270
Sibilla haqqında xatirələr həmişə Haake onu gətirtdiyi anda kəsilərdi.
Üzündə
gördüyü vahimədən, dəhşətli qorxudan o yana gedə bilmirdi. Qalanları bunun
yanında itib-batırdı. Bir də onun özünü asması xəbəri yadında idi. İnanmamışdı.
Halbuki elə şey ola bilərdi. Ancaq ondan qabaq nələr olduğunu kim bilirdi? Sibilla
haqqında düşünəndə beyni qıc olurdu, əlləri əllikdən çıxıb pəncəyə dönürdü, nəsə
sinəsini deşirdi və uzun müddət qan rəngli ümidsiz intiqam dumanında
çabalayırdı...
İndi xatırlayanda isə o qıcolma da, sinəsini deşən şey də, duman da birdən-birə
qeybə çəkildi. Nəsə əriyib yox oldu, hansı maneəsə dəf edildi və o dəhşətli anları
yaşamış donuq surət yavaş-yavaş canlandı, əriyə-əriyə ötən illərin buzundan
ayrılmağa başladı. Əyilmiş ağzı düzəldi, gözlərindəki donuqluq əridi, əhəng kimi
ağarmış sifətinə qan gəldi. İndi həmin surət əbədi
qorxu mücəssəməsi deyil, yaxşı
tanıdığı, iki il bir yerdə yaşadığı, zərif döşlərini həmişə sinəsində hiss etdiyi,
ömrünün iki ilindən ilıq iyun gecəsi kimi keçib gedən Sibilla idi.
Gündüzlər, gecələr bir-bir baş qaldırdı. Sanki, lap uzaqlarda, üfüqdən də o tərəfdə
tənha bir məşəl alovlandı. Keçmişin bərk-bərk bağlanıb qanla möhürlənmiş qapısı
qəfildən, öz-özünə, səssiz-səmirsiz açıldı və Ravik onun arxasında gestaponun
zirzəmisi əvəzinə, güllü-çiçəkli bir bağ gördü...
Bir saatdan artıq idi ki, yol gedirdi. Ancaq üzü Parisə tərəf deyildi. Sən-jermendən
bir az o yanda Senanın körpüsünü keçərkən dayandı, Haakenin açarını da,
tapançasını da suya tulladı. Sonra maşının üstündəki çadırı geri yağıb, yoluna
davam etdi.
Bütün Fransada onun üzünə günəş açılmışdı. Arxada qalan gecəni,
demək olar ki,
unutmuşdu. Elə bil, həmin gecə on il, yüz il bundan qabaq olmuşdu. Bir neçə saat
bundan əvvəl baş verən hadisələr dumana bürünmüşdü. İllərin yaddaş quyusunda
batanlar isə müəmmalı-müəmmalı baş qaldırır, yavaş-yavaş üzə çıxırdılar. İndi
onların arasında heç bir uçurum yox idi...
Ona nə olduğunu özü də anlamırdı. Elə bilmişdi ki, özündə nəsə bir boşluq,
yorğunluq, biganəlik hiss edəcək, həyəcanlı olacaq. Gözləyirdi ki, özü özündən
iyrənəcək, ürəyində özünə bəraət qazandırmağa çalışacaq,
araq içib keflənmək, hər
şeyi unutmaq istəyəcək. Ancaq bircə bunu gözləmirdi. Gözləmirdi ki, belə
yüngülləşəcək, azad nəfəs alacaq, sanki, keçmişin ağır dağı çiyinlərindən
götürüləcək. Ətrafına baxdı, gözləri önündə əlvan bir mənzərə çanlandı: yolların
üstündə vüqarla dayanmış qovaqların başında, sanki, yaşıl məşəllər yandırılmışdı.
Laləyə, peyğəmbər çiçəyinə bələnmiş çöllərin sonu görünmürdü. Balaca kəndlərin
çörəkxanalarından isti çörək ətri gəlirdi. Uşaqlar məktəbdə skripkanın müşayiətilə
mahnı oxuyurdular...
Bayaq buradan keçəndə nə haqda düşünmüşdü? Bir neçə saat bundan qabaq
keçmişdi, ancaq, deyərdin, çoxdan, lap çoxdan keçib. Bayaqkı şüşə divar, bayaqkı
yalqızlıq hara getdi? Duman günəş işığında əriyən kimi, əriyib yox oldu. Yenə
evlərin qabağındakı pilləkənlərdə oynayan uşaqları gördü.
Gördü ki, itlər, pişiklər
həyətdə uzanıb özlərini günə verir. Gördü ki, külək rəngarəng paltarları yenə
yellədir, atlar çəmənlikdə dördnala çapır və bayaqkı qadın da əlində sancaq
çəmənlikdəki zivəyə çoxlu köynək sərir. İndi bunları görür və hiss edirdi ki, onun
da bu həyatda payı var və həmin pay heç vaxt belə çox olmayıb. Elə bil, daxilində
271
nəsə əriməyə başladı, suya dönüb çölə süzüldü, yanıb gülə dönmüş torpaq cana
gəldi, göyərdi və çoxdan itirdiyi bir şey təzədən yerinə qayıtdı, haçansa pozulmuş
tarazlıq yavaş-yavaş düzəlməyə başladı.
Sükanın arxasında sakitcə oturmuşdu və qımıldanmırdı. Qorxurdu ki, tərpənsə bu
şirin duyğular hürkər. Onlar da getdikcə çoxalır, nur kimi üstünə çilənirdi. O isə
sakitcə oturmuşdu, hələ tamam inanmırdı,
ancaq buna baxmayaraq, onları hiss edir
və bilirdi ki, hamısı həqiqətdir. Gözləyirdi ki, Haakenin kölgəsi yanında oturub
gözlərini ondan çəkməyəcək. Lakin indi öz həyatı qayıdıb, onunla yanaşı
oturmuşdu və üzünə baxırdı.
Neçə illərdən bəri səssiz-səmirsiz üzünə baxa-baxa nəsə tələb eləyən, onu ittiham
edən bir cüt az qala hədəqəsindən çıxan göz o dəqiqə yumuldu, iztirabla dolu
dodaqlar qapandı, dəhşətlə irəli uzanmış qollar yana düşdü. Haakenin ölümü
Sibillanın üzündəki ölüm ifadəsini yuyub apardı, onun surəti bircə anlığa təzədən
canlandı və sonra yenə yavaş-yavaş görünməz oldu. Sibilla axır ki, sakitləşdi,
biryolluq
çəkilib getdi ki, heç vaxt geri dönməsin. Qovaqlar, cökələr onu oxşaya-
oxşaya öz yarpaqları arasında dəfn elədi... İndi hər yanda yay idi, arılar vızıldaşırdı
və Raviki də şirin bir yorğunluq bürüyürdü, elə bil, neçə gecə idi ki yatmırdı, indi
dərin bir yuxuya gedəcək, ya da ömrü boyu yata bilməyəcəkdi...
Maşını Ponsel küçəsində qoydu. Yalnız motoru söndürüb düşən anda hiss elədi ki,
yaman yorulub. Bu, uzun yolun yorğunluğu deyil, dəhşətli, çılğın
bir yuxu həsrəti
idi. «İnternasional»a tərəf addımladı. Güclə yeriyirdi, günəş, elə bil, ağır yükə
dönüb boynundan asılmışdı. Birdən yadına düşdü ki, «Prins de Qall»dakı otağını
təhvil verməlidir. Tamam unutmuşdu. Ancaq elə yorulmuşdu ki, az qaldı bunu da
sonraya saxlasın. Özünü məcbur eləyib, taksi tutdu, ora sürdürdü. Pulunu verib
qurtarandan sonra yadına düşdü ki, çamadanı da gətirtmək lazımdır. Sərin zalda
oturub gözlədi. Sağ tərəfdəki barda bir neçə adam «Martini» içirdi. Xidmətçi
çamadan gətirəndə, demək olar ki, onu yuxu tutmuşdu.
Ona çaypulu verib, taksi
saxlatdı:
– Cənub vağzalına!–Bunu elə ucadan dedi ki, qapıçı da, çamadanı gətirən xidmətçi
də eşitdilər.
Beti küçəsinin tininə çatanda taksini əylətdi.
– Bir saat səhv eləmişəm,–dedi,–çox tez gedirəm. Meyxananın yanında saxlayın.
Pulunu verib çamadanı götürdü, meyxanaya girdi, taksi gözdən itincə gözlədi.
Sonra çıxıb başqasını tutdu, «İnternasional»a sürdürdü.
Aşağıda mürgü döyən oğlandan başqa heç kəs yox idi. Saat on ikini vururdu.
Sahibə indi nahara getmiş olardı. Ravik, əlində çamadan, öz otağına çıxdı.
Soyunub şırnağın altına girdi, uzun-uzadı, təmiz-təmiz yuyundu. Sonra spirtlə
bədənini ovuşdurdu, bir az da gümrahlaşdı. Çamadanı açıb, içindəkiləri çıxardı.
Təmiz alt paltarı götürdü, ayrı pencək geyib, Morozovun yanına düşdü.
– Elə durub sənin yanına getməyə hazırlaşırdım!–Morozov dilləndi.–Bu gün
boşam, ikimiz də «Prins de Qall»...– susaraq, diqqətlə Ravikin üzünə baxdı.
– Daha lazım deyil, Boris.
Morozov hələ də onun üzünə baxırdı.
– Qurtardı... Bu gün səhər... Heç nə soruşma. Yatmaq istəyirəm.
– Daha heç nə lazım deyil?