Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


II HİSSƏ BOY TƏŞKİLATI VƏ BOYLAR



Yüklə 5,61 Mb.
səhifə12/42
tarix15.03.2018
ölçüsü5,61 Mb.
#32373
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

II HİSSƏ
BOY TƏŞKİLATI VƏ BOYLAR

Oğuzlar qövmi və siyasi bir təşəkkül üçün «el» kəlməsini işlədirdilər: oğuz eli, ağqoyunlu eli, dulqədirli eli. Onların digər türk qövmlərinin eyni mənada işlətdikləri budun sözünü bil­mə­dikləri anlaşılır. Bu kəlmənin monqolca qarşılığı olan ulus sözü də ancaq Şərqi Anadoludakı türkmənlər tərəfindən el kəlməsi ilə birlikdə işlədilmişdir: qaraqoyunlu ulusu, boz ulus, qara ulus. İndi biz el yerinə ümumiyyətlə ərəb dilindən alınmış qövm kəl­məsini işlədirik.

Gördüyümüz kimi, oğuz elinin başında yabğu ünvanlı hökm­­­darlar vardı. XII əsrdən sonra bu kəlmə öz mənasını itir­miş, unudulub getmişdir. Türk­mən ellərinin başındakı hökm­dar­ların isə türkcə yalnız bəy ünvanı daşıdıq­ları müşahidə edi­lir. El sözünün sonra ölkə mənasına gəldiyi məlumdur. Yurd elin, boyun, obanın və ailənin yaşadığı yerdir.

Oğuz elini meydana gətirən təşəkküllərdən hər birinə boy deyilir ki, Kaş­ğari bu sözün oğuzca1 olduğunu bildirir. Or­xon abidələrində rastlanan «bod» sözü2, deyildiyi kimi, bəlkə də bu kəlmənin ən qədim şəklidir. Boy Türkiyədə bu mənada həm rəs­mi dildə, həm də xalq arasında son zaman­la­radək işlədil­miş­dir.

Türkiyədə boyların başçılarına isə boy bəyi deyilirdi. Qövm kimi ərəb dilindən alaraq işlətdiyimiz qəbilə sözü türkcə məhz boy mənasını verir. Boyları irsən idarə edən rəislər bəy ünvanı daşıyır. Oğuz və türkmən əsil­zadə sinfini bu boylar meydana gətirir. Yabğular və sultanlar da bəylər ara­sından çıxmışlar.

Boylar obalara ayrılır. Kaşğari bu kəlmənin də3 oğuzca ol­du­ğunu söylə­yir. Obalardan sonra hər halda ailələr gəlirdi ki, oğuzların bunu hansı kəlmə ilə ifadə etdikləri bilinmir. Be­lə­lik­lə, ailədən (soy?) obalar, obalardan boylar, boylardan isə oğuz eli meydana gəlmişdir. Oğuz elində əsil qəbilə birlikləri boy­lar­dır. Oymaq sözü kitabımızda boylar (qəbilə), obalar (ca­maat) və onla­rın qollarını ifadə etmək üzrə ümumi bir mənada işlədil­mişdir. Bunu əvvəl­lər əşirət kəlməsi ilə ifadə edirdik. Əşi­rət sö­zü indi Cənubi Anadoluda təkdə və cəmdə yörük mə­nasında iş­lədilir.

Oğuz boylarının ərəb, kürd və bəzi digər qövmlərdə olduğu kimi indivi­dual bir həyat yaşadıqları və ya təkbaşına siyasi bir hərəkətdə bulunduqları na­dir faktdır. Onlar daim el halında ya­şamağı sevmişlər ki, bu xüsus oğuz­ların siyasi nailiyyətlər qa­zan­masında mühüm bir amil olmuşdur.

Göründüyü kimi, X əsrin əvvəllərindən etibarən oğuz elin­dən elatlar ha­lında ayrılmalar başlamışdır. İlk elat Xəzər dənizi sahilindən yarımadaya ge­dərək yurd salmış, buraya Manqışlaq adını vermişdir. İkinci bir elat səlcuq­luların başçılığı altında Ya­xın Şərq ölkə­lərinə gəl­di. Üçüncü elat isə XI əsr­də Qara də­ni­zin şima­lın­dan Balkan­lara endi. Digər tərəfdən, qələbəlik bir oğuz elatı da Sır-Dər­yanın orta yatağındakı şəhərlərdə yer­ləş­mişdi. Köçəri oğuzların bu şəhərli eldaşlarına istehza ilə yatuq, yə­ni tənbəl adını ver­dik­lə­ri­ni bilirik. Ancaq bütün bunlara bax­mayaraq, oğuz eli öz qədim yurdunun bir qismində el təşki­la­tı­nı müha­fizə edərək ya­şayırdı. Boz-ox və üç-ox adları ilə iki qo­la ayrılan, Sultan Sən­cərə qalib gələn oğuz elatı bəhs edilən bu elin nüvəsi kimi gö­rünür. Çünki bu elatdan sonra Sır-Dərya sa­hilində olanlar ki­mi, oğuz adını daşıyan təşkilatlı bir elata rast gəlmirik. Ancaq dər­hal əlavə edək ki, XIV əsrin ikinci ya­rı­sın­da Şimali Suriyadakı türkmənlərin boz-ox və üç-ox adla­rı­nı da­şı­maları bu xüsusda şübhə və tərəddüd yaratmaqdadır. Çünki Sul­tan Səncəri məğ­lub edən oğuzlar, gördüyümüz kimi, bir müd­dət sonra tama­milə dağılmışdılar. Oğuz boylarının de­mək olar ki, hamısının ta­leyi meydana gətirdikləri elin taleyi kimi olmuşdur. Yəni boyların hər hansı bir siyasi hərəkatda bü­tün obaları ilə iştirak etdiyi görünmür. Məsələn, Fars­da siyasi ha­ki­miyyəti ələ keçi­rən salurlar (salğur) bu boyun ancaq bir obası və ya bir qismi idi. Ağqoyunlu ailəsinin buyruğunda da ba­yın­dır boyunun yal­­nız bir obası (ağqoyunlu) bulunurdu. Hət­ta səlcuqluların fəthində bu ai­lə­nin mənsub olduğu kınık boyu­nun bü­tün obaları ilə işti­rak etdiyini iddia et­mək mümkün de­yildir.

Anadoluda oğuz boylarına aid yer adlarının və təşək­kül­lə­rin müxtəlif yer­lərdə görünməsi eyni səbəbə bağlıdır. Yəni oğuz boylarının əksəriy­yəti­nin obaları və qolları bu ölkəyə müx­­təlif dövrlərdə gəlmişdir və gələnlər də iqtisadi və siyasi sə­­bəblərlə parçalanmışlar, sonra oğuz boylarını ayrı-ayrı­lıqda araşdırdığı­mız zaman bu xüsus daha aydın şəkildə anlaşıla­caq­dır.

Birinci hissədə Kəm çayına tökülən Barlıq çayı sahillə­rin­də­ki oğuzların altı boydan, Tula çayı sahilindəki oğuzların isə doqquz boydan ibarət oldu­ğu­nu görmüşdük. Diqqətəşayan cə­hət budur ki, XVI əsrdə osmanlı ailəsinin yurdu olan Sultan-Önü sancağındakı Qaraca-Şəhər qəzasına bağlı bir kənd Tokuz-Oğuz adını daşıyırdı1. Bizcə, bu adın hansı səbəbə görə bu kən­də ve­rildiyi izah edilə bilməmişdir.

Sır-Dərya oğuzları XI əsrdə 24 boydan ibarət idi. Bizə bunu bildirən Mah­mud Kaşğari eyni zamanda bu boylardan 22-nə aid bir siyahı da verir. Üstəlik, səlcuqluların fəthindən bəhs edən bir erməni salnaməçisi də fateh qöv­mün 24 boydan mey­da­na gəldiyini yazır2. Oğuz boylarına aid bütöv si­yahı Rəşi­dəd­din tə­rə­findən verilmişdir. Bu siyahıların əhəmiyyəti ondadır ki, on­lar olmasaydı, oğuz boylarına aid siyahı düzəltmək bizim üçün çox müş­kül, hətta qeyri-mümkün olacaqdı.

Kaşğarinin siyahısından yalnız məmlük dövrü salnaməçi­lə­rindən Eyni istifadə etmişdir3. Digər əsərlərdə görünən siya­hı­lar (Həmdullah Müstövfi, Ya­zıçıoğlu, Nəşri, Əbülqazi və b.) birbaşa və ya bila­va­sitə Rəşidəddindən alın­mışdır.

Mahmud Kaşğari xalaç adlandığı və bəzi xüsuslarda digər­lə­rindən fərq­ləndiyi üçün oğuz sayılmadığını söylədiyi4 iki bo­yu siyahıya salmamış, on­la­rın adını da bildirməmişdir. Digər tə­rəfdən Kaşğarinin «sayısı azdır, dam­ğaları da bəlli deyildir» de­diyi çakurluq boyunun adına Rəşidəddinin siya­hı­sında rast gəlmirik. Onun siyahısında Kaşğaridə olmayan bu adları gö­rü­rük: yaparlı, kızık, karkın. Bunlardan kızık və karkından birini Kaşğarinin öz si­yahısına salmadığı iki boydan biri kimi qəbul etmək lazımdır. Digərinin də yenə bunlardan biri olduğu ehti­malı məntiqi cəhətdən düzdür. Çünki hər iki boy, yəni kızık və karkın eyni budaqda, Ulduz xanın oğulları arasında gös­tə­ril­mişdir. Halbuki yaparlı boyu başqa bir budaqda Ay xanın oğul­ları ara­sın­dadır. Yaparlı yenə orada adının hansı mənaya gəldi­yi yazılmayan yeganə qoldur. Digər tərəfdən heç bir yerdə nə ça­rukluya, nə yaparluya aid tarixi bir qeydə, bir yer adına və ya bir təşəkkülə rastlanmamışdır.

Qısacası, Rəşidəddindəki yaparlının Kaşğaridəki çaruklu­ğun yerini tut­du­ğunu və həmin müəllifin öz siyahısına salma­dığı iki boyun da kızık və kar­kın olduğunu qüvvətlə ehtimal edi­rik. Rəşidəddinin siyahısının bu iki boy baxımından da fakt­lara uyğun olduğu görünür. Çünki hər iki boya aid yer adlarına və təşəkküllərə Türkiyədə rast gəlinmişdir. Kaşğarinin öz siya­hı­sında boyları o zamankı siyasi şöhrətlərinə görə sıraladığı an­laşılır. Məsə­lən, səlcuqlu xanədanının mənsub olduğu kınık bo­yu ən başda verilmişdir. Rəşidəddinin isə öz siyahısını oğuz boy­la­rının qədim siyasi və ictimai möv­qelərinə görə tərtib etdi­yi gö­rünür. Burada 24 boy hər biri bərabər sayda ol­maq üzrə Oğuz xanın altı oğlundan «törədilmişdir». Digər tərəfdən, Kaş­ğa­ridə olduğu kimi burada da boylardan hər birinin özünə­məxsus dam­ğaları olduğu halda hər dörd boyun ortaq bir on­qo­nu da var­­dır. Bu xüsus 24 boyun 6 boydan meydana gəldiyinin və ya oğuzların qədim zamanlarda 6 boydan ibarət olduğunun xatirə­si ola bilər. Elə Barlıq çayı sahilindəki oğuzlar, - əgər düzgün oxunmuşsa, - 6 boy halında yaşayırdılar.

Rəşidəddində 24 boy iki qola ayrılmışdır. Bunlardan biri boz-ox, digəri üç-ox adını daşıyır. Kaşğaridə nə bu ikili təsni­fat, nə də onların adları var. Ancaq bunun tarixi bir fakt olduğu mə­lumdur. Səncəri məğlub edən oğuzlar bu adlar altında iki qola ayrıldıqları kimi XIV əsrdə Şimali Suriyadakı türk­mənlər də bu adları daşıyırdı. Bu türkmənlərdən boz-ox qoluna mən­sub olan­lar Yozqat bölgəsində yurd saldıqlarından bu bölgə res­publika dövrünə qədər həmin adı daşımışdır. Bundan başqa, Konyanın şimalında İstanbul-Hələb ana yolu üzərində də Boz-ox1 adlı böyük bir kənd vardı. Urfanın Bi­ləcik qəza­sında bu gün də Boz-ox adlı bir kənd mövcuddur2.

Rəşidəddində boz-ox sözü parçalamaq şəklində mənalandı­rıl­mışdır ki, kəlmənin «pozmaq» sözü ilə izah edildiyi görünür. Üç-ox isə üç ədəd ox şək­lində izah edilir. Ancaq bu izahları qə­bul etmək qeyri-mümkündür. Oxun on-oxda olduğu kimi, qə­dim­lərdə bu mənanı daşıdığını bilirik. Bu isimlər­dəki ox kəl­mə­sinin də eyni mənada olduğu şübhəsizdir. Ona görə də üç-ox üç boy deməkdir.

Boz-oxa gəlincə, buradakı boz kəlməsinin o birində olduğu kimi, bir rə­qəmin yerini almış olduğu ehtimal edilir.

Rəşidəddinin sözlərinə görə, oğuz elində hakim qolu boz-oxlar təşkil edir. Bu səbəbdən boz-oxların əlaməti yaydır, üç-oxların əlaməti isə təbii qol olduqları üçün oxdur. Toğrul bəyin 1038-ci ildə Nişapura girərkən qo­lunda gərilmiş bir yay, be­lində isə üç ox vardı. Bunlar hər halda onun özünü boz-ox və üç-oxun, yəni bütün oğuz elinin hökmdarı saydığının ifadəsidir, yürəgir boyunun damğasının da bir yay və üç ox şəklində oldu­ğu görünür1. Daha əvvəl də söylədiyimiz kimi, bir yay və üç ox oğuz yabğularının hökm­darlıq reqaliyasıdır2.

Qədim türk ellərində və ordularında ikili düzənin dəyişməz bir qayda ol­duğu məlumdur. Göründüyü kimi, oğuz elində və or­dusunda da bu qayda ha­kim idi. Beləliklə, el və ordu ikiyə bö­­lünür, bunlara qol deyilirdi. Qollar da bir-birindən sağ və sol si­fətlərilə ayrılırdı.

Osmanlı imperiyasında da sağ qol, sol qol adları verilən bu ikili düzən həm əsgəri, həm də mülki təşkilatda əsaslı bir qayda olaraq tətbiq edilmişdi.

Türklərdə sağ qol, monqollarda isə, əksinə, sol qol daha şə­rəfli sayılırdı. Boz-oxlar hakim qolu təşkil etmələri etibarilə sağ qol sayılmışdır. Onların ha­kim qol sayılması siyasi üstünlüyün uzun zaman bu qolun əlində qalması, yabğuların daha çox bu bo­­yun qollarına mənsub olmasından irəli gəlir. De­yildiyinə gö­rə, oğuz yabğuları başlıca olaraq, aşağıdakı boylardan çıxmış­lar: kayı yazır, bəydili və eymür3. Bunlardan yalnız eymür bo­yu üç oxlardan idi. Dədə Qorqud dastanlarında isə siyasi üs­tün­lüyün üç-oxlarda olduğu görünür. İslam ölkələrində də boz-ox­lar öz varlıqlarını sürdürmüşlər: səlcuqlu xanə­danı (kınık), sa­lur­lar (salğur), bərçəmoğulları (yıva), ağqoyunlular (bayın­dır), ra­mazanoğulları (yürəgir) və Qazı Bürhanəddin (salur) bu qol­dan idilər. İndiki məlumatımıza görə, boz-oxlardan da artuq­oğul­­la­rının (döyər), şumla­oğullarının (əf­şar) və Nadir şahın əf­şar xa­nə­danının çıxdığı bilinir.

Kaşğari və Rəşidəddinin siyahılarındakı oğuz boylarının ad­ları həmin dövrün tələffüzünə görə yazılmışdır. Fəxrəddin Mübarəkşahın siyahısındakı oğuz boylarının yazılış şəkli Kaş­ğarininki ilə eynidir1. Kaşğari və Rəşidəd­di­nin siyahılarında boyların damğaları da verilmişdir.

Bu, damğalara verilən əhəmiyyəti göstərir. Kaşğari bu dam­ğa­ların da­var­lara, ilxılara vurulduğunu söyləyir2. Rəşi­dəd­dində bu, «damğa» sözü ilə ifadə edilmişdir. Oğuzların damğa məna­sın­da hansı kəlməni işlətdikləri bi­lin­məsə də, bunun Ana­doluda işlənən im (en) sözü olduğuna şübhə yoxdur. Bəzi türk xanə­dan­larının öz boylarının damğalarını ailə gerbi kimi qəbul et­diklərini bilirik. Salğurların pullarında salur damğası olduğu ki­mi3, ağ­qo­yunlu pullarında bayındır və Osmanlı sultanı II Mura­dın bəzi sikkələrində isə kayı damğası var. Ağqoyunlular öz dam­­ğalarını yalnız pullarına deyil, ya­rat­dıq­ları əsərlərinə, rəs­mi sənədlərinə, bayraqlarına da vurmuşlar. II Mu­radın xələf­lə­rinin pul­larında kayı damğası yoxdursa da, hökmdarlara məx­sus şəx­si əşyada, toplar da daxil olmaq üzrə silahlarda da bu damğaya tez-tez rast gəlmək mümkündür. Oğuz boyları dam­ğa­larının Ana­doluda heyvanlara vurulduğunu, xalı, kilim mo­ti­vi kimi iş­ləndiyini, xüsusi boyaqla evlərin divarlarına çəkil­di­yi­ni, qab-qa­cağa, göz dəyməməsi və uğur gətirməsi üçün bəzi ge­yim əş­ya­larına işləndiyini, hətta məzar daşlarına belə həkk edil­diyini bilirik4. Bundan başqa, bu damğalardan bəzilərinin də abidələr, binalar və qayalar üzərində müşahidə edildiyini söy­ləyək5.

Rəşidəddinin siyahısında damğalarla yanaşı onqonlar da gö­rünür. Bun­ların hamısı əti yeyilməyən yırtıcı quşlardır. Rəşi­dəddin6 onqon (on­kun)7 se­çilən heyvan və ya quşun mü­qəddəs sayıldığını, incidilmədiyini, ətinin ye­yil­mədiyini bildirir və on­qol (onkun) sözünün türk dilində mü­qəddəslik de­mək olan oy­nukdan yarandığını bildirir. Əbdül­qədir İnana görə1, onqon mon­­­qolcadır, türkcə qarşılığı töz­dür. Bu kəlmələrin hər ikisi bu gün Tür­ki­yədə naməlumdur.

Göründüyü kimi, oğuzların tarixində bir totem dövrü mü­ba­hisə mövzusu deyil. Bu səbəbdən bunlar, əgər şübhə etməyə əs­la haqqımız yoxsa, çox qə­dim zamanlarda yaşanmış bir həyatın xatirəsi olmalıdır. Hər dörd boyun bir onqonu olması da bunu göstərir. Onqon kimi göstərilən yırtıcı quşlar şahin, qartal, dov­şancıl, sunqur, uç və çakırdır. Bunlardan şahinin türk dilin­də ol­­­duğuna dair heç bir dəlil yoxdur. Qartala gəlincə, Houtsma lüğətində türk­mən­lərin bu adı ağbabaya* verdikləri bildi­ri­lir2.

Qartal indi qaraquşa deyilir və ya onun başqa bir adı kimi işlədilir. Dov­şancıl qartala bənzəyən, lakin ondan daha kiçik, qara rəngli bir quşdur. Sun­qur isə toğruldan kiçik, lakin doğan­dan daha böyük bir quşdur3. Uça gəlincə, bu quş barədə heç bir məlumata rastlamadım. Yalnız Teymurun sərkərdə­lə­rindən Uç Qara Bahadırın4 adındakı uç kəlməsi hər halda bəhs et­diyi­miz qu­şu ifadə edir. Bu sərkərdənin adına baxaraq təxmin et­mək müm­kündür ki, uç, yaxud uç-qara, çal-qara, bay-qara nö­vündən bir quş olmalıdır. Çakır da do­ğan cinsindən bir quş olub şahindən fərqlənir.

Yenə Rəşidəddinin siyahısından anlaşılır ki, qədim zaman­larda bunların ziyafətlərdə yeyəcəkləri qoyun ətinin qisimləri də xüsusi qaydaya salınmışdı. Rəşidəddində bu qisimlərə «ən­da­mi-quşt» (ətin bir qismi), Yazıçıoğlunda «sümük» deyilir. Ma­raqlıdır ki, onqonlar kimi hər dörd boyun da müştərək bir sü­müyü vardır. Beləliklə, kayı, bayat, alka-evli, qara-evli boy­larının sü­müyü, yəni qoyundan yeyəcəkləri qisim «sağ karı yağrın», yəni sağ kürək sü­müyü qismidir.

Yazır, döyər, dodurğa və yaparlı boylarınınkı «sağ aşıqlu», yəni aşığın bu­lunduğu ət parçası (bud), əfşar, kızık, bəydili və kar­kınların sümüyü «sağ umaca», yəni sağrı sümüyü, bayındır, peçeneq, çavundur və çəpnilərin sü­müyü «sol karı yağrın», sa­lur, eymur, ala-yuntlu, yürəgirlərinki ucayla (sol umaca?), iğ­dır, büğdüz, yıva və kınık boylarınınkı isə (sol?) aşığlıdır. Sü­mük­­lərin də hər dörd boy üçün müştərək olması bu ənənənin çox qədim ol­duğunu və oğuzların 6 boy halında yaşadıqları dövr­dən qaldığını göstərir.

Bir boyun məclislərdə və toylarda (ümumi ziyafətlər) otura­cağı yer (orun) və yeyəcəyi ət qismi (ülüş) yalnız oğuz elində de­yil, digər türk qövm­lərində də müəyyən qaydalara salın­mış­dı. Bu adətlərin əhəmiyyəti ondadır ki, bunlar bir boyun öz eli için­dəki siyasi və ictimai hüququnu təyin edən baş­lıca adət­lər­dir1.

Rəşidəddinin siyahısında boylar Oğuz xanın 24 nəvə­sin­dən «tö­rədil­miş­dir», Kaşğari də 24 oğuz boyunun öz adlarını ulu ba­balarından aldığını söy­ləyir və bu 24 ulu babaya Zülqər­ney­nin Türküstan səfəri zamanı necə türkmən adının veril­di­yinə dair bir hekayə də nəql edir. Onun fikrincə, bu boy­lar çox qə­dim zamanlarda meydana gəlmişdir. Həmin müəllif bu boy­la­rın oba və oba qolları olduğunu da yazır. Lakin, zənni­miz­cə, oğuz­lardan heç bir boyun obası konkret olaraq məlum de­yildir. An­caq qaraqoyunlu (yıva?) və ağqoyunlu (bayındır) təşəkkül­lə­ri­nin bu obalardan olmasına ehtimal var. Yəməndəki rəsuloğul­larının mənsub olduğu biçək və 1230-cu illərdə Şəh­ri­zor-Ərbil arasında fəaliyyət göstərən Sevincin qışlu adlı oymağının da bu oba­lardan olması mümkündür2. XV-XVI əsrlərdə Anado­luda ya­şayan ağca­qo­yunlu, qarakeçili və b. oymaqlar ilə həmin əsr­lər­də Xarəzm türkmənləri ara­sında görünən təkə, ərsarı kimi təşəkküllər üçün də eyni təxminlərdə bu­lunmaq mümkündür.

Osmanlı dövlət təşkilatında sağ qol və sol qol olmaq üzrə iki­­li düzən əsaslı qayda olaraq yerləşmişdi. Bundan əlavə, 24-lü düzənə aid də bəzi mi­sallar vardır. Məsələn, Rumeli əyaləti 24 sancağa ayrılırdı. Diyarbəkir əya­ləti də səkkizi yurdluq, beşi ocaqlıq olmaq üzrə 24 sancaq idi3. Otluqbeli sa­va­şında (1473) Anadolu bəylərbəyisi Davud paşanın əmrində 24 sancaq bəyi var­dı4. Dədə Qorqud dastanındakı 24 sancaqbəyi sö­zü5 gərək ki, bura­dan alınmışdır. Övliya Çələbiyə görə6, Kütahya sancağı 24 qazılığa bölünür­dü. Rumelidə dövlət xid­mə­tin­də olan yö­rük­­lər 24 nəfərdən ibarət qruplara ayrılmışlar: 24 nəfərdən biri eşkinci, üçü çatal, iyirmisi isə yarmaq sayıl­mış­dır7. 1100-cu il­də (1688-1689) Konya mütəsəllimi olan Yeyən Osman paşa­nın da­yısı Qara Həsən bəyin məiyyətində 24 bayraq səkban və sa­ru­ca bö­lü­yü vardı. Hər bayraq bir bölüyü təmsil edir, hər bölü­yün ba­şında bir bölük­başı dururdu. Qara Hə­sənin vəzifədən azad edil­məsindən sonra bu 24 bayraq sək­ban və sarucanın ba­şı­na Ye­yən Osman paşanın qardaşı oğlu Əhməd bəy keçmiş­dir8.

Osmanlı maliyyə təşkilatında da 24 rəqəmi ilə əlaqədar bəzi misallar gös­tərmək mümkündür. Yörüklərdən hər hansının qo­yunu 24-dən az olsa və ya heç olmazsa, o, qara, yəni yoxsul sa­yılır, alınan vergi də buna uyğun ola­raq hesablanırdı1. Bun­dan başqa, yeniçəri ocağı zabitlərindən piyada­başı­la­rın gündəlik ma­aş­larının 24 axça olduğunu bilirik2. Türk və kürd oymaqları arasında bəzi elatların oğuz boyları kimi, 24 bö­lük halında təş­ki­latlandıqları müşahidə edilir.

Mərv bölgəsində yaşayan təkə adlı məşhur türkmən oymağı səyyahların məlumatına görə 24 obaya ayrılırdı3. Səfəvi döv­rün­də Qarabağda yaşayan və 24 obadan meydana gələn bir top­luluq da öz təşkilat quruluşuna uyğun olaraq «İyirmi dörd» adı­nı daşıyırdı4. Şərəf xan bu topluluğun kürd mənşəli olduğunu söyləyir5. Yenə onun fikrincə, mənsub olduğu Bit­lis dağların­da­kı ruzədi adlı kürd boyunun 24 obadan ibarət olub bunlardan 12 obanın Bilbasi, 12 obanın isə Kovalsi adını daşı­dığını bil­di­rir6 ki, hər ikisində oğuz boy təşkilatının təsiri açıqca görünür.

24 rəqəminin ox hazırlanmasında da bir dəyəri olduğu bili­nir. Osmanlı oxları 4 dirhəmdən 24 dirhəmə qədər olub yaya nə­zərən düzəldilirdi. Bun­dan başqa, hər ox 4 dərəcəsi boğaz, 7 dərəcəsi göbək, 6 dərəcəsi şalvar, 7 də­­rəcəsi ayaq olmaq üzrə 24 dərəcəyə (hissəyə) bölünürdü7.

Salnaməçi Hammer8 24-lü oğuz boy təşkilatının Misir məm­­lüklərində 24 bəy olaraq davam etdiyini söyləsə də, belə bir hal ancaq XVI əsrin əv­vəl­lərində müşahidə edilir. Həqiqə­tən, Qan­suh ül-Qövri dövründə əsas bəy­lərin sayı 24 idi9. An­caq da­ha əvvəlki sultanlar dövründə əsas bəylərin eyni say­da ol­ma­sı şüb­həlidir.

Şikarinin «Qaraman oğulları tarixi»ndə 24 vəzir, 24 min əs­gər sözünə tez-tez təsadüf olunur10. Övliya Çələbidə də bu ma­hiyyətdə ifadələr görünür11. II Murad da Varna səfəri (1444) mü­­nasibətilə əsir alınan xristian bəylə­rin­dən seçdiyi 24 nəfəri məmlüklərə göndər­mişdir12. Bütün bu zikr edilən mi­sal­­ların bə­zi­ləri bir təsadüf ilə izah oluna bilsə də, bir çoxla­rının 24 oğuz bo­yundan qalan adət və xatirə ilə əlaqədar olduğu şübhəsizdir.

Oğuz boylarına aid bu xüsusları göstərdikdən sonra türk oy­­maqları haq­qında tədqiqat aparanların işini asanlaşdırmaq üçün Kaşğari və Rəşidəddinin oğuz boyları siyahısı ayrılıqda ve­rilir.

Bilindiyi kimi, Yazıçıoğlu Əlinin və Əbülqazinin siya­hıları əsas etibarı ilə Rəşidəddindən alınmışdır. Ancaq Yazıçı­oğlu Rəşidəddinin mükəmməl bir nüsxəsini gördüyündən və eyni za­manda bu mövzuya vaqif və həvəskar bir türk olduğu üçün onun siyahısı mən­bəyə ən yaxın olanıdır.

Bu baxımdan onun siyahısı da olduğu kimi çap edilir.

I. MAHMUD KAŞĞARİDƏKİ OĞUZ BOYLARI1

1.Kınık

2.Kayığ


3. Bayundur

4. İva (yıva)

5.Salğur

6.Əfşar


7.Bəg-tili

8.Bügdüz

9.Bayat

10. Yazğır



11. Eymür

12. Qara-bölük

13. Alka-bölük

14. İğdır

15. Ürəgir (yürəgir)

16. Totırka

17. Ula-yuntluğ2

18. Tökər

19. Bəçənək

20. Çuvaldar3

21. Çəpni

22. Çarukluq4

ANADOLUDA OĞUZ BOYLARINA AİD YER ADLARI

Kitabın sonunda oğuz boylarına aid yer adları cədvəli ve­rilmişdir. Bu cəd­vəl XVI əsrdə yazılmış müfəssəl təhrir dəftər­ləri əsasında meydana gəti­rilmişdir. Həmin dəftərlər Baş nazir­lik arxivi ilə tapu və kadastr ümum­müdirliyi arxivindədir. Cəd­vəlin boylara aid bütün yer adlarını əhatə etməsi üçün əldən gə­lən heç nə əsirgənməsə də, yenə də onun tam olduğunu iddia et­mək qeyri-mümkündür. Çünki dəftərlərdə səmt və mövqe ad­ları təsadüfi verilmişdir. Halbuki onlar arasında da oğuz boy­la­rına aid xeyli yer adının ol­duğu şübhəsizdir.


II. RƏŞİDƏDDİNƏ GÖRƏ OĞUZ BOYLARI



BOZ-OXLAR

Gün xan oğulları

Boyun adı

Mənası

Ət qismi

Onqonu

1.Qayı

möhkəm

sağ qarı

yağrın


şahin

2.Bayat

dövlətli və

neməti bol



“-----“

“----“

3.Alkaravlı

haraya varsa,

başarı göstərər



“----“

“----“

4.Qara ivli

qara otaqlı

“----“

“----“

Ay xan oğulları

5.Yazır

çox ölkəyə hakim

aşuqlu

qartal

6.Döyər

toplamaq üçün

“-----“

“-----“

7.Dodurğa

ölkə almaq və

xanlıq etmək



“-----“

“-----“

8.Yaparlı1

2

“-----“

“-----“

Yıldız xan oğulları

9. Avşar

çevik və vəhşi hey­-

van ovuna həvəsli



sağ umaca

dovşan­cıl

10.Qızıq3

qüvvətli,

yasaqda ciddi



“-----“

“-----“

11.Bəgdili

böyüklər

kimi əziz



“-----“

“-----“

12.Qarqın

çox və

doyuran aş



“-----“

“-----“

ÜÇ-OXLAR

Göy xan oğulları

13.Bayandır

daima nemətlə

dolu olan yer



sol qarı

yağrın


sunqur

14.Beçənə4

iyi çalışar,

qeyrət göstərər



“-----“

“-----“

15.Çavuldur

şərəfli, ünü

yayqın


“-----“

“-----“

16.Çəbni

harda yağı gör­sə,

dərhal savaşar



“-----“

“-----“

Dağ xan oğulları

17.Salur


haraya varsa,

qılınc və çomağı

iş görər


ucayla



18.Eymür

son dərəcə iyi,

zəngin


“-----“

“-----“

19.Ala yuntlı

heyvanları iyi

“-----“

“-----“

20.Ürəgir

daima iyi iş və

düzən qurucu



“-----“

“-----“

Dəniz xan oğulları

21.Yigdir5

iyilik, böyüklük,

igidlik


aşuqlu

çağır

22.Bügdüz


hər kəsə təvazö

göstərər və

xidmət edər


“-----“

“-----“

23.Yıva


dərəcəsi hamıdan

üstün


“-----“

“-----“

24.Qınıq

harda olsa, əzizdir6

“-----“

“-----“

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə