Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə16/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   12   13   14   15   16   17   18   19   ...   184

 

38

NƏTICƏ OLARAQ. Ölüm amansızdır. Lakin sənətkarlar heç zaman ölməz! 



Biz  əziz və  qədirbilən oxucularımıza söz veririk ki, gələcəkdə  təzədən və bir 

daha təzədən, gənc alim Əlirza Yananın yuxarıda haqqında bəhs etdiyimiz həm 

elmi-nəzəri və  həm də  bədii yaradıcılığına qayıdacağıq, yeni-yeni tədqiqat 

əsərlərimizlə hörmətli oxucularımızı sevindirəcəyik. Yeri gəlmişkən qeyd edək ki, 

həmişə olduğu kimi, bu dəfə  də  nəşriyyatlar bu işdə öz kömək  əllərini 

tədqiqatçılarımızdan əsirgəməməlidirlər, vaxtsız aramızdan getmiş şöhrətli alimimiz 

Əlirza Yananın seçilmiş əsərlərinin ikicildliyini alimlərimizin şərhləri, giriş və son 

sözləri, xatirələri, şəkilləri ilə bərabər yaxın zamanda oxuculara çatdırmalıdırlar. 

 

O. Dəruni, 

filoloji elmlər namizədi. 

 

BILDIRIŞ. Hörmətli oxucular, bu gün sübh tezdən əldə etdiyimiz məlumat bizi, 



eləcə  də filoloji elmlər namizədi, hörmətli alimimiz O. Dəruni yoldaşı sizin 

yanınızda xəcil etmişdir. Məlum olmuşdur ki, Əlirza Yanan adlı  vətəndaş heç də 

ölməmişdir. O, Kür çayını üzüb o biri sahilə keçərək sərxoş olduğu üçün özünü yaxşı 

apara bilməmiş  və yerli milis işçiləri tərəfindən yaxalanaraq on beş günlük həbs 

cəzasına məhkum edilmişdir. Bununla da, vətəndaş Yanan həm bizi, həm də hörmətli 

və şöhrətli alimimiz O. Dərunini pis vəziyyətdə qoymuşdur. Belə ki, bu məlumatı çox 

gec aldığımız üçün, yuxarıdakı məqaləni qəzet səhifəsindən çıxara bilmədik. Lakin 

onda təskinlik tapırıq ki, bir gün dünyaya gələn, bir gün dünyadan gedəcək və o 

zaman yuxarıdakı məqalə də xarakterik aktuallığını bərpa edəcək. 

 

2 mart 1969. 

 

 



 

 


 

39

ZIREH 

  

Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın 



nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən 

sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə  Şahinin 

çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım 

mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim 

ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi 

hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib 

pəncərənin gözlüyünü açım. 

Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən 

düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə 

birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də  əməlli-başlı yatım 

gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan 

gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun 

yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi 

yatmırdı. 

Şahin də yatırdı, elə rahat yatırdı ki, elə bil Şahin deyildi – guya ki, Şahin rahat 

yata bilməzdi, – hər  şey belədir: böyük xoşbəxtlik kiçik müsibətin yanında heçə 

dönür, necə ki, böyük yaxşılıq kiçik pislikdən sonra unudulur; niyə belədir – 

bilmirəm, amma nə tez unutmuşam Şahinin mışıl-mışıl yatmağını... Əvvəlcədən bir 

az Cırtdandan danışardım, bir az Məlikməmməddən, sonra soruşardı ki, neçə 

canavar öldürmüşəm, neçə  pələng vurmuşam, neçə ayını qaldırıb yerə  çırpmışam, 

daha nə eləmişəm; mən də bir-bir deyərdim: bir gün beş canavar olardı, yeddi pələng 

olardı, səkkiz ayı olardı, başqa bir gün on canavar olardı, dörd pələng olardı, doqquz 

ayı olardı, – bu baxırdı mənim goplamaq həvəsimə – Şahin də bic-bic gülərdi, elə bil 

özü də yaxşıca bilirdi ki, hamısı gopdur. 

Solmaz gəlib dedi ki, mamam yerinə uzanan kimi yatdı. Mən də dedim ki, yaxşı 

oldu, yazıq arvad gör neçə gündür yatmır, qoy dincəlsin bir az. Sonra Solmaz lap 

mənə yaxınlaşdı, bu iyirmi gündə birinci dəfə qucaqladı; heç nə demədi: mən də heç 

nə demədim. 

Şahin bizim ilkimiz idi, həm də  Şahindən başqa daha heç vaxt uşağımız 

olmayacaqdı, çünki Şahindən sonra Solmazın daha heç vaxt uşağı ola bilməzdi; 

Şahinin ilk qədəmi belə olmuşdu, amma Şahin var idi – kifayət idi. 

Sakit ol, dedim, arxayınçılıqdır daha, Solmaz dedi ki, sakitəm, lap sakitəm daha, 

görmürsən sakitəm? Lap sakit ol, dedim, lap, istəyirsən bir az ağla, ağla bir az, 

ürəyin boşalsın. Yox, dedi, ağlaya bilmirəm, ağlaya bilmirəm, çünki daha Şahin 

bizimlə qaldı. Elədir, dedim, ağlama, Şahin bizimlə qaldı, çünki belə olmalı idi, mən 

bilirdim ki, belə olacaq, lap əvvəldən bilirdim ki, Şahin bizimlə qalacaq, ağlama, 

dedim, ağlama, qurtardı daha, hər  şey qurtardı. Ağlamıram, dedi, bu elə belədir, 

ağlamıram, fikir vermə. 

Şahin birdən xəstələndi; həyətdən gəlib bir az gopa basdı, bir az deyib güldü, 

sonra da xəstələndi – belə işləri var Şahinin. Gözləri parıldayırdı yaman, özü də pis 

parıldayırdı, özü də od tutub yanırdı. Solmaz dedi ki, deyəsən axı, qızdırması var 

uşağın. Mən də dedim ki, yenə özündən pəstaha çıxartma, başlama yenə; sonra 

ölçdük qızdırmasını, sonra gördük ki, qızdırması var, xəstələnib. Otuz doqquz idi 

qızdırması, axşam qırxı ötdü. Belə-belə işlər... 




 

40

Solmaza dedim ki, sakit ol, eşitdin, bayaq Kazımlı sənin yanında dedi ki, böhran 



ötdü, sənin yanında dedi ki, on-on beş gündən sonra duracaq ayağa, Kazımlı sözü 

havaya üfürən həkimlərdən deyil, özün məndən yaxşı bilirsən, sakit ol. Solmaz 

gülümsədi, elə bil onu heç gülümsəyən görməmişdim, elə bil həmişə deyib-gülən 

Solmaz deyildi, əslində, doğrudan da, həmişəki Solmaz deyildi, qocalmışdı bu 

iyirmi gündə. Sonra məndən soruşdu ki, Kazımlı çıxanda sənə nə isə dedi, nə dedi 

sənə? Heç nə demədi, dedi ki, xudahafiz. Solmaz dedi ki, yox, eşitdim axı, nəsə dedi 

sənə. Dedim, Kazımlı dedi ki, böhran keçib daha, yüz faiz xətircəm ola bilərsiniz. 

Yox, dedi, başqa nə isə dedi. Sonra Solmaz mənə elə baxdı ki, dedim Kazımlı  nə 

dedi. Əslində elə bir şey də deməmişdi, demişdi ki, bu gecə də muğayat olun, işdi-

şayətdi, bu gecə yenə böhran ola bilər, axırıncı böhran, qorxub-eləməyin, lap 

gecənin yarısı da olsa, gəlib məni durğuzun. Yenə dedim ki, Kazımlı dedi ki, 

qorxub-eləməyin, nə oldu sənə, nə oldu axı, deyirəm ki, Kazımlı dedi qorxmayın, o 

saat gəlib məni durğuzun, vəssalam. Dedim ki, bir bax Şahinə, gör necə rahat yatıb, 

heç görmüsən belə rahat yatmağını, görmürsən ki, daha heç nə olmayacaq, özü də 

Kazımlı dedi ki, işdi-şayətdi... 

Solmaz pəncərəyə yaxınlaşıb pərdəni qaldırdı: məhəllənin cailləri yenə dalanın 

ağzına yığışıb söhbətləşirdilər. Solmaz pərdəni aşağı saldı. Gözü pərdədə, 

pəncərənin qabağında dayandı. 

Gərək sənə deməyəydim, dedim, deməyəydim ki, Kazımlı nə dedi. Deməsəydin 

nə olacaqdı, dedi, bir şey dəyişəcəkdi bəyəm? Niyə  həmişə pisindən yapışırsan, 

dedim, ən bədindən yapışırsan, niyə həmişə ürəyinə pis şey gəlir, Kazımlı dedi ki, 

işdi-şayətdi, yəni ki, heç nə olmayacaq, yəni ki, hər şey qurtardı getdi işinin dalınca, 

niyə ən bədindən yapışırsan? Dedi ki, nə edim bəs? Sonra dönüb mənə baxdı, mən 

də özümdən çıxdım, özümdən çıxdım ki, Solmaz birdəfəlik başa düşsün: bu gecə 

heç nə olmayacaq, çünki daha keçdi getdi hər şey, qurtardı daha. 

Gülü xala başıalovlu otağa girdi ki, nə olub? Solmaz dedi ki, heç nə, ay mama, 

nə olacaq ki, niyə qalxırsan o saat səs eşidən kimi, get yat, sən Allah. Gülü xala 

rahat-rahat nəfəs alan Şahinə baxıb doluxsundu yenə, elə onu de, nə ola bilər ki, olan 

oldu, keçən keçdi daha. Sonra Solmaz anasını o biri otağa apardı.  

Bu iyirmi gündə birinci dəfə hiss edirdim ki, otaq dərman iyiylə dolub 

ağzınacan. Sonra çəliyinin səsindən bildim ki, Məmmədbağır gəlir: tak-tuk. 

Solmaz gedib qapını açdı, dedi ki, keç içəri. Məmmədbağır dedi ki, dayan, 

çubuğu boşaldım, sonra girim içəri. Solmaz onu otaqda çubuq çəkməyə qoymurdu, 

deyirdi ki, otağın havası elə düz-əməllidir, sən də bir tərəfdən çubuğu fısqırd. 

Solmaz, Məmmədbağırın qolundan yapışıb gətirib mizin arxasında oturtdu. 

Maxorka iyi aləmi basdı. Məmmədbağır həmişəki kimi, yerini rahatlayandan sonra 

salamlaşdı: əssalam-əleykumə; sonra da soruşdu ki, salamatlıqdırmı, sonra da dedi 

ki, inşallah, salamatlıq olar. 

Bilmirəm niyə Məmmədbağır üçün deyiblər ki:  

  

Gəldi Məmmədbağır, 



Dur Allahı çağır? 

Bizim məhəllədə belə sözlər çoxdur, amma mənası yoxdur. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə