34
İkinci tikinti mərhələsində bu dövrün xarakterik xüsusiyyətlərindən
biri olan arxitektura qalıqlarının bir-birini izləməsi müşahidə olunurdu. Bu
proses qazıntının şimal-qərb divarının altında yeni divar qalığının aşkar
edilməsində özünü biruzə verirdi. Yalnız bu divar üstdəkindən qalınlığı ilə
fərqlənirdi. Onun eni 45-50 sm idi. İkinci divar qalığı cənubdakı ümumi
divara bitişik olub şimal-şərq istiqamətində uzanırdı. Eni 55-40 sm olan bu
kiçik divar qalığını şimal-qərbdəki divarla birləşdirən ensiz sərt təbəqələr
arasında trapes formalı çuxur qeydə alındı. Üçüncü divar qazıntı sahəsinin
şərqində üzə çıxarıldı. Buradakı ovalvari divar qalığı birinci mərhlənin tikinti
qalıqlarının altından çıxdı. Divarın eni 60 sm idi. Bu mərhələnin spesifik
xüsusiyyətlərindən biri üzərinə müxtəlif ölçülü daşlar qoyulmuş ovalşəkilli iş
yerlərinin üzə çıxarılması idi. Onlar qazıntı sahəsinin cənubundan şimala
doğru sıralanmış halda qeydə alındı. Daş alətlərin yığıldığı iş yerlərindən
ikisinin diametri 60-65 sm, üçüncünün diametri 35x40 sm idi. İkinci tikinti
mərhələsinin əsas tapıntıları qırmızı-qəhvəyi rəngli keramika nümunələri,
qara rəngli obsidian, ağ rəngli şəffaf gips parçaları, müxtəlif heyvan
sümüklərinin qalıqları, ağ rəngli kiçik ölçülü mərmər alət, həmçinin müxtəlif
ölçülü daş alətlərlə təmsil olunurdu. Bu mərhələyə aid kasa tipli qablardan
birinin fraqment sarı rəngli, qum qarışıq gildən hazırlanmış, az miqdarda
samanlı idi (KT-15, №F045).
Üçüncü tikinti mərhələsinə təqribən 75 sm dərinlikdə olan cənub-qərb
istiqamətində uzanan yarımdairəvi divar qalığı aiddir. Eni 40 sm, hündürlüyü
20 sm olan bu divar cənub hissədə kiçik ocaq divarı ilə birləşirdi. Ocağın
divarının eni 15 sm, diametri isə 50x65 sm idi. İkinci ocaq narıncı rəngli oxra
qalıqlarının olması ilə digərlərindən fərqlənirdi. Sahənin cənub-şərqində üzə
çıxarılan bu ocağın diametri 50 sm olub, cənub qurtaracağında obsid formalı
idi. İçərisi qazılarkən sümük alət, çaxmaqdaşı, açıq qəhvəyi rəngli obsidianın
kiçik hissələri üzə çıxdı. Üçüncü ocaq divarın qərbində olub buta formasında
idi. Diametri 30x40 sm idi. Onun içərisindən qızarmış torpaq və kül qalıqları
toplandı. Bu mərhələdə diqqəti cəlb edən xüsusiyyətlərdən biri də daş
döşəməli ocaq və iş yerlərinin üzə çıxarılması oldu. Onlardan biri kvadratın
şərqindəki evin cənubunda aşkar edildi. Daşlar götürülərkən altından narıncı,
qəhvəyi rəngli, qalın divarlı saxsı fraqmentləri üzə çıxarıldı. Qəhvəyi rəngli
saxsı fraqmentlərindən birinin ağız kənarında 1 sm enində relyefik qurşaq var
idi. Bu evin şərq hissəsində üçbucaq şəkilində gil platforma və həsir izləri
olan döşəmə qalıqları da qeydə alındı. Döşəmənin cənub-şərq hissəsində iri
35
ölçülü, qabarıq-silindirik formalı saxsı qabın gövdəsi aşkar edildi. Onun
diametri 30, oturacağın hündürlüyü 5 sm, divarın salamat qalan hissəsinin
hündürlüyü 8 sm idi.
Divarın qərb tərəfində qeydə alınan təsərrüfat çuxuru əvvəlki tikinti
mərhələsinə aid olan trapes formalı təsərrüfat çuxurunun altından üzə
çıxarıldı. Diametri 62-63 sm, dərinliyi 20 sm olan təsərrüfat quyusunun
döşəməsində və silindirik formalı divarında yanmış saman qalıqları
izlənilirdi. Şimal divarında iri təsərrüfat küpəsinin boğaz və ağız fraqmenti
qalmışdı. İçərisində təxminən 3 sm qalınlığında ağ rəngli küllü döşəmənin
altından yeni döşəmə izlənilirdi (Şəkil 19). Maraqlı tapıntılardan biri qazıntı
sahəsinin cənubunda qeydə alınan dağ keçisi buynuzu idi. Uzunluğu 30 sm,
eni 1- 4 sm arasında dəyişən buynuz ağ rəngli olub yarı hissədən uclara doğru
üzəri nahamar-tilifli idi. Narıncı rəngli, bəzən relyef ornamentli saxsı
nümunələri, qəhvəyi, qara, boz-şəffaf rəngli obsidian, çaxmaqdaşı və az
miqdarda sümük alətlər bu mərhələnin tapıntılarına daxildir. Üfüqi formalı
çıxıntı ilə təmsil olunan ornamentlərə Şomutəpənin Neolit keramikasında [5,
tablo 155] da rast gəlinmişdir. Lakin I Kültəpənin Son Neolit keramikası
üzərindəki relyef çıxıntılar qabı tam çevrələməsi, bəzi hallarda qulpa bənzər
olması və digər xüsusiyyətləri ilə lokal xüsusiyyətləri özündə ehtiva edir
(Şəkil 14).
Üçüncü mərhələnin xarakterik xüsusiyyətlərindən biri narıncı rəngli
qabların çoxluq təşkil etməsidir. Əsasən kasalarla təmsil olunan bu qabları
oturacaq formasına görə 2 tipə bölmək olar: küncdə maili şəkildə
dəyirmiləşdirilmiş olanlar və silindirik dabanlı olanlar. Birinci tipə aid olan
kasalardan biri kiçik həcmli, nazik divarlı və qalın oturacaqlı idi (KT-15,
№E47). Narıncı rəngli keramika məmulatları üzərində rast gəlinən yuvarlaq,
bəzən də konusşəkilli qabarıq ornamentlər də diqqətçəkicidir. Neolit
keramikası üçün xarakterik olan bu tip bəzəmələrə vaxtı ilə eyni abidədə
O.H.Həbibullayevin qazıntıları zamanı “1a” və “1b” təbəqələrində
[Həbibullayev, 1959: 47], həmçinin Şomutəpənin Neolit keramikası arasında
rast gəlinmişdir [Ахундов, 2012: tablo 151].
Dördüncü tikinti mərhələsinə aid olan ev yuvarlaq şəkilli divarının
interyerinə şimaldan nizamlı şəkildə, qərbə doğru dağınıq halda olan daş
düzümləri ilə diqqəti cəlb edirdi. Diametri 2 metrə çatan evin şimal divarı
həm də ocağa aid olduğundan nizamlı halda daşlarla çevrələnmişdi. Lakin
evin möhrədən tikilmiş divarının qərbə doğru davam edən hissəsində də
Dostları ilə paylaş: |