Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

 
27
Səma tutqundu və projetorların gur işığı bayrağın qaramtıl kölgəsini qoynuna alıb, 
ənginlikdə sürünən buludlara çırpırdı. Elə bil, göydən, qaranlığın yavaş-yavaş 
qatılaşdığı yerdən cırıq-cırıq olmuş bir bayraq sallanırdı. Hardasa hərbi orkestr 
çalır, səsi də çox zəif, ölgün çıxırdı. Heç kəs oxumurdu. Hər şey sükuta qərq 
olmuşdu. 
– Sülhə bax! – Ravikin yanında dayanmış bir qadın dilləndi. – Ərim axırıncı 
müharibədə öldü. İndi də növbə oğlumundur. Bu da onların sülhü. Kim, bilir hələ 
nələr olacaq… 
 
                                                                            IV 
 
Çarpayının başından asılmış hərarət cədvəli təzə və boş idi. Təkcə adı yazılmışdı. 
Lüsyen Martine. Büt Şamon, Klavel küçəsi. 
Qızın solğun bənizi yastıqdan güclə seçilirdi. Dünən gecə təşrih olunmuşdu. Ravik 
əyilib ehtiyatla onun ürəyinə qulaq asdı, sonra dikəldi: 
– Bir az yaxşıdır, – dedi, – vurulan qan, deyəsən, balaca bir möcüzə yaratdı. 
Sabaha kimi dözsə, yaşaya bilər. 
– Çox yaxşı! – Veber sevindi. – Təbrik edirəm. Ümidsiz idi. Nəbzi 140, qan təzyiqi 
80… Kofein, koramin… Lap az qalmışdı. 
Ravik çiyinlərini çəkdi: 
– Burada təbriklik bir şey yoxdur. Sadəcə olaraq, bu, o birindən tez gəlmişdi. 
Ayağında zəncir olanı deyirəm. Vəssalam…– O, qızın üstünü örtdü. – Bu həftədə 
ikinci hadisədir. Belə getsə, Büt Şamonda uşaq xaric etdirənlər üçün təzə xəstəxana 
açmalı olacaqsınız. O birisini də oradan gətirməmişdilər? 
Veber başını tərpətdi: 
– Bəli, Klavel küçəsindən… Deyəsən, tanış imişlər, ikisi də eyni mamaçanın 
yanına gedib. Bu da o biri kimi axşamçağı gəldi. Yaxşı ki, sizi mehmanxanada tapa 
bildim. Qorxurdum, tapmayam… 
Ravik ona baxdı: 
– Mehmanxanada yaşayan adamı evdə tapmaq çox vaxt çətin olur, Veber. Xüsusilə 
noyabr ayında mehmanxanada ürəkaçan heç nə olmur. 
– Təsəvvür edirəm. Bəs onda niyə mehmanxanada qalırsınız? 
– Rahatdır, sözsüz-sovsuzdur. Həm təksən, həm də yox… 
– Özünüz belə istəyirsiniz? 
– Bəli. 
– Bunu başqa yerdə də eləmək mümkündür. Balaca bir mənzil tutsanız, orada da 
belə yaşamaq olar. 
– Bəlkə də, elə elədim, – Ravik təzədən qıza tərəf əyildi. 
– Düz demirəm, Ejeni? – Veber əl çəkmədi. Tibb bacısı ona baxdı: 
– Müsyö Ravik bunu heç vaxt eləməyəcək, – deyə soyuq tərzdə dilləndi. 
– Doktor Ravik, Ejeni, – Veber onun səhvini düzəltdi. – O, Almaniyada böyük bir 
xəstəxananın baş cərrahı olub. Məndən də böyük adam imiş. 
– Burada isə… – tibb bacısı eynəyini düzəltdi. 
– Yaxşı, yaxşı, bilirik. Burada hökumət xarici diplomlara inanmır. Axmaqlıqdır! 
Bəs haradan bilirsiniz ki, o, mənzil tutmayacaq? 


 
28
– Müsyö Ravik gələcəyi olmayan adamdır, heç vaxt özünə ev qurmayacaq. 
– Necə? – Veber lap çaşdı. – Nə danışırsınız? 
– Müsyö Ravik üçün dünyada müqəddəs heç nə yoxdur. Ona görə… 
– Tamamilə düzdür! – Ravik başını çarpayıdan qaldırmadan dilləndi. 
– Özü belə deyib? – Veber diqqətlə qızı baxdı. 
– İnanmırsınız, özündən soruşun, doktor Veber. 
Ravik dikəldi: 
– Lap orta xala vurdunuz, Ejeni! Ancaq bu gün kimin üçün dünyada müqəddəs heç 
nə qalmayıbsa, sabah hər şey təzədən onun üçün müqəddəsləşəcək, ülviləşəcək, 
hətta allahın soxulcanı da yaşadan, onu hərdənbir yer üzünə çıxmağa məcbur 
eləyən adicə həyat həvəsinə də səcdə edəcək. Elə bilməyin ki, nəyəsə işarə 
vururam, Ejeni! 
– Siz mənə işarə vura bilməzsiniz, çünki əqidəniz yoxdur. – Ejeni əsəbi halda ağ 
xalatının yaxasını düzəltdi. – Allaha çox şükür ki, mənim əqidəm var. 
Ravik paltosunu götürdü. 
– Əqidə adamın gözünü tez tutur. Ona görə də bütün dinlər çox qana bais olub. – 
O, kinayə ilə güldü: – Dözüm də şübhənin qızıdır, Ejeni. Gəlin görək hansımız 
hansımıza daha çox nifrət edirik? Əqidəli sizmi, yoxsa əqidəsiz, miskin mənmi? 
Əlbəttə, əqidəli siz! 
Veber güldü: 
– Payınızı aldınız, Ejeni?! Cavab qaytarmayın, yoxsa lap betərini eşidərsiniz! 
– Mənim qadınlıq ləyaqətim… 
– Yaxşı, yaxşı, – Veber onun sözünü kəsdi. – Öz əqidənizdə qalın. Elə yaxşıdır. 
İndisə mən getməliyəm, qəbul otağında işim var. Gəlin, Ravik. Hələlik, Ejeni. 
– Hələlik, doktor Veber. 
– Hələlik, tibb bacısı Ejeni, – Ravik də sağollaşdı. 
Ejeni, Veber çevrilib tərs-tərs ona baxandan sonra ağızucu dilləndi: 
– Hələlik…  
Veberin qəbul otağı ağzına kimi qədimi, qızıl haşiyəli, kövrək mebellə dolu idi. 
Yazı stolunun üzərindən evi ilə bağının şəkli asılmışdı. Divarın yanında enli, 
müasir dəbli divan-taxt qoyulmuşdu. Gecələr burada qalmalı olanda Veber onun 
üstündə yatırdı. Xəstəxana onunku idi. 
– Nə içəcəksiniz Ravik? Konyak, yoxsa «Dübene»? 
– Olsa, qəhvə içərdim. 
– Əlbəttə, var. – Veber elektrik qəhvədanı yazı stolunun üstünə qoyub, çəngələni 
taxdı. Sonra Ravikə tərəf döndü: – Günortadan sonra mənim əvəzimə «Oziris»ə 
gedə bilərsiniz? 
– Sözsüz. 
– Çətin olmaz ki? 
– Zərrə qədər… Onsuz da boşam. 
– Lap yaxşı, bir də durub oraya getmərəm. Əvəzində bir az bağda işləyərəm. 
Faşondan xahiş edərdim, ancaq məzuniyyətdədir. 
– Nahaq yerə! Həmişə mən getməmişəm? 
– Elədir, ancaq… 
– İndi «ancaq» yoxdur. Xüsusilə mənim kimisi üçün… 


 
29
– Bəli, lap axmaqlıqdır! Belə qızıl əlləri olan adamın işləməyə ixtiyarı yoxdur, 
onun-bunun əvəzinə cərrahlıq eləyir, üzə çıxa bilmir! 
– Lazım deyil, Veber. Bu, köhnə söhbətdir. Almaniyadan qaçan bütün həkimlərin 
vəziyyəti belədir. 
– Hər halda, çox gülüncdür. Siz Düranın əvəzinə ən çətin təşrihləri eləyirsiniz, o da 
ad qazanır. 
– Özü eləməkdənsə, bu, yaxşıdır. 
– Gərək, mən də danışmayam. Axı, mənim əvəzimə də eləyirsiniz. Ancaq mən 
qadın həkimiyəm, cərrah deyiləm.  
Qəhvədan fışıldamağa başladı. Veber onu söndürdü, şkafdan iki fincan götürüb 
qəhvə süzdü. 
– Bircə şeyi başa düşmürəm, Ravik, – dedi, – siz bu miskin «İnternasional»da nə 
tapmısınız ki, oradan çıxa bilmirsiniz? Niyə Bulon meşəsi tərəfdəki təzə evlərdən 
birində mənzil tutmursunuz? Haradan olsa, bir-iki ucuz mebel tapa bilərsiniz. Heç 
olmasa bilərsiniz, nəyinizsə var. 
– Bəli, bilərdim, nəyim var… 
– Bəs onda niyə eləmirsiniz? 
Ravik qəhvədən bir qurtum içdi. Çox acı və tünd idi. 
– Veber, – dedi, – siz zəmanəmizin xəstəliyinə ən yaxşı misalsınız. «Aydın 
düşünmək» xəstəliyini deyirəm. Həm təəssüflənirsiniz ki, mən açıq işləyə 
bilmirəm, həm də soruşursunuz, niyə ev tutmuram. 
– Bunların bir-birinə nə dəxli? 
Ravik səbrlə güldü. 
– Ev tutmalı olsam, gərək, polisə xəbər verəm. Onda da pasport, viza lazım 
gələcək. 
– Düz deyirsiniz, bu, mənim ağlıma gəlməmişdi. Bəs mehmanxanada lazım 
gəlmir? 
– Gəlmir… Ancaq, Allaha şükür ki, Parisdə bəzi mehmanxanalar elə şeyə çox fikir 
vermir. – Ravik qəhvəsinə konyak atdı. – Onlardan biri də «İnternasional»dır. 
Buna görə də orada qalıram. Heç bilmirəm, sahibkar bunu necə eləyir. Deyəsən, 
yaxşı əlaqələri var. Ya, doğrudan, polisin xəbəri yoxdur, ya da özləri ört-basdır 
eləyir. Hər halda, mən çoxdandır rahatca orada qalıram. 
Veber geri söykəndi: 
– Ravik, – dedi, – bunlardan xəbərim yox idi. Elə bilirəm, təkcə işləmək 
qadağandır. Çox pis vəziyyətdir. 
– Almaniyadakı həbs düşərgəsi ilə müqasiyədə isə cənnətdir. 
– Bəs polis? Birdən gəlib yoxlasa? 
– Tutsalar, bir-iki həftə həbsxanada saxlayıb, ölkədən çıxaracaqlar. Çox vaxt 
İsveçrəyə göndərirlər. İkinci dəfə tutulanda isə altı ay həbs cəzası kəsilir. 
– Nə qədər? 
– Altı ay. 
– Ola bilməz! Bu ki vəhşilikdir! 
– Öz başıma gələnə kimi, mən də elə bilirdim. 
– Necə yəni öz başıma gələnə kimi? Başınıza gəlib ki? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə