Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə25/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   21   22   23   24   25   26   27   28   ...   184

 

58

Əlləri  şalvarının cibində küçənin ortası ilə üzüaşağı düşə-düşə birdən yenə  də 



nöyüt pilətəsinin iyini və istisini duydu, amma bu duyğu həmişəki kimi onu o saat 

qızışdırmadı – Sənubərin bayaqkı sözlərindən tamam sarsılmışdı: « – Mən bu dörd 

divar arasında qalıb neyləyəcəyəm?» Bəs, o! Bəs, o kimdir?  

O, yenə də uğursuz taleyi barədə düşünməyə başladı, soyuq da ki, xəncər kimi 

kəsirdi. 

Arxadan bir maşın siqnal verdi, sürücü də pəncərədən başını çıxarıb qışqırdı ki, 

küçənin ortasına niyə düşmüsən belə, başın bədəninə ağırlıq edir? O, tələsik səkiyə 

çıxdı, heç sürücüyə cavab verməyə  də macal tapmadı – maşın ötüb getdi və bu 

maşın birdən-birə onun bədbin fikirlərini də dağıtdı və o, yenə də qorxdu ki, indicə 

geri dönüb təzədən Sənubərgilə gedəcək, ayaqlarını altına yığıb pilətənin qabağında 

oturmuş Sənubər də köşək gözləri ilə ona baxıb gülümsəyəcək: «Hə, nə oldu, bəs, 

çıxıb getmişdin?» 

O, Vovagilə gedirdi ki, paltosunu götürsün, amma özü də hiss edirdi ki, paltonu 

götürmək istəmir, çünki Sənubər tək-tənha qalmışdı o balaca otaqda; ömründə 

Sənubəri bu cür görməmişdi, ömründə  təsəvvür etməzdi ki, Sənubərin balaca 

cüssəsinə bu qədər nifrət sığışa bilər; niyə, axı, niyə bu balaca otağa – onların 

otağına – bu qədər nifrət edir? Deməli, bütün bu beş ay ərzində Sənubər ondan gizli 

bu balaca otağa – onların otağına – nifrət edirmiş... Indi tək oturub, orda nöyüt 

pilətəsinin qabağında, divanın üstündə, ayaqlarını da həmişəki kimi yığıb altına, şal 

da dizlərinin üstündədir, özü də gözünü pilətəyə dikib nazik barmaqları ilə  şalın 

saçaqlarını oynadır; bənizi lap ağarmışdı, dodaqları titrəyirdi acığından, hamısı da 

bu balaca otağa görə – niyə, niyə axı? 

O, başa düşdü ki, bir neçə  dəqiqədən sonra qayıdıb Sənubərgilə gedəcək, hiss 

etdi ki, Sənubərin bu saat tək-tənha nöyüt pilətəsinin qarşısında oturmasına – özü də 

lap balacalaşmış Sənubərin, lap kimsəsizləşmiş Sənubərin – dözmək mümkün deyil. 

Vovagil karamel fabrikinin yanında olurdular. Bu məhəllədən həmişə şirniyyat 

iyi gələrdi. Bu şirniyyat iyi, nədənsə, faciəli filmləri onun yadına salardı  və bu 

zaman o özünü daxilən zəngin, daxilən dövlətli bir adam hiss edirdi, çünki onun 

hamıdan gizlin balaca bir otağı var idi və bu otaqda Sənubər var idi və Sənubərin 

köşək gözləri var idi, bu köşək gözlər hərdən gülürdü, hərdən tutulurdu. 

O heç vaxt ac qalmamışdı, heç vaxt darısqallıq çəkməmişdi, heç bir faciə 

görməmişdi, amma bütün bunları doğma hiss edirdi, elə bil aclıq da çəkmişdi, 

faciələr də görmüşdü; o, aclıq çəkmiş, pis dolanmış adamların hisslərini duyurdu – 

hər halda, ona belə gəlirdi. Hərdən özünü faciələr keçirmiş bir adam kimi təsəvvür 

edirdi və bu cür anlarda onun yeganə  mənəvi pənahgahı bu idi ki, hamıdan gizlin 

balaca bir otağı var və bu otaqda Sənubər var. 

O, yenə  də ovcunun altında Sənubərin nazik qabırğalarını hiss etdi, onun 

ürəyinin döyüntüsünü duydu... 

Köhnə məscidin minarəsindəki işıq sönmüşdü, bığlı kişini yəqin düşürtmüşdülər 

aşağı, dördçarxlı sankasını sürüb getmişdi evlərinə; indi oturub uşaqları ilə çörək 

yeyirdi. Bəlkə, heç uşaqları yoxdur? Hər halda, bir adamı olmamış olmaz.  

O, barmaqlarını büküb arakəsmə qapısını taqqıldatdı. Içəridən Sənubərin səsi 

gəldi: 

– Gəl. Bağlamamışam. 



O, bir balaca qızardı, çünki Sənubər bilirdi ki, o qayıdacaq və o qayıdıb. 


 

59

Sənubər yenə də ayaqlarını altına yığıb divanın küncündə oturmuşdu, saçaqlı şal 



yenə  də baldırlarının üstündə idi, nöyüt pilətəsi yenə  də divanın qarşısındakı taxta 

kətilin üstündə yanırdı, yenə  də nazik barmaqları ilə  şalın saçaqlarını oynadırdı; 

gözlərini qaldırıb ona baxdı – elə bil başqa adamın gözləri idi bu gözlər. 

O, ayaqüstə otağın qapısı  ağzında dayanmışdı, nə isə bir söz demək istəyirdi, 

amma deyə bilmirdi və buna görə pərt olmuşdu. Sənubər onu çağırdı ki, gəl bura; 

özü də elə çağırdı, elə bil lap taqəti kəsilmişdi. O, Sənubərin bu cür səsini heç vaxt 

eşitməmişdi, bu səs onun ürəyinə bir xof gətirdi, suçlu adamlar kimi addımlayaraq 

gəlib divanda Sənubərin yanında oturdu, Cənubər də o saat onu qucaqlayıb başını 

pencəyinə qısdı və özünü tamam itirmiş halda hiss etdi ki, Sənubər hıçqırır. Əvvəlcə 

bilmədi nə eləsin, sonra soruşdu ki, nə olub? – Heç özü də bilmədi ki, necə soruşdu. 

Sənubər daha da bərkdən hıçqırdı. Için-için ağlayırdı  Sənubər, bütün bədəni 

titrəyirdi. 

O özünü lap itirdi. Ömründə heç kim onun yanında bu cür ağlamamışdı. 

Sənubərin saçlarını öpməyə başladı; sonra başa düşdü ki, bu dəfə özünü saxlaya 

bilməyəcək; qəhərdən boğula-boğula: «– Nə olub, axı, sənə? – dedi. – Nə olub?»  

Sənubər heç nə demədi, birdən-birə onun yanaqlarını iki əli arasına alıb dəli 

kimi üz-gözünü öpməyə başladı və şor tamlı göz yaşı onun bütün sir-sifətinə yayıldı 

və o, doğrudan da, özünü saxlaya bilmədi; Sənubər yenə  də onun başını sinəsinə 

sıxdı, cod saçlarını qarışdırdı, yanağından öpdü; o, həmişəki kimi, başını Sənubərin 

sinəsindən çəkmədi, çünki özü öz göz yaşlarından utanırdı. 

– Mənim səndən başqa heç kimim yoxdur! Heç kimim yoxdur səndən başqa! 

Hər gün gələcəksən mənim yanıma. Sənsiz bir günüm olmasın. Bircə  dənəmsən 

mənim! – Birdən Sənubər onun başını qaldırıb düz gözlərinin içinə baxdı və dedi: – 

Istəyirsən elə indi sənin olum?  

 O,  əvvəlcə bu sözlərin mənasını başa düşmədi, necə  yəni istəyirsən elə indi 

sənin olum, bəyəm Sənubər onunki deyildi? Sonra ürəyindən bir üşütmə keçdi, 

sonra da hirsləndi. Sənubərin axmaqlığına hirsləndi. 

– Hə, istəyirsən? – Sənubər yer üzündəki bütün əzab-əziyyətlərə sinə  gərə 

biləcək bir tərzdə təkrar etdi. 

 O,  başını  Sənubərin  əlləri arasından çəkib ayağa qalxdı  və elə bil ki, nə 

edəcəyini bilməyərək pəncərəyə yaxınlaşdı, təkcə bunu dedi ki, lap səfehsən! Sonra 

pəncərənin qalın pərdəsini kənara çəkib küçənin o biri tərəfindəki məscidə baxdı, 

ona elə  gəldi ki, kim isə  məscidin hasarına qısılıb bu pəncərəyə baxır, sonra başa 

düşdü ki, bu onun özüdür. 

– Lap səfehsən. – O, bir də dedi və hiss etdi ki, Sənubərə sarı çevrilə bilmir, 

utanır. – Nə olub e, sənə?  

Sənubər arxadan onun çiyinlərini qucaqladı: 

– Heç nə, heç nə olmayıb mənə. Istəyirəm ki, sən mənim olasan. Istəyirəm ki

sən heç vaxt məni tək qoymayasan. Qorxuram tək qalmaqdan. 

O, Sənubərə  tərəf çevrilib qızı qucaqladı. Onlar heç vaxt bu cür ayaqüstə 

qucaqlaşmamışdılar. O, elə bil ki, kənardan bu duruşlarına baxdı: teatrda artistlərin 

bir-birini qucaqlamağına bənzəyirdi bu qucaqlaşma, amma Sənubər lap balaca idi, 

lap cılız idi, özü də quş kimi çırpınırdı onun qolları arasında, teatrda artistlər bir-

birini qucaqlayanda belə çırpına bilməzdilər. 

– Tək niyə qalırsan? – dedi. – Bəs, mən nəyəm? Mən nəyəm bəs? 

 Sənubər elə bil bu sözləri gözləyirdi, yenə dəli kimi onun üz-gözündən öpməyə 

başladı; Sənubər heç vaxt bu cür qızğın, həm də bu cür köməksiz olmamışdı. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə