Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə109/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   105   106   107   108   109   110   111   112   ...   151

"İks faktoru" nə idi, kimyəvi maddəmi, yoxsa mikrobmu – Martin müəyyənləşdirə bilmədi, amma bu 
faktor, şübhəsiz ki, inkişaf edirdi. Onu nəhayətsiz olaraq təkrar səpmək mümkün idi. Martin faktorun 
artıb çoxalması üçün uyğun olan temperaturu müəyyənləşdirdi və əmin oldu ki, ölmüş stafilokokklarda o, 
genişlənmir. Daxilində "İks faktoru" olan damcını qatı aqaranın üzərini boz rəngli nazik pərdə kimi 
örtmüş stafilakokk kulturasına əlavə etdi və damcı aydın şəkildə  göründü. Elə bil, düşmən hücumuna 
məruz qalmışdı… Yəni aqaranın kəsik yeri güvənin dəlmə-deşik etdiyi mum kimi görünürdü. Amma iki 
həftə sonra sualtı qayalardan biri də aşkara çıxdı. Onunla bağlı Qotlib Martinə artıq xəbərdarlıq etmişdi… 
Məsələ ondadır ki, məqaləsi çap olunan kimi ona qarşı silahlanacaq yüzlərlə bakterioloqdan ehtiyat edən 
Martin, əldə etdiyi nəticələrdən əmin olmaq istəyirdi. Buna görə də xəstəxanadan çoxlu çiban irini əldə 
etdi: bunlar əllərdə, ayaqlarda, kürəklərdə olan çibanlardan alınmış irinlər idi. Eyni nəticəyə bir daha nail 
olmağa çalışdı, amma bu dəfə iflasa uğradı. "İks faktoru" başqa heç bir çibanda müşahidə edilmədi və 
Martin məyus halda Qotlibin yanına yollandı. 
Qoca əvvəlcə bir qədər fikirləşdi, iki-üç sual verdi, bir müddət susaraq öz yumşaq kreslosunda qaşqabaqlı 
oturdu,  sonra isə dedi: 
– Birinci çiban hansı növdən idi? 
– Qluteal. 
– Aha, deməli, "İks faktoru" bağırsaqların içindəki irinlərdə yarana bilər. Siz çibanı axtarın. İrini olanlarda 
və olmayanlarda da axtarın. 
Martin dərhal öz otağına qayıtdı. Elə həmin həftə o, bağırsaqların içindən alınmış nümunələrdə, bir də 
digər qluteal yaralarda faktoru axtarmağa başladı. "İks faktoru"nu daha çox öz-özünə sağalan yaralarda 
aşkar etdi. Qələbəsindən, həmçinin Qotlibin müdrikliyindən vəcdə gələn Martin öz kulturalarını yenidən 
aşkar etdiyi faktorla təkrar-təkrar səpdi. O, bağırsaq mikroorqanizmləri ilə bir sıra təcrübə keçirdi və "iks 
faktor"unu coli basilli ilə qarşılıqlı əlaqədə aşkar etdi.  
Martin başqa bir addım da atdı. O, "İks faktoru"nun müəyyən hissəsini çibanın müalicəsi üçün Aşağı 
Manhetton xəstəxanasındakı bir həkimə göndərdi, az müddət sonra  ondan sağalma haqqında sevinc 
dolu hesabat və bu möcüzənin açılması ümidi ilə bir neçə sual aldı. 
Amma yeni qələbəsindən ruhlanaraq Qotlibin yanına gedən Martin burada əməlli-başlı "şallaqlandı": 
– Oh! Çox gözəl! Siz öz tədqiqatınızı başa vurmadan sınamaq üçün həkimə göndərmisiniz? Sağalma ilə 
bağlı fırıldaqçı hesabatların qəzetlərə yol tapmasını, sonra da hər yerdən üstünüzə teleqramların 
yağmasını istəyirsiniz? Dünyanın hər tərəfindən burnu sızanaqlı insanların müalicə üçün yanınıza 
gəlməsini arzulayırsınız?  Bundan sonra işlə görüm necə işləyirsən… Deyin görüm, siz möcüzə göstərmək 
istəyirsiniz, yoxsa alim olmaq? Məgər prosesi sona çatdırmadan, hər şeyə tam əmin olmadan belə bir iş 
tutmaq olarmı? Stafilakokkları axıra qədər tədqiq etmədən, hətta tədqiqatı belə tam mənası ilə 
başlamadan bağırsaq çöpləri ilə oynayırsınız. Heç "İks faktoru"nun təbiətinin nədə olduğunu da 
müəyyənləşdirməmisiniz! Mənim kabinetimdən rədd olun! Siz… siz… kollec rektorusunuz! Sabah 


eşidəcəyəm ki,  Tabzın yanına nahara dəvət olunmusunuz, sonra da qəzetlərdə şəkillərinizi görəcəyəm! 
Doktor Erousmit – dəbdə olan müalicə vasitələrinin dəbdə olan alverçisi! 
Martin boynunu bükərək kabinetdən çıxdı və dəhlizdə Bill Smitlə qarşılaşdı. Onu görən kimi bapbalaca 
kimyaçı hay-küy saldı: "Nə isə vacib bir şey tapmısan? Sizi çoxdandır görmürəm!" – Martin ona elə bir 
səslə cavab verdi ki, sanki, Elk-Milzli dok Vikersonun keçmiş assistenti geri qayıtmışdı: 
– Yox… nə danışırsan?! Elə belə… yavaş-yavaş baş girləyirəm. 
 

 
Martin hansısa hind donuzunda xəstəlik gedişatı izləyirmiş kimi özünü diqqətlə və ədalətlə  müşahidə 
edirdi – dəhşətli yorğunluq yavaş-yavaş onda nevrasteniya  ilə əvəz olunurdu. O,  nevrasteniyanın 
əlamətlərini diqqətlə qeydə alır, onların bir-birinin ardınca necə ortaya çıxmasını müşahidə edir və 
dinməz-söyləməz təhlükənin üstünə gedirdi. 
Ailədə onu dözülməz edən əsəbiliyi tezliklə qeyri-normal bir vəziyyətlə əvəz olundu. Hər addımbaşı 
hansısa əşyanı götürmək istəyəndə, əlini uzatsa da, onu tuta bilmir, tez-tez cihazları əlindən salırdı. 
Gözlənilmədən arxasında addım səsləri eşidilirdisə, bundan bərk diksinirdi. Doktor Yionun kobud səsi 
onun üçün işgəncəyə, hətta az qala, təhqirə çevrilmişdi. Məsələn, Yio dəhlizdə kiminləsə danışmaq üçün 
ayaq saxlayanda Martin başını çiyinləri arasına çəkərək gözləyir və öz-özünə pıçıldayırdı: 
– Səsini kəs… səsini kəs… səsini kəs… 
Sonra onda lövhələrin üstünə yazılmış sözləri axırdan əvvələ oxumaq vərdişi yarandı. Bu, çox zəhlətökən 
tələbat idi.  
O, metro vaqonunda tutacaqdan yapışıb  dayandığı yerdəncə bütün elanlara göz gəzdirir, tərsinə 
oxumaq üçün yeni sözlər axtarırdı. O sözlərin bəzisi dəhşətli dərəcədə xoşagəlimli idilər: "çəkmək olmaz" 
sözündən qızğın və sevimli "zaiolkəmkəç" alınırdı. Brodvey "yevdorb" formasında kifayət qədər miyanə 
səslənirdi, amma "ştamplar"ın, "çör-çöp"ün, "xammal"ın oxunuşu çox pis nəticələr verir, "qüvvə" isə 
"əvvüq"ə çevrilərək iyrənc alınırdı. 
Bir gün pəncərələri bağlamağı yaddan çıxarıb-çıxarmadığını dəqiqləşdirmək üçün üç dəfə laboratoriyaya 
qayıtmaq lazım gələndə, Martin sakitcə əyləşdi, özü-özünü xəbərdar etdi ki, son nöqtəyə çatıb. O, tam 
ciddiliyi ilə belə bir məsələni müzakirəyə qoydu: bundan sonra risk etməyə haqqı çatır, yoxsa yox? 
Müzakirə obyektiv alınmadı: yeni iş imkanları o dərəcədə möhtəşəm görünürdü ki, o, öz zəifləmiş 
"mən"ini ciddiyə almaq istəmirdi. 
Sonra birdən-birə onun içinə qorxu düşdü. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə