30
III FƏSİL. KÜLTƏPƏ YAŞAYIŞ YERİNDƏ 2015-Cİ İLDƏ
APARILAN ARXEOLOJİ ARAŞDIRMALAR
2015-ci ilin yay mövsümündə əsas məqsəd Son Neolit dövrü
insanlarının həyat tərzini, yaşayış yerinin strukturu ilə bağlı məsələləri
aydınlaşdırmaqdan ibarət idi. Abidənin bəzi qismlərində Kür-Araz
mədəniyyətinə aid təbəqə saxlandığından onun da araşdırılması və Eneolit
dövrü ilə əlaqələri qarşımızda duran əsas məsələrdən idi. Bu məqsədlə
yaşayış yerində A və D sahələrində tədqiqatlar davam etdirilməklə yeni F
(ölçüsü 5x11 m), E (ölçüsü 5x11 m) və G (ölçüsü 10x10 m) sahələri açıldı
(Şəkil 12). Tədqiqat zamanı təqribən yerin səviyyəsindən 10 sm dərinlikdə
dairəvi formalı evin qalıqları aşkar olundu. Onun divarları yalnız qərb hissədə
salamat qalmışdı (F-010). Evin salamat qalan hissəsinin diametri 2, 20 m,
divarlarının qalınlığı 35 sm idi. Divar çox pis qalmışdı. Onun salamat qalan
hissəsinin hündürlüyü 5 sm idi. Bu evin qalıqlarından şimalda nalşəkilli
ocağın qalıqları aşkar olundu (F-009). Ocaq şimalda qövsşəkilli formada
tamamlanmışdı. Eni 50, uzunluğu 80 sm idi. Bu evin xarici tərəfində qırmızı
rəngli iri çaxmaqdaşı parçalarına rast gəlindi. Evin içərisindən və ətrafından
Son Neolit üçün xarakterik olan çəhrayı rəngli samanlı keramika, heyvan
sümükləri və obsidian parçaları aşkar olundu. Saman qarışıq keramika Cənubi
Qafqazın Naxçıvan-Mil-Muğan abidələrinin spesifik xüsusiyyətlərindəndir
[Мунчаев, 1982: 93-131].
Qazıntı sahəsinin cənub tərəfində ikinci bir divarın qalıqları aşkar
olundu (F-017). Bu şimalda əvvəlcə aşkar olunan evin qalıqları ilə birləşirdi.
Divarların birləşdiyi yerdə insan skeletinin qalıqları aşkar olundu. Divarın eni
45 sm idi. O cənub tərəfdə D sahəsində aşkar olunmuş böyük divarla ümumi
plan əmələ gətirirdi (Şəkil 13). Araşdırma zamanı bu divarın 10-15 sm
qalınlığında olduğu və özündən əvvəlki divarın üzərində tikildiyi
müəyyənləşdirildi. Bu divardan qərbdə iri həcmli podnos tipli qabın qalıqları
aşkar olundu (F-021). Silindrik divarlı bu qabın parçaları ekspedisiyanın
bərpaçıları tərəfindən ehtiyatla götürüldü və bərpaya verildi (Şəkil 14).
Araşdırma bu qabdan çörək bişirmək üçün istifadə olunduğunu deməyə
imkan verir. İri qum qarışıq gildən bişirilmiş məcməyi tipli qabların
bənzərləri 2013-cü il arxeoloji qazıntıları zamanı Yeni yol yaşayış yerindən,
həmçinin vaxtı ilə Göytəpə və Aruxlo [Гулиев, Гусейнов, Алмамедов,
2009: 26-30; 12, figure 9, 1-2] və digər abidələrdən üzə çıxarılmışdır. Bu
31
mərhələdə aşkar edilən ocaqların evlərin içərisində, yaxud evlərin xaricində
olması
ehtimal ki, mövsümlə bağlı olmuşdur.
Qazıntı sahəsinin şərq tərəfində F-010 divarından altda, yer səthindən
35 sm dərinlikdə yeni bir divarın olduğu müəyyənləşdirildi (İkinci tikinti
qatı). Divarın eni 40 sm idi. Bu divarın qalığı cənub tərəfdə yaxşı izlənmirdi,
divarın böyük bir qismi isə qazıntı sahəsindən kənara çıxırdı (Şəkil 15).
Tədqiqat zamanı nalşəkilli ocağın bu evin içərisində qaldığı müəyyən edildi.
Divarın bəzi hissələrində çay daşlarına və dən daşlarının parçalarına rast
gəlinirdi. Divarın içəri tərəfində və ətrafında Son Neolit dövrü üçün
xarakterik olan çəhrayı rəngli keramika, obsidian parçaları və heyvan
sümükləri aşkar olundu. Bu tikinti qatına həmçinin sahənin cənub tərəfində
aşkar olunan dairəvi formalı ocağın qalığı da aiddir. Onun içərisi qara rəngli
kül və kömür qalıqları ilə dolmuşdu. Sahənin qərb tərəfində diametri 70 sm
olan ikinci ocaq yeri aşkar olundu.
Üçüncü tikinti qatına bir neçə divar qalığı aid idi. Bu divarların biri F-
017 divarının altındakı divar idi. Bu divar üstdəkinə nisbətən daha enli idi.
Divarın eni 50-55 sm arasında dəyişirdi. Ondan şərqdə və qərbdə də divar
qalıqları aşkar olundu. Qərbdəki divar bir qədər düz planlı idi (F-055). Onun
olduqca az bir hissəsi salamat qalmışdı. Divarın eni 55 sm idi. Ondan şimalda
oval formalı, diametri 70 sm olan ocaq yeri aşkar olundu. Ocağın bir qismi
qazıntı sahəsindən kənarda qalmışdı. F-017-dən şərqdəki divarın (F-
083)yalnız qalıqları aşkar olundu. Divarın eni 40 sm idi. Divarın əsas hissəsi
qazıntı sahəsindən kənarda qalmışdı. Bu divarın xarici tərəfində oval formalı
ocağın qalıqları aşkar edildi. Ocağın ətrafı çaydaşları ilə əhatə olunmuş və gil
məhlulu ilə bərkidilmişdi. Bəzi hissələrdə daş hörgü ensiz möhrə tikinti ilə
(qalınlığı 10 sm) əvəz edilmişdi. Ocağın diametri 110 sm idi. Ocağın mərkəzi
hissəsində kərpic töküntülərinə rast gəlinirdi. Kərpic töküntüsü götürüldükdən
sonra bəzi yerlərdə ocağın içərisinə yastı çay daşları döşəndiyi məlum oldu.
Ocağın içərisinə çay daşları döşənməsinə digər sahələrdə, xüsusilə A və E
sahələrində də rast gəlinmişdir. Ehtimal ki, daş döşəmə temperaturu
tənzimləmək üçün edilmişdir. Ocağın ətrafında eni 50 sm olan gil döşəmə,
döşəmədə isə diametri 40 sm olan, içərisi küllə dolu dairəvi çuxur aşkar
edildi. Çuxur təmizlənərkən xeyli miqdarda obsidian plastinka aşkar olundu.
Çuxurun döşəməsi gillə suvanmışdı.
Qazıntı sahəsinin şimalında aşkar olunan divar qalıqları olduqca pis
saxlanmışdı. Bu divar qalıqlarını da üçüncü tikinti qatına aid etmək olar.