263
– Az iş deyil! Bizə lazım olar. Bu haqda sizinlə söhbət etmək olar?
– Əlbəttə! Parisdə nə qədər qalacaqsınız?
Haake güldü:
– Deyəsən, sizə həmişə gedən vaxt rast gəlirəm. Səhər tezdən, səkkizin yarısında
yola düşürəm.–O, maşındakı saata baxdı.–İki saat yarım qalıb. Elə indi onu
soruşmaq istəyirdim. Şimal vağzalına gedəsiyəm, çatarıq?
– Əlbəttə! Əvvəlcə mehmanxanaya gedəcəksiniz?
– Xeyr, çamadanım vağzaldadır. Otağı günorta təhvil verdim, bir günə qənaət
elədim. Biz almanlar...–O, yenə güldü.
Ravik birdən hiss elədi ki, özü də gülür. Əllərini bərk-bərk sükana sıxdı. «Ola
bilməz!–ürəyindən keçirdi. – Ola bilməz! Heç nə olmayacaq, araya heç nə
düşməyəcək! Bu qədər təsadüf olmaz...»
Təmiz hava şərabın təsirini daha da artırdı. Haake güclə, yavaş-yavaş danışırdı.
Küncə çəkilib yerini rahatladı və mürgüləməyə başladı. Alt çənəsi bir az da aşağı
düşdü, gözləri yumuldu. Maşın Bulon meşəsinin sükuta dalmış qaranlığına baş
vurdu.
Fənərlərin işığı maşının qabağında səssiz-səmirsiz, xəyal kimi süzür və ağacları
bir-bir qaranlığın caynağından qoparırdı. Akasiya ağaclarının ətri açıq pəncərədən
içəri dolurdu. Təkərlər asfaltın üstündə elə xışıldayırdı ki, deyərdin, maşın heç vaxt
dayanmayacaq. Motorun asta, ahəngdar uğultusu bu gecənin nəmli havasına
qarışmışdı. Uzaqdakı balaca çay işıldayır, qaranlıq cökələrin fonunda söyüdlərin
silueti işıq saçırdı. Şeh düşmüş çəmənliklər sədəf kimi parıldayırdı. Madrid şosesi,
sonra Sən-jem şosesi, Neyiyə gedən yol... Qaranlıqda mürgü döyən bir ev. Su ətri...
Sena çayı...
Ravik Sena bulvarına çıxdı. Ay işığına bələnmiş sularda iki balıqçı qayığı qaralırdı.
Haradasa lap uzaqlarda it hürürdü. Çaydan səs gəlirdi. Birinci qayığın tərəfində
fənər yanırdı. Ravik maşını saxlamadı. Sürətin ahəngini pozmadı ki, maşın
silkələnəndə Haake oyanar. Və Sena boyunca irəliləməyə başladı. Burada
dayanmaq istəyirdi, ancaq mümkün deyildi. Qayıqlar sahilə çox yaxın idi. Fam
şosesinə buruldu, çaydan uzaqlaşaraq, Lonşan xiyabanına tərəf sürdü. Oradan da
«Kraliça Marqarite» xiyabanına keçib, yan tərəfdəki ensiz xiyabanlara sarı döndü.
Haake tərəfə baxanda gördü ki, gözləri açıqdır və diqqətlə ona baxır. Gözləri göy
rəngli şüşə şar kimi parıldayırdı. Raviki, sanki, elektrik cərəyanı vurdu...
– Ayıldınız?
Haake cavab vermədi. Gözlərini Ravikdən çəkmirdi. Qımıldanmırdı. Heç gözləri
də tərpənmirdi.
– Haradayıq?–deyə nəhayət soruşdu.
– Bulon meşəsində, «Kaskada» restoranının lap yanında...
– Çoxdan yoldayıq?
– On dədiqədir.
– Çox olar.
– Olmaz.
– Yatmazdan əvvəl saata baxdım. Yarım saatdan çoxdur ki, yol gəlirik.
– Doğrudan? Elə bilirdim, az getmişik. İndicə çatırıq...
Haake gözlərini hələ də Ravikdən çəkməmişdi.
264
– Hara çatırıq?
– «Görüş evi»nə.
Haake qımıldandı:
– Geri qayıdın,–dedi.
– İndi?
– Bəli.
Sərxoşluq keçib getmiş, o, tamam ayılmışdı. Üzünün rəngi də dəyişmişdi. Bayaqkı
şən ovqatdan, səmimiyyətdən nişanə qalmamışdı. Ravik indi birinci dəfə artıq
gestaponun əzab-işgəncə dolu divarları arasında beyninə əbədi həkk olunmuş tanış
sifəti gördü. Haake yanında oturan andan onu bürüyən həyəcan hissləri birdən-birə
yoxa çıxdı. İndiyəcən ona elə gəlirdi ki, tanımadığı yad bir adamı öldürməyə
hazırlaşır. Sanki, yanında oturan miskin bir şərab düşgünü idi və o da nahaq yerə
kişinin üzündə, öz beynində əvvəlcədən dəqiqləşdirdiyi, indisə yadına salmaq
istədiyi səbəbləri axtarırdı. Lakin qəflətən o vaxtlar dəhşətli ağrılardan huşunu
itirib təzədən özünə gələndə gördüyü gözləri tanıdı. Yenə həmin soyuq baxışlar,
yenə həmin soyuq, sakit, təkid dolu səs...
Həmin anda beynində, sanki, çevriliş oldu. Elə bil, elektrik cərəyanı öz axın
səmtini dəyişdi. Gərginlik qalmışdı, ancaq səhərdən bəri onu üzən qarmaqarışıq,
ziddiyyətli, tez-tez istiqamətini dəyişən hisslər yığışıb bircə məqsədə yönələn axına
çevrildi. İndi beynində həmin məqsəddən başqa heç nə yox idi... İllərin tutqun
pərdəsi yanıb gülə döndü, bomboz divarlı bina, gur işıqlı çətirsiz lampalar, qan, tər
qoxusu, əzab-işgəncə dolu anlar təzədən baş qaldırdı...
– Neyçin?–Ravik soruşdu.
– Qayıtmalıyam, mehmanxanada gözləyəcəklər.
– İndi deyirdiniz, şeyləriniz vağzaldadır?
– Vağzaldadır, ancaq başqa işim var. Yadımdan çıxmışdı... Geri qayıdın!
– Oldu.
Ravik bir həftə bundan əvvəl Bulon meşəsində gecə-gündüz məşq eləmişdi. İndi
harada olduqlarını bilirdi. Bir-iki dəqiqə də lazım idi...
Sol tərəfdəki ensiz xiyabana tərəf döndü.
– Qayıdırıq?
– Bəli.
Hətta gündüzlər belə günəş işığını buraxmayan ağacların altındakı boğuq hava
içəri doldu. Zülmət qaranlıq... Ravik güzgüdə gördü ki, Haake sol əlini yavaş-
yavaş, ehtiyatla qapının tutacağından geri çəkdi. «Nə yaxşı ki, «Talbo»un sükanı
sağdadır»,–deyə Ravik ürəyindən keçirdi. Döngəni buruldu, sükanı təkcə sol əli ilə
tutub, Haake tərəfə meyilləndi, sanki, döngədə müvazinətini saxlaya bilmədi,
dümdüz xiyabana çıxan kimi qaz verdi. Maşın irəli atıldı və bir neçə saniyədən
sonra o var gücü ilə əyləci basdı... «Talbo», elə bil, yerə mıxlandı, təkərlər
xırçıldadı. Bir ayağı əyləcdə, bir ayağını da döşəməyə dayayan Ravik müvazinətini
saxlaya bildi. Bu təkanı gözləməyən Haakenin ayaqları ilişəcək tapa bilmədi, başı
qabağa əyildi. Əlini vaxtında cibindən çıxara bilmədi, alnı maşının şüşəsi ilə alətlər
yığılan qutunun tininə dəydi. Həmin anda Ravik sağ cibindən çıxardığı ağır açarla
onun boynunun kökündən vurdu...
265
Haake bir daha dikəlmədi. Yana əyilərək, yavaş-yavaş oturacaqdan sürüşdü, çiyni
qapıya ilişəndə dayandı. O biri çiyni də alətlər yığılan qutuya söykəndi...
Ravik maşını o dəqiqə tərpətdi. Xiyabanı keçib, fənərlərin işığını azaltdı. Sürə-sürə
ətrafı dinşədi, bilsin ki, əyləci basarkən xırçıltını eşidən oldumu... Götür-qoy
etməyə başladı. Gələn olsa, Haakeni tez sürüyüb kolların arasında gizlətsinmi? Bir
az gedəndən sonra dayandı, motoru da, işıqları da söndürdü, cəld maşından düşüb
qapağı qaldırdı, Haake tərəfdəki qapını açıb hazır qoydu, ətrafı dinşədi. Elə yerdə
dayanmışdı ki, gələn olsa, həm görərdi, həm də ayaq səsini eşidərdi. Haakeni
sürüyüb kolun dalında gizlətməyə vaxt çatardı. Özünü elə göstərdi ki, guya, motor
xarab olub.
Sükutun özü də haraya dönmüşdü. Elə qəfildən, elə gözlənilmədən çökdü ki, beyni
uğuldamağa başladı. Əti ağrıyanacan yumruqlarını sıxdı. Bilirdi ki, qulaqlarındakı
küyültü öz qanının səsidir... Yavaş-yavaş, dərindən nəfəs aldı...
Uğultu xışıltıya çevrildi. Bir az sonra həmin xışıltının arasından şıqqıltı eşidildi və
getdikcə ucalmağa başladı. Ravik bütün varlığı ilə diqqət kəsildi. Səs ucalırdı, özü
də metal cingiltisinə oxşayırdı. Və birdən gördü ki, cırcıramalardır. Xışıltı o dəqiqə
kəsildi. İndi bir özü idi, bir də qarşısındakı balaca çəmənliklə səhərlə birgə oyanan
cırcıramalar...
Dan sökülürdü. Ravik motorun qapağını saldı. Vaxt idi, işıqlaşmamış
qurtarmalıydı. Ətrafına boylandı. Bura əlverişli deyildi. Ümumiyyətlə Bulon
meşəsində yaxşı yer olmazdı. Senaya da atmaq yaramazdı, çünki hava işıqlaşırdı.
Onunla belə gec rastlaşacağını hesablamamışdı. Birdən diksindi. Xışıltı eşidildi.
Elə bil, nəyisə cırmaqlayırdılar... Sonra inilti eşitdi. Haakenin bir əli açıq qapıdan
çıxıb, ayaq yerini cırmaqlayırdı... Ravik gördü ki, açar hələ də əlindədir. Onun
pencəyinin yaxasından tutub özünə tərəf çəkdi, başı çölə çıxan təki açarla iki dəfə
peysərinə vurdu. İnilti kəsildi...
Nəsə şıqqıldadı. Ravik yerindən tərpənməyib, qulaq verdi. Sonra gördü ki,
Haakenin tapançasıdır, oturacaqdan ayaq yerinə düşüb. Əyləci basmamışdan qabaq
əlində imiş... Ravik onu götürüb maşına atdı. Yenə ətrafı dinşədi. Cırcıramalar,
balaca çəmənlik... Yavaş-yavaş ağaran səma, elə bil, geri çəkilirdi. Tezliklə günəş
çıxacaq! Ravik qapını açıb Haakeni çıxardı, qabaq oturacağı irəli çəkdi, onu
oturacaqların arasındakı ayaqaltına qoymaq istədi, ancaq alınmadı, yer çox dar idi.
Arxaya qaçdı, yük yerini açıb, oradakıların hamısını bir tərəfə yığdı. Təzədən
qayıdıb, Hakkeni çıxardı, arxa tərəfə gətirdi. Hələ ölməmişdi. Çox ağır idi. Tər
üzündən sel kimi axırdı. Birtəhər onu yük yerinə yerləşdirdi. Dizlərini qatlamışdı
və Haake indi ana bətnində büzüşmüş körpəyə oxşayırdı...
Sonra yerə qoyduğu alətləri: beli və qaldırıcını gətirib maşının içinə qoydu. Lap
yaxınlıqdakı ağacın başında bir quş cəh-cəh vurdu. Ravik diksindi. Ona elə gəldi
ki, ömründə belə uca səs eşitməyib... Çəmənliyə baxdı. Hava getdikcə işıqlaşırdı...
Risq etməyə dəyməzdi. Geri qayıdıb, yük yerinin qapağını yarıyacan qaldırdı. Sol
ayağını arxa buferin üstünə qoyub, dizi ilə qapağı saxladı. Çox qaldırmadı, əlləri
girsə bəs idi. Görən olsa, deyərdi ki, cidd-cəhdlə iş görür. İstədiyi anda qapağı
salardı. Yolu uzun idi və Haakeni indidən öldürmək lazımdı...
Onun başı sol küncə yaxın idi və görünürdü. Boğazı nazilmişdi. Dodaqlarına qan
hələ də işləyirdi. İkiəlli xirtdəyindən yapışıb, sıxmağa başladı. Haakenin ölməsi,
Dostları ilə paylaş: |