Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə24/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   20   21   22   23   24   25   26   27   ...   184

 

56

– Yox, on iki yaşım. – O həmişə belə cavab verirdi ki, on yeddi yaşında olmağı 



doğruçu çıxsın, indi də belə dedi, amma hiss elədi ki, yavaş-yavaş dilxor olur. Həm 

də ona görə dilxor olur ki, Ağahüseynin adı yenə də hardansa girmişdi başına; əlini 

içi dovşan dərili qolsuz kürkdən çəkdi. – Lap on bir yaşım var.  

– Yaxşı, yaxşı, burnunu sallama. – Sənubər onun burnunu tutub dartdı, elə 

ehmallıca dartdı ki, sifətindəki qızartı keçib getdi. – Doğrudan, sənin atan böyük 

adamdır?  

Haradansa Sənubərin başına girmişdi ki, onun atası böyük adamdır guya, özü də 

idarəyə maşınla gedib-gəlir. 

– Adamdır də... – O nə  qədər fikirləşirdisə  də bu suala başqa cavab tapa 

bilmirdi; bir dəfə istəmişdi ki, atası barədə yalandan təsirli, lap faciəli bir əhvalat 

quraşdırıb danışsın, amma danışmamışdı, çünki yaşından və oxuduğu sinifdən başqa 

daha yalan demək istəmirdi Sənubərə; atası teatrda rejissor idi və nədənsə, ona elə 

gəlirdi ki, atasının rejissor olduğunu bilsə, Sənubəri gülmək tutacaq, həm də o, 

Sənubərin gözündən düşəcək – niyə belə fikirləşirdi, heç özü də başa düşə bilmirdi. 

– Əgər böyük adamdırsa, niyə sənə palto almır? 

O ən çox bu cür sözlərdən dilxor olurdu, çünki bu cür sözlərdən sonra özünü bu 

balaca otaqda əsl kişi hiss edə bilmirdi və bu cür sözlərdən sonra həmişə  çıxıb 

gedirdi və bir müddət özünü vaxtında doğulmayan, həyata vaxtında gəlməyən insan 

sanırdı, heç kimin onu başa düşmədiyini, hamının ona yad olduğunu fikirləşirdi, 

özünü faciəli tənhalıqda hesab edirdi, sonra yenə  də yavaş-yavaş bu pilətənin iyi 

burnuna gəlirdi, bu pilətənin istisini hiss edirdi. Sənubərin köşək gözlərini görürdü, 

onun nazik qabırğalarını ovcunun altında duyurdu və  dərindən nəfəs alırdı ki, nə 

yaxşı dünyada bu balaca otaq var, nə yaxşı dünyada bu nöyüt pilətəsi var, nə yaxşı 

dünyada Sənubər var. Sənubərin də köşək gözləri var. 

– Mən getdim. 

Sənubər divanın üstündən ayağa qalxıb onun qolundan yapışdı. 

– Bir az otur. Yaxşı da, otur bir az. 

O, dediyi sözdən dönən deyildi – hər halda özü barədə bu fikirdə idi. 

– Işim var. 

– Yaxşı da, otur bir az. Daha heç nə demərəm, vallah. Otur bir az. 

O əyilib palazın üstünə düşmüş şalı qaldırdı və hiss etdi ki, doğrudan da, bir az 

oturmalıdır, çünki Sənubər lap uşaq kimi yalvarırdı; o, lap təəccüb etdi, çünki 

Sənubər heç vaxt bu cür uşaq kimi yalvarmazdı, ona elə gəldi ki, bu saat çıxıb getsə, 

Sənubər bu balaca otaqda yetim qalacaq. 

O, divanda oturdu. 

– Mənim bir dənəmsən! Səndən başqa heç kimim yoxdur, bircə  dənəmsən 

mənim! – Sənubər dizləri üstə çöməlib onun yanında oturdu və ona qısılaraq 

boynunu qucaqladı. 

– Yaxşı, bəsdir. – O yenə də özünü əsl kişi hiss edirdi. 

Sənubər ona daha da bərk qısıldı. Bu gün nə isə birtəhər idi. Sənubər, elə bil lap 

kimsəsizləşmişdi, lap balacalaşmışdı. Birdən-birə o özünü Sənubərin həyatdakı 

yeganə  mənəvi dayağı hesab etdi və  qızın saçlarından öpdü. Sənubərin saçının iyi 

həmişə onu məst edirdi və o bu qoxudan çəkinirdi, çünki, bu zaman dünyanın  ən 

sentimental adamı olurdu – bunu özü də bilirdi, amma heç nə edə bilmirdi. 




 

57

O, cibindəki siqaretlərdən birini çıxartdı və başını pilətəyə uzadıb siqareti odda 



yandırdı, – bu otaqda siqareti həmişə belə yandırardı. Siqaretdən xoşu gəlmirdi və 

bilirdi ki, heç zaman əməlli-başlı siqaret çəkən olmayacaq, amma bu balaca otaqda 

hərdən elə anlar olurdu ki, o nə deyəcəyini, nə edəcəyini bilmirdi və bu zaman 

siqaret çəkirdi.  

Sənubər bu gün, doğrudan da, lap qəribə olmuşdu; hərdən ondan ayrılırdı, 

birinci dəfə görübmüş kimi heyran-heyran ona baxırdı, sonra yenə ona qısılırdı. O 

isə, bu baxışlar altında özünü Sənubərin qəyyumu sanırdı və nə isə təntənəli bir söz 

demək istəyirdi, amma nə deyəcəyini bilmirdi. 

O, Sənubərin saçlarını bir də öpdü və dedi:  

– Biz evlənəndən sonra həmişə bu otaqda ikimiz bir yerdə olacağıq.  

O, doğrudan da, belə fikirləşirdi və buna inanırdı da; əslində indidən öz 

evlərində özünü qonaq hiss edirdi; o, hələ lap uşaqlıqdan kinorejissor olmaq 

istəyirdi, məktəbi qurtarandan sonra gedib Moskvada kinematoqrafiya institutuna 

girəcəkdi, amma indi fikirləşirdi ki, məktəbi qurtarandan sonra daha Moskvaya 

getməyəcək, Bakıda qalacaq, öz evlərindən çıxacaq, gedib bir yerdə işləyəcək – çox 

güman ki, şoferlik edəcək, çünki maşın sürə bilir və onlar evlənib bu otaqda 

yaşayacaqlar. Əvvəllər bircə şey onu düşündürürdü ki, bəs, Sənubərin anası harada 

qalacaq? O istəyirdi ki, yalnız ikisi – Sənubər və o bu otaqda yaşasınlar, başqa heç 

kim. Sənubərin anası da başqalar sırasında idi. Indi Sənubərin anası özü öz ayağı ilə 

çıxıb gedir, Ağahüseynə ərə gedir – özü bilən yaxşıdır. 

– Heç nəyə əl vurmayacağıq bu otaqda, elə beləcə qalacaq. 

Birdən Sənubər dartınıb ondan aralandı və onun heç vaxt görmədiyi bir nifrətlə 

qışqırdı: 

– Allah vurmuşdu bu otağı! Zəhləm gedir bu otaqdan! Bezmişəm bu otaqdan. 

Hər daşına tüpürüm bu otağın. 

O, heyrətlə  Sənubərə baxırdı. Sənubər isə bu heyrətin fərqinə varmırdı. O heç 

təsəvvürünə gətirə bilməzdi ki, bu balaca otağa – onların otağına – bu qədər nifrət 

edir. Axı, niyə, niyə axı? – O, sinəsini dəlik-deşik edən bu sualı Sənubərə vermədi, 

nədənsə, birdən-birə  Sənubərə yazığı  gəldi, bilmədi niyə, yenə  də  Sənubərin 

saçlarını öpmək istədi, amma Sənubər başını kənara dartdı: 

– Işin olmasın məndə! Burax məni, – dedi! – Azı on yaş kiçikdir anamdan! Mən 

neyləyəcəyəm? Çıxıb gedəcəklər, kef eyləyəcəklər özləriyçün! Bəs, mən 

neyləyəcəyəm? Bu dörd divar arasında qalıb neyləyəcəyəm? 

Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs, o? 

Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və 

buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal 

sakitləşdi, elə bil üstünə soyuq su tökdülər, onun ardınca atılıb dedi ki, getmə, daha 

deməyəcəyəm, yalan deyirəm, elə-belə deyirəm, getmə, tək qalmaq istəmirəm, 

istəmirəm tək qalım burda, getmə. 

O, tələsik arakəsmədən keçib dəhlizə çıxdı və qapını ardınca çırpdı, qorxdu ki, 

yenə tab gətirməz, yenə qalar orda; siqareti tullayıb pilləkənlərlə aşağı düşdü. 

Sulu qar yağırdı. Onun kauçuk altlı  çəkmələri qənbərin üstündə sürüşürdü, az 

qalırdı  yıxılsın, amma o, səkiyə  çıxmırdı – belə dilxor vaxtlarında həmişə  qənbər 

döşənmiş bu küçənin tən ortası ilə düşərdi, bu, son dərəcə kinematoqrafik idi və o, 

hərdən özünü lap ekranda da görərdi. 

Bu saat o yenə  həyatın vəfasızlığı barədə düşünürdü, heç kimin onu başa 

düşmədiyindən sinəsi od tutub yanırdı. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə