63
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
minməmişdən əvvəl vəfat etmişdir. Bu halda, atanız vəfat edərkən ananızla onun arasındakı nikaha
xitam verilməmişdi. Çünki nikaha xitam verilməsi barədə birinci instansiya məhkəməsinin
qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Bu baxımdan, ananızın mərhum ərinin, yəni atanızın
qanun üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır.
Sual 7. Mağazadan oğlumun dərslərində istifadəsi məqsədilə noutbuk almışdım. Satıcı mala
1 illik zəmanət (12.07.2013‐12.07.2014‐ci il) vermişdi. Zəmanət müddəti ərzində malda qüsur
ortaya çıxdı və mənim müraciətimdən sonra satıcı zəmanətin şərtlərinə uyğun olaraq malı
təmir edib mənə qaytardı. Bütün bu prosedur, yəni malın məndən alınıb təmir edilərək geri
qaytarılması 25 gün davam etdi. Lakin bu ilin iyul ayının 28‐də noutbukda yenidən qüsur
ortaya çıxdı. Bununla bağlı mən dərhal əvvəlki kimi satıcıya müraciət etsəm də, o, zəmanət
müddətinin bitməsini əsas gətirərək noutbuku təmir etməkdən imtina etdi. Satıcının bu
imtinası əsaslıdır?
Cavab. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” qanunun 6‐cı maddəsinin 1‐ci hissəsinə
görə İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların
qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə
müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.
Həmin maddənin 4‐cü hissəsinə görə zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət
müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları
aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır.
Göründüyü kimi, satıcının zəmanətli təmirdən imtinası əsaslı deyil. Çünki malda ilk dəfə aşkara
çıxmış qüsurun aradan qaldırılmasına 25 gün sərf edildiyindən malın zəmanət müddəti də 25 gün
artırılmalıdır. Buna görə malda ikinci qüsur aşkar edilərkən sözügedən qanunun 6‐cı maddəsinin
4‐cü hissəsinin tələbi baxımından zəmanət müddəti hələ bitməmişdi.
Sual 8. Qızım ailə qurmuş və bir övladı vardır. Lakin sonradan boşanmışdır. Nəvəm mənimlə
qalır və bütün qayğını mən çəkirəm. Ona görə də, nəvəmi övladlığa götürmək istəyirəm.
Bununla bağlı 2 sualım var. 1) Valideynlərinin razılığı olmadan nəvəmi övladlığa götürə
bilərəm? 2) Övladlığa götürməyə imkan verməyən xəstəliklər dedikdə, hansı xəstəliklər başa
düşülür?
Cavab. Ümumi qayda ondan ibarətdir ki, valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə
övladlığa götürülə bilər (Ailə Məcəlləsi, m. 122.1). Ailə Məcəlləsinin 123‐cü maddəsi ümumi
qaydadadan istisnanı, yəni valideynlərin razılığı olmadan övladlığa götürməni nizama salır. Ailə
Məcəlləsinin 123.1‐ci maddəsinə görə valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə
və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti
olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı
tələb olunmur.
Həmin Məcəllənin 123.2‐ci maddəsinə görə valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə
yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində
və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı
göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.
İkinci suala gəldikdə, onu qeyd edək ki, övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul
etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan
Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən olunur (Ailə Məcəlləsi, m. 120.2). Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000‐ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə “Övladlığa
götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” təsdiq edilmişdir.
Həmin Siyahıda göstərilən xəstəliklər aşağıdakılardır: 1. Vərəm (aktiv və xroniki)
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
64
lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr; 2. Daxili
orqanların, sinir sisteminin, dayaq‐hərəkət aparatının xəstəlikləri—dekompensasiya mərhələsində
olan xəstələr; 3. Bədxassəli onkoloji xəstəliklər—lokalizasiyadan asılı olmayaraq; 4. Narkomanlıq,
toksikomanlıq, xroniki alkoqolizm; 5. İnfeksion xəstəliklər—dispanser qeydiyyatından çıxarılana
qədər olan xəstələr; 6. Ruhi xəstəliklər—müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan
və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr; 7. Əmək qabiliyyətini itirməklə I və II
qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.
Sual 9. Ailəmlə birlikdə uzun müddət özəlləşdirilməmiş mənzildə order əsasında yaşamışıq.
Mənzilin özəlləşdirilməsi zamanı mən və oğlum ərizə yazaraq mənzilin ərimin adına
sənədləşdirilməsinə etiraz etmədiyimizi bildirdik. Ailədə ərimlə olan münasibətlərimiz
pisləşmişdir. Ərim deyir ki, mənim həmin mənzillə bağlı heç bir hüququm yoxdur; çünki
özəlləşdirmə zamanı öz hüquqlarımdan onun xeyrinə imtina etmişəm. Bu, nə dərəcədə
düzgündür?
Cavab. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1‐ci
maddəsi özəlləşdirmənin əvəzsiz olaraq həyata keçirildiyini təsbit etmişdir. Nəzərə alsaq ki,
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32‐ci maddəsi əmlakın ər‐arvadın ümumi gəlirləri
hesabına əldə olunmasını onun (yəni əmlakın) ər‐arvadın birgə mülkiyyəti sayılması üçün zəruri
iki şərtdən biri kimi qəbul edir, onda mənzil üzərində mülkiyyət hüququnuzun olmamasını demək
olar. Lakin mənzilin ərinizin adına özəlləşdirilməsi Sizin və oğlunuzun həmin mənzil üzərində
yaranmış istifadə hüququnuzu aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 1‐ci, 5‐ci və 12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci
il tarixli Qərarında göstərmişdir ki, “özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin
mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin
mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz”. Beləliklə, Sizin
özəlləşdirilmiş mənzildən istifadə hüququnuz vardır və özəlləşdirmə zamanı verdiyiniz yazılı razılıq
bu hüququnuzdan imtina etdiyiniz mənasına gəlmir.
Sual 10. Rayonumuzun kənd sakini “Hil” Bələdiyyəsindən 2005‐ci ildə 2 hektar kənd təsərrüfatı
təyinatlı torpaq sahəsini uzun müddətli – 99 illik icarəyə götürmüşdür. Həmin torpaq sahəsini
hansı qaydada alqı‐satqı edə və ya icarəyə götürə bilərəm?
Cavab. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 86‐cı maddəsinin 2‐ci hissəsinə görə bu
Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki
şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları
alqı‐satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2‐ci
maddəsinə görə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd
təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Göründüyü kimi, icarədə olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə
verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 51‐ci maddəsinin 5‐ci
hissəsinə görə mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini
başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında” qanunun 11.11‐ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə
yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 53‐cü
maddəsinin 1‐ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə
və icarəyə verilərkən (satılarkən), onun icarəyə (və ya subicarəyə) verilməsi qadağan edilə bilər.
Göründüyü kimi, icarə müqaviləsində həmin torpaq sahəsinin subicarəyə verilməsi qadağan
edilməmişdirsə, Siz həmin torpaq sahəsini bələdiyyənin razılığı ilə subicarəyə götürə bilərsiniz.
* Rubrikada təqdim olunan sualların cavabları Vəkillər Kollegiyasının üzvü Dünyamin
Novruzov tərəfindən tərtibolunmuşdur.