Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə20/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   16   17   18   19   20   21   22   23   ...   184

 

48

C. Səlimov qalxıb yenə mətbəxə keçdi, yenə çaynikdən su töküb əl-üzünü yudu. 



Təqvim yenə də göstərirdi ki, mayın on altısıdır. O, günləri bir-bir cırmağa başladı: 

bu 17-si, bu 18-i, bu 19-u, bu 20-si, bu 21-i – hamısı bir-birinin eyni – bu 22-si, bu 

23-ü, amma nə olsun, nə  mənası var, nə  fərqi var ki, bu gün mayın on altısı, ya 

iyirmi üçü deyil, iyulun on biridir? Bu mənasızlıq, bu fərqsizlik nə  qədər davam 

edəcək; bu otaqların canına hopmuş ölü sükut nə  qədər davam edəcək; bu qalın 

divarların zəng həsrəti, bu bürkülü gecələrin sonsuzluğu, bu televiziya verilişlərinin, 

radio musiqisinin tənhalığı, küçədən ötən bu maşın səslərinin yeknəsəqliyi, bu saat 

çıqqıltısının ölgünlüyü, bu təqvim günlərinin eyniliyi və heçliyi nə vaxta çəkəcək

bu qırmızı ayı balası haçanacan elə beləcə oturacaq? 

Axıra qədər. 

C. Səlimov küçəyə baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin qara daş 

bina, həmin yeni tikinti ayrıcında dayanmış  həmin milis işçisi, qarşı eyvandakı 

həmin güllər, həmin meynə, o biri eyvanda çeşməyini taxıb küçəyə tamaşa edən 

həmin qoca – yüz ildir ki, belədir, hər şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə 

solğun deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm içində deyildi, bu 

yeni tikintinin toz-torpağı da projektor işığında işləyən bu traktorun tırıltısı kimi 

gecənin bürküsünə qatışıb ürək qısmırdı, qarşı eyvandakı  həmin güllər də tabutu 

xatırlatmırdı, katafalk deyildi, bu meynə də bu cür quru, susuz deyildi, ayrıcgahda 

dayanmış  həmin milis işçisi də bu cür könülsüz, həvəssiz deyildi, çeşməyini taxıb 

eyvandan küçəyə tamaşa edən bu qoca da bu cür miskin görünmürdü; əvvəllər – yüz 

il bundan qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda Leyla bu eyvanda 

gülərdi, bu otaqlardan ev iyi gələrdi onda. 

Lakin bu gülüş ki, onsuz da daimi deyildi, bu iy ki, onsuz da əbədi deyildi; on il 

davam edərdi bu gülüş, on il gələrdi bu iy, iyirmi il davam edəcəkdi bu gülüş, iyirmi 

il gələcəkdi bu iy, otuz il, lap qırx il, lap əlli il, sonra? Sonra nə? Sonra heç nə. 

Bu gülüşün həsrətini çəkmək, bu iyin həsrətində olmaq nə deməkdir; bu qırmızı 

ayı balasından qorxmaq nə deməkdir; telefon nəzərlərini daima hiss etmək nə 

deməkdir? 

Belə-belə işlər, yoldaş mühəndis, hörmətli C. Səlimov, zavodda planı vaxtından 

əvvəl yerinə yetirməklə deyil, «Neftçi»nin dərdini çəkməklə  də deyil; istəyirsən 

qiymətli başını qaldır və bu ilğımlı göyə tamaşa et və feyziyab ol özünçün, çıxart 

başından bütün fikirləri və ya istəyirsən gir evə, radionu yandır, qoy musiqi çalsın, 

sonra da bir yaxşıca oyna öz-özünə, yaxşıca da tərlə, qoy canından çıxsın bu bədlik.  

Sonra divar saatı dördü vurdu, yəni saat dörd idi, yəni artıq saat ona işləyirdi. 

C. Səlimov otağa girib işığı söndürdü və divanda uzandı: və  səhər durub işə 

getmək, sonra yenə evə qayıtmaq, sonra yenə bu qırmızı ayı balası ilə üz-üzə 

oturmaq, yenə bu qonşunun divarı döyəcləməsinə qulaq asmaq və yenə  də  səhər 

durub işə getmək. 

Sonra ona elə gəldi ki, otaqda nə isə bir yenilik var, nə isə təzə bir səs gəlir – bu, 

ağcaqanad idi, vızıldayırdı, sonra səsi kəsildi, yəqin pəncərədən çıxdı. 

Akvarium almaq lazımdır, cürbəcür balıqlar da alıb buraxasan içinə, üzsünlər 

özləri üçün – səhər, axşam. 

Ya da qəfəsdə bülbül saxlamaq olar. 

Mətbəxdəki soyuducu yenə  tırıldamağa başladı, bir azdan yenə sakitləşəcəkdi, 

sonra yenə tırıldamağa başlayacaqdı. 

Artist daha bu divarı döyəcləmir, yəqin o biri divarları döyəcləyir. Qışda 

soruşanda deyir ki, divara xalça vururam, bəs bu yayın cırhacırında nə edir görəsən? 



 

49

Sonra istədi ki, heç nə fikirləşməsin, gözlərini yumub bütün fikirləri başından 



elədi; doğrudan da, heç nə fikirləşmirdi, amma yata da bilmirdi, nə isə hiss edirdi, nə 

isə duyurdu və lap dərinlikdə bunu da hiss edirdi ki, bu «nə isə» həmin 

durğunluqdur, həmin boşluqdur, həmin eynilikdir. 

Sonra ona elə  gəldi ki, yatıb, durub soyunmaq, yataq otağına keçmək lazım 

deyildi, ona elə gəldi ki, bax, beləcə yatacaq səhərə kimi. Amma heç özü də bilmədi 

ki, necə ayağa qalxdı birdən-birə; birbaş bayır qapısına tərəf getdi və özü öz zəngini 

basdı; yenə elə bil bu qalın divarlar heyrətə gəldi, bu qaranlıq otaqlar heyrətə gəldi, 

elə bil silkələndi bu divarlar, elə bil bir anlıq canlandı bu qaranlıq otaqlar; amma bu 

an çox qısa oldu, çox dayanmaz oldu, bir göz qırpımlıq oldu, otağın işığını yandıran 

kimi çıxdı getdi işinin ardınca həmin an, çünki C. Səlimov işığı yandıran kimi eyni 

təbəssümlə, eyni duruşda kreslonun üstündə oturmuş qırmızı ayı balasını gördü və 

bu eyni duruş, bu eyni ifadə həmin anı bir ildırım sürətilə qovub çıxartdı otaqdan. 

C. Səlimov birdən-birə özündə heç vaxt, heç zaman hiss etmədiyi bir qətiyyət 

hiss etdi – bu, dəhşət idi – o, qırmızı ayı balasının pambıq qolundan yapışdı, sonra 

müqəvvanı  şifonerin içindəki pal-paltarın arasına atdı  və  şifonerin qapısını açarla 

bağladı. 

Bu, C. Səlimovun çox yaxşı yadındadır ki, qırmızı müqəvvanı – ayı balasını 

şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı; həmin 

qəribə hadisəni sonralar Şəfiqəyə danışarkən, bunu lap dəqiq xatırlamışdı; bu 

əhvalatı Şəfiqədən başqa heç kimə danışmamışdı, çünki Şəfiqədən başqa heç kim bu 

əhvalata inanmazdı. 

O, işığı söndürdü və  əvvəlki kimi divanda uzandı. Lakin bu dəhşətli qətiyyət 

ondan  əl çəkmirdi, onun bütün bədənini titrədirdi, o özü də  qəlbinin lap 

dərinliklərində bu qətiyyətin ehtirasından vahimələnirdi. 

Yox! Yox! Yox! Belə davam edə bilməz. Hər  şeyi qurtarmaq lazımdır. 

Birdəfəlik. Birdəfəlik! Getmək lazımdır. Buradan çıxıb getmək lazımdır. Həmişəlik. 

Hər  şeyə son qoymaq lazımdır. Hər  şeyə birdəfəlik son qoymaq lazımdır. Başqa 

şəhərə, başqa yerə. Hər yerdə iş tapılar. Cəhənnəm olsun bu ev, bu qalın divarlar, bu 

bürkülü gecənin bozluğu.  

Qoy  Şəfiqə  də, Leyla ilə  həmişəlik 22-76-84-də qalsın, görünür, belə 

olmalıymış. Lap bu gün getmək lazımdır, lap bu saat, lap indicə.  

Uzaqlara, ən uzaqlara. 

C. Səlimov sıçrayıb ayağa qalxdı, heç özü də bilmədi, necə siqaret yandırdı, 

əlinə keçənləri necə portfelinə  yığdı  və otaqdan çıxdı  və bayır qapısını öz ardınca 

çırpdı və sürətlə pillələri aşağı düşdü. 

O, maşına minmədi, iri addımlarla birbaş vağzala getdi və indi adını 

xatırlamadığı uzaq bir yerə bilet aldı. 

O bu vağzalda bu cür bürkülü axşamlarda çox adam yola salmışdı, onun özünü 

də buradan çox yola salmışdılar, amma o, qətiyyən fərqinə varmırdı ki, bu saat heç 

kim onu ötürmür, onun getməyindən heç kimin xəbəri yoxdur – heyfslənmirdi, 

çünki bilirdi ki, həmişəlik gedir, bilirdi ki, bir daha buraya qayıtmayacaq, bilirdi ki, 

heç bir yaxın adamın, heç bir tanışın üzünü bir daha görməyəcək; o buna yüz faiz 

əmin idi; əslində o, artıq bu ehtiraslı qətiyyətilə bir kişi kimi fəxr edirdi. 

Qatar gəldi. C. Səlimov adamların arası ilə öz vaqonuna tərəf getdi. Həmin 

qəribə əhvalat da bu zaman baş verdi.  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə