Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə108/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   104   105   106   107   108   109   110   111   ...   151

– Qulaq as, qadın, mən tapmışam! Nəsə çox vacib bir şey tapmışam! Elə bir şey kəşf etmişəm ki… bu 
hansısa kimyəvi qatışıq deyil… elə bir şeydir ki, bakteriyaları məhv edir, öldürür… Bu, bəlkə də, 
terapiyada yeni mərhələdir. Oh, yox, boş sözdür, çətin ki belə ola! Yəqin, axmaq bir səhv eləmişəm! 
Leora onu sakitləşdirməyə çalışdı, amma Martin gözləmədi, zəng edəcəyinə söz verərək aşağı, qatarlara 
tərəf şığıdı. Saat onda termostatın yanında dayanmışdı və gözünü zilləyərək diqqətlə ona baxırdı. 
Bakteriyaların bulanıq kölgəsi bütün kolbalarda peyda olmuşdu, bircə çaxnaşma yaradan birinci kolbadan 
savayı. 
Burada mikrobların sirli qatili yeni bakteriyaların yaranmasına mane olmuşdu. 
– Bu çox maraqlıdır, – Martin dedi. 
Kolbaları yenidən termostata qoydu, öz müşahidələrini qeyd etdi, yenidən kitabxanaya getdi və ayrı-ayrı 
elmi cəmiyyətlərin soraq kitabçalarında, üç dildə dərc olunmuş jurnallarda eşələnməyə başladı. Martin 
elmi ədəbiyyatın fransız və alman dillərini olduqca yaxşı mənimsəmişdi. Çətin ki bir stəkan limonad 
almaq, ya da kurort yollarını öyrənmək üçün bu dillərdə sözü-sözün dalınca qoşub fikrini izah edə biləydi, 
amma o, beynəlxalq ellinist elmi jarqonunu çox yaxşı başa düşürdü… və indi duz tökülübmüş kimi yanan 
gözlərini silə-silə ağır kitabları vərəqləyirdi.  
Martin xatırladı ki, ordu zabitidir və bu gün səhər saxta vaksin hazırlamalıdır. O, işləməyə getdi, amma 
elə həyəcanlı idi ki, bütöv bir vaksin partiyasını korladı, öz səbirli qarsonunu "dəli" adlandırdı və belə bir 
haqsızlıqdan sonra onu viski dalınca yolladı. 
Beynindəkiləri kiminləsə bölüşməsi vacib idi. Leoraya zəng elədi, pula qızırqanmayaraq onunla səhər 
yeməyi yedi, sonra dedi: 
– Hələ ki, elə bil, nəsə var. 
Bütün gün ərzində – düz axşama kimi – Martin hər saat başı instituta gəlir və öz kolbalarına nəzər salırdı, 
fasilələrdə isə yorğunluqdan, az qala, yıxılacaqmış kimi dayanmadan kofe içir və küçələri dolaşırdı.  
Hər beş dəqiqədən bir isə, elə bil, ilk dəfəymiş kimi ağlına bir fikir gəlirdi: "Bəlkə, gedim yatım?" Amma 
elə o an da baş verənlər yadına düşür və Martin ufuldayırdı: "Yox, əsla, mən hər addımı izləməliyəm. 
Qətiyyən aralanmaq olmaz. Yoxsa yenidən başlamalı olaram. Amma necə də yatmaq istəyirəm! Niyə axı 
uzanmıram!" 
Saat altıda yenidən gücləndiyini hiss etdi və düz saat altıda apardığı yoxlama göstərdi ki, ilk bulyon 
qatışığı olan kolbada hələ də bakteriyaların artımı yoxdur… Lap birinci irin səpilən digər kolbalar da 
özlərini ilk ekssentrik kolba kimi aparırlar: onlarda əvvəlcə bakteriyaların yaxşı artımı baş verir, sonra isə 
ortam asta-asta işə düşən naməlum qatilin təsiri ilə təmizlənir. 
Martin yüngülləşdi, nəsə əldə etdiyinə inanaraq rahatlaşdı və qollarını yanına salıb oturdu. Tapdım! İlk 
qeydlərindən sonra dəftərinə belə bir nəticəni qeyd etdi: 


"Stafilokokk infeksiyasının yaratdığı irində müəyyən bir amil aşkar etmişəm – müvəqqəti olaraq onu İks 
amili adlandıracağam – o, stafilokokk ştammının  inkişafının qarşısını alır və həmin bu irindən olan 
stafilokokkları əridir". 
Martin saat yeddidə qeydlərini başa çatdırdı, başı dəftərin üstündə düşdü... O, artıq yatırdı.  
Saat onda yuxudan ayıldı, evə getdi, vəhşi kimi yeməyin üstünə atıldı, yenə də yatdı və səhərə yaxın 
laboratoriyaya qayıtdı. Onun növbəti istirahəti günün günorta çağı laboratoriyanın stolunda, qarsonun 
mühafizəsi altında bir saatlıq yuxu oldu; yarım sutkadan sonra isə – sübh açılandan günortaya qədər – 
düz səkkiz saat çarpayıda ölü kimi qaldı. 
Amma yuxuda da kolbalarla dolu piştaxtanı dağıdır, ya da kolbaları qırır, stulları, stolları, insan 
bədənlərini alt-üst edərək İks faktorunu kəşf edirdi. O, Bert Tozeri və doktor Bisseksi öz dərmanı ilə 
yağlayır, bu bədbəxtliyə sevinə-sevinə onların necə yoxa çıxdıqlarını müşahidə edirdi… Amma sonra 
təsadüfən bir damcı Leoranın üstünə düşdü və qız onun gözləri qarşısında əriməyə başladı;  Martin inilti 
ilə yuxudan ayılanda, Leora sağ-salamat yanında idi, onu qucaqlamışdı, o, isə hönkürürdü: 
– Oh, sənsiz bacarmıram! Məni heç vaxt tərk eləmə! Səni elə sevirəm ki, amma bu lənətə gəlmiş iş məni 
özünə bağlayıb. Məni tərk eləmə! 
Leora əzik-büzük yatağın içində sızıqlı çit gecə paltarında, şən halda oturmuşdu… sonra Martin elə onun 
təmasını hiss edə-edə yuxuya getdi, üç saat sonra isə şişmiş, çuxura  düşmüş gözlərlə, instituta qaçmağa 
hazır vəziyyətdə yuxudan ayıldı. Leora tünd kofe dəmləmişdi və bir söz söyləmədən, sakitcə gətirdi… 
Martin əl-qolunu ölçə-ölçə guruldayanda isə qürurla ona tamaşa edirdi: 
– Qotlib daha məni yeni müşahidələrin vacibliyinə inandıra bilməz! Ola bilsin ki, İks faktoru təkcə 
stalifokokklar üçün xas deyil. Ola bilsin ki, bunu bütün mikroblarda müşahidə etmək olar, onlarla 
istənilən yoluxucu xəstəlikləri də müalicə etmək mümkündür. Mikrobla qidalanan mikrob! Bəlkə, bu 
kimyəvi faktordur – enzimdir? Oh, bilmirəm! Amma öyrənməliyəm! 
Qaça-qaça instituta getdiyi vaxt o daha çox əmin olurdu ki, uzun illərin avaralığından sonra, nəhayət, 
nəyəsə nail olub. Martinin gözləri qarşısında xəyallar canlanmağa başladı: onun adı jurnalların, dərs 
kitablarının vərəqlərini bəzəyir, elmi yığıncaqlarda onun üçün sürəkli alqışlar səslənir.  
Əslində, Martin institutun mütəxəssisləri arasında fərqlənməyən bir piyada idi. İndi isə onun hamıya 
yazığı gəlirdi…  
Amma… iş stolunun qarşısına gələn kimi bütün ümidləri soldu və Martin yenidən həyəcanlanan, diqqətlə 
iz axtaran xəfiyyəyə, namuslu işçiyə çevrildi. 
Onun qarşısında ləpirçinin ən böyük sevinci olan yeni dağ cığırları açılır,  içində yeni bir qüvvə 
doğulurdu... 
 



  
Bütün həftəni Martinin həyatı düşmən ölkəsində vurnuxan əsgərin həyatı qədər ahəngdar idi – eyni 
həyəcanlar, eyni gərgin gecələr... O, ara vermədən kolbaları sterilizə edir, hidrogen ionlarından fərqli 
qatılıqda mühit hazırlayır, köhnə qeydlərinin üzünü çıxarır, "İks faktoru, stafilokokklar" başlığı altında 
həvəslə onları yeni dəftərə köçürür,  sonrakı müşahidələrini də həmin dəftərə qeyd edirdi. Martin 
kulturalarla bir sıra səpinlər etməklə ciddi cəhdlə müəyyənləşdirməyə çalışırdı ki, "İks faktoru" təkrar 
hasil olunacaqmı, kulturanın təkrar əkilməsi zamanı o, yenidən və yenidən meydana gələcəkmi? Bir də, 
doğrudanmı, bu mikrob avtomatik bölünmə ilə törəyib artır? Həqiqətənmi o, mikrobları yoluxduran 
submikrobdur?! 
Bu həftə ərzində Qotlib bəzən laboratoriyaya gəlir, gözucu onun işlərinə nəzər salırdı… Amma Martin 
qərar vermişdi ki, hələlik ona heç nə danışmayacaq: əvvəlcə əsaslı sübut əldə etmək istəyirdi, sonra necə 
lazımdırsa bir gecəlik də olsa yatıb yuxusunu almalı idi… Ola bilsin ki, hətta üzünü də qırxmalı olacaqdı. 
"İks faktoru"nun özünü təkrar istehsal etdiyinə əmin olduqdan, onuncu kolbada da ilk kolbada olduğu 
kimi hərəkət etdiyini dəqiqləşdirdikdən sonra Martin təntənə ilə Qotlibin yanında getdi və ona öz 
qeydlərini, həmçinin də növbəti tədqiqatın planını göstərdi. 
Qoca nazik barmaqlarını hesabat dəftərinin üzərində tıqqıldatdı, diqqətlə oxudu, başını qaldırdı və 
təbrikə vaxt itirmədən Martinin üstünə suallar yağdırmağa başladı: 
– Siz filan işi də görmüsünüzmü? Bəs nə üçün filan şeyi etməmisiniz? Hansı temperaturda faktor 
maksimal aktivlik nümayiş etdirir? O, öz hərəkət mexanizmini sərt aqarda  da qoruyurmu? 
– Bu, sonrakı işimin planıdır. Mənə elə gəlir ki, siz orada təkliflərinizin böyük əksəriyyətini tapa 
biləcəksiniz. 
– Aha! – Qotlib baxışları ilə planın üzərində gəzişdi və deyinməyə başladı: 
– Nə üçün faktorun ölü stafilokokklarda yayılıb-yayılmayacağını yoxlamaq lazım gəldiyini qeyd 
etməmisiniz? Bu ki hər şeydən daha vacibdir. 
– Nə üçün? 
Qotlib bir anın içində Martinin günlərlə azdığı cəngəlliyin düz içinə daxil oldu. 
– Çünki bu, sizin canlı virusla işlədiyinizi sübut edəcək. 
Martin özünü alçaldılmış kimi hiss etdi, amma Qotlib ona izah etməyə başladı: 
– Siz çox böyük hadisəni kəşf etmisiniz. İndi isə çalışın ki, direktor ondan xəbər tutmasın və vaxtından 
əvvəl həvəslənməsin. Mən çox şadam, Martin! 
Onun səsində elə bir şey var idi ki, Martini sərxoş kimi yenidən geri – laboratoriyaya götürülməyə və 
həvəslə yuxusuz gecələr keçirməyə vadar etdi…  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə