36
daşların nisbətən iri nümunələrinə seyrək halda rast gəlinirdi. Evin divarının
sağlam qalmış hissəsinin eni 30 sm, hündürlüyü 29 sm idi. Evi interyerdən
əhatə edən daş çevrə dağıntıya məruz qaldığından yaxşı saxlanmamışdı.
Lakin bu nüans Neolit arxitekturasında daşlardan istifadə edilməsi faktorunu
istisna etmir. Bu cür tikinti qalıqları Dağıstanın Çox adlı yaşayış yerinin
Neolit təbəqəsindən aşkar edilmişdir. Buradakı evlər tikintisində daşlardan
istifadə edilməsi ilə yanaşı, içərisindən aşkar edilən ocaq, keramika, təsərrüfat
alətləri ilə də I Kültəpənin artefaktları ilə oxşarlıq təşkil edir [Кушнарева,
1997: 12; Амирханов, 1985: 98].
Bu evin şimal hissəsində nizamlı halda düzülmüş daş çevrə eyni
zamanda buradakı ocağın divarını təşkil edirdi. Çevrəsi daşla əhatələnmiş
oval şəkilli ocağın şimal tərəfdən interyerinin üçdə iki hissəsinə ölçüsü 10x15
sm olan daşlar döşənmişdi. Onun diametri 40x75 sm-ə çatırdı. Daşla çevrəli
ikinci ocaq evin şimal-qərb küncündə qeydə alındı. Diametri 50 sm olan bu
ocağın digərlərindən fərqi daha kiçik ölçülü və çoxsaylı dəyirmi daşlardan
ibarət olması və yumşaq küllə qarışıq halda olması idi. Üçüncü ocaq sahənin
şərqindəki evin cənubunda qeydə alındı. Yarım dairəni xatırladan ocağın şərq
yarısına yastı daşlar döşənmişdi (Şəkil 20). Onun cənub-qərbində interyerinə
yastı daşlar döşənmiş daha bir ocaq qeydə alındı. Ocağın diametri 65 sm idi.
Daşla çevrəli digər ocaq sahənin şərqindəki evin cənub hissəsində qeydə
alındı. Yarımdairəni xatırladan ocaqdan qəhvəyi rəngli, qalın divarlı iri qabın
fraqmentləri aşkar edildi. Ocaqların çox saydə və dəyişik yerlərdə olması
onların funksiyası ilə bağlı olmuşdur. Onların bəziləri saxsı qabların
bişirilməsi, bəziləri evin isidilməsi (içərisinə daş düzülən ocaqlar), bir qismi
də ritual xarakterli məzmun daşımışdır.
Dördüncü mərhələnin tapıntıları çilli, relyef ornamentli, qalın divarlı
qəhvəyi və narıncı rəngli keramika, həmçinin müxtəlif rəngli obsidian
qalıqları ilə təmsil olunurdu. Keramika nümunələri qurşaq şəkilli relyefli
(Şəkil 24). daha kobud, təbəqələrin birləşdirilməsi yolu ilə hazırlanması,
banka tipli və nehrə tipli qabların üstünlüyü ilə, həmçinin düz oturacaqları,
bəzən də daban şəkilli çıxıntılı olmaları ilə Neolit dövrünün spesifik
xüsusiyyətlərini özündə əks edir. Nehrə tipli iri həcmli qablardan biri
kvadratın cənub-şərqində dağ keçisi buynuzu ilə birlikdə qeydə alınmışdı.
Divarları arasında boz təbəqə olan bu tip qablar iri ölçüsü və möhkəm qalın
divarlı olmaları ilə təsərrüfat məqsədi daşımışdır. Divarları arasında boz lay
olan və xarici səthi xəfif şəkildə cilalanmış qablar vaxtı ilə O.Həbibullayev
37
tərəfindən I Kültəpənin «1б» təbəqəsindən [Həbibullayev, 1959: 60] aşkar
olunmuş, həmçinin Şomutəpə keramikası içərisində də özünə geniş paralellər
tapır [Ахундов, 2012: таблица 208, 8-258]. Üçüncü fraqment sarı-çəhrayı,
qalın divarlı qaba aid olub ağız kənarının 3 sm aşağısında olan relyef qurşaqla
diqqəti cəlb edirdi. Bu cür qurşaqlar özü də bir neçə formada ortaya çıxırdı:
qabın boğaz hissəsini konusvari formada çevrələmiş halda; eyni yerdə lakin
kobud dalğavari şəkildə, qabın tam ağız kənarında yuxarıya doğru qabarıq
formada və qabın boğaz hissəsində aşağıya doğru qalınlaşdırılaraq qulp şəkilli
forma alan relyef qurşaqlar şəklində tətbiq edilmişdi. Bu tip rudimentar
qulpları xatırladan ornamentasiyanın Cənubi Qafqazın, o cümlədən
Azərbaycanın Neolit keramikası üçün xarakterik olması onlara I Kültəpənın
əvvəlki materialları arasında [Абибуллаев, 1982: таблица IX, 1-4),
Şomutəpə [Ахундов, 2012: 56], Arataşen [Palumbi, 2007: table 1, 6]
Aknaşen-Xatunarx [Badalyan et al., 2010: fig. 9-2, 22, 24] və digər
abidələrdən aşkar edilən keramika üzərində rastlanmasında öz təsdiqini
tapmışdır. Bu tipli ornamentlərin Şomutəpə keramikası üzərindəki oxşarları
qabın ağız kənarından 3-4 sm aşağıda salınmasına görə eyni olsa da I Kültəpə
keramikasından fərqli olaraq onlar qırıq-qırıq üfüqi xətlər formasındadır. I
Kültəpə keramikasında bu cür bəzəklərin müxtəlif çeşidli və enli olması,
həmçinin daha primitiv formalarla təmsil olunması Naxçıvan Neolitinin lokal
xüsusiyyətlərindən sayıla bilər.
Beşinci tikinti mərhələsinə aid kiçik divar qalığı daşla çevrələnmiş evlə
cənubdakı ocağın arakəsməsində təqribən 22 sm alt səviyyədə qeydə alındı.
Onun eni 20 sm, uzunu 1 m olub bir hissəsi cənub divarına bitişik ocağın
altında qalırdı. İkinci divar qalığı qazıntı sahəsinin cənub-şərqində qeydə
alındı. Eni 35 sm olan bu divar əvvəlki mərhələlərdə aşkar edilmiş evin
cənub-şərq divarının altında olub şərq istiqamətində davam edirdi. Bu evin
içərisində oval şəkilli ocaq da qeydə alındı. Diametri 45-65 sm olan ocağın
içərisi qazılarkən yanmış torpaq və kül qalıqları, həmçinin az miqdarda
sümük qalığı götürüldü. İkinci ocaq qərb yarısının mərkəzində qeydə alındı.
Formaca butanı xatırladan ocağın interyeri qazılarkən daşla çevrəli yeni
ocağın divarları izlənirdi. Lakin qazıntı mövsümü başa çatdığından onun
davamını araşdırmaq mümkün olmadı. Bu mərhələnin ən maraqlı tapıntısı
sahənin cənubundakı ümumi divarla şərqindəki evin divarı arasında qeydə
alınan boyaq (oxra) saxlanan qab oldu (Şəkil 21). Qabın oturacağının
diametri 16 sm olub içərisində qırmızı rəngli boyağın qalıqları qalmışdı (Şəkil
Dostları ilə paylaş: |