlara belə mərhəmət göstərmirdi. Be­ləliklə, həm vuruşlarda, həm də sonradan tutularaq öldürülən cəlalilərin sayı 30 mindən artıq idi. Quyuçu Murad paşa bu hə­rəkətlə Anadolunu nisbi bir asayişə qovuşdurmağa müvəf­fəq ol­muşdu. Ancaq rəhm və mərhəmət göstərməyərək bu qədər çox cəlali­nin müharibə aparılan bir ölkəyə getməsinə səbəb ol­ması bəzi dövlət adam­ları tərəfindən tənqid edilmişdi. Murad pa­şanın ölümündən sonra onun yeri­nə keçən Nasux paşa əfv­namələr göndərərək İrandakı cəlalilərdən əksəriy­yətinin ölkəyə qayıtmasına nail olmuş və onlar dövlət xidmətinə qəbul edil­mişlər.

Cəlaliliyin Anadoludakı iqtisadi sıxıntılar nəticəsində mey­dana gəldiyi açıq bir gerçəkdir. Ancaq inkişaf etmiş döşürmə ocağı və türk xalqının mər­hum olduğu siyasi haqlarını əldə et­mək qayəsi də bu səbəblər arasında vardı. Türk qövmü əsgərlik ruhunu və siyasi ənənələrini qüvvətlə davam etdirdiyi üçün onun İran və ərəb ölkələrindəki xalqın vəziyyətinə düşməsi, əl­bəttə, müm­kün ola bilməzdi. Nəticədə, cəlalilər döşürmə oca­ğı­nın getdik­cə öz əhə­­miyyətini itirməsinə səbəb olaraq öz qa­yə­lə­rinə qismən də olsa çatdılar və bağlı yolu açdılar. Xüsusən qa­pı­qulu ocağının atlı birliklərini tamamilə əl­lərinə keçirdilər və ara­larından bir çox sancaq bəyi və bəylərbəyi rütbəsinə çat­dı. Fatehlə birlikdə hakimiyyətə gələn döşürmə zümrəsi XVII əs­rin ikinci yarısına qədər dövlətə hakim oldu, əsrin sonlarına doğru əhəmiyyətini tama­milə itirdi. Bu tarixdən etibarən dövlə­tin başında tez-tez türk mənşəli vəzir-əzəmlər görünməyə baş­ladı.

Bütün bunlarla birlikdə cəlalilik Anadolunun bağrında sa­ğalması müm­kün olmayan dərin yaralar açmışdı. Yağma və da­ğıntıdan, onların meydana gə­­tirdiyi aclıq üzündən kəndlər və qə­səbələr boşaldı. 1603-cü ildən etibarən bu hadisə dəhşətli xa­rakter aldı. Aclıqdan və soyuqdan çoxlu adam öldü. Bu səbəb­dən kəndlərin mühüm bir qismi xaraba, tarlalar əkilməmiş qal­dı, Ana­doluda bəzi hüdud və sərhəd bölgələr istisna olmaqla, bu hadisə hər yanda öz sarsıdıcı təsirini göstərdi. Ən şiddətli da­ğıntı isə Sivasdan Kütahya və Af­yona qədər geniş Orta Ana­dolu bölgəsində və Çuxurovada baş verdi. Çu­xur­ovanın mü­hüm bir hissəsində bu hadisədən sonra XIX əsrin ikinci yarı­sına qədər bir daha əkin əkilmədi. Xülasə, cəlali hərəkatları Anadoluda həm əha­li, həm də ərazi cəhətdən böyük boşluqlar yaratdı. Eyni zamanda hər yerdə qədim böyük türk ailələrinin bir çoxu məhv olub getdi.

Cəlali hərəkatları Ulu-Yörük (əsasən Sivas-Amasya bölgəs­i) boz-ox oy­maqları, Ankara yörükləri, Konya bölgəsində yaşayan atçəkənlər kimi Orta Anadoluda yaşayan elatların da da­ğıl­masına səbəb olmuşdu. Bu hərəkatların nisbətən sona çatdığı döv­rün axırlarında qışda Mardinin güneyində çöldə qışlayan və yazda Ərzurum-Ərzincan arasındakı yaylaq­larda yaşayan əski ağqoyunlu elinin qalıqları olan boz ulus da Orta Anadolu böl­gə­sinə köçdü (1022 h.-1613 ş.). Köhnə yurdda bu elin çox az qis­mi qalmışdı. Boz ulusun öz yurdunu tərk edərək Orta Ana­doluya gəlməsinin hansı səbəb və ya səbəb­lərlə bağlı olduğu haq­da vəsiqələrdə heç bir qeydə rast gəlmirik. Bununla bəra­bər, bu gəlişin ən başda daimi bir əhali artımının səbəb olduğu yaylaq sı­xıntısı ilə əlaqədarlığı qüvvətlə ehtimal edilir.

Əslində, boz ulus hələ XVI əsrdə yerli idarəçilərin torpağı əkdirməsi və kəndlər salması nəticəsində yaylaqlarının daral­ma­sından şikayət edirdi. Hö­kumət boz ulusun Orta Anadoluya gəlməsindən razı qalmadı, Anadolu və Qa­raman bəylərbəyi­lə­ri­nə fərmanlar göndərərək boz ulusun əvvəlki yerlə­ri­nə gön­də­ril­məsini əmr etdi. Ancaq bu əmr heç vaxt tətbiq edilmədi və boz ulus Anadoluda qaldı. Yalnız xeyli sonralar ona bağlı bəzi oy­maqlar vergi borc­­ları üzündən Adalar dənizi sahillərinə və Ba­lıkesir tərəflərə qədər get­dilər və ora­larda yerləşib qaldılar. Or­ta və Qərbi Anadoluda türkmən adlı oy­­maqların görünməsi də boz ulusun gəlişi ilə bağlıdır.

İkinci Vyana mühasirəsi nəticəsində Avstriya və müttəfiq­ləri ilə baş­la­yan müharibənin uzanması üzündən əsgər çatış­maz­lığı hiss edilirdi. Əvvəlcə türk oymaqlarına ordusunda yer verməyən dövlət 1102-ci ildə (1690) Avs­tri­­yaya qarşı səfər üçün türkmənlərdən də əsgər istədi. Boz ulus, Hələb türk­mən­ləri, Yeni-el, dulqədirli və digərləri bu səfərdə iştirak etsələr də, Salan­ka­men vuruşmasında (zülqədə, 1102-avqust, 1691) top atə­şinə davam gətir­mə­yərək kürdlərlə bərabər müharibə mey­da­­­nından uzaqlaşdılar.

Həmin il dövlət tərəfindən türkmən oymaqlarının dağıntıya uğramış böl­gələrdə yerləşdirilməsi işinə girişildi. Orta Anado­luya gəlmiş olan boz ulus dörd elata ayrılmışdı. Birinci elat An­karanın cənub-şərqindəki Bala qəzası daxilində və ona qonşu olan yerlərdə yaşayırdı. Bu qolun başında tabanlu boyu durdu­ğu üçün bu qola bəzən Tabanlu müqətəsi də deyilir. Bu qolu idarə etmiş olan boy ailəsi Balanın Üçəm kəndində yaşamış, nəsli bu günə qədər davam etmişdir. Boz ulus bəylərinin mə­həl­li idarəçilər və mərkəzlə yazışmalarına dair çoxlu sənəddən ibarət zəngin arxiv ailədə qorunmaq üzrə zamanımıza qədər gə­lib çatmışdır.

Boz ulusa bağlı qaraca kürd türkmən oymağı ilə türkmən qurudlu və di­gər bəzi oymaqlar Qırşəhrdə yurd saldı, bu elə mənsub bir neçə oymaq isə Nevşəhrdə və ətrafda yerləşdi.

İkinci boz ulus qolu Akşəhr - Ilğın ətrafında və ona yaxın yerlərdə yurd salmışdı. Bu qol əsasən həmzə-hacılu, əfşar, küş­nə, şərəflu, danişməndlu və digər oymaqlardan meydana gəl­miş­dir. Üçüncü boz ulus qolu Afyon və Kü­tahya sancaqlarında yaşayırdı. O, əsasən oğul-bəylu, köçəklu, izzəddinlu, kürd-mih­madlu və gündəşlu oymaqlarından ibarət idi. Onlar bu san­caqlar da­xilində, bəzi obaları isə Balıkesir və Saru-Xan tərəf­lər­də oturaq həyata keç­dilər.

Dördüncü boz ulus qolu isə Aydın sancağında sakin idi. Onlar da bu san­caq daxilində yerləşib qaldılar. Orta Anadoluda türkmən adını daşıyan kəndlilərin çoxu boz ulusa mənsub­durlar.

1102 (1691)-ci ildə dövlət beş bölgədə yerləşdirmə hərəkə­tinə girişmişdi. Bunlardan biri danişməndlu adlı böyük türkmən təşəkkülünü Aydın, Balı­ke­sir, Afyon, İsparta və Dənizli vila­yət­lərində yerləşdirmək idi ki, bu, müvəf­fəqiyyətlə həyata ke­çi­rilmişdir. Bu böyük danişməndlu təşəkkülünün bizim boz ulusa mənsub olduğu bilinir.

XVI əsrin birinci yarısının ortalarında Çuxurovada Misis­dən Gavur dağ­larına qədər uzanan torpaqlar qonşu yörələr kimi tamamilə əkilirdi. Ancaq XVI əsrin sonlarında və XVII əsrin bi­rinci yarısındakı qarışıqlıqlar üzündən bu bölgənin xalqı da dağılmış və bura tamamən qeyri-məskun hala gəlmiş­dir. Bəhs edilən tarixdə (1102-1691) iyirmiyə qədər dulqədirli oymağı bu bölgədə (Ayas, Bərəndi, Kınık) yerləşdirilsə də istənilən nəticə­yə varılmadı. Bu işdə qızdırma və digər yolu­xucu xəstəliklərin böyük rolu oldu. Həmin səbəbdən bura XIX əsrin ikinci ya­rı­sında Firqeyi-İslahiyyə gələnədək oy­maqlar üçün sadəcə olaraq bir qışlaq vəzifəsini yerinə yetirdi.

Üçüncü yerləşdirmə yeri isə Hələbin şimalındakı Mənbiç bölgəsi idi. Bəzi il-bəylilər buraya yerləşdirildilər. İl-bəyli oy­mağı güneyli deyil, görün­düyü kimi, Sivas-Amasya bölgəsində yaşayan ulu-yörük elatının orta-para qoluna mənsub bir təşək­kül idi, əskidən bəri o bölgədə yaşayır və əkinçiliklə məşğul olur­du. Çoxlu köçəri oymaqlar varkən əskidən bəri öz yur­dun­da əkin­­çilik edən və Mənbiçdən uzaqda yaşayan bir oymağın buraya yerləş­di­rilməsinin səbəbi dəqiq bilinmir.

Hafizələrdə bu yerləşdirilmənin əslində sürgün olduğu fikri yaşayır. Baş­da bəydililər olmaq üzrə cənublu təşəkküllər tərə­findən il-bəylilərə yad bir oymaq gözü ilə baxılması və türk­mən sayılmaması onların məhz ulu-yö­rüklərə mənsub olması və Şimali Suriyaya bu köçürmə nəticəsində gəl­mə­ləri ilə bağ­lıdır. İl-bəylilər bu gün də yerləşdikləri həmin yerdə (az bir qis­mi Türkiyədə olmaq üzrə) tamamilə torpağa bağlanmış halda, oymaq adlarını mühafizə edərək yaşayırlar. Ancaq Mənbiçə yer­ləşdirilənlər il-bəyilərin ha­mısı deyil, onların ancaq bir bö­lüyü idi. Onların digər bir bölüyü isə Si­vas-Amasya bölgə­sin­dəki yurdunda əskidən bəri kəndlərdə yerləşmək su­rətilə qalmış və öz adını hələ də unutmamışdır.



Osmanlı dövlətinii həmin il girişdiyi yerləşdirmə təşəbbüs­lə­rin­dən biri də Hələb türkmənlərinə mənsub olan bəzi oymaq­larla Hama, Xümus və Trablis-Şam bölgəsində dağınıq olaraq ya­şayan oymaqları Hama və Xümus arasındakı boş və xarab torpaqlara yerləşdirmək idi. Doğrudur, bu oymaqlar oraya yer­ləş­dirildilər, lakin bu işdən müsbət bir nəticə alınmadı. Bu oy­maq­lardan bir qismi dövlətin müharibə ilə məşğul olmasından is­­tifadə edərək yerləşdirmə bölgəsindən çıxaraq Anadoluya get­­dilər. Bir qismi isə hələ də ana dilini unutmayaraq Suriyada Trablis-Şam yörəsində yaşayır.

Qədimlərdən Orta Ərəbistanda Nəcddəki Aca və Səlma adlı məşhur dağ­larda yaşayan ərəblərin teyy boyunun mühüm qolu olan şəmmarlar XVII əs­rin ortalarında şimala doğru irəliləyə­rək Suriya çölünü işğal etdilər. Digər yer­lərdə olduğu kimi Su­riyada da imperiya idarəsinin zəifləməsindən fayda­lanan şəm­marlar Rəqqa bölgəsini ələ keçirdilər, təcavüzkar hərəkət­lərilə ge­diş-gəlişi qorxu altına aldılar. Ancaq şəmmarların Suriyada bu hakimiy­yəti uzun sürmədi. Onların Şimali Suriyaya gəlmə­lərindən 20 il sonra yenə Orta Ərəbistanda yaşayan ənəzələr hə­rəkətə keçərək şəmmar­ları qovdular və Rəq­qa bölgəsi də da­xil olmaq üzrə Suriya çölünə hakim oldular. Ənəzə ərəb­ləri şəm­marlardan daha qələbəlik və daha dağıdıcı əşirət idi. Rəqqa böl­gəsindəki kəndlərin bir qismini dağıdaraq digərlərini də xə­raca bağlamış­dı­lar. Məhz bu ənəzələrin axınlarının qarşısını al­maq üçün Osmanlı dövləti Hələb türkmənləri ilə Yeni-elə bağlı bütün bəydili obalarını, boz ulusun köç­məmiş qalıqlarını, Hə­ləb türkmənləri ilə Yeni-elə daxil digər bir çox oy­maqları Bəlix çayının Harranın altındakı Ağca Qaladan Rəqqayadək uzanan sa­hilində yerləşdirdi. Digər bir çox oymaqlar da Urfanın şər­qin­dəki Collab (Colab) çayı sahillərinə, Harran yörəsinə, Urfa­nın şimal-qərbindəki Boz­abada və bəzi yerlərə yerləşdirilmiş­di. Yerləşdirilən türk təşəkkülləri arasın­da bəydili obalarından baş­qa Yeni-elə bağlı musacalu oymağı (ağca­qoyun­ludan), baraq (cə­rid­dən), əfşar (imanlu əfşarından), çiməlu, çəpni, Diyar­bə­kir­dəki boz ulus qalığından izzəddinlu, köçəlu, əfşar, inallu, acurlu, həmzə-hacılu və digər oymaqlar da vardı. Bundan baş­qa, ləkvanik kürdü ilə ona bağlı hacılar, ağbaş, qızılqoyunlu və qırıntılı oymaqlarının da yerləş­diri­lən­lər arasında olduqları gö­rünür. Bütün bu oymaqlar ertəsi il (1102-1692) Ana­doluya qaç­salar da, çoxusu təkrar geri göndərilərək yerləşdirildi və qaç­ma­maları üçün ciddi tədbirlər görüldü. Dövlət bu yerləşdir­mə­də müvəffəq olmağa əzm etmişdi. O, ənəzə ərəblərinin hü­cum­larının ancaq bu surətlə ön­lə­nəcəyinə inandığı kimi, bu türk oy­maqlarının çıxaracağı bəlalardan da qur­tulmuş olacaqdı. Ancaq bu bölgə türk oymaqlarının yerləşə biləcəyi coğ­rafi şərtlərə ma­lik yer deyildi. Torpağı bərəkətsiz və susuz idi, ora­da yayda türk­­mənlərə Urumdakı (Anadolu) sərin yaylaqlarının həsrətini çəkdi­rən qo­vurucu istilər hökm sürürdü. Digər tərəf­dən, ənə­zə­lər də qışlamaq üçün get­dikləri cənubdan həmin möv­­süm­də qa­yıt­mışdılar. Onlarla və digər ərəb əşi­rətləri ilə türk­mənlər ara­sında bir çox vuruşmalar baş vermişdi ki, bu ba­rədə türkmən­lərin bəzi şeirləri bu günədək gəlib çatmışdır. Rəq­qa bölgəsi döv­lətin əmrlərinə boyun əyməyən Anadoludakı di­gər türk oy­maqları üçün də bir sürgün yeri halını almışdı. Döv­lət rahat durmayan oymaqları da bu böl­gəyə sürmək surətilə cəzalan­dırırdı. Ancaq dövlətin bu məsələdə göstər­diyi davamlı əzm­kar­lığa və gördüyü tədbirlərə baxmayaraq Rəqqa və Urfa böl­gələrinə yerləşdirilən oymaqlardan mühüm bir qismi ayrı-ayrı zaman­larda Anadoluya qaçmağa və orada yurd salmağa mü­vəffəq oldu.

Bəydilinin əksər obaları, baraqlar və digər bəzi oymaqlar isə XIX əsrə qə­dər Rəqqada qaldılar. Həmin əsrdə onlar da bir daha geri qayıtmamaq üz­rə oranı tərk etdilər. Beləliklə, dövlə­tin əzmlə girişdiyi bu Rəqqa yerləş­dir­məsi də baş tutmadı, bo­şa çıxdı və türk oymaqlarının pərişan olmasilə nəti­cə­ləndi1. Bu ha­­disədən ən böyük iztirabı bəydili boyu çəkdi. Bu gün onların artıq tamamən kəndliləşmiş olan nəvələri arasında Colab adı ilə anı­lan kö­çürmənin acı xatirələri hələ də yaşayır. Hətta başçıları Firuz (Feruz) bəyin Rəq­qadakı iztirablı həyata dözməyərək oymağın qələbəlik bir qismi ilə İrana köçüb getdiyi nəql edilir.

Rəqqanı tərk edən bəydililər ümumiyyətlə Antəbin cənub bölgəsində yurd salmış və orada yerləşib qalmışlar. İndi onların kəndlərindən bir çoxu Su­­riya torpağındadır. Baraqlara gəlincə, onların əksəriyyəti Nizibin cənu­bunda yerləşmişlər. Baraq kəl­məsinin çox sıx tüklü bir köpəyə deyildiyini və adam adı olaraq işləndiyini bilirik: Baraq Hacib, Baraq xan, Baraq Rəis. Bu oy­mağın öz adını bir şəxsdən aldığına şübhə yoxdur. Araşdırma­la­rımızın nəticəsinə görə, bu baraqlar XVI əsrdə Yeni-elin dul­qədirli qoluna mənsub baraq adlı bir cərid obasından başqası de­yillər. Bəydililərin bunları türkmən saymaması bu xüsusla əlaqədar olmalıdır. Halbuki baraqlar da XVII əsrin sonlarında Rəqqaya yerləşdiriləcəkləri ərəfədə türkmən hesab edilirdilər. Bu baxımdan deyə bilərik ki, baraqların da il-bəylilər kimi əs­lində cənublu ol­ma­ması, üstəlik, bəydili boyuna mənsub ol­ma­ması bəydililərdə bu ayrı-seç­kilik fikrini oyatmışdı.

XIX əsrdə Çuxurovada dərəbəylik idarəsi davam edirdi. Os­manlı vali­lə­rinin hökmü əksərən Adana şəhərindən o yana keç­mirdi. Bu dərəbəylərin ən qüvvətlisi kozanoğulları idi. On­ların hakimiyyəti bugünkü Kozan, Qədirli və Saim-bəyli yö­rə­lərini əhatə edirdi. Kozanoğulları bəlkə də meşəli dağlar­da ya­şa­dıqları üçün belə adlanan varsaq türklərindən idilər. Kozanoğulları nə qədər qüdrətli dərəbəyi olsalar da, idarə etdikləri xalq­dan fərqlənməyən sadə bir həyat sürmüş, elin adət və ənə­nə­lərinə riayət etmişlər. Onlar sərvət və mal-dövlət topla­mağa ça­lışmaqla yanaşı, Kayseriyə və digər yerlərə oxu­mağa gedən həmyerlilərinə maddi kömək də göstərirdilər. Hətta bu gün də xalq arasında onlar haqda xoş xatirələr nəql edilir.

Digər bir dərəbəyi ailəsi də Payas yörəsinin hakimi olan Kiçik Əli oğul­ları idi. Məşhur şair Dadaloğlu bu ailəni yörənin fa­tehləri və osmanlılardan əvvəlki hakimləri olan ozəroğul­larına bağlasa da, bu xüsus çox şübhəlidir. XVIII əsrdə dulqə­dir­li ulusuna mənsub döngələlu, ulaşlu, çalışlu, dəvəlu və kəbə­lu kimi oymaqlar Qurd Qulağı ilə Burnaz körpüsü ətrafında yaşayırdılar. Onlar 1148-ci ildən (1735) bir neçə il əvvəl İsla­hiyyə tərəflərində yaşayan oxçu-izzəddinlu kürdlərinin yaylağı yerləşən Gavur dağına çıxıb dövlətə olan vergi borclarını ödə­məkdən boyun qaçırmışdılar. Firqeyi-İslahiyyənin cəzalandıra­raq Osmaniyyə şəhərində və onun ətrafında yerləşdiyi Gavur da­ğı­nın türk sakinləri əslən bu oymaqdandırlar. Kiçik Əli oğul­larının da bu oy­maqlardan birinə mənsub olmasını ehtimal edi­rik. Şair Dadaloğlu Kiçik Əli oğullarını samur kürklü, xanım­la­rını isə «İstanbul fəsli» kimi tərifləməklə bərabər onların qüd­rətlərinə nisbətən sadə yaşamaları bir avropalı qadın səy­yahı heyrətə salmışdı. Bu ailənin başlıca gəlirini tacirlər­dən, hətta zəv­var­lardan aldığı bac təşkil edirdi.

XIII əsrdə Qərbi və Cənub-Qərbi Anadoludakı yörük elat­larının əhalisi art­mış və yaylaq sıxıntısı hiss edilməyə başlan­mışdı. Bunun nəticəsində Mən­təşə yörükləri şimala doğru irə­liləyərək Bursa ətrafına qədər gəldilər. İç-el yörükləri isə qonşu bölgələrə, xüsusilə Çuxurovaya köçdülər. Çuxur­ovaya köçən İç-el təşəkkülünün başında boz-doğanlar* dururdu. Çuxurova­ya gələn boz-doğanların bir qismi Adana yörəsində qaldı ki, on­la­ra kötük boz-doğan deyilir. Onlardan bir bölük də şərqə tə­rəf irə­liləyərək Qədirlinin cənu­bunda yurd saldı. Boz-doğanların əsas obalarından biri olan mələmən­çilər isə əvvəlcə Kusun, sonra da Qara-İsalu yörəsinə köçdülər. Beləliklə, görün­düyü ki­mi, mələmənçi oymağının və ailəsinin İzmir vilayətindəki Mə­nəmən qəsə­bəsi ilə heç bir əlaqəsi yoxdur. Əgər əlaqəsi ol­say­dı, kəlmə Mələmənli və ya Mənəmənli şəklində yazılmalı və söy­lənməli idi. Mələmən bu gün də bir çox yerlərdə bişirilən yemək olub, oymağın adı mələmən yeməyini çox se­­vən bir adamın adından yaranmışdır. Xülasə, mə­lə­mənçi oymağı və ailəsi iç-ellidir və əlimizdəki sənədlərə görə boz-doğan­lara mənsub bir obadır. Üs­­təlik, həm boz-doğanların, həm də mələmən­çi­lə­rin (ailə­nin ziyalı zümrəsi də daxil olmaq üzrə) yörüklərə xas üz və bə­dən qu­ruluşu xüsusiyyətlərini indi də mühafizə etdikləri mü­şahidə olunur. Mə­ləmənçi (mənəmənçi) oğulları XVIII əsrdən etibarən öz obalarına arxa­la­naraq Qara-İsalu bölgəsini nüfuz və haki­miy­yətləri altına almışdılar. Bu ai­ləyə bir dərəbəyi ailəsi gö­zü ilə bax­­­maq doğru olmazdı. Çünki ailə üzvləri za­man-za­man döv­lət hakimiy­yə­tini qəbul edərək onun məmurları və­ziy­yə­tinə düşmüşlər. Bəylərin ümumiy­yətlə səbatlı adamlar ol­duq­ları bi­linir. Fir­qeyi-İslahiyyə tərəfindən İstanbula gətirilən so­nuncu mələmənçi bəyi Hacı Əhməd bəy bizə bu ailənin ta­rixinə aid dəyərli bir xatirə qoyub getmişdir ki, bu, Türkiyə ta­rixində bənzərinə az rastlanan bir hadisədir1.

Bu ailədən sonra Kərim oğulları, Göy Vəli oğulları, Sırkıntı oğulları və Karsandı oğulları kimi sahil bəyləri gəlirdi. Hazırda bu ailəyə dair ən qədim mə­lumat 1119-cu ilə (1707) aiddir. Bu tarixdə «ənvayi-fəsad və şəkavətlə məş­­hur» olduqları söylənən Maraş bölgəsindəki ailələrdən Çoban oğlu Qa­sım (Cəriddən) və Bəyazid oğlu Məhmət ilə Kərim oğlu Xəlil Qaraman bəy­lərbəyisi tərəfindən yaxalansa da Kozan oğlu ələ keçməmişdi. Daha sonra döv­lət bu ailəni Çuxurovanın əyan ailələrindən biri kimi tanımışdı. 1143-cü ildə (1730) ailənin başçısı Əbdülkərim adlı bir bəy idi. Göy Vəli oğullarına gə­­lincə, bu ailənin hansı oy­maqdan olduğu hələ bilinmir. Onların yurdu Qə­dirli qəza­sında, Qədirlinin şimalında Kəsik çayı ilə Sunbas irmağı ara­sın­da­kı torpaqlar idi. Göy Vəli oğulları qüdrətli bir ailə olub Ko­zan oğul­ları ilə də baş-başa gəlmişlər. Sırkıntı oğullarının türk­mən oldu­ğu bilinsə də, hansı oy­maqdan olduqları hələlik təyin edilmə­miş­dir. Hazırda bu ailəyə dair ən qə­dim məlumat 1143-cü ilə (1730) aiddir. Həmin il Sırkıntı oğlu Məhməd bir neçə bəylə, o cümlədən Karsandı oğlu, Qara Nəbi oğlu Həmzə və Kərim oğ­lu Əbdülkərim ilə birlikdə Rəqqaya yerləşdi­ril­mələri əmr olu­nan rəcəblu əf­şarının qaçmasının qarşısını alma­ğa məmur edil­mişdi. Sırkıntı oğulları və oymağının yaşadıqları yer Koza­nın cənubunda Ceyhan şəhərinin cənub-qər­bində, Sa­rı-Çam ilə Cey­han çayı arasında idi. Karsandı oğullarına gəlin­cə, on­lar Qa­ra-İsalu ilə Kozan yörəsi arasındakı meşəlik yerin hakimi idilər. Bun­ların türkmən şərqi-para oymağına mənsub olmaları ehti­mal olunur. Sənədlərdə bu ailəyə mənsub heç bir şəxsə rastla­nıl­mamışdır. Çuxurova­da­kı oymaqlara gəlincə, var­saq və boz-do­ğanlardan başqa əfşar, cərid və tə­cir­lu boyları da bölgənin gözə çarpan sakinlərindən idilər. Onlar yayda Uzun-yaylaya ge­dir və orada əllərinə fürsət düşdükcə çapovulçuluq edirdilər. Bö­yük şair Dadaloğlu bizə bu aləmin həyat və hissiy­yatını çat­dırır. Bu aləm XV və XVI əsr Çuxurovasından nə qədər fərqli idi! Göründüyü kimi, bu aləmdə başda Ramazan oğulları, Özər oğulları, Kursun oğulları və digərləri kimi bölgənin fəthində rol oynamış əski ailələrdən heç biri yoxdur. Osmanlı idarəsi və türk cəmiyyətinin düzənini alt-üst edən böyük hərəkətlər hər yer­də olduğu kimi bu əski əsilzadə ailələrini də ortadan qaldır­mış və ya onların əhəmiyyətini azaltmışdı. Dövlət qüdrətinin zəiflədiyi zamanlarda ortaya çı­xan ailələrin çoxu isə dövlət tə­rəfindən əvvəlcə fəsadçı və şaqi kimi qiy­mət­ləndiril­­miş, sonra isə ölkənin əyan-əşrəfi sayılaraq onlara etibar edilmişdir.

Yuxarıda adı çəkilən oymaqlardan cərid və təcirlular əvvəl­cə də gördü­yü­müz kimi dulqədirli ulusuna mənsub boylar idi­lər. Bunlardan cəridlər Cey­han bölgəsində, təcirlular isə indiki Osmaniyyə yörəsində qışlayırdılar. Onlar XVIII əsrin əvvəllə­rində soyğunçuluq hərəkətləri ilə həyatı, yaşayışı o qədər poz­muşdular ki, 1118-ci ildə (1706) Qaraman bəylərbəyisi Həsən pa­şanın komandanlığı altında mühüm bir qüvvə gətirilərək hər iki oymaq və on­ların köməkçiləri cəzalandırıldılar. Ancaq cə­za­landırma əməliyyatı istə­nilən nəticəni vermədi. Hər iki oy­maq çox keçmədən qovğunçuluğa, yəni kəndlilərin və digər oy­maqların heyvanlarını sürüb aparmağa başladılar. An­caq Dadaloğlunun Osmanlıya meydan oxuduğu, sivri ni­zəli əfşar igid­­lərinin sarı çiçəkli yaylalara bir an əvvəl varmaq üçün tələsdikləri bir vaxt­da «Os­man­lı dovşan ovuna araba ilə get­diyi» kimi topu və tüfəngi ilə qə­fildən gəlib çıxdı. Gerçək­dən böyük alim Cövdət paşanın mülki idarə­çili­yi, həmyerlisi Dər­viş paşanın komandanı olduğu Firqeyi-İslahiyyə, 1865-ci ildə bu aləmi göz­lənilməyən bir sürətlə ortadan qaldırdı. Dərə­bəyi ailələri oradan uzaqlaş­dı­rıldı, oymaqlar da yerləşdirildi. Bunlardan təcirli və cərid­lər öz qışlaq yurd­larında yaşamağı istədilər. Birincilər ümumiyyətlə Os­ma­niy­yə, ikincilər isə Cey­han qəzası daxilində yerləşdilər. Əfşarlara gəlincə, onlar Za­man­tı və Sarız bölgəsindəki yaylaqda yerləşməyi üstün tutur­du­lar1. Ancaq əfşarlar üçün əsil bədbəxtlik əsrlərdən bəri onlara aid olan yaylaq yurdlarının ən yax­şı hissəsinin həmin ərəfədə Qafqazdan gələn mühacir çərkəzlərə veril­məsi oldu. Artıq XIX əsrin sonlarında türkmənlər hər yerdə torpağa bağ­la­nan türk kəndlilərinin cərgəsinə daxil oldular.



Hökumətin Firqeyi-İslahiyyəni göndərməkdə əsil məqsədi isə çuxurova­lılara daha yaxşı həyat təmin etmək deyil, əsgərə duyduğu şiddətli ehtiyacı ödəmək xüsusu ilə bağlı idi. XIX əs­rin ikinci yarısınadək dövlətin əsil daya­ğının türklər olduğunun osmanlı hökmdarları və dövlət adamları tərəfindən anlaşıldığı haqqında əlimizdə heç bir dəlil yoxdur. Həmin əsrin ikinci ya­rı­sında Cövdət paşa və Əbdülhəmidin sədr-əzəmi Səid paşa, hətta şəxsən Əb­dülhəmidin özünün bu xüsusu başa düşdüyü gö­­­rü­nür. Ancaq bu əsrdə Ana­do­lunu gəzən avropalılar yoxsul, lakin əsil ruhlu və namuslu adamlar kimi qiy­mətləndirdikləri türk millətinin ölməkdə, pis idarəçilər əlində məhv ol­maqda ol­duğunu söyləyirdilər. Səyyahların fikrincə, eyni ölkədə ya­şa­yan xristianlar isə firavan həyat sürür, türklərin sayı azalır, on­larınkı isə getdikcə çoxalırdı. Doğrudan da, yunanların və ermənilərin xüsusilə XIX əsrdə Ana­doluda geniş bir yayılma hərəkətində olduğu müşahidə edi­lir. Nəticədə Mər­mərə sahillərində erməni kəndləri salınmış, ən hücra qəsəbələrdə belə yunan koloniyaları meydana gəlmişdi. Yenə həmin əsrdə avropalı səyyahlar Ana­do­­lunun şəhər və qə­sə­bələrinin əksəriyyətində ticarət və sənətkarlığın xris­ti­anların əlində olmasını türklərin bu peşələrə etibar etməmələri ilə izah edir­lər. Bu izahat həmin vəziyyətin guya qədimdən bəri davam edən bir hal ol­duğu hökmünü verə bilər. Halbuki bilindiyi kimi, XIV əsrdə Anadolu şəhər və qəsəbələri rəislərinə əxi deyilən əs­naf cəmiyyətləri ilə dolu idi. Bunlar necə oldu? Niyə öz əhə­miyyətlərini itirdilər? Bu suallara hələlik təmin edici bir cavab verilməmişdir. Şübhəsiz inandığımız bir xüsus varsa, o da XVI əs­rin sonlarındakı cəlali hərəkatlarının XIV əsrdən bəri Ana­do­luda davam edən ictimai həyatı ortadan qaldırmasıdır. Bu hərə­katlardan sonra Anadolu böyük istilalara uğramış məmləkət­lərdən daha qorxunc bir vəziyyətdə idi. Dövlət isə keçmiş qüv­və və qüdrətini itirdi və bir daha dirçələ bilmədi. Sonrakı əsr­lər­də imperatorluğun əsil dayağı və ana vətəni olan bu ölkə­nin bağ­­­rında bir tərəfdən qıtlıqlar və yoluxucu xəstəliklər, digər tə­rəfdən də uzun sürən müharibələr üzündən açılmış yaralar heç cür sağal­madı. Əlcəzair, Tunis və Trablis kimi yerlər üçün za­man-zaman Anado­lunun ən babaigid gəncləri sürülüb apa­rı­lır, minlərcə türk gəncinin böyük bir qismi bir daha ge­­ri dön­mə­mək şərtilə Yəmənə göndərilirdi. Xülasə, Osmanlı Anadolu­nun in­sanlarını və sərvətlərini görünməmiş bir israfçılıqla xərc­ləyir­di. Ədirnə və Manastırda olmaq üzrə Rumelidə iki, Şam və Bağ­dadda birər hərbi edadi (mək­təb) vardısa, Sivas­dan İzmirə qədər qosqoca Anadolu bölgəsində heç bircə hərbi edadi də yox idi. Nəticədə türk qövmü fiziki baxımdan sonsuz itkilərə məruz qaldı, hətta bəlkə mənəvi xarakterindən bəzi cə­hət­lər zə­if­lədi, yəni adət-ənənəsi tənəzzülə uğradı. Odur ki, bu səbəblərə görə, imperiyanın məhv olmasının türk millətinin ya­şaması üçün xeyirli bir nəticə olduğuna əs­la şübhə edilməmə­lidir. Türk oymaqlarının Anadoluda oturaq bir türk küt­ləsi təşək­kül etməzdən əv­vəlki əhəmiyyəti haqqında söz söyləmək şüb­hə­siz artıqdır: Aladolunu on­lar fəth etdilər, buradakı oturaq türk xalqını onlar mey­­da­na gətirdilər. Os­manlı hakimiyyəti türk oymaqlarının siyasi hakimiy­yət­lərinə son qoydu. An­­caq onlar si­yasi bir qüvvə kimi əhəmiyyətlərini ta­mamilə itirmədilər. İm­pe­­­riyanın geriləmə dövründə Anadoluda zühur edən qa­raos­ma­n­oğulları, ça­panoğulları, kozanoğulları, kiçikəlioğulları, mə­­lə­mən­çioğulları, Maraşda­kı bə­­yazidoğulları və digər bir çox ailə­lər onlardan çıxdı. Əgər osmanlı dövləti yı­xılsaydı, şübhə­siz, Anadolunu oymaqlardan çıxan bu ailələr idarə edəcək­di. Səl­cuq­­lu dövlətinin zəifləməsi nəticəsində ortaya çı­xan ailələr kimi. Türk oymaqlarının osmanlı dövründə oynadıqları əsil mü­­hüm rol imperiyanın ağır yükünü öz çiyinlərində daşıyaraq ta­qətsiz, miskin bir vəziyyətə düşmüş Anadoludakı oturaq türk xalqını həmişə fiziki və mə­nəvi cəhətdən qüvvət­ləndirmək su­rətilə onun daha da zəifləməsinin və hətta öz yurdunda varlığı­nın təhlükəyə düşməsinin qarşısını almasıdır. Bizim tə­rəfimizdən türk oy­maq­­larının araşdırma mövzusu kimi tədqiq olunmasının başlıca səbəbi də budur.

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə