haqqında əsas etibarilə bu nitq sayəsində xatırlayacaqlar. Bu peyğəmbərliyin
düzgünlüyünə kim şübhə edə bilər?
Edvard Everet Gettisburqda iki saat ərzində danışmışdı, lakin onun
dediklərinin hamısı çoxdan unudulub. Fotoqraf onun bu nitqi söyləyərkən
fotoşəklini çəkməyə cəhd etmişdi, amma Linkoln öz çıxışını həmin dövrlərin
primitiv fotoaparatını qurana və onun üzərinə yönəldənə qədər başa çatdırdı.
Linkolnun nitqi bürünclə tökülmüş və Oksfordda ingilis dili ilə nələr etməyin
mümkün olduğunun nümunəsi qismində kitabxanada yerləşdirilmişdir.
İctimaiyyət qarşısında çıxışları öyrənən hər bir kəs onu əzbərdən öyrənməlidir.
“Səksən yeddi il əvvəl bizim atalarımız bu kontinentdə azadlıq şəraitində
bəslənib böyüdülən və insanların hamısının bərabər yaradıldığı prinsipinə sadiq
olan yeni millətin əsasını qoyub. Biz hazırda bu və ya istənilən başqa, eyni ruhda
tərbiyə almış və eyni ideallara sadiq olan millətin öz mövcudiyyətini bundan
sonra da davam etdirə bilib-bilməyəcəyinin imtahana çəkildiyi Vətəndaş
müharibəsini aparırıq. Biz indi bu müharibənin ən möhtəşəm meydanlarından
birində görüşürük. Biz bura gəlmişik ki, bu meydanın bir hissəsini öz həyatlarını
bu millətin yaşaya bilməsi naminə qurban verənlərin uyuduqları son yer kimi
ayıraq. Çox düzgündür ki, biz bunu edirik. Lakin böyük hesabla götürülərsə, biz
deyilik bu torpağı müqəddəsləşdirən və ona şərəf gətirən. Burada döyüşən,
hazırda sağ olan və ya həlak olmuş cəsur insanlar onu artıq müqəddəsləşdirib və
ona şərəf gətiriblər və bunu bizdən qat-qat uğurla ediblər – biz öz miskin
qüvvəmizlə heç nəyi nə əlavə edə, nə də azalda bilirik. Onların burada nəyi
həyata keçirdikləri dünyanın nəzərinə, demək olar, çarpmayacaq və dünya bunu
uzun müddət yadda saxlamayacaqdır. Burada döyüşənlərin bu qədər nəcibliklə
həyata keçirdikləri başa çatdırılmayan işlərin həllinə biz, yaşayanlar, özümüzü
həsr etməliyik. Biz özümüzü qarşımızda hələ duran möhtəşəm vəzifənin həllinə
həsr etməliyik. Onların bu qədər sədaqətlə xidmət etdikləri işə dərin sadiqliyi biz
məhz onlardan, şərəflə həlak olanlardan ibrət götürməliyik. Biz burada
təmtəraqla bəyan etməliyik ki, onlar nahaq yerə həlak olmayıblar və bizim
millətimiz Tanrının xeyir-duası ilə azadlığın yeni yaranışını əldə edəcək və xalqın
özü tərəfindən idarə olunan və xalq üçün idarə edən xalq hökuməti yerin
üzündən heç vaxt yox olmayacaqdır”.
Adətən, hesab edirlər ki, bu çıxışın tamamlandığı ifadəni Linkoln özü
yaratmışdır, amma bu, belədirmi? Qrendon – onun vəkillik işləri üzrə tərəf-
müqabili, bu nitq söylənməzdən bir neçə il əvvəl Linkolna Teodor Parkerin
çıxışının bir nüsxəsini vermişdi. Linkoln həmin kitabı oxumuş və orada bu
sözlərin altından xətt çəkmişdi: “Demokratiya – bu, bütün xalqın üzərində, bütün
xalqın tərəfindən və bütün xalq üçün həyata keçirilən bilavasitə özünüidarədir”.
Ola bilsin ki, Teodor Parker bu ifadəni Vebsterdən əxz etmişdi ki, o, dörd il əvvəl
Heynə verdiyi öz məşhur cavabında demişdi: “Xalq üçün, xalqın özü tərəfindən
yaradılan və xalqın qarşısında məsul olan xalq hökuməti”.
Vebster bu ifadəni eynilə həmin ideyanı otuz ildən də çox əvvəl deyən
prezident Ceyms Monrodan əxz edə bilərdi. Bəs Ceyms Monro onu kimdən
götürə bilərdi? O doğulandan beş yüz əvvəl Müqəddəs Kitabın tərcüməsinin ön
sözündə Uiklif yazmışdı ki, “bu İncil xalq tərəfindən və xalqın naminə idarə
olunan xalq hökuməti üçündür”. Uiklif dünyaya göz açmazdan çox-çox qabaq,
downloaded from KitabYurdu.org
bizim eramızdan dörd yüz il əvvəl Afinanın vətəndaşları qarşısında çıxış edən
Kleon “xalqı və xalqın naminə idarə edən” hökmdar haqqında danışırdı. Kleonun
bu ideyanı hansı qədim mənbədən götürdüyünə gəlincə isə, bu sualın cavabı
qədim dövrlərin zülmətində itib-batmışdır.
Yeni olan necə də azdır! Hətta qüdrətli natiqlər də mütaliəyə və kitablara
necə çox borcludurlar!
Kitablar! Sirr bax bundadır! Öz söz ehtiyatını zənginləşdirmək və ge-
nişləndirmək istəyən ədəbiyyat xəzinəsini daim öyrənməlidir. “Kitabxanada
olarkən həmişə keçirdiyim yeganə təəssüf hissi, – deyirdi Con Brayt, – həyatın
həddən artıq qısa olduğu və qarşımda olan dəbdəbəli təamlardan doyunca həzz
ala biləcəyimə heç bir ümidimin olmadığı ilə bağlı idi”. Brayt məktəbi on beş yaşı
olanda atmış və pambıq-əyirici fabrikə işləməyə getmişdi və bundan sonra ona
öz təhsilini davam etdirmək nəsib olmamışdı. Bununla belə, o, öz nəslinin ən
parlaq, ingilis dilini istisnasız olaraq yaxşı bildiyi ilə məşhur olan natiqlərindən
birinə çevrilə bildi. O, Bayronun və Miltonun, Vordsvortun və Uityerin, Şekspirin
və Şellinin nəzmdə yazdıqları əsərlərindən uzun hissələri öz dəftərinə köçürür və
onları əzbərləyirdi. O, öz söz ehtiyatını zənginləşdirmək üçün hər il “İtirilmiş
cənnət”i təkrarən oxuyurdu.
Çarlz Ceyms Foks Şekspiri hündürdən oxuyurdu ki, öz üslubunu
yaxşılaşdırsın.
Qladston öz kabinetini “dünya məbədi” adlandırır və burada on beş min
kitab saxlayırdı. O etiraf edirdi ki, hamısından çox ona Müqəddəs Avqustinin,
yepiskop Batlerin, Dantenin, Aristotelin və Homerin əsərlərini mütaliə etmək
kömək etmişdi. “İliada” və “Odisseya” onu məftun edirdi. O, Homerin poeziyası və
onun dövrü haqqında altı kitab yazmışdı.
Yunan və ya latın dilində bir və ya iki səhifəni gözdən keçirmək, sonra isə
həmin parçanı öz doğma dilinə tərcümə etmək Pitt-oğulda vərdiş halını almışdı.
O, bunu on il ərzində hər gün edirdi və “öz fikirlərini əvvəlcədən düşünüb-
daşınmadan, yaxşı seçilmiş və bir-birinə yaxşı uyuşan sözlərlə ifadə etmək kimi,
demək olar, heç nə ilə müqayisə olunmayan imkana yiyələnmişdi”.
Fukididanın “Tarix”ini Demosfen səkkiz dəfə köçürmüşdü ki, bu məşhur
tarixçinin möhtəşəm və təəssüratlandırıcı frazeologiyasına yiyələnmiş olsun.
Nəticələr necə idi? Üstündən iki min il keçəndən sonra Vudro Vilson öz
üslubunu yaxşılaşdırmaq üçün Demosfenin işlərini öyrənirdi. Askvit hesab edirdi
ki, onun üçün ən yaxşı hazırlıq yepiskop Berklinin işlərini oxumaqdır.
Tennison hər gün İncili öyrənirdi. Tolstoy Yevangeliyanı o vaxta qədər
təkrar-təkrar oxudu ki, ondan böyük parçaları əzbər öyrəndi. Reskinin anası
daimi və gündəlik səylər yolu ilə onu İncildən uzun fəsilləri əzbərləməyə və hər il
bütün kitabı, “hər bir hecanı, çətin tələffüz olunan adları, hər şeyi – Həyat
kitabından tutmuş Apokalipsisə qədər” hündürdən oxumağa məcbur edirdi.
Reskin hesab edirdi ki, belə intizamın və əməyin sayəsində o, ədəbiyyatda öz
zövqünü və stilini inkişaf etdirə bilmişdi.
Deyirlər ki, ingilis ədəbiyyatında ən sevimli inisiallar R.L.S. olub. Robert
Lyuis Stivenson mahiyyət etibarilə yazıçılar üçün yazıçı idi. Ona özündə bu, onu
məşhur etmiş məftunedici stili inkişaf etdirmək necə müyəssər olmuşdu?
Xoşbəxtlikdən, bu haqda bizə özü danışır:
downloaded from KitabYurdu.org