Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə23/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   19   20   21   22   23   24   25   26   ...   184

 

54

Bu otaqda ilk görüş idi onda, ilk dəfə idi ki, bu pilətə iyini və istisini hiss etdi, 



ilk dəfə idi ki, Sənubərin köşək gözlərini gördü. Onda Sənubərə demişdi ki, onuncu 

sinifdə oxuyuram, həm də demişdi ki, on səkkiz yaşım var. Sənubər sonra bildi ki, 

onuncu sinifdə oxumur, təsadüfən bildi, amma səkkizinci sinifdə oxumağını da 

bilmirdi, elə bilirdi ki, doqquzda oxuyur, həm də elə bilirdi ki, onun on yeddi yaşı 

var, daha bilmirdi ki, onun on altı yaşı var. 

Sənubərin özünün on yeddi yaşı tamam olmuşdu, onuncu sinifdə oxuyurdu. O 

həmişə  Sənubər barədə fikirləşəndə suçlu adamlar kimi ürəyindən bir üşütmə 

keçirdi: Sənubər əvvəl-axır biləcəkdi ki, yaşda ondan böyükdür, həm də biləcəkdi ki, 

iki sinif aşağıda oxuyur. Doğrudur,  əvvəl-axır bunu biləcəkdi, amma onda bunun 

daha bir o qədər də mənası olmayacaqdı, çünki onda evlənmiş olacaqdılar.  

– Pencəyini niyə çıxartmırsan? 

Dedi ki, çıxartmır, bir azdan gedəcək, işi var. Elə-belə, ağzına gələni dedi, 

əslində axşam doqquza kimi burada qalmaq istəyirdi, günorta evdən çıxanda 

demişdi ki, dərsdən sonra Vovayla kinoya gedəcəklər. 

Nə  işin var, ananla qonaqlığa gedəcəksən? – Sənubərin köşək gözləri 

gülümsədi yenə. 

O, Sənubərin sualını qulaqardına vurdu, çünki Sənubərin, deyəsən, yenə həvəsi 

gəlmişdi, yenə onu alçaltmaq istəyirdi, o isə, nədənsə, bu axşam başqa axşamlardan 

daha artıq pərtləşmək istəmirdi, ümumiyyətlə, nədənsə, bu axşam ona başqa 

axşamlardan daha artıq  əziz idi – niyə belə hiss edirdi, səbəbini özü də bilmirdi. 

Söhbəti dəyişdi: 

– Ağahüseyn niyə gəlir e, sizə? – Özü də bilmədi ki, Ağahüseyn yenə haradan 

düşdü yadına. 

– Mən nə bilim? – Sənubər həmişəki kimi alt dodağını dişlədi və lap büzüşdü 

elə bil, elə bil otaqda şaxta idi. – Deyəsən, anam ona ərə gedir. 

– Anan ərə gedir? 

– Deyəsən. 

Sənubərin heç kimi yox idi, təkcə anası var idi. Sənubərin anası dəmir yolunda 

işləyirdi, bələdçi idi, iki gün evdə otururdu, üç gün səfərdə olurdu, ya da üç gün 

evdə otururdu, bir gün səfərdə olurdu. Bu gün də səfərə çıxmışdı, sabah qayıdacaqdı. 

Iki gündən sonra yenə gedəcəkdi. O, bir dəfə  də olsun Sənubərin anası ilə  kəlmə 

kəsməmişdi, heç yaxından  əməlli-başlı görməmişdi də onu, amma nədənsə, xoşu 

gəlmirdi Sənubərin anasından, özü də buna təəccüb edirdi ki, niyə. 

– Necə yəni ərə gedir? 

– Necə, necə yəni? Ərə getmək bilmirsən nədir? 

Əlbəttə, o bilirdi ki, ərə getmək nə deməkdir və onun ürəyindən gizli bir qorxu 

keçdi: Sənubərin anası  ərə getsəydi, onların görüşləri necə olacaqdı? Ağahüseyn 

burada qalacaqdı, burada, bu balaca otaqda, onların bu balaca otağında? 

– Əşşi, özünün xarabası var, təzə binada ev alıb. – Sənubər həmişə onun ürəyini 

oxuyurdu. O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir – 

utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun 

fikirləşdiyini deyirdi, həmişə onun ürəyindən xəbər verirdi, hansı söhbəti 

xoşlamadığını, hansı hərəkətdən xoşlandığını o saat hiss edirdi, hərdən elə olurdu ki, 

o, ürəyində bir mahnının havasını çalırdı, birdən Sənubər həmin mahnını nazik səsi 

ilə pəsdən oxumağa başlayırdı.  



 

55

Sənubər yenə əlini onun cod qara saçlarında gəzdirdi, yəni ki, qorxma, mən bu 



otaqdan gedən deyiləm, sonra qayğıkeş-qayğıkeş ona baxdı, sonra yenə onun başını 

özünə tərəf çəkib sinəsinə sıxdı, yanağından öpdü.  

O bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini də, məktəbi də

uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə etməyib bütün ömrü boyu 

beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu 

balaca ürəyin çırpıntısını  həmişə beləcə hiss edəydi, təki bu nöyüt pilətəsi beləcə 

yanaydı  həmişə, amma yenə başını  çəkdi, yenə qorxdu ki, ağlayar, bilmirdi 

nədəndir, həmişə belə dayananda onun ürəyi kövrəlirdi. 

O,  əlini Sənubərin çiyninə qoydu. Sənubər özü onun o biri əlini götürüb içi 

dovşan dərili qolsuz kürkün üstündən sinəsinə qoydu. 

Həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu, 

ona elə  gəlirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni 

titrəyir, Sənubər də bunu hiss eləyirdi və gülürdü, Sənubər beləcə gülümsəyəndə o, 

elə hesab edirdi ki, bu – məhəbbətdir. 

Sonra Sənubər özü iki əlini də kürkün üstündən onun əlinə yapışdırıb var gücü 

ilə sinəsinə  sıxdı, sonra onun yanaqlarından yapışıb özünə  tərəf çəkdi və 

dodaqlarından öpmək istədi. O, başını Sənubərin əlləri arasından dartıb çıxartdı – ən 

çox belə şeylərdən utanırdı. 

– Vallah, lap uşaqsan sən, lap uşaqsan! Bilmirəm sənin nəyinə vurulmuşam? 

Sənubərin köşək gözləri güldü yenə. – Yəqin boy-buxununa, zırpılığına. 

O cavab vermədi və üzünü Sənubərin çiyninə  qısdı. O bilirdi ki, bütün sifəti 

alışıb-yanır və istəmirdi ki, Sənubər bunu görsün. O bilirdi ki, bir azdan bədəninin 

uçuntusu keçib-gedəcək, bir azdan Sənubərin ürəyinin döyüntüsü onu təmənnasız bir 

aləmə çəkib aparacaq. Bu təmənnasız aləm bu balaca otaqdan – onların otağından, 

bu balaca otaqdakı pilətə iyi və pilətə istisindən, bu pilətə iyini və pilətə istisini 

təpədən dırnağa kimi bütün bədənlərilə hiss edən Sənubərdən və ondan ibarət idi; 

lap kiçicik bir aləm idi, amma elə-belə kiçicik aləm yox, onların kiçicik aləmi idi. 

O istəyirdi ki, Sənubər barədə  hər hansı bir arvad barədə fikirləşəcəyi kimi 

fikirləşməsin. O heç vaxt cəhd etməmişdi ki, Sənubəri çılpaq görsün. O, çılpaq 

qızlar göstərilən kinolara üç-dörd dəfə gedib baxmışdı, amma istəmirdi ki, Sənubəri 

çılpaq görsün. Hərdən gecələr yuxuda Sənubəri çılpaq görərdi, o saat da yuxudan 

oyanardı, Sənubərin çılpaq bədənini başından çıxarmaq istərdi, futbol barədə 

fikirləşərdi, gələcəkdə yazacağı ssenarilər, çəkəcəyi filmlər barədə fikirləşərdi, 

haçandan-haçana təzədən yuxuya gedərdi. 

O, sövq-təbii hiss edirdi ki, əgər bu cür olmasa, Sənubər onun başını döşlərinə 

sıxarkən heç vaxt ürəyi kövrəlməyəcək. Düzdür, o, bu kövrəklikdən qorxurdu, 

qorxurdu ki, Sənubər bunu görər, gülər: «Vallah uşaqsan!», amma ürəyinin lap 

dərinliklərində – elə dərinliklərində ki, özü də bunu üzə çıxarmağa ürək eləmirdi – 

hiss edirdi ki, bilirdi ki, uşaqlıq olsa da, əslində bu kövrəklik anı onun üçün həyat 

deməkdir, yaşamaq deməkdir. Sənubər də bunu bilirdi və buna görə  də  hərdən 

kefinə düşəndə onu lap cin atına mindirirdi. 

– Uşaqsan, xalis uşaqsan! Ola bilməz ki, sənin on yeddi yaşın olsun! Ola 

bilməz! Zırpısan, amma mən bilirəm, düz on yaşın var. Üzünü də yalandan hər gün 

qırxırsan ki, tük gəlsin. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə