Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə101/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   97   98   99   100   101   102   103   104   ...   151

– Aha, başa düşürəm, – Martin deyirdi, ürəyində isə pıçıldayırdı: "Sən axı nə danışırsan? Söylədiklərinin 
heç dörddə birini də başa düşmürəm. Aman Allah, heç olmasa, mənə bir az da vaxt verəydilər… vərəm 
əleyhinə plakatlar yapışdırmağa göndərməyəydilər!" 
Özünü razı salan toksin əldə etdikdən sonra Martin antitoksin əldə etmək üçün yeni sınaqlara başladı. O, 
çox fərqli, amma uğursuz təcrübələr aparırdı. Bəzən ona elə gəlirdi ki, nəyəsə nail olub, amma təcrübəni 
bir daha yoxlayaraq yanıldığını anlayır və pərt olurdu.  
Bir dəfə o, "antitoksin", – deyə, bağıra-bağıra Qotlibin laboratoriyasına soxuldu, amma Qotlib 
mehribanlıqla  bir neçə utancaq suallar verdi, əsl misir papirosunun qutusunu onun qarşısında açdı və 
izah etdi ki, bütün incəlikləri nəzərə almayıb.  
Martin digər həvəskarlar kimi addım-addım və ehtiyatla irəliləsə də, onun bir xüsusiyyəti var idi. Bu 
xüsusiyyət olmadan elm də mövcud ola bilməzdi. O, yorulmaz, hər şeylə maraqlanan, hər yerə burnunu 
soxan, təkəbbürsüz və realist idi.  Bir də onda dəhşətli dərəcədə hər şeyi bilmək həvəsi vardı ki, bu da 
Martini davamlı olaraq irəli itələyirdi. 
 

 
Martin böyük Avropa müharibəsinin ilk illərində təvazökarlıqla və özünün bir o qədər də diqqət 
çəkməyən yolu ilə irəliləyirdi. Mak-Qerk İnstitutu isə öz sakit görünüşü altında qaynar həyat gizlədirdi. 
Əgər anticismlər haqqında Martin çox şey öyrənə bilmədisə də, əvəzində o, institutun sirrini aşkar etdi. 
Elm ocağının bütün sakit fəaliyyətinin arxasında Kapitola Mak-Qerkin – böyük ağ maarifpərvər xanımın 
dayandığını anladı. 
Kapitola – missis Ross Mak-Qerk qadın bərabərhüquqluğunun əleyhdarı idi (ta ki qadınlara seçim 
hüququnun verilməsinin qaçılmaz olduğunu öyrənənə kimi) və bütün əxlaq məsələlərində özünü ali 
hakim hesab edirdi. Ross Mak-Qerk İnstitutu öz adının şöhrətlənməsi üçün almamışdı. Bununla o, 
Kapitolanın başını qatır və onun gicişən barmaqlarını öz gəmiçilik, qızıl və meşə sənayesi 
müəssisələrindən  uzaq tutmağa çalışırdı. Hər halda, bu sənaye sahələrində Böyük Ağ Maarifpərvərlərin 
təftişinə hər şeydən az ehtiyac var idi. 
Ross Mak Qerkin o vaxtlarda əlli dörd yaşı tamam olmuşdu. O, Kaliforniya dəmiryolu maqnatlarının ikinci 
nəslinə mənsub idi. Yelsk Universitetini bitirmişdi; hündürboylu, şən insan idi. Onu elə  də prinsipial 
hesab etmək olmazdı. Artıq 1908-ci ildə, yəni institutu təsis etdiyi dövrdə, həddindən artıq çox evlərə, 
qulluqçulara, yeməyə sahib idi, amma uşağı yox idi. Kapitola hesab edirdi ki, "bu cür hoqqalar böyük 
məsuliyyət daşıyan qadınlara ziyandır". İldən-ilə o, institutun fəaliyyətindən daha çox məmnun qalır və 
öz həyatının bəraətini məhz burada tapırdı. 


Qotlib İnstituta işə girəndə Mak-Qerk onunla tanış olmağa gəlmişdi. Mak-Qerk aradabir Tabzı sıxışdırırdı. 
Tabz isə kuryer oğlan kimi onun hər  çağırışında kabinetə qaçmalı olurdu, amma Qotlibin ötkəm və 
tutqun baxışları ilə rastlaşdıqda bu nəzərlər Mak-Qerkdə böyük maraq oyatdı; Qotliblə bu yekəpər, öz 
kostyumundan utanan ixtiyar sahibi, təmkinli amerikalı və çox səmimi, sadə, istənilən cür hakimiyyətə 
nifrət edən avropalı dostlaşdılar. Mak-Qerk hündür kətilin üstünə dırmaşaraq Qotlibin necə işləməsinə 
tamaşa etmək üçün tez-tez Qərbi-Hindistanın taleyi həll olunan müşavirələri buraxmalı olurdu. 
– Gözəl günlərin birində, mən işgüzarlığın, ora-bura qaçmanın daşını atıb özümə gələcəyəm və sizin 
qarsonunuz olacağam, Maks, – deyə Mak-Qerk əmin etməyə çalışırdı, Qotlib isə ona belə cavab verirdi: 
– Bilmirəm…  təxəyyüldən məhrum deyilsiniz, Ross, amma, mənə elə gəlir ki, real şeyləri öyrənmək sizin 
üçün gecdir. İndi isə, etiraz etmirsinizsə, bugünlük rəsmiyyətpərəst kral iqamətgahınızdan canımızı 
qurtaraq. Sizi Çayldzın yanında səhər yeməyinə dəvət edirəm. 
Amma Kapitola onların dostluğuna qoşulmadı. 
Qotlibin köhnə qüruru yenidən geri qayıtmışdı və Kapitola Mak-Qerklə münasibətdə bu, onun üçün vacib 
idi. Çünki bu qadın maraqlı kiçik problemlər axtarmağı və həll olunmaq üçün  onları ərinin işçilərinə təklif 
etməyi sevirdi. Bir dəfə o, böyük bir coşqunluqla xərçəngdən nə qədər çox adam öldüyü haqda danışmaq 
üçün Qotlibin laboratoriyasına gəlmiş… və  "nə üçün siz özünüzün anti… necə adlanırlar, o zir-zibili bir 
kənara tullayıb, xərçəng əleyhinə vasitə tapmayasınız – bu hamı üçün necə də xoş olardı!" – söyləmişdi. 
Amma qadında əsl incikliyi Qotlib başqa vaxt yaratdı. Belə ki, Riplton Holaberd institutun damında 
yüksək intellektli qonaqları əyləndirmək üçün ziyafət təşkil etmişdi. Nahar vaxtı Kapitola Mak-Qerk 
Qotlibə zəng vuraraq soruşdu: "Siz gəlib öz laboratoriyanızı açmazsınız ki? Sizə zəhmət olmasın... Amma 
biz böyük məmnuniyyətlə ona tamaşa etmək istərdik". Qotlib isə cavab verdi: 
– Zəhmətdir! Gecəniz xeyirə qalsın! 
Kapitola bərk əsəbiləşərək ərinin yanına gəldi. Əri isə qulaq asdı – ya da ən azı özünü qulaq asırmış kimi 
göstərdi və dedi: 
– Kap, sən lakeyləri sıxışdıranda mən buna qarışmıram. Çünki onlar buna dözməyə məcburdurlar. Amma 
Maksı ələ salmaq fikrinə düşsən, institutu bağlayacağam və sənin üçün Kalonial Klubda danışmağa bir 
şey qalmayacaq. Bu nə hərəkətdir edirsən? Otuz milyon dollar qiyməti olan bir adam – hər halda, o 
onlara sahibdir – pijamasında uzanıb rahat yata bilməz? Yox, mənə lakey lazım deyil! Ah, xahiş edirəm, 
Kapitola, xahiş edirəm, öz kübar söhbətlərini bir kənara burax, imkan ver yatım! 
Amma Kapitola söhbət ayda bir dəfə institutda verdiyi nahardan gedirdisə, ipə-sapa yatmaq bilmirdi…   
 

 


Mak-Qerklərin təşkil etdiyi və Martinlə  Leoranın iştirak etdiyi ilk ziyafət xüsusilə əhəmiyyətli idi, çünki 
orada möhtərəm qonaq rolunda Britaniya Diplomatik heyətilə birlikdə Amerikaya gəlmiş londonlu 
cərrah, general-mayor Ayzek Mallard iştirak edirdi. O, artıq lütf edib institutu gəzmişdi. Terri Uiketdən 
başqa hamı –  doktor Tabz da, bütün elmi əməkdaşlar da çox hörmətli "cənab Ayzek"ə axıra kimi qulaq 
asdılar. O, xatırladı ki, Riplton Holaberdlə Londonda qarşılaşıb, ya da deyəsən, xatırladığını söylədi, sonra 
da Qledis sentrifuqasına valeh olduğunu bildirdi. 
Nahar uğursuzluqla başladı. Terri Uiket  indiyə qədər belə tədbirlərdə, adətən, iştirak etmirdi. Amma bu 
dəfə gəlməyi vacib saydı və elə oturan kimi də keçmiş səfirlərdən birinin arvadına söylədi: 
– Mən belə bir möhtəşəm məclisdən imtina edə bilməzdim, özü də gözdən düşmüş cənab Ayzekin 
olduğu ziyafətdən. Boynunuza alın, özüm  deməsəydim, heç ağlınıza da gəlməzdi ki, frakı prokata 
götürmüşəm. Düz deyirəm, elə fikirləşməzdiniz, hə? Fikir verdiniz, cənab Ayzek yavaş-yavaş xalçanı 
yırtmamağa adət edir? Maraqlı olardı, görəsən, o,  hələ də kəllənin trepanasiyası  ilə xəstələri öldürməyə 
davam edir? 
Məclisdə çoxlu musiqi də vardı, yemək də. Ziyafətə başıbəlalı alimlər gəlmişdilər və onlar zərli-zibalı 
qadınlara bir neçə sözlə indiyə kimi nəyə nail olduqlarını və gələcək iyirmi ildə nəyə nail olmağa ümid 
etdiklərini izah etmək məcburiyyətində qalırdılar. Öz-özünə qarıldaşan xanımlar isə narazılıq dolu səslə 
asta-asta söyləyirdilər: "Deyəsən, bunu istədiyimiz kimi aydın şəkildə izah edə bilmədiniz". Qarıldaşan 
xanımların ərləri də ziyafətdə idilər. Onlar neft aksiyaları ilə, ya da korporasiyalarla bağlı qanun üzərində 
möhtəkirlik edən kollec bitirmiş işgüzarlar idilər. Öz  fikirlərini eşitmək arzusunda olan hər insana 
danışmağa hazır vəziyyətdə oturmuşdular. Öz görkəmləri ilə "antitoksin yaxşı şeydir, amma bizim süni 
kauçuka daha çox ehtiyacımız var" – deyirdilər.  
Füsunkar müsahib Riplton Holaberd də orada idi. 
Musiqi dayandığı vaxt birdən Terri Uiket hoppanıb ortaya çıxdı və Kapitolanın çox vacib rəfiqəsi olan 
hansısa təşəxxüslü matronaya   izah etməyə başladı: 
– Hə, onun familiyası Q-o-t-l-i-b yazılır, deyiləndə isə belə deyilir: "Rədd olsun!" 
Amma institutda Uiket kimi yabançı cisimlər, Martin və Leora kimi səssiz statistlər , Maks Qotlib kimi 
daima iştirak etməyənlər çox deyildi… Yəni nahar məhəbbət və dostluq şəraitində başa çatdı. Doktor 
Tabz və cənab Ayzek Mallard bir-birinə, Kapitolaya, müqəddəs torpaq olan Fransaya, balaca rəşadətli 
Macarıstana, Amerika qonaqpərvərliyinə, Britaniya şəxsiyyətlərinə və müasir elmdə əsl elmi əməkdaşlığı 
dəyərləndirən gənc adamın edə biləcəyi maraqlı kəşflərə görə xoş sözlər yağdırmağa başladılar. 
Sonra institutu qonaqlara göstərməyə getdilər. Onlar akvariuma, patoloji muzeyə və vivariuma baxdılar; 
Onu görən kimi dilli-dilavər bir xanım Uiketə dedi: 
– Ah, zavallı donuzlar, zavalı dovşanlar! Doktor, razılaşın ki, onları azadlığa buraxmaq və təcrübələrinizi 
sınaq şüşələrində aparmaq daha yaxşı olardı… 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə