Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   130   131   132   133   134   135   136   137   ...   161

 
278
deyəcəyi tərifli sözdən, müqayisə olunmayacaq dərəcədə artıq bir hərarət – bəlkə də, 
bu yerdə məhrəmlik sözünü işlətmək olar?– var idi. 
İlyas Əfəndiyev heç bir bəhanəni, bəraəti, səbəbi yaxına buraxmadan, şüurlu 
surətdə öz yazı masasının arxasındakı kreslonu – özünün vəzifə kreslosu seçmişdi, 
onun iş kabineti mənzilindəki iş otağı idi və belə bir seçim onun təbiətinin, 
xarakterinin çox təbii bir cəhəti, xüsusiyyəti idi.  
İlyas Əfəndiyevin ən yüksək vəzifəsi 1958-ci ildən 1961-ci ilin əvvəllərinə 
qədər işlədiyi Yazıçılar Ittifaqının məsul katibi vəzifəsi olmuşdu (o zaman Yazıçılar 
Ittifaqının rəhbərliyi sədrdən və məsul katibdən ibarət idi).  
Yaxşı yadımdadı, bu vəzifəyə razılıq verməsi üçün, həmin ərəfədə Mehdi 
Hüseyn bir neçə gün axşamlar bizə gəlirdi, atamı dilə tuturdu, dost kimi xahiş edirdi, 
əsəbiləşib ədəbiyyat naminə tələb edirdi. O zaman Mehdi Hüseyn Yazıçılar 
Ittifaqının məsul katibi işləyirdi və bir-neçə gündən sonrakı plenumda Ittifaqın sədri 
seçilməli idi, İlyas Əfəndiyev isə, orada dramaturgiya üzrə məsləhətçi işləyirdi və 
Mehdi Hüseyn sidq-ürəkdən istəyirdi ki, o, məsul katib vəzifəsinə gəlsin.  
İlyas Əfəndiyev isə razılıq vermirdi və onun təkrar-təkrar dediyi söz indiyəcən 
mənim qulağımdadır: 
– Mehdi, hərə gərək öz işi ilə məşğul olsun də!.. Mənimki yazı-pozudu!.. 
Təbiətən əsəbi bir adam olan Mehdi Hüseyn o saat pərtləşib alışırdı: 
– Bəs, mənə yazı-pozunun dəxli yoxdu? 
İlyas Əfəndiyev: 
– Sən başqa...– deyib gülürdü. 
Həmin gecələrdən birində Mehdi Hüseynin vəfalı həyat yoldaşı və İlyas 
Əfəndiyevin də çox hörmət etdiyi Fatma xanımın (mən tez-tez onlarda olurdum və 
ona «Fatma xala» deyirdim) bir zəngindən və dediyi: 
– İlyas, sən Allah, onu orada tək qoyma!– sözlərindən sonra məsul katib 
seçilməyinə razılıq verdi. 
«O» – Mehdi Hüseyn.  
«Ora» – Yazıçılar Ittifaqı. 
Fatma xanımın o zəngindən bir gün sonra Mehdi Hüseyn «ora» sədr, İlyas 
Əfəndiyev isə məsul katib seçildi.  
Ömrünün son illərində qələmə aldığı bir məqalədə İlyas Əfəndiyev katiblik 
fəaliyyətinə başlamasını belə xatırlayırdı: 
«Bu yaxınlarda çox sevdiyim Amerika yazıçısı Mark Tvenin «Məni necə 
deputat seçdilər» adlı hekayəsini təzədən oxuyurdum. O hekayə vaxtilə mənə 
özümün Yazıçılar Ittifaqının necə katibi olduğumu xatırlatdı. Mən katib seçildiyimin 
lap ilk günü Ittifaqın çox hörmət etdiyimiz işlər müdiri poçtanı gətirib mənə təqdim 
etdi. Bir neçə məktub, teleqram və sairə verib, iki bağlı konverti saxladı. Mən 
dedim: 
– Onları da açın, görək, nə var? 
Işlər müdiri həmişəki kimi ciddi cavab verdi: 
– Yoldaş İlyas, bu məktublar sizə aid deyil. 
Mən təəccüblə soruşdum: 
– Niyə? 
– Çünki siz partiyaçı deyilsiniz! 
– Deməli, bu məktubları ancaq partiyaçı katib oxuya bilər? 


 
279
– Bəli!» 
Beləcə fantasmoqorik iş günündən yeddi il sonra, 1965-ci ilin soyuq bir mart 
günündə Mehdi Hüseyn elə «oradaca» öz kabinetində haqq dünyasına köçdü... 
İlyas Əfəndiyev isə bir müddət yeni vəzifəsində işləyəndən sonra, getməyi 
barədə söz saldı və 1960-cı ilin ortalarından etibarən işə çıxmadı. Sonralar İlyas 
Əfəndiyev ömründəki yeganə «vəzifədə» işləməyini belə xatırlayırdı: 
«Ədəbi əsərlərin yüksək bədii keyfiyyəti, səmimiliyi uğrunda nələr etmək, 
qrafoman əsərlərlə necə mübarizə aparmaq haqqında, tarixi keçmişimizin bədii 
ədəbiyyatda əksi haqqında düşünürdüm. Lakin bütün bunlar barəsində tezliklə 
partiyaçı «yuxarı» ilə aramızda gizli konfliktlər başladı. Məsələn, mən «avtoritetli» 
müəllifin filan nəşriyyatda təzə çapdan çıxan filan «romanını» və ya «poemasını» 
oxuyub görürdüm ki, sünidir, quraşdırmadır. Fikirləşirdim ki, yazıçılar məclisində 
müzakirə eləyib, qüsurlarını göstərsək, başqalarına da görk olar. Müəllif yanıma 
gəlib, məmnun halda, əsərinin «yuxarıda» çox bəyənildiyini, yoldaş «rəhbərlərin» 
onu təbrik elədiyini söyləyirdi və bu söhbətdən çox keçməmiş görürdün ki
«Kommunist» qəzetində elə ağlasığmaz təriflərlə dolu bir məqalə çıxdı ki, adamın 
matı-qutu qurudu. Doğrusu, bu, mənim vəzifə borcuma toxunduğu və özümü, bir 
növ, təhqir olunmuş hiss elədiyim üçün, redaktora zəng eləyib soruşdum ki, siz 
özünüz o əsəri oxumusunuz? 
Redaktor: 
– Vallah, doğrusu, özüm oxumağa vaxt tapa bilməmişəm, gecə-gündüz rəsmi 
materiallarla məşğulam. Ancaq «yuxarıda» oxuyublar. Çox xoşlarına gəlib,– deyirdi. 
... Bir gün öz-özümə haqq-hesab verdim ki... məndən Ittifaqa nə xeyir dəyib və 
özüm nə yazmışam? Baxıb gördüm ki, bu sualların cavabı çox yarıtmazdır. Ona görə 
də, günlərin birində papağımı götürüb, heç kəsə heç nə demədən çıxıb getdim». 
Və həmin gündən sonra İlyas Əfəndiyev Yazıçılar Ittifaqında işə çıxmadı. 
O, əslində, mehriban adam idi (düzdü, özü bunu büruzə vermirdi və 
ümumiyyətlə, İlyas Əfəndiyev hisslərin ifadəsi baxımından, əgər belə demək 
mümkünsə, qapalı adam idi, kimisə öz hisslər aləminə yaxınlaşdırmaqla arası yox 
idi, o aləm yalnız onun özünə məxsus idi), amma hərdən möhkəm sərtliyi də var idi 
və bir dəfə axşam eləcə bir sərtliklə telefonla Mehdi Hüseynə dediyi sözlər 
həmişəlik mənim yaddaşıma hopub: 
– Bilirsən nə var, Mehdi? Birtərəfli dostluq olmaz! Mən ömrümün üç ilini 
«orada» çürütdüm! Daha bəsdir! Indi sən də yaxşı dost ol, get, yuxarıda mənim 
məsələmi həll elə! Mən işə çıxmayacağam! 
«Yuxarı» – yəni ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və 
orada da İlyas Əfəndiyevin getməyinə razılıq vermirdilər, yəqin o «gizli konfliktin» 
aşkar olmasına ehtiyac yox imiş... Söhbət, əlbəttə, Mərkəzi Komitədə işləyən ayrı-
ayrı adamlardan yox, Sistemdən gedir.  
Yaxşı yadımdadır, bir gün Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi və 
İlyas Əfəndiyevin də xətrini istəyən Nazim Hacıyev evimizə telefon açdı, İlyas 
Əfəndiyevlə xeyli söhbət etdi, onu yola gətirmək, hətta şirnikləndirmək («Ittifaqın 
məsul katibini deputat verəcəyik!») istədi, amma bir şey çıxmadı. 
Mehdi Hüseyn ilə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən Vəli 
Axundovun hələ xeyli əvvəllərdən yaxın münasibətləri var idi və mən atamla Mehdi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə