Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə13/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   9   10   11   12   13   14   15   16   ...   184

 

31

Bax, indi bu saat mənim nə arzum var? Birincisi: Sura Bakıdan tez qayıtsın, 



Tolik darıxır yaman; ikincisi: gələn il yenə bura gələk, buradakı  fəaliyyətsizlik 

mənim üçün gündə yavaş-yavaş beş  şüşə yaxşı çaxır içib həmişə samovar kimi 

dəmdə olmağa bərabərdir – heç nə barədə fikirləşmirsən, hər  şeyi başından 

çıxardırsan; fikirsizlik idilliyası – əgər çox gurultulu demədimsə; üçüncüsü: 

doktorluq dissertasiyasını yazıb qurtarıb tez müdafiə etmək ki, həm məvacib artsın, 

həm də yük götürülsün çiynimdən, nigarançılıq qurtarsın; dördüncüsü... Nədir 

dördüncüsü? Dördüncüsü yoxdur. 

Fira heç vaxt məni sevə bilməzdi.  

Avtobusda biletsatana on beş  qəpik verib iki bilet aldım. Biletsatan pulun 

qalığını – sarı bir beşqəpikliyi qaytardı. Beşqəpiklik təptəzə idi, çıraq kimi yanırdı. 

Tolik bu beşqəpikliyi məndən aldı.  

Indi Firagildə ara qarışıb, məzhəb itib yəqin, qırğın-qiyamətdir. Üç bacı idilər, 

ikisi Firadan kiçik, ikisi də ərdə, amma Fira ən qəşəngi idi. Bir də anaları var, Bikə 

xala, yaxşı düşbərə, qutab bişirir. Atası yoxdur. 

Firanın atasına nə olub, nə vaxt ölüb? Indiyə  qədər bu barədə heç nə 

soruşmamışam, indi yadıma düşür. Bəlkə müharibədən qayıtmayıb, bəlkə o da 

maşın altında qalıb ölüb? 

Yeddi il idi, demək olar ki, hər gün Firanı görürdüm, təkcə Iosif Samoyloviç 

Bassın hüzurunda olduğumuz vaxtlardan başqa. 

Tolik dedi ki, bax, əvvəlcə «Fantomas»a gedəcəyik ha. Mən də dedim ki, yaxşı, 

özü də qorxma, axşam olmamış axşam naharı eləməyəcəyik, axşama da hələ çox 

qalıb. 


Bir dəfə  mən birinci kursda oxuyanda Hacıgilə  yığışmışdıq – Hacı  həmişəki 

kimi xudmani bir məclis düzəltmişdi; atası tez-tez gedirdi rayona, ev də qalırdı onun 

ixtiyarında, anası da qulluğunda müntəzir. Dörd-beş nəfər idik, hamımız da bir yerdə 

oxuyurduq. Birdən Hacı dedi ki, hərə öz arzusunu söyləsin:  ən böyük arzusunu. 

Hərə bir-bir ən böyük arzusunu söyləyirdi, növbə  mənə çatanda deməyə söz 

tapmadım, çox əttökən bir arzu quraşdırıb ekspromt dedim. Dedim ki, mənim də ən 

böyük arzum budur ki, sizin arzularınız həqiqətə çevrilsin. Hacı durub üzümdən 

öpdü ki, ən böyük arzu səninkidir. Mən isə özüm öz süni arzumdan utandım, gecə də 

evdə yatanda arzusuzluq dərdi yuxumu qaçırtdı, cürbəcür fantastik şeylər 

arzulamağa başladım: öz xalqımın və öz Vətənimin qəhrəmanı olacağam, bütün 

dərdləri sağaldacağam, elə an olacaq ki, Danko kimi ürəyim əlimdə bərq verəcək və 

s. Bunlar özü də arzudan daha çox obıvatel xəyallarına bənzəyirdi – özüm çox gözəl 

başa düşürdüm bunu. 

Həvəssizlik arzusuzluqdan gəlir, arzusuzluq biganəlikdən doğur, bəs biganəliyin 

səbəbi nədir; ancaq odurmu ki, bir vaxt gələcək – hamımız öləcəyik? 

Jan Mare birinci dəfə güləndə Tolik həmişəki kimi: «Ux ta...» – deyə içini 

çəkdi, sonra mənə pıçıldadı ki, görürsən, Fantomas mənim kimi gülür. 

Mən də vahimələnərək: «Da, da...» dedim. 

Iki-üç ay bundan əvvəl Hacı  mənə bir söz dedi, heç yadımdan çıxmır o söz, 

çünki ən zəhləm gedən sözdür. Küçədə təsadüfən görüşdük, dedi ki, gedək futbola – 

«Neftçi» ilə «Dinamo» Kiyev oynayırdı. Dedim ki, yox, mən televizorla baxacağam. 

Hacı da mənə baxıb dedi ki, nə olub belə, səni əməlli-başlı ətalət basıb, bir az özünü 

silkələ. 

Yaman hirslənmişdim Hacıya, amma elə bil kim isə içimdən mənə deyirdi ki

heç hirslənib-eləmə, belədir ki, var. 



 

32

Axı, niyə, nə səbəbə məni ətalət basmalıdır? 



Ətalətin səbəbi mənasızlıqdır, heç nədə məna görməmək. 

Ilk dəfədir Kislovodskda belə  şeylər barədə fikirləşirəm,  ətalət kimi mücərrəd 

anlayışların sosioloji köklərini aramağa cəhd edirəm – əhsən mənə, həm bu fikirlərə 

görə, həm də bu gurultulu cümlələrə görə; amma de Fyunesin göz-qaşla danışmasına 

tamaşa etsəm, hamısından yaxşıdır. 

Tolik kimi gülə biləydim. Bax, bu da bir arzudur, dördüncü arzu. 

Tolik kimi gülə bilmərəm ona görə ki, Tolik hər şeyi həqiqət kimi qəbul edir – 

bu, onun üçün xoşdur və belə bir hal yaşdan asılı deyil; ola bilsin ki, Tolik mənim də 

yaşıma gələndə beləcə səmimi, ürəkdən gülsün, hər şeyi yenə də həqiqət kimi qəbul 

etsin, çünki bu onun üçün xoşdur, bu onun həyatını  mənalı edir. Mən isə  hər bir 

həqiqətdə bir yuxu qarışığı görürəm, yəni bu həqiqət mənasızlıq çalarlı olur. 

Dostum sənətşünaslıq namizədi, yaxşısı budur dinməz-söyləməz otur və de 

Fyunesə tamaşa et. Tamaşa et, əzizim Sabir, bu məlumdur ki, Isgəndərə qalmayan 

dünya sənə  də qalmayacaq və  bu  da  məlumdur ki, sənin etirazın dünya gerçəkliyi 

müqabilində bir heçdir. 

Kefli Isgəndər də deyirdi ki, mən bir heçəm. 

Bir dəfə boz payız idi, işdə oturub pəncərədən çölə baxırdım, bədlik basmışdı 

məni. Otaqda mən idim, bir də qoca sənətşünas var, özü də vurandır yaman – Kamal 

Əcəlsiz təxəllüslü – o idi. Mənə baxıb dedi ki, bu boz həyata nə tamaşa edirsən belə, 

qanını da qaraldırsan, gəl sənə elə bir mehrab göstərim ki, üzünü çevir ona mənim 

kimi, həmişəlik. Sonra da bir naməlum rəngli köhnə portfeli var idi, açıb içindən 

yarımlitrlik «Moskovski» çıxararaq mənə göstərdi, yenə «Moskovski»ni portfelinin 

içində gizlədib çox ciddi surətdə gözlərini mənə zillədi. Mən də dedim ki, yox, 

Kamal  Əcəlsiz, o mehrabın qabağında durub namaz qıla bilmərəm. Dedi ki, özün 

bil, mən sənə yol göstərdim, borcum idi, sonra da gözlərini zillədi qarşısındakı 

köhnə əlyazmasına. 

Mən ona görə belə cavab verdim ki, araqdan zəhləm gedir, çünki araqda da bir 

məna görmürəm, ikincisi mənim ailəm var, Toliki böyüdüm gərək. 

Bax, bu da beşinci arzu: Toliki böyüdüb boya-başa yetirmək. 

Maraqlı olardı ki, bu saat durub gedib telefonxanadan Hacıya zəng edəsən, 

salamsız-kəlamsız soruşasan ki, yadına gəlirmi, bir dəfə sizdə oturmuşduq, dörd-beş 

nəfər idik, bir-bir arzunuzu söylədiniz, mən də ən böyük arzumu söylədim ki, sizin 

arzularınız həqiqətə çevrilsin, indi nə oldu. Həqiqətə çevrilibmi o arzularınız? Yəqin 

elə bilər ki, dəm-zadam, ya da soruşar ki, hansı arzular idi biz söylədiklərimiz? Mən 

də deyərəm ki, deməli, boş arzular imiş o arzular, çünki yadınızdan çıxıb artıq, 

özünüz özünüzü aldadırmışsınız, deməli, həqiqətə çevrilməyib o arzular; bir də ona 

görə həqiqətə çevrilməyib o arzular ki, mənim arzum yalançı arzu idi, yəni mənim 

elə bir arzum yox idi ki, sizin arzularınız həqiqətə çevrilsin. 

Deməli, heç birimizin arzusu həqiqətə çevrilməyib: bəs niyə  mən sizin kimi 

deyiləm, niyə sən futbola stadionda baxırsan, mən televizorda, niyə sənə elə gəlir ki, 

məni ətalət basıb, amma mən səndə bir nikbinlik, bir enerji görürəm, niyə Fira mənə 

həvəssiz adam deyir, mən ki, Oleq Popovu əvəz edə bilirdim onun üçün? 

Ona görə  mən siz deyiləm ki, o zaman sizin arzularınız həqiqi arzular idi, 

hərçənd özünüz özünüzü aldatmadığınıza inanırdınız, mənim arzum isə yalançı idi.  




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə