eramızdan min il əvvəl yaşamış dəmirçini və onun həyat yoldaşı Yanuanı
xatırlayırıq.
Yeddinci ay, iyul Yuli Sezarın şərəfinə adlandırılmışdır. Buna görə də
imperator Avqust özünün geri qalmasını istəməyərək növbəti ayı avqust
adlandırdı. Lakin o vaxtlar səkkizinci ayda cəmi otuz gün var idi, Avqust isə
istəmirdi ki, onun adı ilə adlandırılan ay Yuli Sezarın şərəfinə adlandırılmış
aydan qısa olsun. O, fevraldan bir günü götürdü və onu avqusta əlavə etdi. Bu
şöhrətpərəst oğurluğun izlərini siz bu gün evinizdə asılan təqvimdə görə
bilərsiniz. Həqiqətən də, siz öyrənirsiniz ki, sözlərin tarixçəsi çox maraqlıdır.
Böyük lüğətdə aşağıdakı sözlərin əmələ gəlməsini tapmağa çalışın: atlas,
boykot, koloss, sendviç, lunatik, maliyyə... Onların tarixçəsini öyrənin. Bunun
sayəsində onlar ikiqat rəngarəng, ikiqat maraqlı olacaqlar. Və onda siz onlardan
daha böyük həvəs və maraqla istifadə edəcəksiniz.
Bir cümlənin yüz dörd dəfə təkrar köçürülməsi
Nəzərdə tutduğunuzu dəqiq deməyə və fikirlərinizin ən incə nüanslarını
ifadə etməyə çalışın. Bu, həmişə asan olmur, hətta təcrübəli yazıçılar üçün də.
Xanım Fannı Herst mənə danışmışdı ki, hərdən o, öz cümlələrini əllidən yüz
dəfəyə qədər təkrar köçürür. O dedi ki, bizim söhbətimizdən cəmi bir neçə gün
əvvəl bir cümlə yüz dörd dəfə yenidən yazılmışdı. Xanım Meybl Herbert Urner
mənə bildirmişdi ki, bir neçə qəzetdə dərc olunacaq qısa bir hekayədə bir və ya
iki cümləni ixtisar etmək üçün bəzən olur ki, bütün gününü sərf edir.
Mürəbbi Morris danışırdı ki, Riçard Hardinq Devis yerinə düşən və düzgün
sözü tapmaq üçün daim işləyirdi.
“Onun bədii prozasında hər bir ifadə onun təklif edə biləcəyi saysız-hesabsız
ifadələrin arasında ən yerinə düşəni idi.
İfadələr, abzaslar, səhifələr, hətta bütöv hekayələr yenə və yenə köçürülürdü.
O ixtisar etmək prinsipi üzrə işləyirdi. Əgər o, avtomobilin darvazanın qarşısında
döndüyünü təsvir etmək istəyirdisə, onda əvvəl bunu uzun və təfsilatlı surətdə,
ən xırda, xristian dünyasında ən diqqətli adamın da bu hadisə ilə bağlı yadda
saxlaya bilməyəcəyi detalı belə gözdən qaçırmadan qələmə alırdı. Sonra o, özünü
bu qədər gücə salaraq yadına saldığı həmin detalları bir-birinin ardınca atırdı.
Hər ixtisardan sonra o, özündən soruşurdu: “Mənzərə saxlanılırmı?” Əgər
mənzərə saxlanılmırdısa, onda o, indicə atdığı detalı bərpa edir və başqa detalları
ixtisar etməyə başlayırdı və sair və ilaxir. Bu, o vaxtadək davam edirdi ki,
Herkules səylərindən sonra oxucu üçün yalnız onun hekayə və romantik əhvalat-
larının həmişə bu qədər məftunedici şəkildə bəzədildiyi, hər bir xırda detalı ilə
tamamlanmış gur və dəqiq mənzərələri qalırdı”.
Bizlərdən əksəriyyətimiz sözün üzərində cidd-cəhdlə işləmək üçün nə vaxta,
nə də istəyə malikik. Bu epizodlar ona görə göstərilib ki, məşhur yazıçıların
düzgün qələmə almaq tərzinə və fikri düzgün ifadə etməyə nə qədər böyük məna
verdikləri diqqətinizə çatdırılmış olsun. Bu, sizi ruhlandırmaq, sizdə dilin fəal
işlədilməsinə güclü maraq doğurmaq üçün edilir. Cümləni deyərkən natiqin
çatdırmaq istədiyi fikrin məhz düşündüyü çalarını ifadə etmək üçün məhz hansı
sözü seçmək üzərində fikirləşməsi, əlbəttə, düzgün olmazdı. Lakin o, fikrin dəqiq
ifadə olunmasını gündəlik ünsiyyət prosesində o vaxta qədər özündə işləyib
downloaded from KitabYurdu.org
düzəltməlidir ki, bu, qeyri-şüuri surətdə baş versin. O, bunu etməlidir, bəs o,
bunu edirmi? Xeyr.
Deyirlər ki, Milton səkkiz min sözdən istifadə edirdi, Şekspir isə – on beş
mindən. İngilis dilinin normativ lüğətinə yarım milyondan əlli min az söz
daxildir. Lakin adamların əksəriyyəti, əldə olan məlumatlara görə, təqribən iki
min sözlə keçinir. Onun ehtiyatında müəyyən sayda fel, onları birləşdirmək üçün
kifayət qədər sayda bağlayıcı söz, bir ovuc isim və bir neçə sürtülmüş sifət vardır.
O, əqli cəhətdən həddən artıq tənbəldir və ya o, həddən artıq məşğuldur ki,
özündə ifadə tərzinin dəqiqliyini və səlisliyini işləyib formalaşdırsın. Nəticədə
bəs nə alınır? İzin verin bir nümunə göstərim. Bir dəfə mən Kolorado
platosundakı Böyük Kanyonun yanında bir neçə unudulmaz gün keçirmişdim.
Gün ərzində mən bir xanımın çau-çau cinsli it haqqında, orkestrin ifa etdiyi
musiqi əsəri haqqında, insan xarakteri haqqında və Böyük Kanyonun özü
haqqında danışarkən eyni bir sifət işlətdiyini eşidirdim. Bu, “gözəl” sifəti idi.
Bəs bu qadın nə deməli idi? Rojenin “Söz xəzinəsi” (P.Roget. «Treasury of
Words») lüğətindən “gözəl” sözünün sinonimlərini istifadə etməli idi. Bu, onun
tam lüğətinin (P.Roget. «Thesaurus of Words and Phrases») çox böyük fayda
verən ixtisar olunmuş nəşridir. Əgər bu kitab mənim stolumun üstündə deyilsə,
şəxsən mən heç vaxt yazmağa oturmuram. Mən onu adi lüğəti işlətdiyimdən on
dəfə çox istifadə edirəm.
Bu kitabın yaradılmasına Roje neçə il ağır əmək həsr etmişdir. Bununla belə,
bu kitab daim sizin yazı stolunuzun üstündə olacaq və bahalı olmayan qalstuka
verdiyiniz məbləğin müqabilində bütün ömrünüz boyu sizə xidmət edəcəkdir.
Bu, kitabxana rəflərində saxlanmaq üçün alınan kitablardan deyil. Bu, daim
işlədilməli olan alətdir. Çıxışlarınızda dediyiniz fikirləri qeyd edəndə və ya
cilalayanda ondan istifadə edin.
Öz məktublarınızı diktə eləyəndə və öz komitənizin hesabatını tərtib edəndə
bu kitabdan istifadə edin. Ondan hər gün istifadə edin və o, sizin sözləri işlətmək
bacarığınızı ikiqat, üçqat artıracaq.
Sürtülmüş cümlələrdən qaçın
Yalnız dəqiq olmağa yox, həm də təravətli və orijinal sözlərdən istifadə
etməyə çalışın. Şeyləri öz adı ilə adlandırmağa səy göstərin.
Məsələn, nə vaxtsa, dünya suya qərq olandan dərhal sonra hansısa bir
orijinal zəka ilk dəfə bu müqayisəni istifadə etdi: “xiyar kimi soyuq”
62
. O vaxtlar
bu istisnasız olaraq yaxşı səslənirdi, çünki tamamilə yeni bir ifadə idi. Hətta
məşhur Valtasar ziyafəti dövründə də bu ifadə, ola bilsin, özünün ilkin təravətini
saxlamaqda davam edirdi və onu banketlərdə edilən çıxışlarda istifadə etmək
olardı. Lakin öz orijinallığı ilə fəxr edən hansı adam bu qədər vaxt keçəndən
sonra bir də onu təkrar edər?
Budur, sizin qarşınızda soyuğun ifadəsi üçün bir düjün müqayisə. Bunlar
xiyarla bağlı sürtülmüş müqayisədən heç də az ifadəli deyildir, bununla yanaşı,
həm də daha təzə və məqbuldur;
Qurbağa kimi soyuqdur.
Səhərlər qrelka kimi soyuqdur.
Şiş (kabab çəkmək üçün) kimi soyuqdur.
Sərdaba kimi soyuqdur.
downloaded from KitabYurdu.org