Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə26/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   22   23   24   25   26   27   28   29   ...   184

 

60

O, Sənubəri bərk-bərk qucaqladı, elə bil hamıdan, hər  şeydən qoruyurdu 



Sənubəri; elə bərk qucaqladı ki, birdən özü də qorxdu – Sənubərin beli sınar.  

– Bəs, mən nəyəm? Mən nəyəm bəs? – Təkrar etdi, çünki başqa söz tapa 

bilmirdi. 

– Sən həmişə mənim olacaqsan? – Sənubər onun qolları arasından çıxıb yaşdan 

parıldayan gözləri ilə düz onun gözlərinin içinə baxdı. 

– Əlbəttə. – O istədi ki, yenə nə isə desin, desin ki, bu nə sözlərdir ki, danışırsan, 

lap qəribə adamsan, bəyəm başqa cür ola bilər, başqa cür ola bilməz axı; amma heç 

nə demədi. 

– Sən ömründə qoymayacaqsan ki, mən tək qalım! 

– Əlbəttə. 

– Sən hər gün mənim yanıma gələcəksən! Mən həmişə oturub səni 

gözləyəcəyəm. 

O, daha heç nə demədi, çünki Sənubərin bu sözləri daha lap mənasız görünürdü, 

bütün bunlar aydın məsələ idi və bütün bu söhbətlər bu balaca otağa yaraşmırdı.  

Sənubər onu divana çəkib yanında oturtdu və  əlini götürüb içi dovşan dərili 

qolsuz kürkünün üstündən sinəsinə qoydu və o, başa düşdü ki, bu, Sənubərin 

təşəkkürü, mükafatı, bəxşişidir. 

Sənubərin rəngi lap solmuşdu; bu solğunluq onun balaca cüssəsini lap 

kiçiltmişdi, balaca çənəsinin altındakı damarlar lap gömgöy göyərmişdi, köşək 

gözləri lap alacalanmışdı – bilmirdin nə rəngdədir – ürəyi də elə yavaş vururdu, elə 

bil bu saat dayanacaq. Birdən ona elə  gəldi ki, Sənubər ölə bilər. Bu fikrin 

gözlənilməzliyindən onu soyuq tər basdı. 

– Sənə nə oldu? – Sənubər bir az ürkmüş halda onun gözlərinin içinə baxdı. 

– Heç nə. – O, əlini Sənubərin sinəsindən çəkib alnının tərini sildi.  

Sənubər gözlərini ondan çəkməyərək soruşdu: 

– Sən fikirləşəndə rus dilində fikirləşirsən? 

 Sənubər hərdən elə suallar verirdi ki... 

Rusca da, azərbaycanca da. 

– Yox, sən həmişə rusca fikirləşirsən, mən bilirəm, azərbaycanca danışırsan, 

amma rusca fikirləşirsən. – Sənubər gülümsəyib onu qucaqladı. – Sən rusca 

romanlar oxuyacaqsan, – bilirsən necə romanlar? Hind filmləri kimi – sonra mənə 

azərbaycanca danışacaqsan, hə? 

– Lap qəribə qızsan e sən. – Onu gülmək tutdu. 

Sənubər hər bir hind filminə üç-dörd dəfə baxırdı, hamısını da ona danışırdı – 

danışanda da gözləri dolurdu – o da, canını dişinə tutub qulaq asırdı. 

– Danışacaqsan, hə? 

– Hə. – O, yenə güldü. 

Sənubər gözlərini nöyüt pilətəsinə zilləyib nə barədəsə fikirləşirdi. O heç vaxt 

Sənubərin nə barədə fikirləşdiyini tapa bilməzdi, elə bilirdi ki, Sənubər bir şey 

barədə fikirləşir, amma Sənubər tamam başqa şey barədə fikirləşirdi. 

Birdən Sənubər ayağa qalxdı:  

– Istəyirsən sənin üçün yemək bişirim?  




 

61

O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğunu hiss 



etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər 

bu cür sözləri yalnız anasından eşitmişdi – «Nə yeyirsən, bişirim səninçün» və o, 

indi başa düşdü ki, bütün tanışlıqları  ərzində  Sənubərdə  həmişə öz anasını 

görmüşdür – özü də bunu bilməyib, amma həmişə belə olub. Qəflətən ağlına gələn 

bu fikir elə bil onu sehrlədi, elə bil Sənubər də birdən-birə cana gəldi, üzünün 

solğunluğu getdi, köməksizliyi, kimsəsizliyi öldü, elə bil bu zəif elektrik lampası da 

otağı daha artıq işıqlandırdı, elə bil bu otaq da böyüdü birdən-birə, amma yenə də 

onların otaqları idi – onun və Sənubərin, elə beləcə də qaldı. 

 – Bu saat sənin üçün yemək bişirəcəyəm, oturub bir yerdə yeyəcəyik. – Sənubər 

onun cavabını gözləmədən arakəsməyə  çıxdı, arakəsmədəki pəncərə sürahisinin 

altındakı karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki soğan götürdü, bir göz 

qırpımında soyub çuqun tavaya tökdü, arakəsmədəki balaca dolabdan bir şüşə 

günəbaxan yağı  çıxarıb tavaya tökdü və tavanı  gətirib nöyüt pilətəsinin üstünə 

qoydu və bir azdan günəbaxan yağının iyi və cızıltısı otağı bürüdü. 

O, ikinci siqareti çıxarıb taxta kətilə sarı  əyildi və tavanın altından pilətənin 

odunda yandırdı, siqaretdən dərin bir qullab vurub günəbaxan yağında kartof 

qızardan Sənubərə baxa-baxa özünü dünyanın  ən xoşbəxt insanı hiss etdi; sonra 

ayağa qalxıb bu balaca otaqda – onun və Sənubərin otağında – bir az var-gəl etdi

nöyüt pilətəsinin yanında dayanıb dodaqlarını  Sənubərin saçlarında gəzdirdi. 

Sənubər üzünü ona tutub:  

– Bu saat hazır olacaq, – dedi, özü də elə dedi, elə baxdı ki, o özünü saxlaya 

bilməyib yenə də dodaqlarını Sənubərin saçlarında gəzdirdi.  

... O, yerində uzanıb qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan 

atasının xorultusu gəlirdi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də 

yatmışdı, amma o yata bilmirdi. Əslində o yatmaq istəmirdi, gözlərini yumurdu, 

Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də  Sənubər günəbaxan yağında 

kartof qızardırdı  və  hərdən ona baxırdı, onun da dodaqları  Sənubərin saçlarında 

gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi, çünki bu qoxu onu 

gələcəyə  çəkib aparırdı, həmin gələcəkdə dünyanın  ən xoşbəxt iki nəfəri 

yaşayacaqdı, bu iki nəfər öz balaca otaqlarında oturub günəbaxan yağında qızarmış 

kartof yeyəcəkdilər və həmişə bir-birilərini sevəcəkdilər. 

Onların neçə aylıq görüşləri heç vaxt bugünkü kimi şirin olmamışdı. O, hiss 

edirdi ki, bu saat Sənubər də öz gecə köynəyində divanın üstündə uzanıb, güllü 

yorğanına bürünüb onun haqqında fikirləşirdi. 

Onlar heç vaxt gələcək birgə  həyatlarından danışmazdılar, hərdən o, divanın 

üstündə oturub Sənubərin saçlarını öpəndə – ürəyi kövrələn vaxt – bu barədə 

danışmaq istəyirdi, amma hər dəfə  də  Sənubər ona gülərdi, o da o saat söhbəti 

dəyişərdi. Bu gün isə  Sənubər özü danışdı: gələcəkdə ikisi bir yerdə necə 

yaşayacaqlarından, ona nələr bişirəcəyindən, onun işdən qayıtmağını necə 

gözləyəcəyindən, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacağından, 

xəstələnəndə onun belinə banka salacağından... 

O, heç özü də bilmədi ki, necə yuxuya getdi və bütün gecəni yuxuda özünü 

təyyarədəymiş kimi hiss etdi – elə bil hey uçurdu, hərdən qalxırdı, hərdən enirdi və 

yuxuda özü də bilirdi ki, bu yuxudur, bilirdi ki, çarpayısında uzanıb yatıb, öz 

evlərindədir, heç hara getmir, amma ürəyi elə hey uçurdu. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə