Ay arığ oğlan,
Çəpərdən boylan.
Qoy qızlar görsün,
Dərdinnən ölsün
Layla və oxşamalar uşaqların tərbiyə nərdivanının ilk pillələri hesab oluna bilər. Çünki həyata yeni gəlmiş körpənin ilk eşitdiyi sözlər, ilk duyduğu hisslər məhz bu şeirlərdən başlayır. Analarımızın, nənələrimizin, doğmalarımızın həzin səsləri, incə duyğuları ilə deyilən bu sətirlər uşağın gələcək inkişafında baza rolunu oynayır.
Sözsüz ki, bu şeirlər uşaqlara ən müsbət insani keyfiyyətləri (xeyirxahlıq, əliaçıqlıq, səmimilik, alicənablıq, vətənpərvərlik və s.) aşılamalıdır. Körpələrin yeni inkişaf etməkdə olan kövrək beyinlərinə təsir etmək üçün bu şeirlər adi və sadə sözlərin düzümündən ibarət olmamalı, daha təsiredici, emosional və qulağayatımlı olmalıdır.
Laylalar anaların uşağın beşiyi başında oxuduğu nəğmələrdir. Laylalar ananın hələ danışa bilməyən uşağı ilə ilk ünsiyyətidir. Laylalarda analar uşaqlarını əzizləyir, balalarına öz sonsuz məhəbbətlərini, gələcəkləri üçün ən yaxşı arzularını, xeyir-dualarını ifadə edir. Ana balasını sevir, əzizləyir: «Dağların lalasına, Gözlərin qarasına, Analar qurban olsun, Öz körpə balasına.» Laylalar uşaqlarda estetik hisslərin cücərməsinə də səbəb olur.
Layla - körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
Evim, eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla !
Gülüm layla, a layla !
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.
Dostları ilə paylaş: |